İSTİ XƏBƏRLƏR
» » Proqnozlar İdman jurnalistləri "Qarabağ"dan nə gözləyir?

Proqnozlar İdman jurnalistləri "Qarabağ"dan nə gözləyir?


Ölkəmizin Avrokuboklarda yoluna davam edən yeganə təmsilçisi "Qarabağ" iki gün sonra Avropa Liqasının qrup mərhələsində mübarizəyə başlayacaq. İndi bütün futbol ictiamiyyətini Azərbaycan çempionunun qrup mərhələsində necə çıxış edəcəyi maraqlandırır. Bu baxımdan, ölkəmizin idman mediasının nümayəndələrinin nə düşündüyü az maraq doğurmur. Məhz bu üzdən mövzu ilə bağlı ölkəmizin bəzi idman yazarlarının fikirlərini öyrəndik.


Gündüz Abbaszadə (CBC SPORT-un şərhçisi):

"Əvvala, "Qarabağ"a Avropa Liqasında uğurlar arzu edirəm. Düşünürəm ki, komandamız üçün son illərdəki ən yaxşı püşkdür. "Sevilya" qrupun aşkar favoritidir. Amma digər iki klubla mübarizə aparmaq olar. Hətta "Düdelanj"ı hər iki oyunda məğlub etmək lazımdır. Amma Lüksemburq klubunun da həm ötən, həm də bu il sürprizə imza atdığı unudulmamalıdır. Məhz buna görə həmin oyunlarda da ehtiyatlı olmalıyıq. Şübhəsiz, əsas mübarizə APOEL-ə olacaq. Bu komanda ilə bu mövsüm artıq bir dəfə qarşılaşmış, hətta səfərdə qələbə qazanmışıq. Düzdür, sonradan nəticə ürəyimizcə olmadı. Amma məncə, "Qarabağ" bu məğlubiyyətdən dərs çıxarıb. Onlar da yaxşı başa düşür ki, qrupdan çıxmaq üçün tarixi şans yaranıb. İstər baş məşqçi Qurban Qurbanov, istərsə də futbolçular əlindən gələni edəcək ki, "Qarabağ" qrupdan çıxsın. Hamı başa düşür ki, qrupun həlledici matçları APOEL-lə oyunlardır. Bu matçlarda əlavə psixoloji gərginliyin olacağını da ehtimal edirəm. Ağdam klubu buna da hazır olmalıdır. Ümumilikdə isə mənə elə gəlir ki, "Qarabağ" növbəti mərhələyə yüksələcək və 2012-ci ildən qatıldığımız qrup mərhələsində ilk dəfə qış fasiləsinin ardından da təmsilçimizi görə biləcəyik."


Əli Sahib ("Fanat.az" saytının baş redaktoru):

"Bu  il "Qarabağ"ın  nəhayət ki, qrupdan çıxacağına inanıram. Düzü, bu tarixi "köhlən atlar" illər öncə yazacaqdı. Təəssüflər olsun ki, hakimin səhv qərarı Ağdam təmsilçisinin tarixi zəfərinə mane oldu. Xatırlayırsınızsa, İtalya "İnter"inin Bakıdakı oyunundan danışıram. Builki rəqiblərə  gəlincə,"Sevilya" həqiqətən də  turnirin favoritlərindən biridir. Düşünürəm ki, bu komanda ilə ilk görüşün Bakıda olması "Qarabağ" üçün üstünlükdür. Rəqibin nə qədər adlı-sanlı olmasından asılı olmayaraq təmsilçimizdən əzmkar oyun gözləyirəm. Düzdü, reallıq bunu demir. İstər futbolçuların fərdi keyfiyyəti, istərsə də klubun Avropa təcrübəsi baxımından, hələ büdcə fərqini demirəm. Buna baxmayaraq, "Qarabağ" növbəti güclü rəqibə qarşı sınaqda olacaq. Qazancı isə təcrübə, xal və ya xallar ola bilər. Onu deyə bilərəm ki, "Sevilya"nın qrupda ən çətin oyunu məhz  "Qarabağ"la olacaq. 

Digər rəqib APOEL-dir ki, bu mövsüm "Qarabağ"la iki dəfə qarşılaşıb. Təmsilçimiz  səfərdə qələbə qazansa da, Bakıdakı oyunda üstünlüyü əldən verdi və nəticədə APOEL Çempionlar Liqasının növbəti mərhələsinə vəsiqə qazandı. Həmin mərhələdə "Ayaks"a məğlubiyyətləri yollarımızı yenidən kəsişdirdi. Bakıdakı oyunda rəqib yeni baş məşqçisi ilə ilk oyununa çıxırdı. Bu da futbolçularda əlavə motivasiya idi. Adətən bu tip oyunlarda hər kəs özünü məşqçinin "gözünə soxmağa" çalışır. Məqsəd əsas heyətdə yerini möhkəmlətməkdir. Buna baxmayaraq APOEL bizə artıq tanış və "dişimizə" görə olan rəqibdir. Düşünürəm ki, Qurban Qurbanov bu revanşı əldən verməyəcək.

"Düdelanj"a gəlincə, 2018-2019 mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla Lüksemburq futbolunda Avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanan ilk klub olub. Bu il ikinci dəfə bu uğurunu təkrarladı. Qrupda ən ehtiyyatlanacağımız  rəqib olmalıdır. Lüksemburq təmsilçisi Ermənistan "Ararat"ını məğlub edərək  qrupa düşüb. "Ararat" bu mövsüm Avropa Liqasının qrupuna iddialı idi. Kifayət qədər heyətini də gücləndirmişdi. Buna baxmayaraq "Düdelanj" sevinən tərəf oldu. Yəni, demək istədiyim odur ki, bu tip komandalar bağlı qutu kimidir. Nə edəcəklərini və necə oynayacaqlarını əvvəlcədən demək, bilmək olmur. Qrupun autsayderi sayılırlar. Təhlükə də bundadır. İtiriləcək heç nələri yoxdur. Məqsəd qrup mərhələsində iştirakdır ki, ona da nail olublar. Motivasiya hesabına rəqiblərini çətin vəziyyətə sala biləcək komandadır. 

Yuxarıda sadaladığım məqamlara baxmayaraq, "Qarabağ"ın təcrübəsini, baş məşqçinin daim üzərində çalışmasını, futbolçuların fərdi keyfiyyətini , komanda intizamını nəzərə alsaq, nikbinəm.  Düşünürəm ki, nəhayət, bu il "Qarabağ" Avropa Liqasının 1/16-də" xəbərini yazmaq bizə qismət olacaq."


Kənan Məstəliyev ("Rekord.az" saytının baş redaktoru):

"Əvvəlcə onu qeyd etmək lazımdır ki, "Qarabağ"ın Avropa Liqasının qrupuna vəsiqə qazanması özü-özlüyündə böyük bir uğurdur. Bura qədər gəlinməsinə də sevinmək lazımdır. Ancaq eyni zamanda budəfəki püşk bizə daha böyük uğur, daha böyük tarixə şahidlik etməyimizə ümidi artırır. Çünki biri istisna olmaqla rəqiblər "dişimizə" görədir. "Sevilya" haqda yəqin ki çox danışmağa ehtiyac yoxdur. Dünya səviyyəli komandadır, Avroliqada ən arzuolunmaz rəqiblər arasında birinci pillədədir. Yəni bu komanda ilə qarşılaşmalarda hər iki oyunda məğlubiyyət belə normal qarşılanacaq. Digər iki rəqibimizlə isə sona qədər mübarizə aparıb xallar toplaya bilərik, toplamalıyıq da. "Düdelanj" Lüksemburq təmsilçisidir və qrupun autsayderidir. İki görüşdə diqqətli oynayıb maksimum xal qazanmağa çalışmalıyıq. Amma çox ehtiyatlı olmalıyıq. Qrupa düşən heç bir komanda bu uğura təsadüfi nail olmur. Bura qədər gəliblərsə, deməli, yetərincə gücləri var və təhlükəlidirlər. Ehtiyatı əldə verməməliyik. O ki qaldı APOEL-ə, bu rəqib çox tanışdır. Elə bir ay əvvəl qarşılaşıb, səfərdə yenib, öz "ev"imizdə yenilmişik. Bir növ qisasımız, revanşımız qalıb. Ancaq hisslərə qapılmaq olmaz. Soyuq başla hərəkət etmək, sağlam düşünərək son saniyələrə qədər köklənməni saxlamalıyıq. Yalnız bu halda uğur qazana, yeni tarix yaza bilərik. Məncə, bu dəfə alınacaq. "Qarabağ" öz çıxışıyla nikbin fikirlər söyləmək üçün bizə böyük imkan verib. İnanıram ki, bu qrupda ikinci yeri tutaraq pley-offa yüksələcəyik."


Natiq Muxtarlı ("Kaspi" qəzetinin redaktoru): 

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində şanslarını dəyərləndirərkən, öncə Azərbaycan çempionatının reallığını nəzərə almaq lazımdır. Etiraf etməliyik ki, bizim çox zəif çempionatımız var. 

"Sevilya" haqda danışmağa dəyməz. APOEL də Azərbaycan çempionatından qat-qat güclü çempionatın təmsilçisidir. Bunu UEFA-nın reytinq cədvəli də sübut edir. Lüksemburq futbolunun son illərdəki inkişafı da göz qabağındadır. Həm yığma, həm də klub səviyyəsində inanılmaz inkişafa nail olublar. Biz nə əldə etmişik? Təkcə "Qarabağ"la təsəlli tapırıq. Azərbaycan futbolunun bütün problemlərinin "Qarabağ" vasitəsi ilə həll olunmasını istəyirik. Amma belə yanaşma normal deyil. "Qarabağ"ın qrup mərhələsindəki çıxışı futbolçuların hazırlıq səviyyəsindən, aparıcı oyunçuların zədələnib-zədələnməyəcəyindən çox asılıdır. Etiraf etmək lazımdır ki, "Qarabağ"ın Avropa Liqasındakı çıxışında əsas yük legionerlərin üzərinə düşəcək. Onların hansı durumda olacağı olduqca vacib amildir. Bir legioner zədələnərsə və ya cəzalı duruma düşərsə, bu boşluğu doldurmaq mümkün deyil. Çünki Azərbaycan çempionatında legioner limiti tətbiq edilir. Məhz bu limitə görə də, Qurban Qurbanov avrokuboklarda rəqabətə davam gətirəcək komanda formalaşdırmaqda acizdir. Legionerlərdən kimsə zədələnirsə, cəzalı duruma düşürsə, onun yerini yerli futbolçu tutur. Yerli futbolçuların da səviyyəsi bəllidir. Bir legionerin bir yerli futbolçu ilə əvəzlənməsi oyun keyfiyyətini xeyli aşağı salır. Bax, "Qarabağ" Avropa Liqasında bu şərtlər altında oynayacaq. AFFA rəhbərliyinin səriştəsizliyi klub futbolunun inkişafının qarşısını alır. 

Əslində, "Qarabağ" bu il əvvəlki mövsümlərə nisbətən daha rahat qrupa düşüb. Ancaq "daha rahat qrup" "daha rahat xal alacağıq" anlamını verməməlidir.  Hər şey "Qarabağ"ın düşərgəsindəki durumdan - futbolçuların oyun keyfiyyətinin və sağlamlığının nə yerdə olmasından asılı olacaq. Əgər hər şey qaydasında olsa, "Qarabağ" qrup mərhələsini adlayacaq. Ancaq güman etmirəm ki, Azərbaycanın futbol ictimaiyyəti bundan sonra da "Qarabağ"dan əl çəksin. AFFA rəhbərliyini tənqid edə bilməyənlər, "Qarabağ"dan Avropa Liqasının qalibi olmağı tələb edəcəklər."   


Saleh Arslan ("Korner.az" saytının baş redaktoru):

"Püşkü "Qarabağ" üçün məqbul hesab etmək olar. Qrup autsayderi "Düdelanj"la oyunların hər ikisində qələbə mütləqdir. Hərçənd bu komanda ilə əvvəlki qarşılaşmalarımızın ağır keçdiyini də unutmamışıq. APOEL-in potensialını isə bu il, Çempionlar Liqasında görmüşük. Tanıdığım Qurban Qurbanov bu dəfə kiprlilər üçün xüsusi plan hazırlayacaq və bəlkə də, artıq hazırlayıb. İlk oyunun "Sevilya" ilə Bakıda keçirilməsi, məncə, daha yaxşıdır. Belədə "Qarabağ"ın ilk oyun olduğu üçün gücünün hamısını meydanda qoya biləcək ki, bununla da, həm ispanlara, həm də qrupdakı digər rəqiblərə potensialını göstərəcək. Mənə elə gəlir ki, bu il təmsilçimizin qrup ikincisi olmaq şansı əvvəlki illərə nisbətən daha çoxdur. Və ümid edirəm, komanda bu il daha bir ilkə imza atacaq".


Səbuhi Nərimanoğlu ("Sport7.az" saytının əməkdaşı):

"Açığı, bir çoxlarının səsləndirdiyi "qrup çətindir", "ən çətin oyun zəif komanda ilə olacaq", "Sevilya" şəksiz lider olacaq" və sair kimi şablon fikirlər bildirmək istəməzdim. Bunları hər kəs bilir. 5-6 ildir eyni durumla rastlaşırıq, hər dəfə "ümid var" deyirik, amma "Qarabağ" qrup mərhələsindən o tərəfə keçə bilmir. Məncə, Qurban Qurbanov və komandası artıq qrupa düşməklə işini bitmiş saymamalıdır. Daha fərqli hədəflər uğrunda oynamağın zamanıdır. Top klublar səviyyəsində olmasa da, "Qarabağ"ın kifayət qədər Avropa təcrübəsi var. Avropa futbolu sərgiləyir deyə bilərəm. Ona görə də düşünürəm ki, bu il komanda qrupdan çıxmağı qarşısına hədəf qoymalıdır. Şanslara gəlincə, "Sevilya" Avroliqada ən çox çempion olmuş komandadır. Amma bu o anlama gəlmir ki, ispan rəqibdən xal almaq mümkün deyil. "Qarabağ" "Sevilya"nı Bakıda məğlub da edə bilər. Çünki İspaniya çempionatında sıx qrafikləri olduğu üçün onlar güclərini qorumağa çalışacaqlar və "Qarabağ" bundan lazımınca istifadə edə bilər. Çempionlar Liqasında APOEL-i səfərdə yendilər. Bakıda sadəcə, bəxtləri gətirmədi deyə bilərəm. Ona görə də kiprlilərdən çəkinmək lazım deyil. İkinci yer uğrunda mübarizədə "Qarabağ" qalib gəlməlidir. "Gələ bilər" demirəm, qalib gəlməlidir. "Düdelanj"ı isə belə demək mümkünsə, tək ayaqla yenməli və 6 xalı götürməlidir. Bəziləri çox şişirdir, "zəif hesab etməyin" deyir, amma mən onları, o qədər də güclü rəqib saymıram. Ümumiləşdirsəm, "Qarabağ" qrupdan çıxmalıdır, bunun üçün heyət, potensial da yetərlidir. Komanda özünə qrupdan çıxmaq üçün şans yaratmalıdır və bundan da yetərincə yararlanmalıdır."

Rəy bildir +
Oxşar xəbərlər
Elita klubları mövsümlərarası fasiləsini necə keçirdi?
20:1715 avqust

Elita klubları mövsümlərarası fasiləsini necə keçirdi?

Artıq sabah futbol üzrə ölkə çempionatının yeni mövsümü start götürəcək. Bir neçə gün öncəsinə qədər ölkə xaricində olan Premyer Liqa klubları çempionatın başlamasına qalan sayılı günləri ölkə daxilində gündəlik məşq prosesi ilə keçirdi. Təbii ki, elita klublarının yeni mövsüm ərəfəsində hansı

Rəqiblərimizi tanıyaq:   Köhnə tanışlarla yeni mübarizə
16:5806 avqust

Rəqiblərimizi tanıyaq: Köhnə tanışlarla yeni mübarizə

Bizim üçün dörd komanda ilə başlayan Avrokubok mövsümündə mübarizəni ilk mərhələdə dayandıran "Səbail"ə ikinci təsnifat mərhələsində ölkə kubokunun qalibi "Qəbələ" də qoşuldu. Digər iki komandamız "Qarabağ"la "Neftçi" isə artıq pley-off mərhələsinin astanasındadır. Bu mərhələyə yüksəlmək üçün

Kubok kimin olacaq: "Sumqayıt"ın yoxsa "Qəbələ"nin?
18:4814 may

Kubok kimin olacaq: "Sumqayıt"ın yoxsa "Qəbələ"nin?

Həftəsonu Azərbaycanda cari futbol ilinə yekun vurulacaq. İki gün öncə yekunlaşan Topaz Premyer Liqasının ardınca bazar günü ölkə kuboku da sahibini tapacaq. Həlledici oyunda isə bu mövsüm çempionat yolu ilə avrokoboklara vəsiqə qazana bilməyən iki komanda - "Sumqayıt" və "Qəbələ" üz-üzə gələcək.

Çempionlar Liqası  adlı gözəlin 4 "adaxlısı"
18:2930 aprel

Çempionlar Liqası adlı gözəlin 4 "adaxlısı"

Məlum olduğu kimi, bu gün və sabah UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək. İlk oyun günündə "Tottenhem" - "Ayaks" görüşü baş tutacaq. Ertəsi gün isə "Barselona" "Liverpul"u qəbul edəcək. Oyunlar ərəfəsində komandaların düşərgəsinə boylanmaqla son vəziyyətin necə

Çempionluq, avrokubok və autsayderlərin mübarizəsi idman jurnalistlərinin gözündə -  SORĞU
12:1324 aprel

Çempionluq, avrokubok və autsayderlərin mübarizəsi idman jurnalistlərinin gözündə - SORĞU