İSTİ XƏBƏRLƏR
» » 1963-cü ilin 7 noyabrında Sumqayıtda nə baş vermişdi? İstintaq davam edir

1963-cü ilin 7 noyabrında Sumqayıtda nə baş vermişdi? İstintaq davam edir

İlham TUMAS

(əvvəli ötən sayımızda)

Xruşşovun "kukuruzu", yeni pulu, islahatları...

Xruşşovun 1957-ci ildə başladığı iqtisadi islahatlar müsbət nəticə vermədi. İslahat nəinki ölkənin qızıl ehtiyatlarını qorudu, əksinə, ildən-ilə bu ehtiyat sürətlə azalmağa başladı. Əgər 1953-cü ildə sovet hökuməti Moskva Xalq Bankı vasitəsilə xaricdən ərzaq məhsulları almaq üçün 250 ton qızıl sərf eləmişdisə, bu rəqəm 1963-64-cü illərdə, yəni islahatların guya sürətləndiyi vaxtlarda nə az, nə çox - 1244 ton təşkil eləmişdi. 1961-ci ildə həyata keçirilən pul islahatı isə rublun devalvasiyasına səbəb oldu. 1962-ci ildən başlayaraq, ölkənin bir çox yaşayış məntəqələrinə gündəlik məişət və ərzaq məhsullarının çatdırılmasında problemlər oldu, ət və ət məhsullarının, kərə yağının qiyməti qalxdı, bir çox şəhərlərdə çörək növbələri və çörək qıtlığı yarandı. 



Ölkənin bır sıra yerlərində, o cümlədən - Krasnodarda, Riqada, Çelyabinskdə, Leninqradda, Omskda, Donetskdə zəhmətkeşlərin tətilləri və etirazları başladı. Əmək şəraitinin pisləşməsi, əmək haqlarının azlığı keçmişə nostalji hissi aşılayırdı. İnsanlar müharibədən sonrakı ucuzlaşmanı hələ unutmamışdılar. Ona görə də sadə camaat qətiyyətli və möhkəm adamdan - Stalindən danışırdı.


DTK işə başladı

İndisə gələk hadisəylə bağlı barələrində cinayət işi açılanlara. Dövlət Təhlükəsizlik Komitəsinin İstintaq şöbəsinin böyük müstəntiqi mayor Ernest Baqratoviç Arutyunovun 11 noyabr 1963-cü il tarixdə verdiyi qərardan oxuyuruq:

"Azərbaycan SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinə daxil olmuş materialı nəzərdən keçirərək, müəyyən etdim:

7 noyabr 1963-cü il tarixdə Sumqayıt şəhəri Lenin meydanında ayrı-ayrı xuliqan şəxslər iğtişaş törədib. Nəticədə kommunist partiyası və bəzi Sovet rəhbərlərinin portretləri cırılıb, milis bölməsi binasının şüşələri sındırılıb, 2 milis motosikli yandırılıb, hakimiyyət orqanlarının nümayəndələri döyülüb. Azərbaycan SSRİ Cinayət prosessual məcəlləsinin 104, 109 və 131-ci maddələrini rəhbər tutaraq qərar verdim:

Azərbaycan SSRİ Cinayət Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulmuş cinayət əlamətləri üzrə cinayət işi başlansın.

İşi öz icraatıma götürürəm və ilkin istintaqa başlayıram. Qərarın surəti Azərbaycan SSRİ prokurorluğuna göndərilir".

Beləliklə, böyük müstəntiq mayor Arutyunov Ernest Baqratoviçdən, baş leytenant Səlimzadə Əkrəm Qasım oğlundan, leytenant Qurbanov Arif Əli oğlundan və kapitan Nəcəfqulu-zadə İsfəndiyar Heydər oğlundan ibarət müstəntiq briqadası istintaqa başlayır.


Həbs olunanlar kimlər idi?

Hadisəylə bağlı çoxlu şahid ifadələri alındığından, həmçinin ittiham olunanların dindiriliməsi xeyli çəkdiyindən istintaq müddəti iki dəfə uzadılır. Əvvəlcə iğtişaşla bağlı həbs olunanlarla tanış olaq:

Bayramov Asif Humay oğlu. Milliyyəti azərbaycanlı. 1927-ci ildə Azərbaycan SSRİ Qubadlı rayonunun Çardaxlı kəndində anadan olub, 5 sinif bitirib. Ailəlidir, 4 övladı var. Sumqayıt Boru Prokat zavodunda çilingər işləyir. Əvvəllər məhkum olunmayıb. "Donanma və Ordunun 30 illiyi" yubiley medalı ilə təltif olunub.

Mahmudov Yaşar Müseyib oğlu. Milliyyəti azərbaycanlı. 1941-ci ildə Azərbaycan SSRİ Astara rayonunun Pensər kəndində anadan olub. Orta təhsillidir, subaydır. 19 saylı Tikinti İdarəsində sürücü işləyir. Əvvəllər məhkum olunmayıb.

İbrahimov Səməndər Adil oğlu. Milliyyəti azərbaycanlı. 1940-cı ildə Azərbaycan SSRİ Tovuz rayonu Əsrik Cırdəxan kəndində anadan olub. Orta təhsillidir, subaydır. 2 saylı Xüsusiləşdirilmiş mexanizasiya idarəsində ekskavatorçu işləyir. Əvvəllər məhkum olunmayıb.

Şevçenko Nikolay İvanoviç. Milliyyəti rus. 1938-ci ildə Azərbaycan SSRİ Saatlı rayonu Krasnoselo kəndində anadan olub. 7 sinif bitirib. Kimyəvi təhlükəsizlik qurğularının montajı idarəsində çilingər işləyir. Əvvəllər məhkum olunmayıb.

Mahmudov Ənvər Məhərrəm oğlu. Milliyyəti azərbaycanlı. 1940-ci ildə Azərbaycan SSRİ Nuxa rayonu Bideyiz kəndində anadan olub. 7 sinif təhsili var. Subaydır. 73 saylı Tikinti İdarəsində daşyonan işləyir. Əvvəllər məhkum olunmayıb.

Əlimirzəyev Miriş Bulud oğlu. 1938-ci ildə Azərbaycan SSRİ Yardımlı rayonunun Separadi kəndində anadan olub. Uşaq Evində böyüdüyündən, valideynlərini xatırlamır. Orta təhsillidir, ailəlidir, 2 övladı var. Su kanal kontorunda çilingər işləyir. Əvvəllər məhkum olunmayıb. "Qafqazın müdafiəsi uğrunda" yubiley medalı ilə təltif edilib.


İstintaq materiallarından oxuyuruq...

Bəri başdan deyək ki, həm Dövlət Təhlükəsizlik Komitəsində aparılan istintaqda, həm də məhkəmə prosesində şahidlərin, ittiham olunanların, zərərçəkənlərin ifadələrinin köməyi ilə 1963-cü il noyabr ayının 7-də baş vermiş bu hadisə haqqında kifayət qədər informasiya əldə eləmək mümkündür. Cinayət işinin materiallarından bəzi məqamlara diqqət edək.

Şahidlər deyirlər ki, 24 yaşlı çilingər Miriş Əlimirzəyev Sumqayıt Ağac Emalı zavodunun bayramsayağı bəzədilmiş maşınının şüşələrini sındırmış, Kommunist partiyası və Sovet rəhbərlərinin plakatlarını çəkiclə dağıtmışdır. Ona bu işdə 22 yaşlı Yaşar Mahmudov kömək eləmişdir. Yaşar Mahmudov həmçinin Xruşşovun portretini daşlamış, milis kapitanının döyülməsində iştirak etmişdir. 25 yaşlı Nikolay Şevçenko plakatları qoparmış, milis kapitanına ağır bədən xəsarəti yetirmişdir. Daşyonan Ənvər Məmmədov isə meydan boyu qaçaraq, Kommunist partiyasını və Sovet hökumətini devirməyə yönəlik şüarlar səsləndirmişdir.

Ancaq ittiham olunanlar tamam başqa şeylər danışırlar. Məsələn, Əlimirzəyev Miriş ifadəsində yazır: "Mən özüm drujinaçıyam. Paradın sonuna az qalmış yaxındakı bufetə getdim. Orda 5-6 nəfər yemək yeyərək, içirdilər. Mən də 50 qram kolbasa ilə 200 qram Bakı arağı içdim, gəldim meydana. Burda artıq ara qarışmışdı. Mən həyəcandan maşının şüşəsini sındırmışam. Ancaq partiya və hökumət barədə hansısa yanlış fikir işlətməmişəm, işlətmərəm də".

Yaxud, Mahmudov Ənvərə qarşı əvvəlcə hansısa Babayan soyadlı ermənini döydüyü haqda ittiham oxunsa da, sonradan bu fakt təsdiqini tapmır və həmin maddə onun üstündən götürülür.

İstintaq gedişində ən çox diqqətçəkən şəxs Bayramov Asif Humay oğludur. Asif bütün istintaq boyu günahsız olduğunu, milis işçiləri tərəfindən şərlənərək həbsə atıldığını deyir və yazır. Onun 1964-cü il yanvar ayının 24-də istintaqa verdiyi ifadəsindən oxuyuruq: "Mən səhər saat 6-da durub çörək növbəsinə getdim. Saat 11-ə kimi növbədə oldum, çörək alıb evə qayıtdım. Sonra bir tanışımı görmək üçün evdən çıxdım. Onu tapmadım, evə qayıdanda milis şöbəsinin qarşısında səs-küy eşitdim. Maraqlandım, ora getdim. Gördüm ki, şüşələri sındırırlar. Mən geri qayıdanda şöbədən 1 kilometr məsafədə qarışıqlıqda məni də milislər tutub maşına basdılar, döydülər, şöbədə 32 manat pulumu, bel kəmərimi aldılar, sonra da bura gətirdilər".

Bütün istintaq boyu dəfələrlə ifadəyə imza atmaqdan imtina eləyən Bayramov Asif işinə Moskvadan çağırılacaq komissiyanın baxmasını istəyir və buna görə hətta, aclıq elan edir...

O, 1963-cü il noyabr ayının 25-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi Vəli Axundova ünvanladığı, qrammatik səhvlərdən hali olmayan ərizəsində yazır: "Mənim işimə baxılması üçün Moskvadan komissiya gəlsin, mən böhtana düşmüşəm. Yoldaşım bisavad kəndli qızıdır, 4 uşağım var, mən günahsızam, uşaqlarım acdılar. Moskvadan komissiya gələnə qədər aclığı davam etdirəcəm".

Asifin həyat yoldaşı və qardaşı da həm SSRİ Nazirlər Soveti yanında DTK sədri Sviquna, həm də birinci katib Vəli Axundova dəfələrlə müraciət edərək bildirirlər ki, günahsızdır, ona böhtan atılıb, həmçinin himayəsində 4 azyaşlı uşaq olduğu nəzərə alınmalıdır.

İbrahimov Səməndərin 1 yanvar 1964-cü ildə istintaqa yazdığı ərizədən isə oxuyuruq: "Mən istintaqda özümü yaxşı aparmamışam. İndi hökumət və ailəm qarşısında günahımı yumaq istəyirəm. Hələ kənd məktəbində oxuyarkən Stalinə məhəbbət bəsləyirdim. Özümü stalinçi hesab edirdim. Meydanda Stalinin şəklini qaldırmağa icazə verməyəndə, qəzəbləndim və milisə hücum edənlərə qoşuldum. Ancaq indi dərk edirəm ki, səhv etmişəm".

Beləliklə, Dövlət Təhlükəsizlik Komitəsində aparılan 67 saylı cinayət işi üzrə istintaq yekunlaşır, 6 nəfər barəsində hökm çıxarılması üçün iş məhkəməyə göndərilir. 1964-cü il iyunun 8-də başlanan məhkəmə prosesi 19 iyunda başa çatır. Məhkəmədə müttəhimlərə son söz verilir.


İndi söylə, son söz sənin...

İbrahimov Səməndər: "Xahiş edirəm, qoca atamı nəzərə alıb, mənə yüngül cəza təyin edəsiniz. Mənə yazığınız gəlsin".

Bayramov Asif: "Heç bir günah sahibi deyiləm. Bəraət hökmü istəyirəm".

Mahmudov Yaşar: "Etdiyim işdən peşman olmuşam. Əlil və cavan olmağımı nəzərə alıb, cəzamı yüngülləşdirməyinizi xahiş edirəm".

Əlimirzəyev Miriş: "2 balama yazığınız gəlsin. Nə qədər mümkündüsə, cəzamı o qədər azaldın. Acizanə xahiş edirəm".

Mahmudov Ənvər: "Mən böhtana düşmüşəm, azad olunmağımı istəyirəm".


Bu da hökm!

Məhkəmə bu şəxslərin işlərində bır sıra yüngülləşdirici məqamları həqiqətən nəzərə alır. Bura onların əvvəllər məhkum olunmadığı, iş yerlərindən göndərilmiş müsbət xarakteristikaları, həmçinin ailə vəziyyətləri daxil idi.

Bayramov Asif Humay oğlu - 3 il

Mahmudov Yaşar Müseyib oğlu - 5 il

İbrahimov Səməndər Adil oğlu - 6 il

Şevçenko Nikolay İvanoviç - 5 il

Mahmudov Ənvər Məhərrəm oğlu - 4 il

Əlimirzəyev Miriş Bulud oğlu - 6 il

Xruşşov getdi, yaşasın Brejnev!

Hadisələrdən sonra baş verənlər Azərbaycan Kommunist partiyası Mərkəzi Komitəsinin İdarə Heyətinin qapalı iclasında müzakirə olunur. Partiyanın 1-ci katibi Vəli Axundov nitqində deyir: "Yoldaşlar, hər şeydən əvvəl məsələyə siyasi qiymət vermək lazımdı. 22-ci qurultay şəxsiyyətə pərəstişi tamamilə ifşa etdi. Bundan sonra Sumqayıt küçələrində Stalinin portretləri ortaya çıxır. Bu faktdan yan keçmək, onu cinayətkar elementlərə bağlamaq səhv olardı. Bir var, insanlar tox ola, əhval-ruhiyyəsi yaxşı ola, bir də var, insanlar çörək ala bilmir".

Bəli, 1963-cü ilin 7 noyabrında adamlar əslində, çörək istəyirdilər. Xruşşovun söyülməsi də, Stalin öyülməsi də çörək üçün bir bəhanəydi. İnsanlar, sadəcə, yaxşı yaşamaq, çəkdikləri zəhmətin əvəzini görmək arzusundaydılar. Elə buna görə, bəlkə də siyasi rəhbərliyin gizli göstərişi ilə həm Dövlət Təhlükəsizlik Komitəsində aparılan istintaqda, həm də məhkəmədə olayların üstünə çox gedilmədi.

1953-cü ilin 7 sentyabrında hakimiyyətə gələn Xruşşov idarəetmənin bağlarını əldən verdiyi üçün Sumqayıt olaylarından təxminən 1 il sonra - 1964-cü ilin 14 oktyabrında devrildi. SSRİ-nin Brejnev epoxası başladı. Bizim istintaqsa davam edir...

Rəy bildir +
Oxşar xəbərlər
Prezidentdən 3 mühüm mesaj
16:2528 oktyabr

Prezidentdən 3 mühüm mesaj

Azərbaycanda aparılan islahatlar çoxspektrli xarakter daşıyır. Bunu yalnız yerli təhlilçilər yox, həm də nüfuzlu beynəlxalq təşkilatlar öz hesabatlarında qeyd edirlər. Hətta neytral və opponentliyi ilə seçilən ekspertlər də hesab edir ki, xüsusilə 2019 bu baxımdan yaddaqalan il kimi qiymətləndirilə

1963-cü ilin 7 noyabrında Sumqayıtda nə baş vermişdi? İstintaq davam edir
18:4316 oktyabr

1963-cü ilin 7 noyabrında Sumqayıtda nə baş vermişdi? İstintaq davam edir

Sumqayıt, 1963-cü il noyabrın 7-si, səhər saatları. O zaman "Qorkom" adlandırılan binanın qarşısında proletariatın böyük rəhbəri Vladimir İliç Leninin nəhəng heykəli vardı. Bir azdan onun qarşısından Böyük Oktyabr Sosialist İnqilabının 46-cı ildönümü münasibətilə zəhmətkeşlərin paradı keçəcəkdi.

Çini Ermənistana nə bağlayır?
17:0009 oktyabr

Çini Ermənistana nə bağlayır?

Son illərdə Kəmər və Yol Layihəsi (KYL) çərçivəsində Çinin Cənubi Qafqaz regionunda iqtisadi maraqları artmışdır. Bu baxımdan da bu regionda yerləşən ölkələr ilə, o cümlədən Ermənistan ilə iqtisadi əlaqələrini genişləndirmişdir. Lakin, Çinin regiondakı ölkələr ilə iqtisadi münasibətləri eyni

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli