İSTİ XƏBƏRLƏR
» » Mən necə başladım?

Mən necə başladım?



Yeniyetməliyim 80-ci illərin sonlarına, 90-cı illərin əvvəllərinə - SSRİ-nin son dönəmlərinə, gəncliyim isə müstəqilliyin ilk illərinə təsadüf edib. Ölkə tarixinin ən ziddiyyətli, ən qarmaqarışıq illəri dünyagörüşüm tam formalaşan vaxtlarda nümayiş və mitinqlər, xaos və anarxiya, güllə səsləri və qan gölməçələri, ərzaq qıtlığı, uzun-uzadı çörək növbələri ilə yaddaşımda çalın-çarpaz izlər buraxıb. O dövrlər həyat rəngləri qara və boz, simalar tutqun və ümidsiz idi. Amma biz - yeniyetmələr və gənclər daxili təlatümlər keçirir, hər şeyin tezliklə lap yaxşı olacağına hədsiz inam duyurduq.


Uşaqlıqda qəribəliklərim çox olub. Amma bu qəribəliklərimin hamısının bir ucu mənim hər şeydə birinci olmaq istəyimdə dirənib.

Qubada - doğulub ilk addımlarımı atdığım məkanda keçirdiyim uşaqlığımda da, sonradan Bakıya köçüb keçirdiyim yeniyetməlik və gəncliyimdə də nədənsə həmişə özümü bozumtul-qaralı həyat palitrasında köklü dəyişikliklər edə biləcək möcüzəli rəsam kimi hiss etmişəm. Həmişə mənə elə gəlib ki, al-əlvan rənglər lap yaxındadır, əl uzatsam, onları tuta biləcəyəm.

Öncə kitablara, biliyə hədsiz maraq göstərməyə başladım. Elm xadimləri, professorlar nəslindən çıxmaq az iş deyil. Butun söhbətlər elm barədədir, ətrafın kitab qalaqlarıdır.

Uşaq ikən Qubanın tarixi yerlərini gəzmək, eləcə də ən mənzərəli yerlərində olmaq, təbiətin yaratdığı gözəlliklərlə təmas qurmağa da böyük marağım var idi.

Düşünürəm, necə ki, kitablarla tanışlıq insanın kamilləşməsinə, özünü ifadə etməsinə kömək edir, eləcə də tarixi abidələrlə, təbiətlə tanışlıq insanın mükəmməl biri kimi formalaşmasında əvəzsiz rol oynayır.

Bakıda 151 saylı məktəbdə oxuduqda yeni bir maraq dairəm formalaşdı: şahmat. İş ondadır ki, həmin məktəbdə şahmat üzrə dünya çempionu Harri Kasparov da oxumuşdu, məktəbdə uzun illərdən bəri gəlmiş bir şahmat ənənəsi var idi.

Şahmatda Elmar Məhərrəmov kimi çox məşhur bir məşqçinin yetirməsi olaraq xeyli uğur qazandım, ustalığa namizədliyədək irəlilədim.

9-cu sinifdə oxuyanda isə gözlənilmədən biznesə, idarəçiliyə atılmalı oldum. Bəli, bəli, məhz 9-cü sinifdə oxuyanda. Belə erkən vaxtlarda mənim biznesə atılmağımı zəruri edən səbəblər var idi, özü də bu səbəblər kifayət qədər güclü səbəblər idi.

Atam kimyaçı alim idi, elmi-tədqiqat institutunda çalışırdı. Mixail Qorbaçovun perestroyka siyasəti başlayanda bütün SSRİ-də olduğu kimi Azərbaycanda da kooperativlər, kiçik müəssisələr yaratmaq dəbi düşdü. Ölkə xaos və anarxiyaya sürüklənəndə, elmi işçinin qazandığı kiçik əməkhaqqı ilə ailə dolandırmağın çətin olması Damokl qılıncı kimi sallananda atam işdən çıxdı, tikiş sexi yaratdı. Həmin sex fəaliyyəti iflic vəziyyətinə düşmüş "Azərbaycanfilm" kinostudiyasında yer icarələdi. Qısa müddətdə sex böyük iş həcmi və dövriyyə qazana bildi, bir ucdan idarə və müəssisələr, hərbi hissələr üçün yataq ağları tikilib göndərilirdi.

Atam mənimçün əsl məktəb olub. Mənə də, digər iki qardaşıma da. Alimliyi ilə yanaşı o, gözəl rəssam, diş həkimi idi. Gözəl memarlıq qabiliyyəti vardı, tarda çox gözəl ifa edə bilirdi. Hansı işə əl qoyurdusa, o işdə mütləq uğurlu nəticə əldə edə bilirdi. Mən ona bənzəməyə çalışır, bəzən hətta onu təqlid də edirdim.

İndiyədək heç vaxt məşğul olmadığı bir sahəyə üz tutmasının, orada çox qısa müddətdə böyük nəticələr əldə etməsinin sirri, şübhəsiz, onun uğur düsturunu mükəmməl bilməsində, fitri liderlik istedadında idi. 

Müəyyən vaxtdan sonra atam digər işləri ilə əlaqədar bütün gününü sexdə keçirib iş prosesinə, işçilərə nəzarət edə bilmədiyindən işdə nöqsanlar yaranmağa başladı. Sexdə qadınlar işləyirdi, ölkədə vəziyyət acınacaqlı olduğundan bəzi qadınlar həm xammaldan, həm hazır məhsuldan oğurlayırdılar, icazələr, iş buraxmalar get-gedə artırdı, nizam-intizam da axsamağa başlamışdı. Belə olduqda, evin böyük uşağı olduğum üçün mənim dərslərdən sonra sexə gedib iş prosesinə nəzarət etməyimə lüzum yarandı. Və mən 16 yaşımda ikən beləcə əmək fəaliyyətinə başladım.

Amma bu fəaliyyət, sadəcə sexdə görünməyimlə işçiləri əliəyrilikdən çəkindirməkdən ibarət olmadı. Mən dərhal bu prosesə adaptasiya oluna bildim, həm işçilərə nəzarət edir, həm də iş prosesini öyrənir, dərinlikləri bilmək istəyirdim. Tezliklə, parça itkisinə yol verməmək, braklardan yaxa qurtarmaq, daha mükəmməl nəticə üçün birqat tikişdən ikiqat tikişə keçmək kimi yeniliklər tətbiq etdim, az müddətdə oğurluq halları, itkilər sıfır həddinə çatdı, sərt nizam-intizam yarandı, məhsuldarlıq 2-3 dəfə artdı.

Bu tikiş sexində mən həm hələ rüşeym şəklində, kortəbii olan uğur qazanmaq formulamı, həm də liderlik konsepsiyamı xeyli təkmilləşdirə bildim, çox şeylər öyrəndim, çox mükəmməlləşdim.

İlk müstəqil biznes təcrübəm isə 1993-cü ilin yayına təsadüf etdi. O vaxt artıq tələbə idim, dörd məktəb dostu birləşib zəruri xərclərimizi ödəmək üçün nəsə bir vasitə tapmaq barədə düşünürdük. 17-18 yaşlı gənclərdə ideyalar çox bol olur, arzular çox güclü olur. Bu ideyaları həyata keçirməyə əzm də, qətiyyət də yüksək olur.

Düşünüb dondurma biznesinə başlamaq barədə qərar çıxardıq. Bakının tam mərkəzində, əhalinin ən gur olan yerində - Səməd Vurğun bağı ilə 28 may küçəsinin kəsişdiyi yerdə lövbər saldıq, göy rəngdə rənglədiyimiz, içi soyuducu bazadan nisyə götürduyumuz dondurma və buzla dolu olan taxta yeşiyimizi qoyub alverə başladıq. İki taxtalı "Tviks", bir də kağız stəkanda plombir satırdıq, insanlar əsl növbə yaradaraq bizdən dondurma alırdı. Yeşik yarıyadək boşalanda növbə ilə bazaya yollanıb yeni dondurma partiyası gətirirdik ki, alverimiz kəsilməsin. Bir sutkaya 200 Amerika dollarının ekvivalentini qazanırdıq, bu çox böyük pullar idi, özümüzü böyük biznesmenlər hesab edirdik.

İlk biznes təcrübəsinin belə uğurlu alınmasında 3 faktor əsas rol oynayırdı:

 - biz əhalinin yay vaxtı ən çox təlabatı olduğu əmtəəni satırdıq;

 - biz həmin əmtəəni rəqiblərə baxmış bir qədər ucuz qiymətə satırdıq;

 - biz həmin əmtəəni əhalinin ən gür olduğu, potensial müştəriylə bol olan yerdə satırdıq.

Amma bu ilk biznes təcrübəmizin ömrü çox qısa oldu, cəmi bir həftə. Bir qanqaraldıcı hadisə bizi başladığımız və uğurla davam etdirdiyimiz işimizi dayandırmağa məcbur etdi.

Biz dondurma satanda bəzi hallarda humanizm də göstərirdik, əyin-başından ehtiyac içində olduğu bilinən hansısa şəxsə qiymətdə güzəşt də edir, yiyəsiz, kimsəsiz hansısa uşağa pulsuz dondurma da verirdik.

Bir həftənin tamamında yaxşı geyinmiş bir kişi gəlib bir dondurma istədi, götürüb pulunu vermədən yeyə-yeyə getməyə başladı. Bu özbaşınalıq və hörmətsizlik bizim dördümüzü də heyrətə saldı, mən onun dalınca şütüyüb alıcı quş kimi başının üstünü aldım, dondurmanın pulunu tələb etdim. O isə məni söydü. Nəticədə əlbəyaxa olduq, ona bir neçə mükəmməl zərbə endirib ağız-burnunu partlatdım, daha heç nəyə lazım olmayacaq dondurmanı hər halda əlindən qopara bildim.

Az keçmiş bizim nöqtəmizə sirena çala-çala ardıcıl polis maşınları gələndə dabanımıza tüpürüb "obyektimizi" qoyaraq oradan qaçdıq.

Deməzsənmiş, döydüyüm o özbaşınalıq edən şəxs polis işçisi imiş, vəzifəsinə arxalanıb qanunsuzluq edirmiş.

Bir həftəlik dondurma biznesimiz beləcə sona çatdı. Biz içi dondurma ilə dolu sevimli göy qutumuzdan, eləcə də sonrakı günlərin gəlirindən məhrum olduq, amma həyatdan çox mükəmməl bir dərs də aldıq.

Sonralar artıq böyük biznesə atılanda mənim iş planımda işə mane ola biləcək gözlənilən çətinliklərdən, problemlərdən sığortalanmaq qrafası ilə yanaşı, gözlənilməz basqılara duruş gətirə bilmək qrafası da mövcud idi. Və mən özümü kifayət qədər sınaqlardan çıxmış, teoriya ilə yanaşı praktika ilə də silahlanmış, möhkəmlənmiş yetkin birisi hesab edirdim.

Əlibala MƏHƏRRƏMZADI,
professor
Rəy bildir +
Oxşar xəbərlər
NÜVƏDİYƏ SON SƏFƏR
17:4302 sentyabr

NÜVƏDİYƏ SON SƏFƏR

Bizim iki UAZ maşınımız KQB-nin əməkdaşı Ş.Həsənovun müşayiəti ilə tozlu-torpaqlı yollarla Nüvədiyə səmt alır. Ora ilk dəfə getdiyimizdən, həm də Zenfira xanıma görə narahat olduğumuzdan (bunu qətiyyən büruzə verməməyə çalışsaq da) səbrsizliklə mənzil başına çatmağımızı gözləyirik. Hər an yolumuzda

50 il zəhər udan, italiyalıların "dərsini" verən sumqayıtlı kimyaçı
15:4315 avqust

50 il zəhər udan, italiyalıların "dərsini" verən sumqayıtlı kimyaçı

Ömrünün yarım əsrə qədərini ölkənin kimya sənayesinin inkişafına həsr etmiş tanınmış kimyaçı Zülfi Sadıxov Azərbaycanın Dövlət mükafatı laureatı, Respublikanın Əməkdar mühəndisi, SSRİ-nin Əlaçı kimyaçısı və Əlaçı səmərələşdiricisi, onlarla qiymətli ixtiranın müəllifidir.  

Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil  SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR
17:2710 iyul

Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR

Bugünkü tələbələrin maraq dairəsi, elmi-mədəni düşüncələri və digər baxışlarları haqda bilgilər əldə etmək yəqin ki, böyük əksəriyyət üçün maraqlıdır. Məhz bunu nəzərə alıb, "168 saat"ın "Sual kitabçası" rubrikasında müxtəlif təhsil ocaqlarının tələbələrinə müraciət etdik.

28 il əvvəl Heydər Əliyevlə müsahibəni dərc etməyə yalnız "168 saat"ın cürəti çatdı
10:1722 may

28 il əvvəl Heydər Əliyevlə müsahibəni dərc etməyə yalnız "168 saat"ın cürəti çatdı

1991-ci ilin noyabrında Azərbaycanın kommunist hakimiyyəti ümummilli lideri Heydər Əliyevi Bakıya buraxmırdı, onun ətrafında informasiya blokadası yaradılmışdı. Belə bir məqamda o vaxtkı cəbhəçi, hazırda Qeyri Hökümət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni Naxçıvana gedib Heydər Əliyevdən

Alfred, İbrahim Xan, Arlekin...
18:0330 aprel

Alfred, İbrahim Xan, Arlekin...

Gənc bir tələbəydi onu tanıyanda. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində  oxuyurdu,   o  zamanlar  mən Azərbaycan Televiziyasının"Səhər" proqramında çalışırdım  və " Etiket qaydaları " adlı rublikamıza gənc aktyorlar çəkməliydik.  Getdik universitetə ki,  tələbələr arasından seçim edək.