İSTİ XƏBƏRLƏR
» » Sən gərək Sumqayıtın bugününü görəydin!

Sən gərək Sumqayıtın bugününü görəydin!

Bugünkü Sumqayıt sənin bir vaxtlar gördüyün Sumqayıt deyil...

(əvvəli ötən sayımızda)

Ata, düşünürəm ki, bir vaxtlar Sumqayıta gəldiyin əsas giriş yolunun bu gün necə genişləndirildiyini, yolun hər iki tərəfində milli memarlıq elementlərindən istifadə edilməklə "bürclər"lə bərkidilmiş qədim qala sədləri şəklində divarlar hörüldüyünü, bütün yol boyu yerli və ekzotik ağaclar, cərgə-cərgə qızılgül kolları əkilərək, yaşıllıqlar gözəlliyi  yaradıldığını görsəydin, nə qədər fərəhlənər, sevinərdin. Şəhərin girişinə milli ornament və naxışlarla qədimi görkəm verilməsinin isə təsadüfi olmadığını sən də bilməmiş olmazdın. Axı, bir vaxtlar dəvə karvanlarının uzaq-uzaq ellərdən sıralanıb gəldiyi İpək yolu burdan, Sumqayıt ərazisindən keçirdi (yəqin elə Sumqayıt əfsanəsi də o vaxtlar yaranmışdı). Şəhərin girişində qonaqları qarşılayan həmin qala divarları ilk növbədə onlara İpək yolunun məhz bu ərazidən keçdiyini xatıraladır və daim də xatırladacaq. 


Sumqayıtı ətraf şəhər və qəsəbələrlə əlaqələndirən yollarla bağlı ən böyük, gərgin iş bu şəhərlə Novxanını birləşdirən, bərbad hala düşmüş yolda, Sarıqaya ərazisində aparılıb. Hətta iki maşının yanaşı hərəkətinin çox yerdə çətinlik törətdiyi həmin yol ilk dəfə olaraq, həm də çox böyük, 4-5 aylıq zəhmət bahasına genişləndirilib, nəqliyyatın ikitərəfli problemsiz hərəkəti tam təmin edilib.  

Ölkə Prezidentinin sumqayıtlılara və Bakı kəndlərinin sakinlərinə diqqət və qayğısı sayəsində Sumqayıtdan dəniz kənarı ilə Bakı aeroportuna qədər gedən yol da bütün infrastrukturu ilə tamamilə yenidən qurulub. Yolun ikitərəfli və çoxzolaqlı olmaqla Avropa standartlarına uyğun şəkildə, yüksək keyfiyyətlə çəkilməsi xarici səfərlərə təyyarə ilə getmək istəyən sumqayıtlıların işini xeyli asanlaşdırıb. Bir vaxtlar döyüş dostlarınla görüşmək üçün səni Rusiyaya, Ukraynaya yola salanda Sumqayıtdan aeroporta getmək üçün paytaxtın içindən keçməklə ümumilikdə ən azı bir saat yarım vaxt itirirdik, indi isə təyyarə limanına qısa yolla, dəniz kənarı ilə daha tez - 30-40 dəqiqəyə, həm də çox rahat  getmək olur. Yolun sağ-solunda ucaldılmış müxtəlif arxitekturalı yaşayış binaları, yaraşıqlı otellər, ticarət obyektləri, yaradılmış yaşıllıqlar və s. göz oxşayır. 


İndi şəhərdaxili marşrutlarda hərəkət edən avtobuslar da sənin gördüklərin deyil. Bir vaxtlar səninlə narahatlıqla, yer olmadığından ayaq üstə, sıxlıq içərisində getdiyimiz, bəzən pəncərələri sınıq, içəri toz və dəm qazı ("uqar") vuran, solyarka iyi dolan sınıq-salxaq, oturacaqları kor-kobud, neçə yerdən "yamaqlı", böyük fasilələrlə hərəkət edən avtobuslardan indi əsər-əlamət də qalmayıb. Çox zaman həmin yararsız avtobusların istismar müddəti başa çatsa da, əlacsızlıqdan - maşın çatışmazlığı üzündən xəttə buraxılırdı. Ancaq son illərdə şəhərə xaricdən ideal dərəcədə yenilənmiş, "şüşə kimi" parıldayan yollarda onlara müvafiq olan, yayda salona sərinlik, qışda istilik yayan kondisionerlərlə təchiz edilmiş xeyli sayda müasir, komfortabelli, iri tutumlu avtobuslar gətirilib və onlar əvvəlki illərdən fərqli olaraq dəqiq qrafiklə hərəkət edir, sərnişinləri dayanacaqlarda intizarda qoymur. Düzünü deyim ki, əvvəllər də bu şəhərdə yaşasaq da, o zaman yox, məhz indi özümüzü şəhər adamı hesab edirik, çünki nəqliyyatda xidmət servisinin zövqünü məhz son illərdə duymağa başlamışıq.  


Şəhərin bugününə, sabahına qayğı - 
hər bir sakinə olan 
diqqət və qayğıdır

Sənin sevdiyin şəhərin digər sahələrində də əhaliyə xidmət səviyyəsi yüksəlmişdir. Bir vaxtlar çoxmərtəbəli evlərin sakinlərinin "canını boğazına yığan" lift problemi də, demək olar ki, artıq bütünlüklə həll edilmişdir. Səninlə birgə bu problemlə də dəfələrlə üzləşmişdik. 12-ci mikrorayonda yaşayan qohumlarımızgilə gedəndə birinci mərtəbədə hərəkətsiz  "ilişib" qalmış lifti görəndə istər-istəməz əsəbiləşir, deyinməli olurdun ki, bu lift işləməyəcəkdisə, onu niyə quraşdırıblar? Və yaşlı, ahıl vaxtında 7-ci mərtəbəyə güc-bəla piyada, əsəbi halda qalxmalı olurdun. Liftin təmir edilib, işə salınması əvəzinə mərtəbələrin birində uşaqları təhlükədən qorumaq üçün qapısı örtülməyən lift şaxtasının sakinlər tərəfindən taxta və daşlarla hörülməsi də nəzərindən qaçmamışdı. Hər dəfə Sumqayıta gələndə ordakı liftin (bütün binada oxşar vəziyyət idi) nəinki həmin yararsız vəziyyətdə olduğunu, hətta günlər-aylar ötdükcə içərisinin zir-zibillə dolduğunu, üfunət verdiyini görüb yenə də əsəbiləşirdin. Axı, sən Rusiyaya, Ukraynaya gedəndə belə xoşagəlməz vəziyyətlə rastlaşmırdın. Şükür ki, indi vəziyyət sakinlərin sevincinə, rahatlığına səbəb olaraq tamamilə dəyişib. Şəhər rəhbərliyinin diqqət və qayğısı, şəxsi təşəbbüsü və ölkə başçısının böyük dəstəyi ilə Sumqayıt üçün xaricdən yüzlərlə müasir liftlər gətirilərək şəhərin əksər çoxmərtəbəli binalarında quraşdırılmış və sakinlərin ixtiyarına verilmişdir. Və mən bir müddət əvvəl həmin qohumumuzgilə gedəndə yeni lifti və mərtəbələrarası təmizliyi, səliqə-sahmanı görəndə çox sevindim. İndi o yaşlı qohumlarımız və 1-ci qrup əlil olan qızları onları pilləkənlə piyada düşüb-qalxmaq əziyyətindən qurtarmış şəhər rəhbərliyinə, lift təsərrüfatının işçilərinə səhər-axşam minnətdarlıqla dua edirlər. Əlbəttə, təkcə onlar yox, lift problemləri birdəfəlik həll edilmiş, aralarında şikəsti-xəstəsi, yaşlı adamları olan minlərlə şəhər sakini! Və heç şübhəsiz ki, onların sevincinə-alqışına sən də biganə qalmaz, bu cür xeyirxahlıqdan, qayğıkeşlikdən çox məmnun olardın.    

Şəhərin su xətlərininin 40-50 il əvvəl çəkildiyini, boruların bəzilərinin korroziyaya uğradığını, çürüdüyünü nəzərə alan şəhər rəhbərliyi yaxın onillərdə sumqayıtlıların su problemi ilə üzləşməməsi üçün şəhərin bütün yeraltı su xətlərinin köhnəlmiş iri borularının, demək olar ki, bütünlüklə dəyişdirilməsinə nail olub. Həm də bu sahədə işlər su borularının çəkiliş və istismar texnologiyasına tam uyğun şəkildə aparılıb.

Şəhər rəhbərliyinin birbaşa göstərişi və nəzarəti ilə şəhərin sanitariya məsələləri də xüsusi diqqətə götürülüb. Son 2-3 ildə şəhərin rütubətli, üfunət iyi verən bütün zirzəmiləri vaxtaşırı dezinfeksiya edilmiş və demək olar ki, tam təmizlənib-qurudulmuşdur. Bir vaxtlar səni də çox narahat bir antisanitariya mənbəyi də zərərsizləşdirilib - yay aylarında az qala bütün şəhər sakinlərini "iynədən" keçirən ağcaqanadların da kökü demək olar ki, artıq tam kəsilib və neçə müddətdir ki, sakinlər ağcaqanadlardan əziyyət çəkmirlər. 

Ümumiyyətlə, Sumqayıtda son vaxtlar görülmüş son dərəcə mühüm, iri həcmli işləri sadalamaqla qurtarmaz. Şəhərin iki böyük mədəniyyət ocağının - H.Ərəblinski adına Sumqaylt Dövlət Dram Teatrının və "Kimyaçı" Mədəniyyət sarayının, uşaq bağçalarının və məktəblərin, poliklinika və xəstəxanaların əsaslı təmiri, həyətlərin, uşaq meydançalarının abadlaşdırılması, evlərin çardaq konstruksiyalarının yenidən qurularaq, davamlı dam örtüklərinin vurulması, şəhərin işıqlandırma sisteminin, digər infrastruktur sahələrinin daha da yaxşılaşdırılması və s. barədə daha geniş danışmaq olar. Ancaq yəqin ki deyilənlər də şəhərdə aparılan dəyişikliklər, yeniliklər haqqında kifayət qədər təəssürat yaradır.

Ata, şəhərimizi daha da gözəlləşdirən, zəngin edən iki böyük yenilik - sənin heç vaxt görə bilməyəcəyinə çox təəssüf etdiyim Sumqayıt bulvarı və Dəniz mikrorayonundan başqa şəhərimizi daha yaraşıqlı edən və gözəlləşdirən digər yeni sosial-mədəni obyektlər də - Heydər Əliyev Mərkəzi, Uşaq incəsənət məktəbi, Poeziya Evi, yeni Şahmat məktəbi, Bayraq muzeyi və şəhərin girişindəki yeni yaşayış kompleksi son illərin yadigarlarıdır. Yaxın vaxtlarda tikintiləri başa çatmaqda olan, milli-memarlıq üslubunda inşa edilən Muğam mərkəzi və yeni  "Nizami" kino-teatrı da sumqayıtlıların ixtiyarına veriləcəkdir. 

Bir vaxtlar birlikdə şəhəri gəzərkən Sumqayıt Dövlət Dram Teatrının, "Nizami"  kinoteatrının qarşısındakı (hələ məhəllələrdəki hovuzları demirəm) və digər yerlərdəki suyu qurumuş fontanlara görə başqalarının əvəzinə mən sənin yanında xəcalət çəkir, sənin sual dolu baxışlarına cavab verə bilmirdim. Sumqayıtdan olmayıb, özünü daha çox bakılı hesab edən, bir müddət şəhərin başçısı kimi gəlib-gedən, burda neçə-neçə "eksperiment" aparan (1-ci məhəllədə, metallurqların C.Cabbarlı adına Mədəniyyət evinin qarşısındakı ağacları kiməsə rüşvət müqabilində vəd verdiyi obyekt, yaşayış binası üçün kəsdirən, sonra da saxtakarlıqla başqa "günahkar" axtaran, "yaşıllaşdırma" adı ilə H.Əliyev prospektində 40-50 illik iri gövdəli, hər birinin kölgəsinə 15-20 adam sığan çinar ağaclarını kəsdirib, məhvinə səbəb olan...) birisi üçün susuz, boş qalmış hovuzlar, fontanlar da başına darlıq etdi və onları tamam dağıtdırıb, yerlərində başqa nəsnələr düzəltdirdi... Yaxşı ki, çox keçmədən bu şəhərin yetirməsi, onun dünəninə də, bugününə də ehtiramla yanaşan, ona əsl oğul kimi sahib çıxan qədirbilən bir adam gəldi. Onillərlə Teatrın qarşısında ətrafa sərinlik və təmizlik yayan fontanlar daha gözəl, daha möhtəşəm görkəmdə, böyük, "üçmərtəbəli" vazalar şəklində bərpa edildi, daha doğrusu, yenidən və çox mükəmməl, heyranedici şəkildə quraşdırıldı.

Bəziləri üçün "xırda", qeyri-vacib görünən məsələlər belə indiki şəhər rəhbərinin nəzər-diqqətindən qətiyyən kənarda qalmır. Sumqayıtı Avropanın ən gözəl şəhərlərindən biri kimi görmək istəyən dövlət başçımızın arzusunu nəzərə alan şəhər rəhbəri nəinki günbəgün ucalan, şəhəri daha da gözəlləşdirən yeni çoxmərtəbəli binaların, hətta köhnə məhəllə və mikrorayonların həyətlərini və ətrafını da adama xüsusi zövq verən gözəl güllərə qərq etdirir, güllü-çiçəkli bağ-bağat saldırır. O, hətta belə bir "kiçik" elementi də yaddan çıxartmayıb - küçələrin adlarını, evlərin nömrələrini nəzərdə tuturam. Axı, əvvəllər, heç şəhərin qonaqlarını demirəm, sumqayıtlıların özləri belə (içində mən də olmaq şərtilə) yaşadığımız yerdən bir azca aralanıb, digər məhəllə və ya mikrorayona gedəndə axtardığımız ünvanı tapmaq üçün vurnuxa-vurnuxa qalırdıq, məcbur olub, onu-bunu yoldan eləyib, bizə lazım olan yeri tapmaqda kömək etmələrini xahiş edirdik. Şükür ki, indi bütün mikrorayon və məhəllələrdə həmin yerin, küçənin adı olan iri lövhələr vurulub, hər bir yaşayış sahəsində nəinki evlərin, hətta mənzillərin yeri də xüsusi olaraq göstərilib. Daha kimisə yoldan etməyə, ünvan soraqlamağa ehtiyac qalmayıb.    

Ata, o da yadımdadır ki, vaxtilə elindən-obasından didərgin düşüb, Sumqayıta pənah gətirən talesizlərin lazımi şəraiti olmayan yataqxanalara, yarımçıq tikililərə sığındıqlarını, uşaqlı-böyüklü ailələrin geniş olmayan bir otağa güclə sığışdığını görəndə ürəyin ağrıyırdı. İndi çox şükürlər ki, Prezidentimizin diqqət və qayğısı sayəsində Sumqayıtın 12-ci mikrorayonunda bütün infrastrukturu, ayrıca uşaq bağçası, məktəbi, mağazaları, apteki olan çox gözəl bir şəhərcik inşa edilmiş, 1000-dən artıq qaçqın-köçkün ailəsi - 4 minə qədər adam hər bir kommunal şəraiti olan mənzillə təmin edilmişdir. 25 ildən artıq Sumqayıtda məskunlaşmış daha 1000 ailə isə Sumqayıt stansiyasında yeni istifadəyə verilmiş yaşayış massivindəki mənzillərinə köçmüşlər.   

...Ata, qarşıdan sənin çox sevdiyin, qoynuna hər zaman sevinclə tələsdiyin Sumqayıtın şərəfli 70 illik yubileyi gəlir!  Şəhərimiz, bütün xalqımız bu yubileyi böyük təntənə ilə qeyd etməyə hazırlaşır.   Çünki Sumqayıt Azərbaycanın çox mühüm, strateji əhəmiyyəti olan böyük sənaye şəhəri olmaqla ölkəmizin güclü iqtisadi dayağı, həm də mədəniyyət mərkəzi, qardaşlıq şəhəridir. İnanıram ki, yubiley tədbirləri günlərində sənin ruhun da Sumqayıtla, bu gözəl, sevimli şəhərlə olacaqdır... Və ruhun sevinəcəkdir. Çünki indi Sumqayıt tamam başqa bir Sumqayıtdır!..


Oğlun Rəhman ORXAN

Rəy bildir +
payday loans huntington beach ca online payday loan loans amarillo tx legitimate payday loans online no credit check bad credit personal loan companies
13 noyabr 2019 07:54
Oxşar xəbərlər
Sən gərək Sumqayıtın bugününü görəydin, Ata!
15:3016 oktyabr

Sən gərək Sumqayıtın bugününü görəydin, Ata!

Sən Sumqayıtı çox sevirdin, Ata!.. Bəlkə də, oğlun və yaxın qohumların bu şəhərdə yaşadığına, ilk nəvən bu şəhərdə dünyaya göz açdığına görə. Tez-tez gələrdin Sumqayıta  - bayramlarda, nəvələrinin ad günlərində... Sumqayıta gəlişin sənin üçün də, bizim üçün də toy-bayram olardı.

Gənclik şəhərinin bayram ovqatı    Sumqayıtlıların ürək sözləri
16:4125 sentyabr

Gənclik şəhərinin bayram ovqatı Sumqayıtlıların ürək sözləri

  Prezident İlham Əliyevin sərəncamı ilə noyabr ayında 70 illik yubileyi geniş qeyd ediləcək Sumqayıt   Azərbaycanın ikinci böyük sənaye mərkəzi, yüz minlərlə sakinin burada yaşaması ilə qürur duyduğu, çoxsaylı qonaqların böyük həvəslə üz tutduğu bir şəhərdir. Yeni əsrin əvvəllərindən Sumqayıt daha

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Stalin, Səməd Vurğun, Cəfər Cabbarlı, Aleksandr Duma… və Sumqayıt
17:0321 iyun

Stalin, Səməd Vurğun, Cəfər Cabbarlı, Aleksandr Duma… və Sumqayıt

... Səməd Vurğunla Cəfər Cabbarlı Sumqayıtda, indiki "Şəhidlər xiyabanı" ərazisində dayanmışdılar. Onlar Xəzərin sahilində salınacaq böyük sənaye şəhəri ilə bağlı söhbət edir, buranın böyük zəhmət, hünər meydanına çevriləcəyini alqışlayırdılar... Bu dialoqu Nəbi Xəzri özünün "Sumqayıt səhifələri"

Turizm zonasına  çevrilən şəhər
16:5216 aprel

Turizm zonasına çevrilən şəhər

Sumqayıtda bir "Şəhər bağı" vardı. İndiki Dövlət Dram Teatrının arxasında. Yadımdadır ki, 1-ci sinifdə oxuyarkən ilk dəfə həmin bağa ekskursiyaya getmişdik. Bitki aləmi çox zəngin idi. Biz orada xeyli oynadıq, ağacların çətiri altında nahar etdik. Sanki yaşıl bir adaya səyahətə çıxmışdıq. Ertəsi