İSTİ XƏBƏRLƏR
» » Terror planı: "Sumqayıt camaatı" adlı qrupun üzvləri Bakıda qarətlər törətməli, əldə edilən pul vəsaiti hesabına əlavə silah-sursat tədarükü görməli, terrorçuluq hərəkətləri həyata keçirməli idi

Terror planı: "Sumqayıt camaatı" adlı qrupun üzvləri Bakıda qarətlər törətməli, əldə edilən pul vəsaiti hesabına əlavə silah-sursat tədarükü görməli, terrorçuluq hərəkətləri həyata keçirməli idi



Ötən həftə Sumqayıt Apelyasiya Məhkəməsində "Meşə qardaşları" adlı qanunsuz silahlı birləşmələrdə döyüşməkdə təqsirləndirilən Əhməd Məhərrəmovun şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə onun 7 il azadlıqdan məhrumetmə cəzası 5 il 6 aya endirilib.
Qeyd edək ki, Ə.Məhərrəmov Azərbaycanda fəaliyyət göstərmiş qanunsuz silahlı birləşmə olan "Meşə Qardaşları"nın üzvü olub. O, istintaqdan uzun müddət gizlənib və barəsində axtarış elan edilib. Ə.Məhərrəmov bu il saxlanılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Məhərrəmov 7 il azadlıqdan məhrum edilib.

Kimdir "Meşə qardaşları"?

Onlara qarşı irəli sürülmüş ittihama görə, Samir Mehdiyev adlı şəxsin dəstəsi 2008-ci il avqust ayının 17-də "Əbu-Bəkr" məscidinə qarşı terror aktı hazırlayıb. Məscidə atılmış əl qumbarasının partlaması nəticəsində iki nəfər hadisə yerində ölüb, 18 nəfər yaralanıb. Lakin istintaqın sonrakı gedişatı zamanı cinayət hadisəsində terrorçuluq əlamətləri müəyyən olduğundan istintaqın aparılması MTN-in İstintaq Baş İdarəsinə həvalə edilib.
Cinayətdə şübhəli bilinən şəxslər, əslən Zaqatala rayonundan olan, Şimali Qafqazdakı qanunsuz silahlı birləşmələrin tərkibində iştirak edən, özünü "Dağıstan camaatı"nın əmiri elan etmiş "Əbdülməcid" ləqəbli İlqar Mollaçiyev, onun qaynı "Suleyman" ləqəbli Samir Mehdiyev və onlarla cinayət əlaqəsində olan radikal dini təmayüllü digər şəxslərdir.
Təqsirləndirilən şəxslər qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmə yaratmaq, terrorçuluq, qəsdən adam öldürmə, qanunsuz silah saxlama, hazırlama, dövlət sərhədini qanunsuz keçmə, hakimiyyət nümayəndələrinə qarşı müqavimət göstərmə, rəsmi sənədləri, dövlət möhürlərini saxtalaşdırma və digər maddələrlə ittiham olunublar.

Qarət planları və
silah-sursat tədarükü

İlqar Mollaçiyev "Meşə qardaşları" adlı həmin silahlı birləşmənin fəaliyyətini bərpa etməyi, Azərbaycanın şimal rayonlarında digər qanunsuz hərbi qruplaşmalar yaratmağı və ümumən respublikada ictimai-siyasi sabitliyin pozulmasına yönələn terrorçuluq əməlləri törətməyi planlaşdırıb. Bu məqsədlə Samir Mehdiyev tərəfdaşları - Elnur Bəşirov, Taleh Məhərrəmov, Samir Babayev, Fariz Məmmədov, Elşən Allahverdiyev, Zabit Şıxbabayev və digərləri ilə əlaqə yaradıb.
İlqar Mollaçiyevin və Samir Mehdiyevin planına əsasən, ümumilikdə "Meşə qardaşları" silahlı birləşməsinə daxil olan və özlərini "Sumqayıt camaatı" və "Quba və Qusar camaatı"na aid edənlər iki qrupa bölünməli idi. "Sumqayıt camaatı" adlı qrupun üzvləri Bakıda qarətlər törətməli, əldə edilən pul vəsaiti hesabına əlavə silah-sursat tədarükü görməli, terrorçuluq hərəkətləri həyata keçirməli idi. "Quba və Qusar camaatı" adlı qrupun üzvləri isə respublikanın dağ-meşə massivində hərbi düşərgələr hazırlamalı idi.
Terrorçuluq hərəkətlərinin həyata keçirilməsi məqsədi ilə silahlı birləşmənin üzvləri tərəfindən Quba və Qusar rayonları ərazisində, meşələrdə 12 xüsusi blindaj və mağara hazırlanıb, silah və döyüş sursatı əldə edilib, ərzaq ehtiyatı yaradılıb. Həmin yerlər dəstənin uzun müddət hərbi-səhra şəraitində statik və mobil şəkildə fəaliyyət göstərməsi üçün bütün lazımi əşyalarla təchiz olunub.

Sumqayıtdakı 
kirayə ev və terror planı

2008-ci il iyulun 19-da "Əbdülməcid" ləqəbli İlqar Mollaçiyev və onun Məryəm adlı zövcəsi, "doktor Muhamməd" ləqəbli ərəb mənşəli şəxs, Samir Mehdiyev və qeyriləri avtomat və tapança, habelə müxtəlif tipli əl qumbaraları ilə silahlanaraq qeyri-qanuni yolla Rusiya Federasiyasının ərazisindən Azərbaycana gəliblər. Onlar əvvəlcə silahlı birləşmənin üzvü Elşən Allahverdiyevin Sumqayıt şəhərində kirayələdiyi evdə gizləniblər. Lakin sonradan İlqar Mollaçiyevin tapşırığı ilə Elşən Allahverdiyev Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 27-də 3 otaqlı mənzil (Bakıda qaz sızmasından həmin binada partlayış olmuşdu-red.) kirayə edib.
İlqar Mollaçiyev, onun zövcəsi Məryəm, həmçinin Samir Mehdiyev, Elşən Allahverdiyev və qeyriləri həmin evə köçüblər. Sonradan İlqar Mollaçiyevin digər zövcəsi, Samir Mehdiyevin Sumqayıtda yaşayan bacısı da həmin mənzilə gəlib və onlarla birlikdə orada qalıb.
Bundan sonra dəstə "Əbu Bəkr" məscidinin partladılması üçün plan hazırlamağa başlayıb.

***

2008-ci il avqust ayının 14-də Samir Mehdiyev Elnur Bəşirovu yaşadıqları evin arxasındakı parkda istintaq sirri olduğundan adı açıqlanmayan bir nəfərlə tanış edərək, onunla birlikdə "Əbu Bəkr" məscidinə getməyi və terror törətməyi tapşırıb. Terrorda əsas məqsəd çoxlu sayda insan tələfatının baş verməsi ilə əhali arasında vahimə yaratmaq, ölkədə sabitliyi pozmaq olub. Elnur Bəşirov tapşırığa əməl edərək həmin şəxslə birlikdə "Əbu Bəkr" məscidinə gəlib. Adı açıqlanmayan dəstə üzvü məscidin ətrafını gəzərək, giriş və çıxışını, pəncərələrinin yerini müəyyənləşdirib. Bundan bir gün sonra E.Bəşirovla həmin şəxs yenidən məscidin yaxınlığına gəlib, həyətin necə işıqlandırılmasını, özlərinin mövqe tutacaqları yerləri və digər detalları dəqiqləşdirib. Hazırlıqdan sonra onlar məsciddə partlayışı axşam namazı zamanı törətməyi qərara alıb və bu barədə Samir Mehdiyevi məlumatlandırıblar. S.Mehdiyev Elnur Bəşirova 1 ədəd əl qumbarası verib.

Partlayış insanlar səcdə 
etdikləri zaman baş verib

Avqustun 17-də Elnur Bəşirov həmin şəxslə birlikdə "Əbu Bəkr" məscidinə gedən yolun kənarında gözləyib. Artıq namazın başlandığını və çoxlu sayda adamların toplaşdığını yəqin etdikdən sonra Elnur pusquda durub, həmin şəxs arxa tərəfdən məscidin pəncərəsinə qalxıb, əlindəki dəmir parçası ilə şüşəni sındıraraq qumbaranı içəri atıb. Məsciddə partlayış baş verəndən sonra onlar hadisə yerindən uzaqlaşıblar. Növbəti gün Elnur Bəşirov Samir Mehdiyevin kirayədə yaşadığı mənzilə gedib və ona hadisə barədə ətraflı məlumat verib.
İstintaqla müəyyən edilib ki, partlayış namaz qılanların səcdə etdikləri anda baş verdiyindən, qumbaranın qəlpələri insanlardan yan keçərək ətrafa səpələnib və nəticədə az insan ölüb.

"Meşə qardaşları" daha 
hansı cinayətləri törədiblər?

İttiham aktından məlum olur ki, qruplaşma üzvlərinin 2009-cu ilin avqustun 22-də Xətai rayonundakı 308 saylı transformator məntəqəsində baş vermiş və Kamal Bağırovla Elmar İmanovun ölümü, Cəsur Məmmədovun, Pərviz Seyidovun və Ramil Qurbanovun yaralanması ilə nəticələnən partlayışla, 29 avqust 2008-ci ildə Qusarın Həzrə kəndi yaxınlığındakı meşədə Daxili Qoşunların çavuşu Əli Yolçuyevin öldürülməsi ilə də bağlılığı var.

Əsgər qətliamının sirri

İttihama görə, 2008-ci il dekabrın 26-da Tərtərdə yerləşən "N"saylı hərbi hissəsinin kəşfiyyat tağımının əsgəri Üzeyir Xaşayevin öldürülməsi, kiçik çavuş İslam Şeyubovun yaralanması, hərbi hissəyə məxsus silahların talanması faktına görə rayon Hərbi Prokurorluğu tərəfindən cinayət işi başlanıb. İstintaqın davam etdirilməsi üçün iş Respublika Hərbi Prokurorluğuna göndərilib. Amma cinayətləri törədən şəxslər müəyyən edilmədiyindən, işin istintaqı 2010-cu il yanvarın 6-da dayandırılıb.
İşin istintaqı zamanı müəyyən edilib ki, Azər Misirxanov, İlqar Mollaçiyev və Telman Abdullayevin yaratdıqları "Sumqayıt camaatı" silahlı birləşmənin tərkibində "Sahil camaatı" adlı daha bir qrup mövcud olub.
Həmin dəstənin üzvləri Ramin Məmmədov, Əsgər Məmmədov, Vüqar Rəhimov, Yavər Məmmədov, Elçin Camalov, Saleh Adilov, Elşən Druskar, Tural  Həsənov və Elnur Qazıyev 2008-ci ilin dekabr ayının əvvəllərində silah əldə etmək məqsədilə Tərtərdə yerləşən "N" saylı hərbi hissənin postuna basqın etmək barədə razılığa gəliblər. Dekabrın 26-da axşam saat 22:00 radələrində birləşmə üzvləri "Toyoto Prado", "VAZ-2109" markalı maşınlarla Tərtərə yola düşüblər. Razılaşmaya görə, Yavər Məmmədovla Vüqar Rəhimov lazım olan anda dəstə üzvlərinə köməyə getmək üçün Yevlax rayonu ərazisində gözləyiblər.
Onlar gecə saat 02:00 radələrində Tərtərin Qapanlı kəndinə gəliblər. Elçin Camalov maşını kəndin girəcəyində saxlayıb, digərləri isə zabit və əsgər paltarları geyinib, tapançalarla və soyuq silahlarla silahlanaraq döyüş postunda dayanan əsgərlərin olduğu səngərə tərəf hərəkət ediblər.
Posta çatanda orada olan əsgər parolu 
soruşub. Bir qədər əvvəl bu hərbi hissədə hərbi xidmət keçmiş Əsgər Məmmədov parolu söyləyib və yoxlayıcı olduqlarını bildirərək əsgərlərə yaxınlaşıblar. Silahlı birləşmənin üzvləri guya postları yoxlamaq adı ilə əsgərləri kənara aparıb və sonra onlardan birini səsboğucusu olan tapançadan başına atəş açmaqla öldürüb, digərini isə yaralayıblar. Sonra 1 ədəd "SVD" markalı snayper tüfəngini, üç ədəd sandıqçanı, 2 ədəd "AKMS" markalı avtomat silahı və onlara aid sandıqçaları götürərək maşına qayıdıblar. Onlar silahları Bakıya gətirib və Vüqar Rəhimovun "Ümid" qəsəbəsindəki evinin arxasında gizlədiblər.

Terrorçu dəstə üzvləri Rusiyaya qaçıb


Cinayətin törədilməsindən sonra İlqar Mollaçiyev, Samir Mehdiyev, "doktor Muhamməd" ləqəbli ərəb mənşəli şəxs və qeyriləri təcili olaraq Azərbaycanı tərk etmək məqsədilə Qusar rayonuna gediblər. İlqar Mollaçiyev, "doktor Muhamməd" və qeyriləri qanunsuz yolla Rusiya ərazisinə keçməyə nail olub, Samir Mehdiyev və Elnur Bəşirov isə qrupdan ayrılaraq Sumqayıt şəhərinə qayıdıblar.
Burada Samir Mehdiyev, hazırda cinayət işinə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə baxılmaqda olan "Sumqayıt camaatı" adlı silahlı birləşmənin üzvləri vasitəsilə onların rəhbəri, həmin vaxt Gürcüstanda olan Azər Misirxanovla əlaqə yaradıb. O, bir müddət Sumqayıtda gizlənib. Sonra həmin silahlı birləşmənin üzvlərinin köməkliyi ilə Qazax rayonuna gedib və qeyri-qanuni yolla Gürcüstana keçirilib. Samir Mehdiyev gizli yollarla Pakistanın Penjebura, oradan isə Kvetta şəhərinə gəlib.
2007-ci ildə MTN tərəfindən "Meşə qardaşları" zərərsizləşdirildikdən və dəstənin 17 üzvünün ("Əbu Cəfər"in qrupu), o cümlədən liderlərindən biri - "Əbu Cəfər" ləqəbli Naif Əbdul Kərim Əl-Bədəvinin həbs edilməsindən sonra silahlı birləşmənin digər başçısı "Əbdülməcid" ləqəbli İlqar Mollaçiyev, onun qaynı Samir Mehdiyev və qeyriləri barəsində cinayət təqibi davam etdirilib.
2008-ci ildə həyata keçirilən xüsusi antiterror əməliyyat nəticəsində silahlı birləşmənin daha 26 üzvü yaxalanıblar. Onlardan çoxlu sayda odlu silah və döyüş sursatı, partlayıcı qurğular və sxemlər, xüsusi rabitə vasitələri, müxtəlif xəritələr, dağ-meşə şəraitində döyüş taktikası üzrə metodiki vəsaitlər, hərbi təyinatlı ləvazimatlar və s. aşkar olunaraq götürülüb.
2010-cu ilin yanvar ayında Milli Təhlükəsizlik Nazirliyinin əməliyyat məlumatı əsasında Samir Mehdiyev Pakistan ərazisində saxlanılıb. 2010-cu il martın 16-da S.Mehdiyev Azərbaycana gətirilib.
Rəy bildir +
Oxşar xəbərlər
Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular
14:0529 avqust

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Azərbaycanda növbəti parlament seçkiləri 2020-ci ilin payızında keçiriləcək, seçkilərin ertələnəcəyi barədə söylənilənlər də hələ ki, özünü doğrultmur. Bu həftə media parlamentdəki bəzi deputatların yaşlarını gündəmə gətirdi, izahat verdi ki, onların deputat mandatları ilə hökmən vidalaşacaqları

"Əlimi qandallayın, atamın qisasını aldım"
17:4420 avqust

"Əlimi qandallayın, atamın qisasını aldım"

"Oğru" kütlələrdə rəğbət, sadiqlik, vəfa, etibar və bu kimi gözəl başqa keyfiyyətlər yarada bilərsə, deməli, ömrünü əbədiləşdirən insanlar qismində yaşamış olacaq. Bu isə fiziki ölümdən sonra əbədiləşdirilməyin qarantına çevrilər" - Rövşən Lənkəranski...

Namus üstündə qətl
12:2317 avqust

Namus üstündə qətl

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1981-ci il təvəllüdlü, Masallı sakini, 38 yaşlı Rövşən Dadaşovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub. R.Dadaşova Cinayət Məcəlləsinin 120.2.4-cü

Arvadını 18 bıçaq zərbəsi ilə öldürdü
17:1227 iyul

Arvadını 18 bıçaq zərbəsi ilə öldürdü

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən 49 yaşlı Tufan Qurbanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama görə, Tufan Qurbanov arvadının başqa

AZƏRBAYCAN TARİXİ: Şamaxı, ey mənim şəfalı yurdum...
15:3920 iyun

AZƏRBAYCAN TARİXİ: Şamaxı, ey mənim şəfalı yurdum...

Şamaxının adı ilk dəfə antik mənbələrdə - yunan coğrafiyaşünası Klavdi Ptolemeyin "Coğrafiya" əsərində Albaniya ölkəsinin 29 şəhəri sırasında "Mamaxiya" "Camaxeya" və ya "Kemaxeya" formasında çəkilir.