İSTİ XƏBƏRLƏR
» » Liderlik nədir?

Liderlik nədir?

Əlibala MƏHƏRRƏMZADƏ, professor


Bəşər tarixindəki liderlər, beynəlxalq təşkilatların liderləri, ölkələrin liderləri, idarə və müəssisələrin liderləri, partiyaların liderləri, dini qurumların liderləri, idmanda komanda liderləri, media liderləri, incəsənətdə truppa, ansambl liderləri və s. və i.

Bizim qulaqlarımız "lider" kəlməsini addımbaşı eşitməyə alışıb. Bəs nədir bu liderlik? Liderliyin ən bəsit tərifi budur ki, liderlik - qrupda işin təşkilinin elə bir prosesidir ki, bu prosesdə hamının qulaq asdığı, hamının etibar etdiyi şəxs lider kimi çıxış edə bilir. Amma məsələnin mürəkkəb tərəfi də var: "Hamının qulaq asdığı şəxs", "hamının etibar etdiyi şəxs" statusunu necə qazanmaq olar? Bu statusu qazanmaq yolu necədir?

"Liderlik" anlayışı "uğurqazanma" anlayışının həmişə məntiqi davamı hesab olunur. Yəqin ki, yalnız həyatda müəyyən dərəcədə uğur qazana bilən insanlar lider olurlar. Amma bir məsələ də var ki, hər bir uğur qazanan insan da lider ola bilmir. Yəni, qazanılan keyfiyyətlər və vurulan hədəflər həmişə lider olmaq zərurətinə gətirib çıxarmır. Bu mənada, "lider" anlayışı "uğurlu insan" anlayışından daha mükəmməl anlayışdır. "Uğurlu insan" çoxluq təşkil edə bilər, ancaq "lider" məhdud sayda olur.

Adətən, liderlər 2 cür olur: formal və qeyri-formal. Burada birincilər təyin olunurlar, ikinciləri isə qruplar seçir.

Liderlik təlimləri, konsepsiyaları öz əsaslarını XX əsrin əvvəllərindən götürür, növbəti hissədə mən bu barədə ətraflı danışacağam. Hələlik isə onu söyləmək istəyirəm ki, XX əsrin əvvəllərində tədqiqatçılar bəşər tarixini dəyişən ən böyük dühaların, ən böyük liderlərin həyatlarını tədqiq edərək onların ümumi aparıcı xüsusiyyətlərini (məsələn, məqsədyönlülük, qətiyyət, səbirlilik, dözümlülük, güclü iradə, yaxşı hafizə, inandıra bilmək bacarığı, natiqlik istedadı, intellektuallıq, qılığa girmək məharəti, bir qədər hiyləgərlik, lazım olanda sərtlik və s. və i.) müəyyənləşdirməklə "Dahi insanların təlimi"ni yaratmışlar. Ancaq liderliyi liderin şəxsi keyfiyyətlərində axtaran bu təlim uğursuzluğa məruz qalmışdır, belə ki, liderin ümumi portretini yaratmaq mümkün olmamışdır, bu və ya digər liderlərdən hər hansı birinin spesifik aparıcı xüsusiyyətləri digərlərində eyni ilə olmamışdır. Üstəlik, bir liderin digərlərindən daban dabana zidd   özəl xüsusiyyətləri də bu ümumiləşməyə mane olmuşdur.

Bax bundan sonra "liderlik" anlayışının konkret şəraitdən doğması tezisi ilə barışmışlar. Zaman, məkan, iqtisadi və siyasi vəziyyət kimi faktorların "liderin" yaranması prosesindəki həlledici rolu fikir  süzgəcinə düşmüşdür.

Və bu həlledici rol oynayan faktorlar bir lideri eyni zamanda həm ucaltmağa, şəninə alqışlar dedirtməyə xidmət etmişdir, həm də yeri gələndə, onu kürsüdən aşağı yuvarlatmış, çirkaba batırmışdır. Bu səbəbdən, liderlik şərəfli olduğu qədər də riskli, təhlükəli bir missiya hesab oluna bilər.

"Liderlik" sahəsindəki tədqiqatların növbəti mərhələsi isə liderliyin sistemlilik nəzəriyyəsi olmuşdur. Burada artıq həm şəxsi keyfiyyətlər, həm şərait anlayışının liderliyin mahiyyətini açmağa tam müvəffəq ola bilməməsi təsdiqlənmiş, lider olmağın qrupdan, əhatədəki insanlardan bilavasitə asılılığı üzə çıxarılmışdır. Burada liderlik və lider qrup dinamikası çərçivəsində nəzərdən keçirilmiş, qrup bir sistem - liderlik isə bu sistemdə münasibətlərin təşkilatçısı hesab edilmişdir.

Sosialist sisteminin dünya üzrə demək olar ki, bütün tanınmış liderlərinin Vladimir Lenindən, İosif Stalindən tutmuş Fidel Kastroya, Mao Tze Duna  qədər hamısı tarixin ayrı-ayrı dönəmlərində müxtəlif ziddiyyətli qiymətlər almışlar. Bir tərəfdən onlar işıqlı cəmiyyət qurucuları, digər tərəfdən ən qatı diktatorlar hesab olunmuşlar, bu da onların münasibətlər təşkilatçısı olduqları qrup sisteminin ikili xarakterindən irəli gəlib.

Oxucularıma mən cəmi bircə misal çəkmək istəyəcəyəm. Ötən əsrin 30-40-cı illəri Sovet imperiyası tarixinin ən acınacaqlı, ən qara illəri hesab olunur. İosif Stalinin rəhbərliyi dövrünə təsadüf edən və stalinizm repressiyaları adını almış, insanların, əsasən, ziyalıların xalq düşməni damğası vurularaq güllələnməsi, həbs edilməsi, sürgün olunması ilə təşəkkül tapan bir prosesdə milyonlarla insan hədəf olmuşdu. Təsəvvür edin ki, təkcə tarixə "böyük terror illəri" kimi düşən 1937-38-ci illərdə SSRİ-də 681692 nəfər güllələnmişdir.

Bu terrordan mənim xalqım da böyük əziyyət çəkmiş, çoxsaylı qurbanlar vermişdir. Xalqın qaymağı məhv edilmişdir. Bura həm dövlət xadimləri, ictimai xadimlər, həm alimlər, pedaqoqlar, həm ədəbiyyat, incəsənət xadimləri daxildir. Haqlarında ayrıca danışmaq mümkün olmasa da mən onlardan bir neçəsinin adını mütləq çəkəcəyəm: Bəkir Çobanzadə, Əhməd Cavad, Hüseyn Cavid, Mikayıl Müşfiq, Ruhulla Axundov, Salman Mümtaz...

Həmin dövrdə Azərbaycana əslən Qubadan olan Mircəfər Bağırov rəhbərlik edirdi. Və sonradan bütün bu qanlı terrorun müəllifi olaraq tarixə məhz bu şəxsin adı düşdü, yeni gələn nəsillər onu lənətlədilər.

Liderliyin riski və təhlükəsi barədə danışmışdım öncə, bunu öz üzərində hiss etməyin ən bariz nümunəsi Mir Cəfər Bağırov sayıla bilər. Təsəvvür edin ki, digər qonşu Qafqaz Respublikaları Gürcüstan və Ermənistandan fərqli olaraq SSRİ rəhbərliyi Azərbaycana o dövrdə etimad göstərmişdi, bu respublikaya yerli insanı rəhbər təyin etmirdilər. Ona görə də, şəxsi keyfiyyətləri, siyasi liderlik plyusları hesabına bu posta yiyələnməyə müvəffəq olan Mir Cəfər Bağırov çox böyük təzyiq altında çalışmağa məhkum idi. Üstəlik, repressiyaların rejissoru SSRİ rəhbərliyi idi, o isə sadəcə icraçı rolundaydı. Bununla belə, xalqına sevgisini bu lider bir neçə olduqca tanınmış ziyalını həbsdən qurtarmaqla, respublikanın iqtisadiyyatına hədsiz xeyir verən çox vacib qərar və direktivlərlə hər halda göstərə bilmişdi, tarix gərək bunu unutmasın. Və bir də, mən əvvəlki hissələrdə Azərbaycanın XIX əsrdə Rusiya imperiyası və İran şahlığı arasında ikiyə bölünməsi barədə sizə danışmışdım. Azərbaycan xalqının iki ən böyük yarası var, bunlardan birincisi, şübhəsiz bu ikiyə bölünmədir (İkincisi isə Dağlıq Qarabağın işğalı). Bax həmin Mircəfər Bağırov 1945-ci ildə Cənubi Azərbaycanda Pişəvərinin başçılığı altında hərəkat yaradaraq qısa müddətdə İranın tərkibində Azərbaycan Demokratik Respublikasını qurmağa müvəffəq oldu. Əfsus ki, SSRİ rəhbərliyindən - Stalindən lazımi dəstək ala bilməyərək, BMT-dən xeyir-dua ala bilməyərək Mircəfər Bağırov öz böyük ideyasını sonadək həyata keçirə bilmədi. Böyük Britaniya və ABŞ-ın dəstəyi ilə İran 1946-cı ilin aprelində Cənubi Azərbaycana 20 diviziya yeridərək Azərbaycan hökumətini devirdi.

Bax budur böyük liderliyin taleyi. Və bu tale, həmişə yeni dövrün, yeni liderlərin, yeni tarixçilərin baxış bucağından asılı olur. Bayaq qeyd etdiyim kimi, istəsələr səni zirvəyə ucaldır, istəsələr isə çirkaba bulayırlar.

Biz liderlik təlimlərinə ümumilikdə 

toxunduq, növbəti hissələrdə onlar barədə konkret olaraq da danışacağıq. Hələlik isə mütləq onu da qeyd etmək istəyirəm ki, mənim liderlik anlayışına fərqli bir baxış bucağım da var. Düzdür, liderlik üçün müəyyən şəxsi xüsusiyyətlər lazımdır, düzdür, liderlik üçün şərait anlayışının böyük əhəmiyyəti var, düzdür, liderlik üçün qrup, komanda həlledici mahiyyət daşıyır. Amma, məncə, heç bir lider sonradan liderə çevrilmir, lider kimi doğulmaq lazımdır. Elə liderliyə xas intuisiya qabiliyyətini götürək. Bir şeyi intuitiv hiss etmək fitri istedaddır, əksərən, insan ona doğuluşdan malik olur. Məncə, liderlik daha çox bioloji xüsusiyyətdir, insanda anadangəlmə olur. Sonradan bu anadangəlmə xüsusiyyət liderlik konsepsiyasına aid olan yuxarıda sadaladıqlarımız şəxsi xüsusiyyətlərlə, şərait və sistemlilik faktorları ilə birləşəndə, yəni istedad toxumu sağlam və münbit torpağa düşəndə cücərir, liderlər yaranırlar.

Rəy bildir +
Oxşar xəbərlər
Uğur üçün 15 keyfiyyət
11:1409 avqust

Uğur üçün 15 keyfiyyət

Əslində, uğur formulası ümumi olduğu qədər də spesifikdir, yəni bir xalq üçün lazım olan uğur qazanmaq keyfiyyətləri başqa bir xalq üçün aparıcı olmaya da bilər. Məsələn, Azərbaycanda (ümumən Şərqdə) uğur formulasında mental qayda-qanunlara, davranış tərzinə istinadı, möhkəm ailə faktorunun,

3 addım və 9 xüsusiyyət
17:4010 iyul

3 addım və 9 xüsusiyyət

Hər bir uğur zirvəsinə çatmış insanın öz spesifik, özünəməxsus uğur yolu olur. Amma bu yolları qət etmə maneralarından ən aparıcı xüsusiyyətləri seçməklə ümumi, oxşar bir uğur formulu yaratmaq mümkündür. Hər bir kəs uğur qazanmaq istəyir. Kim istəməz yaxşı işi, gözəl güzəranı, kifayət qədər

Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil  SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR
17:2710 iyul

Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR

Bugünkü tələbələrin maraq dairəsi, elmi-mədəni düşüncələri və digər baxışlarları haqda bilgilər əldə etmək yəqin ki, böyük əksəriyyət üçün maraqlıdır. Məhz bunu nəzərə alıb, "168 saat"ın "Sual kitabçası" rubrikasında müxtəlif təhsil ocaqlarının tələbələrinə müraciət etdik.

Hamımız ona can atırıq. Nədir axı "uğur"?
15:3006 iyun

Hamımız ona can atırıq. Nədir axı "uğur"?

"Uğur" anlamı yaşamımızın ən vacib tərkib hissəsidir, hansı sahəyə üz tutsaq, hara əl qoysaq orada uğur qazanmaq ehtiyacı duyuruq, əlbəttə ki. Hansı işə əl atırıqsa, biz azərbaycanlıların da, digər əksər xalqların da belə  dədə-baba deyimi var, onu söyləyirik: "Uğurlar olsun!" Qarşımıza qoyduğumuz

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO