İSTİ XƏBƏRLƏR
» » İstənilən gözlənilməzliklərə hazır olmalı, yaxud Talebin Qara qu quşları

İstənilən gözlənilməzliklərə hazır olmalı, yaxud Talebin Qara qu quşları


Təbii ki, insanın uğur qazana bilməsi üçün onun ətrafında baş verən prosesləri düzgün dərk etməsi, cəmiyyəti və onun qanunlarını doğru-dürüst bilməsi, təbiət və onda baş verən proseslərdən bu və ya digər şəkildə bəhrələnməsi üçün məlumatlı olması da vacibdir.

Kitabın əvvəlki hissəsində Nassim Talebin "Qara qu quşu" kitabına xüsusi olaraq toxunmuşdum və oxucularıma vəd vermişdim ki, bu kitab haqqında xüsusi danışmağa zərurət yarandığı üçün haqqında ayrıca danışacağam.

Ümumi tirajı 10 milyon nüsxəyə çatan, artıq 32 dildə oxunan "Qara qu quşu"nda ən əsas bizim qəfil baş verənlərə, xüsusən iri masştablı hadisələrə qarşı korluğumuz barədə danışılır. Səbəbi araşdırılır ki, niyə bəşəriyyət diqqətini qloballara deyil, lokallara ayırır, niyə alimlər və qeyri-alimlər, dühalar və qeyri-dühalar milyonları unudub qəpik-quruşları sayırlar? Niyə biz nəhəng təsirlərə malik mümkün ola biləcək əhəmiyyətli hadisələrə deyil, xırda-xuruş işlərə səfərbər oluruq?

Yeri gəlmişkən, hədəfi düz seçməməkdən qaynaqlanan uğursuzluğun kökündə həm də bunlar dayanır axı.

Həyatda baş verən və dağıdıcı təsir göstərən nəsnələri "Qara qu quşu" adlandıran müəllif hər bir kəsə xitabən söyləyir ki, əyləşdiyi kreslodan durmadan hər kəs qara qu quşunun rolunu dərk edə bilər. Bunun üçün çox sadə bir çalışma lazımdır: Öz şəxsi həyatınızı götürün. Doğulduğunuz gündən bəri ən əlamətdar hadisələri sadalayın, sonra onları perspektivdə gördüyünüzlə, xəyal etdiyinizlə müqayisə edin. Hansılar cədvəl üzrə olub? Həyatınızda peşə seçiminiz, sevdiyinizlə ünsiyyətiniz, doğma yerlərdən köçməyiniz, qarşılaşdığınız satqınlıq və xəyanətlər, qəfil varlanmalar və müflisləşmələr... Tez-tezmi bu hadisələr plan üzrə baş verib?

Demək, "Qara qu quşu"nun mahiyyəti onun gözlənilməz gəlməsi, haqqında bilgilərinizin olmamasındadır.

Nassim Talebin maraqlı və düşündürücü fikirlərindən seçdiklərimə diqqət edin:

- Anomaliyaları öncədən söyləyə bilmək tarixin gedişini öncədən söyləməyə səbəb olur;

- Metaforalar və əhvalatlar ideyalardan qat-qat güclüdür. Çünki onları oxumaq çox xoş olur, asan yadda qalırlar.

- Biz büdcə defisiti və neftin yaxın 30 illik müddətdə qiymətini proqnozlaşdırırıq, bununla belə, bu qiymətlərin növbəti yayda necə olacağını bilmirik.

- Özlərini ekspert adlandıran bəzi peşəkarlar, əslində peşəkar deyillər. Onların fəaliyyət siyahısına baxsaq, görərik ki, onlar bu sahədə hansısa küçədən keçən insandan elə də çox anlayışlı deyillər, fərqləri təkcə mövzu barədə yaxşı danışmalarındadır, bir də bizim beyinlərimizi riyazi modellərlə doldurmalarındadır. Onların hamısı həm də qalstuk taxırlar.

- Problem bizim şüurumuzun strukturundadır: biz qaydaları yox, yalnız faktları əxz edə bilirik.

- Hamı bilir ki, profilaktikaya terapiyadan çox diqqət yetirilməlidir. Amma az adam profilaktikaya üz tutur.

- Biz tarix kitabına düşən şəxsiyyətlərin adlarını yalnız nailiyyətləri tarixçilərin diqqətindən kənarda qalan şəxslərin hesabına fəxrlə çəkə bilirik.

- Əgər siz öz dostunuzun temperamenti, əxlaq prinsipləri və tərbiyəsi barədə təsəvvürünüzün yaranmasını istəyirsinizsə, onu mütləq gündəlik həyatın çəhrayı işığında deyil, istisna vəziyyətlərdə görməlisiniz.

- Bir əhvalatı təkzib etmək üçün başqa əhvalat lazımdır.

- İnsan şüuru üç problemdən əziyyət çəkir ki, mən bunları qaranlıq triadası adlandırıram:

a) İnsanlar dünyada baş verən hər bir şeydən agah olduqlarını düşünürlər, hadisələrin onlar duyduqlarından daha mürəkkəb olduğunu anlamırlar;

b) Baş verən hadisələr yalnız keçmiş zamanda qalanda onlara qiymət verilə bilər kimi retrospektiv yanlışlığa yol verirlər;

c) Alimlərin zərərli təlimlərinə əsaslanıb hər hansı faktın əhəmiyyətini şişirdirlər.

- Tarix və cəmiyyətin irəli hərəkəti sürünməklə deyil, çapmaqla baş verir.

- Mən qəfil dərk etdim və indi də bu təəssüratla yaşayıram ki, biz hamımız retrospeksiya üçün əla bir maşınıq, insanlar hamısı isə özünüaldanışın böyük ustalarıdır.

- İnsanları kateqoriyalara bölmək vacibdir, amma vacib olduğu qədər də iki kateqoriyanın sərhədində mövcud olanların yerləşdirilməsi üçün problemlidir.

- Müəyyən hissə kapital bizi varlıya çevirə bilməz, düzdür, amma güzəranı düşünmək qayğısına qalmadan bir işlə rahat məşğul olmağa imkan yaradır. O, bizi beyin fahişəliyindən, daxili təzyiqlərdən azad edir.

- Bizə çətindir ki, incəsənət əsərini tək gözəlliyinə görə yox, həm də özümüzün cəmiyyətə aid olmağımızı hiss etməkçün yaratdığımızı etiraf edək.

- Təqlidetmə bizi digər insanlara yaxınlaşdırır. O, tənhalıqla mübarizədir.

- Çəkməyə dizayn vermək çəkmə istehsal etməkdən daha gəlirli sahədir. "Nayk", "Dell" və "Boinq" firmaları ideya verməklə və öz nou-haularını təşkil etməklə pul qazanırlar, bu zaman inkişaf etməkdə olan ölkələrin subpodrat fabrikləri isə qazanmaqçun ağır qul əməyinə qatlaşırlar.

- Əgər siz insanlara desəniz ki, uğurun açarı həmişə səriştəlilik olmur, onlar düşünər ki, siz səriştəliliyin heç nəyi həll etmədiyini, uğurun açarının bəxtigətirmədə olduğunu iddia edirsiniz.

- Bizim qənaətlərimiz spesifikdir, iki yönlüdür. Bəzi problemlərin həllini bizə həyat dərsliklərdən daha yaxşı öyrədir, amma bəzilərini isə nəzəriyyədə praktikadakına nisbətən daha aydın başa düşmək olur.

- Cəmi bir bədxassəli şişin üzə çıxması sübut edir ki, sizdə xərçəng var. Amma bu şişin üzə çıxmaması imkan vermir ki, yüz faizlik inamla deyilsin ki, sizdə xərçəng yoxdur. Bizi həqiqətə təsdiqedici nümunələr deyil, inkaredici nümunələr yaxınlaşdırır.

- Fakt fakt olaraq qalır: siz nəyinsə səhv olması barədə qərar verə bilərsiniz, amma nəyinsə düzgün olması barədə qərar verə bilməzsiniz.

- İstənilən qaydanı ya birbaşa yoxlamaq olar: onun işlədiyi hallara baxmaqla. Ya da dolayı yolla yoxlamaq olar: onun işləmədiyi halları nəzərdən keçirməklə.

- Yaddaş dinamik, öz-özünə yenilənən mexanizmdir. Biz hadisənin özünü xatırlamırıq, onun barəsindəki son xatirəmizi xatırlayırıq. Və fərqinə varmırıq ki, hər yeni xatırlama ilə süjeti daha çox dəyişirik.

- Cins, sosial vəziyyət və peşə insan davranışını mili mənsubiyyətə nisbətən qat-qat artıq müəyyənləşdirə bilir. İsveçli kişi isveçli qadından çox toqolu kişiyə bənzəyir. Perulu filosofun perulu dalandardan daha çox şotlandiyalı filosofla ümumi dəyərləri var.

- Əgər səbəb aydın deyilsə o səbəb yox kimidir.

- Təkrar biliyin anasıdır. Hələ olmayan bir şey barədə isə biz nəsə bilməyi heç arzulamırıq.

- Dünya çox sürətlə dəyişir və bizim genetik strukturumuz onun ardınca çata bilmir. Biz öz yaşayış mühitimizdə özgəyə çevrilirik.

- Xoşbəxt olmaq üçün müntəzəm xırda müsbət affektlər almaq lazımdır. Yəni ki, çoxlu yaxşı xəbərlər bir əla xəbərdən daha yaxşıdır. Və ya əksinə, bir böyük bədbəxtliyi yaşamaq illər uzunu kiçik bədbəxtlikləri yaşamaqdan daha yaxşıdır.

Nassem Talebin açmaq istədiyi mövzuya aid gətirdiyi faktlar da çox maraqlı və düşündürücüdür.

Məsələn, o yazır ki, əgər məşhur italiyalı kinorejissor Lukano Viskontinin kino çəkilən pavilyonunda aktyorlar süjetə görə içində brilliant olan ağzı bağlı mücrü ilə nəsə bir iş görürdülərsə, rejissor mücrünün içində həqiqətən də brilliant olmasını təmin edirdi. Viskonti deyirdi ki, bu vasitə aktyorların öz rollarını duymalarına kömək edir. Viskonti onu da əlavə edirdi ki, tamaşaçıları aldatmaq da yaxşı deyil.

Başqa bir fəsildə Nassim Taleb yazır ki, yazıçı Umberto Eko çox az ziyalılardan idi ki, geniş təhsili olmaqla yanaşı, həm də darıxdırıcı deyildi. Onun 30 min (!!!) kitabdan ibarət kitabxanası vardı. Və o, insanları evinə gəlmiş qonaqları böldüyü təsnifata görə iki yerə bölmüşdü: Birincilər - qonaq gələndə təəccüblənən, "Sizin nə qədər kitabınız var!!! Bunların nə qədərini oxumusunuz?", - deyə haray qoparanlardır. İkincilər isə kitabxananı adi qarşılayan, şəxsi kitabxananı imic göstəricisi deyil, iş aləti hesab edənlərdir.

Əslən livandan olan müəllif Livanda gedən vətəndaş müharibəsi ilə bağlı da bir fakt gətirir. Paytaxt Beyrutda işıqları söndürərmişlər. Şəhərin müharibə zonasından xeyli uzaqda olan bir hissəsində səma o qədər işıqlı, aydın imiş ki, orada o qədər ulduz toplaşıbmış ki, zülmət gecədə onu seyr etmək adama fərəh gətirirmiş. Televizorlardan, digər asudə vaxt təminatçılarından məhrum olan insanlar risk edərək  şəhərin həmin hissəsinə yollanırlarmış ki, səmanı seyr etsinlər. Demək insanları raket zərbələrinin altına düşmək darıxdırıcı gecə keçirməkdən daha az qorxudur.

Qaçqınlıq fəlsəfəsinə aid gətirilən fakt da çox maraqlıdır: 1960-cı ildə Kastro rejimi hakimiyyətə gələndə kubalı qaçqınlar müvəqqəti, bir neçə günlük Mayamiyə köç etmişdilər, çamodanlarının üstündə oturmuşdular ki, bu gün-sabah geri dönəcəyik. Onlar, onların sonra doğulan nəsilləri hələ də Mayamidədirlər. Və yaxud, 1917-ci ildə Rusiyadakı bolşevik inqilabı zamanı ölkəni tərk etmiş bir çox rus mühacirlər dərhal geri dönəcəklərini zənn edirdilər. Yazıçı Vladimir Nabokov geriyə dönüşü çox da uzun olmasın deyə yaxın Berlin şəhərini özünə məskən seçmişdi, daimi mənzil də almırdı, kirayə mənzillərdə, otel otaqlarında yaşayırdı. Beləcə o, geriyə dönüşü olmadan bütün həyatını başa vurdu, "Montre-Palas" hotelində gözünü əbədi yumdu. Ümidlər insanların gözlərini bəzən bax beləcə kor edir.

Yeri gəlmişkən, mən özüm şəxsən Qarabağ müharibəsinin evsiz-eşiksiz qoyduğu 800 min nəfərə yaxın qaçqın ordusunun neçə-neçə nümayəndəsində bu "uğursuzluq sindromu"ndan gec-tez qurtulacağına, vətəninə dönəcəyinə olan 25 illik inamın hələ də öləzimədiyinin şahidi olmuşam.

Nassimin gətirdiyi başqa bir fakt - qeyri-adiliyin, gözlənilməzliyin, yeniliyin təntənəsi barədədir. O, öz qəhrəmanını - Yevgeniya Nikolayevna Krasnovanı təqdim edir. Beş il öncə heç kimin tanımadığı bu xanım - fəlsəfəyə böyük marağı olan nevroloq öz düşüncələrini müxtəlif avtobioqrafik şərhlərlə zənginləşdirib vərəqə köçürməyə başladı. Bunları çap etdirmək istəyəndə heç bir nəşriyyat onu ciddiliyə almadı, hətta bəziləri belə cızma-qaralar yazdığına görə onu təhqir də etdilər. Nəhayət, Yevgeniya "Rekursiyanın tarixi" adlandırdığı kitabını internet şəbəkəsində yerləşdirdi. Orada bu xanımın kiçik bir oxucu auditoriyası peyda oldu. Aralarında olduqca kiçik bir nəşriyyatın sahibinə də rast gəlindi ki, həmin nəşriyyat sahibi də Yevgeniyaya kitabını çap etdirmək təklifini verdi. Beş il ərzində öz məqsədyönlülüyü, əməksevərliyi ilə silahlanan Yevgeniyanin kitabı populyarlıq qazandı, ədəbiyyat tarixinin ən gözlənilməz müvəffəqiyyəti hesab olundu, milyon tirajlarla satıldı, ədəbi tənqid tərəfindən vəsf edildi. 

Kitab 40 dilə tərcümə olundu, Yevgeniyanın şəkilləri küçələri bəzədi. Həmin o kiçik nəşriyyat isə böyüyüb nəhəng korporasiyaya çevrildi. Və həmin nəşriyyatın belə bir devizi də yarandı: "Kitab oxumağı sevən uzun məsafələrə iri yük maşını sürənlər (dalneboyşiki) heç vaxt məhz yük maşını sürənlər üçün yazılan kitabları oxumurlar".

Müəllifin həyatından gətirdiyi bu fakt isə insan büdcəsinin durumunu müəyyənləşdirən bədxərcliklə qənaətcillik barədədir. O yazır:

"Mən xatırlayıram ki, treyder kimi çalışdığım gənclik illərində - 20-25 yaşım olan vaxtlarda pullar çox asan qazanılırdı. Mən taksidə gəzməyi sevirdim və sürücüyə bəzən bəxşiş (çayevoy) olaraq yüz dollar verirdim. Yalnız onun xatirinə ki, o, hədsiz dərəcədə təəccüblənsin. Bu, adi bir gedonistik təcrübə idi: insanı 100 dollar kimi mənasız, boş bir şeylə bütün günü xoşbəxt etmək. Amma zaman keçdikcə mən bu dəcəlliyimi dayandırdım. Biz hamımız varidatımız artdıqca və pula daha ciddi münasibət bəslədikcə xəsis, qənaətcil oluruq".

Kitabdakı xüsusi diqqət tələb edən bir fakt isə məşhur "Titanik" gəmisinin kapitanı E.S.Smitlə bağlıdır. Kapitan 1907-ci ildə söyləmişdi: "Bütün peşəkar fəaliyyətim dövründə mən bircə dəfə də olsun hər hansı ciddi qəzaya uğramamışam. Dənizdə keçirdiyim uzun illər ərzində mən heç vaxt qəza törətməmişəm, faciə təhlükəsi olan şəraitə düşməmişəm".

Bildiyiniz kimi, 1912-ci ildə beş il öncə bu cür qürrələnmiş Smitin gəmisi bəşəriyyət tarixindəki ən böyük qəzaya uğradı.

Bu isə taleyin insana qarşı ən böyük ironiyasının təcəssümüdür.

Və sözügedən bestsellerdə Nassem Talebin naməlumluqların, qeyri-müəyyənliklərin cövlan etdiyi bir zamanda oxuculara təlqin etdiyi hər bir gözlənilməzlikləri təxmin edə bilmək instiktinin formalaşması zərurəti ilə yanaşı, əsas məsləhəti də var: insan təbiətən doğmalara, yaxınlara, tərəfdarlara böyük ehtiyac duyan bir varlıqdır. Əgər siz həyatınızı qarışdırmaq istəyən qara qu quşları ilə mübarizə aparmaq fikrindəsinizsə, onların çəkdiyi qara pərdəni yarıb öz uğur hədəfinizə doğru irəliləyirsinizsə, onda mütləq özünüzə tərəfdarlar tapın, tək qalmayın!


Əlibala MƏHƏRRƏMZADƏ, professor
Rəy bildir +
Oxşar xəbərlər
Uğur üçün 15 keyfiyyət
11:1409 avqust

Uğur üçün 15 keyfiyyət

Əslində, uğur formulası ümumi olduğu qədər də spesifikdir, yəni bir xalq üçün lazım olan uğur qazanmaq keyfiyyətləri başqa bir xalq üçün aparıcı olmaya da bilər. Məsələn, Azərbaycanda (ümumən Şərqdə) uğur formulasında mental qayda-qanunlara, davranış tərzinə istinadı, möhkəm ailə faktorunun,

3 addım və 9 xüsusiyyət
17:4010 iyul

3 addım və 9 xüsusiyyət

Hər bir uğur zirvəsinə çatmış insanın öz spesifik, özünəməxsus uğur yolu olur. Amma bu yolları qət etmə maneralarından ən aparıcı xüsusiyyətləri seçməklə ümumi, oxşar bir uğur formulu yaratmaq mümkündür. Hər bir kəs uğur qazanmaq istəyir. Kim istəməz yaxşı işi, gözəl güzəranı, kifayət qədər

Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil  SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR
17:2710 iyul

Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR

Bugünkü tələbələrin maraq dairəsi, elmi-mədəni düşüncələri və digər baxışlarları haqda bilgilər əldə etmək yəqin ki, böyük əksəriyyət üçün maraqlıdır. Məhz bunu nəzərə alıb, "168 saat"ın "Sual kitabçası" rubrikasında müxtəlif təhsil ocaqlarının tələbələrinə müraciət etdik.

Düşünməyin ki, xoşbəxtlik yalnız var-dövlətdədir
16:5526 iyun

Düşünməyin ki, xoşbəxtlik yalnız var-dövlətdədir

Biz uğurun nə olduğu barədə   həmişə suallar içində qovruluruq. Necə ki, bir ali məktəb məzunu üçün uğur sərfəli iş tapmaqda, bir sahibkar üçün gəlirli biznes layihəsində, bir yazıçı üçün populyar bestseller yazmaqda, bir idmançı üçün çempionluqda, bir müğənni üçün ulduz olmaqda, bir aşiq üçün

Hamımız ona can atırıq. Nədir axı "uğur"?
15:3006 iyun

Hamımız ona can atırıq. Nədir axı "uğur"?

"Uğur" anlamı yaşamımızın ən vacib tərkib hissəsidir, hansı sahəyə üz tutsaq, hara əl qoysaq orada uğur qazanmaq ehtiyacı duyuruq, əlbəttə ki. Hansı işə əl atırıqsa, biz azərbaycanlıların da, digər əksər xalqların da belə  dədə-baba deyimi var, onu söyləyirik: "Uğurlar olsun!" Qarşımıza qoyduğumuz