İSTİ XƏBƏRLƏR
» » "Qırmızı Şaman"ın izi ilə...

"Qırmızı Şaman"ın izi ilə...

Qədim türk yurdu Saxa Respublikasından REPORTAJ


O yerlər çox uzaqdır...  Ruhuna sarıldığım, hər zaman umursadığım yerlərdir.  XVI-cı əsrdən sonra ruslar buranı Yakutsk adlandırdılar. Qədim tarixi mənbələrdə isə bu türk tayfasının yaşadığı yer Saxa kimi tanınıb.

Saxalar - saklar böyük bir arealda özlərinə düzən qurmuş zəngin mədəniyyətə sahib bir toplumdur. Müasir türk xalqlarının bir çoxunun, eləcə də Azərbaycan türklərinin etnogenezində birbaşa iştirak etmiş ən qədim Türk tayfalarından biridir. 


E.ə.I minillikdə Orta Asiya və Qazaxıstan çöllərində yaşayan əhalinin əsas hissəsi sak adlanmışdır. Onlar bu ərazilərin aborigen xalqı idilər. Çünki, arxeoloji qazıntılar onların tunc dövründən başlayaraq arasıkəsilməz mədəniyyət vərəsəliyi olduğunu göstərmişdir. Arxeoloji qazıntılara görə, sakların yalnız 20%-də monqoloid irqinin nişanələri var, deməli, onlar əsasən avropoid irqinə mənsub idilər. Vikiməlumatlarda qeyd olunur ki, antropoloji cəhətdən Orta Asiya və Qazaxıstanın türk xalqlarının təşəkkülündə mühüm rol oynamış saklar Altay tayfaları ilə Aralətrafı ərazinin tayfaları arasında aralıq vəziyyət təşkil edir.

Orta Asiyada yaşayan sakların bir hissəsi antik mənbələrdə massaget adı ilə məlumdur. Tarixin yazıya köçürüldüyü zamanlarda qeyd olunur ki, onların bir hissəsi eramızın əvvələrində Qafqaz Albaniyasının şimal-şərqində, indiki Dərbənd və Vəlvələçay arasındakı ərazidə də yaşayırdı.


Orta Asiyadakı sakların adı e.ə. VII əsrdə yaradılmış "Avesta"da da çəkilir. Diqqəti cəlb edən budur ki, bu mənbədə saklar həm də tur, yaşadıqları ərazi isə Turan adlanır. İranşünaslar sakları İrandilli saydıqları üçün turları da İrandilli hesab edir və İran eposundakı İran-Turan müharibələrini farsların iki hissəsi arasındakı müharibə kimi qələmə verirlər. Halbuki, Firdovsinin "Şahnamə" əsərində Turan türklərin ölkəsi kimi göstərilir.

E.ə. V əsrdən başlayaraq antik müəlliflər sakları ənənəvi olaraq skiflər adlandırırlar.

E.ə. VII əsrdə (kimmerlər)in (kəmərlər) ardınca saklar (antik müəlliflərin əsərlərində skiflər) Güney Qafqaza gəlmiş, buradan da Ön Asiyaya - Manna və Midiya ərazisinə keçmişlər. Bəzi tədqiqatçılara görə, bu hadisə e.ə. 680-ci ildə baş verib. Tarixlə bağlı yeni nəzəriyyəyə görə, bu gəliş yox, dönüşdür. 5 min illik tarixin izlərinə əsasən, qeyd olunur ki, bu tayfalar Tanrı dağlarına, Yerlə Göy qübbəsinin birləşdiyi (və yaxud yaxınlaşdığı) ərazilərə tövbə, katarsis üçün getmiş, arınaraq geri dönmüşlər. Ötükən isə bu "yorğunluğun" dinclik mərkəzi hesab olunur. Yəni, türklüyün mahiyyətində olan hər bir kəs buraya öz qiblə yeri kimi baxır. Dantenin "İlahi komediya"sında və Quranda buna işarələri tutmaq mümkündür. Herodot Midiya hökmdarı Kiaksarın hakimiyyəti illərində (e.ə. 625-584) Şimaldan skiflərin Midiyaya gəldiyini yazıb.  

Sakların böyük bir hissəsi indiki Azərbaycan Respublikası ərazisində və Qərbi Azərbaycan  (indiki Ermənistan) ərazisində yaşayıb-yaratmışlar. 

Amerikada və Meksikada yaşayan qırmızıdərililər də Saxadan getmiş türklərdirlər.

Saxa-saka-sayqa maral anlamı daşıdığı haqda da bilgilər formalaşıb. Sonralar maral anlamı totemləşərək bəzi sak hökmdarların hakimiyyət rəmzi olan əsalarınn baş hissəsində heykəlciklərə də çevrilib. Tarixçi alimlərin gəldiyi qənaətə görə, Azərbaycanda Şəki şəhəri Şakaşen (sakların məskəni), Zaqatala - Sakatala sakların vətəni kimi özünü ehtiva edir. Bu ərazidə tapılan qədim hökmdar qəbrlərinin bir neçəsində maral totemləri, heykəlcikləri aşkarlanaraq arxeofakt kimi elmə gətirilib.

Saxa qədim sakların ən az asimiliasiyaya uğradığı yer kimi, şamanların vətəni olaraq da tanınır. Saxaya səfərimin ilk işarəsi Platon Oyuniski ilə başladı. Onun "Qırmızı Şaman" əsərini dilimizə tərcümə edəndə artıq duyğularım bu müqəddəs yola çıxmışdı. "Ulu Kudanqsa", "Bilgə Süleyman", "Makedoniyalı İsgəndər", "Olonxo sənəti" adlı hekayələr toplusunu oxuyanda bildim ki, mətni çox ağır, müəllifin çəkisi də  o qədər ağır ki, hər kəs bu yükün altına çiyin verə bilməz.  Müəllif Azərbaycanda və Türk dünyasında çox da tanınmayan, lakin əsərləri ilə bir türk tayfasının tarixini, mədəniyyətini yazan, ictimai dövlət xadimi, sovet yazıçısı Platon Alekseyeviç Sleptsov. Yazıçı ləqəbi isə Platon Oyunski.

Platon Oyunskinin "Qırmızı Şaman" əsərini tərcümə edib sona çatdıranda 2018-ci ilin avqust ayı idi. Həmin günlərdə "Qırmızı Şaman"ın qələmə alınmasının 100 ili tamam olurdu. Və Saxanın böyük oğlunun "Mənim ən böyük arzum yakut dilinin gələcəkdə də inkişaf edib, özünü təsdiq etməsidir; buna bütün varlığımla inanıram!" sözləri ürəyimi riqqətə gətirdi, - bu fikirlər onun oxucularına 1918-ci ilin fevral ayında etdiyi müraciətdə yer almışdı. Gözlərim doldu... Sevindim ki, Oyunskinin diləkləri çiçək açdı. Bir xalqı yaşadan onun dilidir. Oyunski doğma dildə əsərlər yazmqla, həm də Saxa (Yakut) dilini əbədiyyətə qovuşdurmuş oldu.

Platon Oyunskinin əsərləri ilə tanış olduqca, onu yaxından tanıdıqca, gözlərim qarşısında Hüseyn Cavid (Cavidin yaratdığı obrazlar) canlandı. Saxa (Yakut) sovet yazıçısı, ictimai xadim, filoloq və dilçi alim, saxa (yakut) ədəbiyyatı klassikinin həyata, insanlara, Tanrıya münasibətində o qədər eynilikləri gördüm, hərdən mənə elə gəldi ki, türk dünyasının bu iki şəxsiyyəti öz əsərlərini yazmamışdan öncə birlikdə oturub söhbət edib; lakin daha dərindən düşünəndə bir daha əmin oldum ki, Stalin repressiyalarının və qanlı siyasətinin o ağır illərində öz xalqını sevən türk oğulları yalnız Hüseyn Cavid və Platon Oyunski kimi ola bilərdi... 

Taleləri bir -birinə bənzəyən bu iki tarixi şəxsiyyət  Stalin rejiminin əli ilə soyuq İrkutskda öldürülmüşdü. Talelərinin oxşar cəhətlərindən biri də o idi   ki, hər iki mütəfəkkir ölümlərindən sonra, 1955-ci ildə bəraət almışdılar. Və bir də, Hüseyn Cavidin qızı Turan Cavid və Platon Oyunskinin qızı Sardana Oyunski..! - Hər iki xanım öz atalarının yolunda ömrünü şam kimi əridərək, ailə həyatı qurmamışlar...


Böyük Çöldən keçib...

Gedib...  Nur Sultan şəhərində Beynəlxalq Türk Akademiyasının keçirdiyi "IV Humanitar Böyük Çöl" forumunda iştirak eləmək Saxaya aparan yolumu xeyli zənginləşdirmişdi. Akademiyanın prezidenti Darkan Kıdıralı ilə forum ətrafında söhbətlərimiz bizi Mərkəzi Asiyadan Şimal Buzlu okeanın sahillərinə və Meksikaya qədər aparıb çıxarmışdı. Nur Sultandan uçub Novosibirskdə Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının başqanı Əkbər Qoşalının Bakıdan gəlişini gözləyirdim.  Novosibirskin Tolmaçev adına hava limanında  kafelərin birində bir qıyıqgöz gənc oğlandan izn istəyərək, onun yanında əyləşirəm. Onunla söhbətimiz tutdu. Bildirdi ki, buryatdır.  İrkutsk buryatı. Yuri Barlukov  informasiya texnologiyaları mütəxəssisi idi. Konfransdan qayıdırdı. Buryat dilində bir neçə sözün mənasını öyrənmək istədikdə, dedi ki, öz dilini bilmir. Ana dilində danışmayıblar. Məktəbləri olmayıb. Söylədi ki, buryat dilində yalnız qocalar danışır. Yuri ilə dil haqqında odlu müzakirələr aparıram və mənə söz verir ki, iş-gücdən vaxt edib, tezliklə öz dilini öyrənəcək. Yurinin təyyarəsinin uçuş vaxtı elan olunanda ona bir daha deyirəm ki: "dilinizdən muğayat olun, dili olmayan xalqın özü də gec-tez tarixdən silinir".

Xəyalımda  ucsuz-bucaqsız ərazilərimizi gəzib dolaşmaqdaydım ki, Bakıdan uçan təyyarənin eniş elanı verildi. 10 dəqiqə sonra  Əkbər Qoşalı ilə  görüşüb daxili uçuşlar zalına keçirik. Burda canavar, at və döyüşçü heykəl kompozisiyası diqqətimizi cəlb edir. Bizə izah edirlər ki, bu Kuçum xanın dövründə bu yerlərdə quldurluqla məşğul olan Timofeyin oğlu Yermaka həsr olunub. Əsərdə Yermak bir qurdla vuruşur. Qurd əslində türk obrazıdır. Yəni əslində bu yurdların qurd yurdu olduğuna işarədir.

Yermakı Kuçum xanın döyüşçüləri öldürdükdən sonra, bu yerlərin insanları bir az azad nəfəs alırlar.  Kuçum xan öləndən sonra da Sibir türkləri öz azadlıqları, müstəqillikləri uğrunda mübarizə aparırlar. Lakin bu uzun sürmür və Rus çarının qoşunları yenidən istilanı davam etdirir. Onu da qeyd edim ki, Yermaka Sibirin bir çox şəhərlərində abidə ucaldılıb.  

Hə, lap unutmuşdum. Bu kompozisiyanın müəllifi 1968-ci ildə Səmərqənddə doğulmuş türk oğlu Yunis Səfərdiyardır. Hazırda  Böyük Britaniyada yaşayır.


Şamanların vətənində

Səhər saat 5.00-da təyyarəmiz Saxa Yakutiya Respublikasının Platon Oyunski adına hava limanına enir.  Çıxışda bizi   Bakıda tanış olduğum Saxanın xalq şairi, Yazıçılar İttifaqının sədri Natalya Xarlampyeva, Saxa Yakutlarının İl Tümeninin deputatı azərbaycanlı həmyerlimiz Əliş Məmmədov, bir neçə azərbaycanlımız  və əllərində çörək və kımız dolu çoronla milli geyimli qızlar qarşılayır. Platon Oyunskinin saxalılar üçün necə böyük və dəyərli şəxsiyyət olduğunu bir daha hiss edirik.  Bir daha Azərbaycan dilinə çevirdiyim "Qırmızı şaman" əsərinə görə qürur hissi keçirirəm.

Yakutskın küçələrində keçirik. 2000-ci illərin solğun Azərbaycan şəhərlərinə bənzəyir. Baxmayaraq ki, Saxanın altı da, üstü də sərvətlə doludur. Bu ölkənin gümüşü, qiymətli daşları, yaqutu, cariti dünyada məşhurdur. Nə yazıqlar olsun ki, ölkənin milli və etnik köklü-yerli sahibləri öz sərvətlərinin tam sahibi deyillər. 1992-ci ildə özünü Rusiyanın tərkibində Muxtar Vilayət kimi elan edib və tanıdıb.  Buna baxmayaraq, ölkənin bütün sərvətləri rəsmi Moskvanın baş xəzinəsinə gedəndən sonra, məsləhət olunan kiçik miqdar isə Saxaya verilir. Saxa Yakutiya Respublikasında yerin təkindən almaz çıxarılmasına 19-cu əsrin 40-cı illərində başlanılıb.  Hazırda Yakutiyanın müxtəlif  yataqlarından ildə 1 milyard dollarlıq almaz çıxarılır. Yakutiyanın torpaqları almaz, qızıl, gümüş, mis, uran, neft-qazla  zəngindir. Hazırda  almaz və yeraltı qiymətli suxurlar kimi qeydiyyatda 1823 yataq  və mədən vardır. Onlardan 834-ü qızıl yatağı, 33-ü gümüş , 82 faizi isə almaz yataqlarıdır. 16 min yataq isə hələ növbədədədir, öyrənilməmiş qalır. Yakutiyadakı yeraltı almaz və qızıl yataqlarına görə Rusiya dünyada  birinci yerdədir. Bu almaz yataqlarını "Alros" adlı şirkət istismar edir. Alınan mənfəətin 25 faizi Saxa Respublikasına, 8 faizi Yakutiya bələdiyyələrinə və 24 faizi isə şəxsi şirkətlərə və fərdi biznesmenlərə məxsusdur. Tanrı türklər yaşayan torpaqların altına və üstünə bu qədər var-dövlət verdi ki, insanlar azad və firavan yaşasın. Dünyann malında-dövlətində gözü olmayan türklər isə öz sərvətlərinə sahib çıxmadılar, ona görə də sahib çıxanlar kənardan gəlib, onlara hökmranlıq etdilər. Əslində bu qədər sərvət xalqa düşmən oldu. Yakutiyanın bir respublika kimi büdcəsi az,  1 milyon əhali, 3 milyon kvadrat  kilometr ərazisi var...

(Ardı var)


Aida Eyvazlı Göytürk

Rəy bildir +
Oxşar xəbərlər
Əfqanıstan odlarından keçmiş sumqayıtlı professor
11:1819 sentyabr

Əfqanıstan odlarından keçmiş sumqayıtlı professor

Eyni şəhərdə - Sumqayıtda yaşayaraq 20 ildən çox tanışlığımız olsa da, Sahib müəllimlə daha yaxın münasibətimizin tarixçəsi cəmi bir-neçə ildir. Bizi Sumqayıt "Dostlar klubu" və bu klubun üzvü olan çox dəyərli ziyalılar birləşdirir. Biz tez-tez görüşür, müxtəlif müzakirələr aparır, bir çox həyati,

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

NÜVƏDİYƏ SON SƏFƏR
17:4302 sentyabr

NÜVƏDİYƏ SON SƏFƏR

Bizim iki UAZ maşınımız KQB-nin əməkdaşı Ş.Həsənovun müşayiəti ilə tozlu-torpaqlı yollarla Nüvədiyə səmt alır. Ora ilk dəfə getdiyimizdən, həm də Zenfira xanıma görə narahat olduğumuzdan (bunu qətiyyən büruzə verməməyə çalışsaq da) səbrsizliklə mənzil başına çatmağımızı gözləyirik. Hər an yolumuzda

70 yaşlı Əfsanələr şəhəri
13:5503 iyul

70 yaşlı Əfsanələr şəhəri

Qədim bir əfsanədə belə deyilir: "Sum boz çöllərlə irəliləməkdə davam edirdi. Taqətinin qalmadığı atdığı addımlarından açıq-aydın görünürdü. Bir qədər gedir, dayanır, əlini gözünün üstə qaldırıb önə baxırdı. Bir tərəfi bataqlıq, digəri kiçik iynəyarpaqlı ağaclar arasından keçərək irəliləyirdi.

Stalin, Səməd Vurğun, Cəfər Cabbarlı, Aleksandr Duma… və Sumqayıt
17:0321 iyun

Stalin, Səməd Vurğun, Cəfər Cabbarlı, Aleksandr Duma… və Sumqayıt

... Səməd Vurğunla Cəfər Cabbarlı Sumqayıtda, indiki "Şəhidlər xiyabanı" ərazisində dayanmışdılar. Onlar Xəzərin sahilində salınacaq böyük sənaye şəhəri ilə bağlı söhbət edir, buranın böyük zəhmət, hünər meydanına çevriləcəyini alqışlayırdılar... Bu dialoqu Nəbi Xəzri özünün "Sumqayıt səhifələri"