İSTİ XƏBƏRLƏR
» » Sumqayıt şəhəri 70 illik yubileyini möhtəşəm bayram tədbiri ilə qeyd edib

Sumqayıt şəhəri 70 illik yubileyini möhtəşəm bayram tədbiri ilə qeyd edib



Sumqayıt öz şanlı yubileyini – şəhər statusu verilməsinin 70 ilini qeyd edir. Bu münasibətlə noyabrın 19-da Sumqayıtın əsas meydanında, Sumqayıt Şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında ümumşəhər yubiley tədbiri keçirilib.

Bayram tədbirinə minlərlə şəhər sakini qatılıb. Səhər saatlarından nur saçan Günəş də bayrama bir isti hərarət qatıb. Sumqayıtlılar zəngin, o cümlədən mürəkkəb inkişaf yolu keçərək ölkəmizin böyük sənaye mərkəzindən birinə çevrilən şəhərləri ilə qürur duyurlar.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt şəhərinin 70 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Bayram tədbirləri bu sərəncama əsasən həyata keçirilir.

Meydanda qurulan tribunalarda şəhər rəhbərliyi, rəsmi şəxslər, Milli Məclisin deputatları, xarici ölkələrin diplomatik nümayəndəliklərinin əməkdaşları, Almaniyanın, Ukraynanın, Çinin Sumqayıtla qardaşlaşmış şəhərlərinin nümayəndə heyətləri, veteranlar, ictimaiyyət nümayəndələri də yer alıb.

Şəhərin yubileyinə həsr edilmiş bayram tədbiri Azərbaycanın dövlət bayrağının tribuna önünə gətirilməsi ilə başlayıb. Sonra Dövlət Sərhəd Xidmətinin çevik hərəkat qüvvələrinin nümunəvi çıxışı olunub.

Şəhərin mərkəzi ilə - Azərbaycan prospekti boyunca Dövlət Sərhəd Xidmətinin hərbi orkestrinin müşayiətində hərbçilərin keçidi böyük maraqla izlənib. Həmçinin Dövlət Sərhəd Xidmətinin malik olduğu müasir silahların, Sumqayıt səmasında helikopterlərin, şəhərin Xəzər akvatoriyasında sərhəd gözətçi gəmilərinin da nümayişi olub. Sərhədçilərin çıxışı süvari dəstənin keçidi ilə yekunlaşıb.

Tamaşaçılar arasında bu unudulmaz görüntüləri Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik, Sumqayıt şəhərin yetirməsi Elçin Quliyev də izləyib.

Hərbçilərdən sonra meydana “Şahin” idman oyununun qalibləri daxil olublar. Onları şəhərdə fəaliyyət göstərən tam orta məktəblərin yuxarı sinif şagirdləri əvəz edib.

Tədbir sənaye müəssisələri, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivlərinin keçidi ilə davam edib.

Sumqayıt dünyaya səs salan karatenin “brilyant oğlanı” Rafael Ağayev, ikiqat Paralimpiya çempionu İlham Zəkiyev, beynəlxalq qrossmeyster Şəhriyar Məmmədyarov kimi idmançıların Vətənidir. Meydana daxil olan idmançılar idmanın müxtəlif növləri üzrə nümunəvi çıxışları ilə izləyicilərin alqışlarını qazanıblar.

İki saatdan artıq davam edən nümayişdə yeni ailə quran cütlüklər faytonda və avtomobildə tamaşaçıların alqışları ilə tribuna önündən keçib. Tədbir şəhərin gələcəyi - uşaq arabasında mışıl-mışıl yatan körpələrin keçidi ilə yekunlaşıb.

Tədbirdən sonra şəhər sakinləri və qonaqlar Nəsimi heykəlinin ətrafındakı meydanda Dövlət Sərhəd Xidmətinin maraqlı təqdimatları ilə tanış olublar. İnsanı Vətənə bağlayan, onun müdafiəsinə qalxmağa səsləyən, vətənpərvərlik ruhunu təqlid edən bu təqdimatlar böyüklərin, xüsusilə uşaqların marağına səbəb olub. Onlar buradakı iki helikopterin içinə baxıb, hərbçilərin silahları ilə tanış olub, kinoloqların itləri necə məharətlə idarə etdiklərini izləyib, şəkillər çəkdiriblər.

Sumqayıtda yubiley tədbirləri davam edir. Axşam saatlarında möhtəşəm atəşfəşanlıq təşkil olunacaq.

Qeyd edək ki, 1949-cu ilin noyabrın 22-də Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Sumqayıta şəhər statusu verilib. 70 il tarix baxımından qısa müddət olsa da, Sumqayıtın əldə etdiyi uğurların palitrası zəngin, əhəmiyyəti böyükdür. Ötən hər bir il Sumqayıtın simasını müsbət dəyişib, onu Cənubu Qafqazın ikinci sənaye mərkəzinə çevirib.

Sumqayıtın ən yeni tarixinə nəzər salanda onun inkişafının tən yarısının Ulu Öndərin adı ilə sıx bağlı olduğu aydın görünür. Ölkəyə rəhbərlik etdiyi 34 ildə Heydər Əliyev on altı dəfə Sumqayıta səfər edib və hər bir gəlişi şəhərin həyatında böyük hadisəyə çevrilib. Məhz Ümummilli Liderin xüsusi diqqəti, həssas münasibəti Sumqayıtın sənaye, tikinti, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrin inkişafına güclü təkan verib. Bu baxımdan, Sumqayıt şəhəri Heydər Əliyevin ideyalarının canlı abidəsidir!

Ümummilli Liderin sabahın şəhəri adlandırdığı Sumqayıt artıq Azərbaycan sənayesinin inkişafında mühüm yer tutur. Xəzərin sahilində salınan bu şəhər son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük nailiyyətlərə imza ataraq öz simasını dəyişib, gözəl, rahat və yaraşıqlı bir şəhərə çevrilib. Prezident İlham Əliyevin təşəbbüsü ilə Sumqayıtda təkcə şəhərmiqyaslı deyil, regional əhəmiyyətli layihələr həyata keçirilir. Bu gün Sumqayıt müasir trendlərlə uzlaşan sənaye klasterlər şəbəkəsinə malik ölkəmizin inkişaf etmiş məkanıdır.

İnkişaf hədəfləri daha işıqlı sabaha, daha nurlu gələcəyə hesablanan Sumqayıt özünün şanlı yubileyini böyük ruh yüksəkliyi ilə qarşılayır.




Rəy bildir +
Oxşar xəbərlər
Çini Ermənistana nə bağlayır?
17:0009 oktyabr

Çini Ermənistana nə bağlayır?

Son illərdə Kəmər və Yol Layihəsi (KYL) çərçivəsində Çinin Cənubi Qafqaz regionunda iqtisadi maraqları artmışdır. Bu baxımdan da bu regionda yerləşən ölkələr ilə, o cümlədən Ermənistan ilə iqtisadi əlaqələrini genişləndirmişdir. Lakin, Çinin regiondakı ölkələr ilə iqtisadi münasibətləri eyni

Gənclik şəhərinin bayram ovqatı    Sumqayıtlıların ürək sözləri
16:4125 sentyabr

Gənclik şəhərinin bayram ovqatı Sumqayıtlıların ürək sözləri

  Prezident İlham Əliyevin sərəncamı ilə noyabr ayında 70 illik yubileyi geniş qeyd ediləcək Sumqayıt   Azərbaycanın ikinci böyük sənaye mərkəzi, yüz minlərlə sakinin burada yaşaması ilə qürur duyduğu, çoxsaylı qonaqların böyük həvəslə üz tutduğu bir şəhərdir. Yeni əsrin əvvəllərindən Sumqayıt daha

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Sumqayıt şəhərinin 70 illik yubilyeyi  münasibətilə tədbirlər planına təkliflər
10:2324 may

Sumqayıt şəhərinin 70 illik yubilyeyi münasibətilə tədbirlər planına təkliflər

Məlum olduğu kimi  Turizmin inkişafı ilə bağlı son illər Prezident İlham Əliyev bir neçə sərəncam imzalamış və onların icrası istiqamətində tədbirlər həyata keçirilmişdir. Aparılan ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində ölkəmizdə turizm infrastrukturunun inkişaf etdirilməsi və beynəlxalq

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli