İSTİ XƏBƏRLƏR
» » Mircəfər Bağırov Sumqayıtdan göndərilən məktubu araşdırdı və...

Mircəfər Bağırov Sumqayıtdan göndərilən məktubu araşdırdı və...

1946-cı il sentyabrın 12-də M. C. Bağırovun imzaladığı qərarla Martirosyan Arşak Mkrtçeviç Tibb İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədri vəzifəsindən kənar edilmiş, onun yerinə azərbaycanlı Vəli Yusif oğlu Axundov təyin edilmişdi. 3 il sonra isə yenə də M. C. Bağırovun imzaladığı qərarla səhiyyə nazirinin müavini vəzifəsinə irəli çəkilmişdir. 33 yaşlı pak və işıqlı insan haqqında şikayət məktubları da elə o vaxtdan yazılmağa başlanmışdır. Ermənilərin və onların fitvasına uyan bəzi həmyerlilərimizin fitvası ilə tərtib olunmuş bu məktublardan birini təqdim edirik:


"Azərbaycan KBP MK-nın katibi M. C. Bağırov yoldaşa!

Biz bolşevik sayıqlığımızı itirmədiyimiz üçün bir məsələni bilən kimi Sizə yazmalı olduq.

Azərbaycan səhiyyə nazirinin müavini vəzifəsinə müsavatçı və xalq düşmənlərinin içərisindən çıxmış Vəli Axundov adlı birisi soxulmuşdur. Bu adamın əmisi oğlu Əkbər Axundovu Siz yaxşı tanıyırsız.

1. Əkbər Axundov - kiçik yaşlarından Saray kəndində təşkil olunan Müsavat Partiyasının 1920-ci ilə kimi katibi olmuşdur. Sonradan Kommunist Partiyası sırasına daxil olmuş, nəhayət Narkomzem Vasilkinin, Həmid Sultanovun vasitəsiylə Naxçıvan ölkə partiya komitəsinin rəhbərliyinə soxulmuşdur. Bu xalq düşməninin nə kimi işlər gördüyü və ailəsinin ifşa olunduğu Sizə çoxdan məlumdur.

2. Əbülfəz Axundov - keçmişdə bu da Müsavat Partiyasının üzvü idi. Sonralar Bolşeviklər Partiyası sıralarına daxil olmuş, kolxoz quruluşuna ziyan verdiyindən deputat Nəriman Mamedova sui-qəsd hazırlamaq üstündə nəhayət ifşa olunmuşdur.

3. Əsgər Axundov öz qardaşlarının işini davam etdirdiyindən  1941-ci ildə ifşa olunmuşdur.

4.Əli Axundov - kiçik qardaş olmaqla ardıcıllıq edirdi. Nəhayət bu da 1941-ci ildə Qazaxıstana sürgün edilmişdir.

Qəhrəman Sadıxlı Axundovların böyük bacısı Sayad Axundovanı alaraq bunlarla qohum olmuşdur. Qəhrəman Sadıxlı 1920-ci ilədək Saray kəndində olan Müsavat Partiyasının sədri olmuşdur. Qaynı Axundov Əkbər isə bu partiyanın katibi idi. Sonralar Bolşevik Partiyası sıralarına soxulan Sadıxlı nəhayət 1937-ci ildə qaynı A. Əkbər ilə birlikdə kolxoza vurduğu ziyanlar üstündə ifşa olundu.

Vəli Axundov belə bir müsavatçı və xalq düşməni ailəsindən çıxmışdır. İndi isə öz siyasi sayıqlığını itirən səhiyyə naziri, Kübra Fərəcovanın qadınlığından istifadə edərək, birinci müavin olmuşdur. Deyildiyinə görə Fərəcova onun yaxşı "natiq"   olduğuna aldanıb özünə müavin götürmüşdür.

Quliyev,

Əliyev,

Bakı şəhəri, Saray kəndi, Sumqayıt rayonu".

Məktubda göstərilən faktları Bakı şəhəri Voroşilov rayon Partiya Komitəsi və Səhiyyə Nazirliyinin ilk partiya təşkilatı yoxlamış, nəticəsi rayon partiya komitəsində 1949-cu il 24 noyabr tarixli büro iclasında müzakirə edilmiş, "müsavatçı qohumları haqqında məlumatları partiyadan gizlətdiyi üçün" ona şəxsi uçot vərəqəsinə yazılmaqla töhmət elan edilmişdir. Qərarı rayon partiya komitəsinin birinci katibi A. Abramova imzalamışdır.

Nazirlikdə, səhiyyə ocaqlarında, Saray kəndinin sakinləri arasında Vəli Axundovun nəinki vəzifədən çıxarılması, hətta həbs olunacağı barədə şayiələr də yayılmağa başlayır. Ancaq hər şey gözlənilməz oldu. Mir Cəfər Bağırov MK katibi Qəzənfər Məmmədovu yanına ça-ğırıb məktubu ona verdi və xahiş etdi ki, Vəli Axundovla görüşsün, haqqında yazılanlarla onu tanış etsin və yazılı arayış alsın.

Barəsində yazılan məktubla tanış olan Vəli Axundov M. C. Bağırova belə bir məktub yazır:

"Azərbaycan KBP MK katibi Q. Məmmədov yoldaş məni Sizin adınıza göndərilmiş imzasız məktubla tanış etdi. İmzasız məktubu yazıb Sizə göndərənlərin, əlbəttə məqsədi məni prinsipsiz bir karyerist kimi qələmə vermək və MK-nın gözündə ləkələməkdən ibarətdir. Bununla belə bəzi faktlar düzgün göstərilmişdir.

Əmim oğlu Axundov Əkbər Cavad oğlu həqiqətən əvvəlcə Azərbaycan KBP Bakı Komitəsində təlimatçı vəzifəsində çalışmış, sonra isə Naxçıvan şəhər Partiya Komitəsinin katibi olmuşdur. 1937-ci ildə NKVD orqanları tərəfindən xalq düşməni kimi həbs edilmişdir. Bu da doğrudur ki, onun qardaşları Əbülfəz, Əsgər, Əli də cəza almış, onların kürəkəni əmim qızı Sayadın əri də həbsə alınmışdır. Yoldaş Bağırov, Sizin icazənizlə bu faktlara dair məlumat vermək istəyirəm:

1937-ci ildə Azərbaycan Tibb İnstitutunun (ATİ) birinci kurs tələbəsi ikən əmim oğlu Axundov Əkbər Cavad oğlunun xalq düşməni kimi həbs olunduğunu bilmişəm və həmin vaxtdan bütün sənədlərimdə bunu yazmışam.

Əbülfəz, Əsgər və Əli Axundovlar, həmçinin Köçərli, Sadıxov, Əkbər Axundovdan sonra həbs olunub sürgün edilmişlər. Məsələ burasındadır ki, mən 1929 -cu ildə Saray kəndində ibtidai məktəbi bitirdikdən sonra təhsilimi davam etdirmək üçün Biləcəriyə gəlmişəm. Çünki atam o zaman dəmiryolu stansiyasında işləyirdi. Buna görə də 11 il müddətində Saray kəndindən və qohumlarımdan ayrı düşmüşəm. Bunu söyləmək kifayət edər ki, 22 il ərzində bir dəfə də olsun Sarayda olmamışam, çətin ki, məni üzdən nəinki həmkəndlilərim, hətta bir çox qohumlarım belə tanısınlar.

1931-ci ildə texnikumda təhsil almağımla əlaqədar birdəfəlik Bakıya gəlmiş, qohumlarımızla əlaqəni itirmişəm. 1936-cı ildə Bakı Sənaye Texnikumunun kimyaçı-texnik ixtisası üzrə bitirərək ATİ-yə daxil olmuşam. 1941-ci ildə ali məktəbi qurtarmış və Böyük Vətən müharibəsinin ilk günlərində Sovet Ordusu sıralarında olmuşam. Alayın kiçik və baş həkimi, tibb-sanitar batalyonu komandiri kimi çalışmış, ordu hissələri tərkibində İranda, Polşada, Almaniyada, Çexoslovakiyada olmuşam. Sovet Ordusu sıralarından tərxis edildikdən sonra ATİ-də assistent vəzifəsinə işə götürülmüşəm. 1946-cı ilin oktyabr ayında Tibb İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, 1949-cu ilin iyun ayından isə səhiyyə nazirinin müavini vəzifəsinə təyin edilmişəm. Təhsil aldığım vaxtlarda və əmək fəaliyyətimin bütün sahələrində ictimai işlərdə yaxından iştirak etmişəm. Texnikumda komsomol komitəsinin katibi, institutda "Tibb Kadrları Uğrunda" çox tirajlı qəzetin redaktoru və institut komsomol təşkilatının katibi olmuşam, 1939-cu ildə partiya sıralarına daxil olmuşam.

SSRİ Tibb İşçiləri Həmkarlar Təşkilatı Mərkəzi Komitəsi Rəyasət heyətinin, AHİŞ Rəyasət Heyətinin, Azərbaycan KBP Voroşilov rayon partiya komitəsinin üzvüyəm, Bakı Sovetinin deputatıyam. Bundan əlavə müharibə illərində döyüşlərdə nümunəvi tibbi xidmətə görə "Vətən müharibəsi" və "Qızıl Ulduz"  ordenləri və beş medalla təltif olunmuşam.

Atam Axundov Yusif Fətulla oğlu fəhlə olmuşdur. 1922-ci ildən 1945-ci ilin avqustunadək, başqa sözlə vəfat gününədək partiya sıralarında idi.

Ordudan qayıdaraq əmək fəaliyyətimi davam etdirdiyim illərdə həmişə tərcümeyi-halımda və anket vərəqəsində əmim oğlu Axundov Əkbər Cavad oğlunun 1937-ci ildə NKVD orqanları tərəfindən xalq düşməni kimi həbsə alınması faktını göstərmişəm. Zira, bu siyasi xarakter daşıyır və bir kommunist kimi bu barədə öz tərcümeyi-halımda yazmaya bilməzdim. Digər qohumlarım haqqında ona görə yazmamışam ki, onlar barədə müəyyən məlumatım olmamışdır".

Yazılan anonim məktublara baxmayaraq Mircəfər Bağırov yaxın silahdaşı MK katibi Qəzənfər Məmmədova deyir ki, bir müddətdən sonra Vəli Axundovun töhmətini üzərindən götürüb Mərkəzi Komitəyə yanımıza gətirək. Qoy MK-nın şöbə müdirinin müavini işləsin. Doğrudan da bir müddət keçəndən sonra Mircəfər Bağırov dediyini edir...

P.S.Yazının hazırlanmasında Mirvari Rəhimzadənin "Yaddaşlardan və arxivlərdən boylanan ömür" kitabından istifadə edilib.

Rəy bildir +
Oxşar xəbərlər
NÜVƏDİYƏ SON SƏFƏR
17:4302 sentyabr

NÜVƏDİYƏ SON SƏFƏR

Bizim iki UAZ maşınımız KQB-nin əməkdaşı Ş.Həsənovun müşayiəti ilə tozlu-torpaqlı yollarla Nüvədiyə səmt alır. Ora ilk dəfə getdiyimizdən, həm də Zenfira xanıma görə narahat olduğumuzdan (bunu qətiyyən büruzə verməməyə çalışsaq da) səbrsizliklə mənzil başına çatmağımızı gözləyirik. Hər an yolumuzda

Heydər Əliyev sumqayıtlı jurnalisti   görüşünə niyə çağırtdırmışdı?
18:4216 iyul

Heydər Əliyev sumqayıtlı jurnalisti görüşünə niyə çağırtdırmışdı?

...26 il əvvəl - 30 iyun 1993-cü ildə Rəhman Orxan təsisçisi və baş redaktoru olduğu "Bakinets" qəzetinin həmin gün çap olunmuş nömrəsini xüsusi bir intizarla, sevinclə gözləyirdi. Ona görə də redaksiyadan evə gecədən xeyli keçmiş qayıtmasına baxmayaraq, artıq səhər tezdən 12 ildən çox hər gün

Stalin Sumqayıt İstilik Elektrik Stansiyasına niyə təşəkkür məktubu göndərdi?
13:0930 may

Stalin Sumqayıt İstilik Elektrik Stansiyasına niyə təşəkkür məktubu göndərdi?

Sumqayıtın ilk müəssisəsi - İstilik Elektrik Stansiyası hələ müharibə başlamamışdan əvvəl ilk məhsulunu vermişdir. 1941-ci il fevral ayının 13-də müəssisənin I generatoru Bakının neft sənayesinə ilk cərəyan vermişdir. Müharibə illərində də İES tam gücü ilə işləmişdir. Müəssisənin 1943-cü il

28 il əvvəl Heydər Əliyevlə müsahibəni dərc etməyə yalnız "168 saat"ın cürəti çatdı
10:1722 may

28 il əvvəl Heydər Əliyevlə müsahibəni dərc etməyə yalnız "168 saat"ın cürəti çatdı

1991-ci ilin noyabrında Azərbaycanın kommunist hakimiyyəti ümummilli lideri Heydər Əliyevi Bakıya buraxmırdı, onun ətrafında informasiya blokadası yaradılmışdı. Belə bir məqamda o vaxtkı cəbhəçi, hazırda Qeyri Hökümət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni Naxçıvana gedib Heydər Əliyevdən

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür
11:3106 mart

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür