İSTİ XƏBƏRLƏR
» » Memar: "Sumqayıtda memarlıq və şəhərsalma qaydaları qorunur"

Memar: "Sumqayıtda memarlıq və şəhərsalma qaydaları qorunur"



Bu gün "Qonaq otağı"nda  Sumqayıtda yeni ucaldılan  "Sülhsevərlər" heykəlinin müəllifi, emar  Cahid Həsənovdur.

- Sumqayıt şəhərinin memarlıq üslubunu bəyənirsinizmi? 

- Şəhərin memarlıq üslubu məni heyran etdi. Sumqayıtın tarixi sayılan binalara göstərilən diqqət, binalar bərpa edilərkən onların memarlıq üslublarının qorunması doğrudan da təqdirəlayiqdir. Sirr deyil ki, son illərdə şəhərdə geniş quruculuq, bərpa işləri vüsət alıb. Sumqayıtın əsas girişində Sülh küçəsi ilə hərəkət edərkən yolun hər iki tərəfində qala divarlarını xatırladan sədlərin tikilməsi, şəhərin girişinin bu cür gözəl görkəmdə olması, şəhərə gələn hər bir şəxsdə xoş əhval oyadır, Sumqayıt haqqında müsbət fikirlərin yaranmasına rəvac verir.  Bunu tam əminliklə deyə bilərəm ki, Sumqayıt şəhərində əsl memarlıq və şəhərsalma qaydaları qorunub saxlanılır. Sumqayıtın memarlıq üslubunu əsasən 1950-70-ci illərdə tikilən binalar müəyyənləşdirir. Şəhərdə klassik üslubda ucaldılan binalara rast gəlinsə də, bunlar elə də çox deyil. Deyərdim ki, şəhər 70-ci illərdən başlayaraq modern üslubda inşa edilib. Belə olan halda, memarlar böyük ustalıqla klassik üslubla modernliyi birgə ifadə edə  biliblər. Şəhərdə bir sıra binaların həyətlərində kiçik bağların, parkların salınması isə bizim usta klassiklərimizin, memarlarımızın işlərinin böyüklüyü idi ki, bu gün çağdaş memarlar məhz həmin üsluba üz tuturlar. 

-  Yəqin ki, dünyanın bir çox şəhərlərində olmusunuz. Memarlıq üslubuna görə hansı şəhəri bəyənirsiniz?

- Dünya şəhərlərinin hərəsinin öz gözəlliyi var. Ancaq mən özüm üçün İtaliya şəhərlərinin memarlığını bəyənirəm. İtalyan şəhərlərinin arasında isə paytaxt Romanı xüsusi fərqləndirərdim. Mən özümə bir növ Romanın şəhərsalma, memarlıq üslubunu məktəb sayıram. Daha sonra İspaniyanın paytaxtı Madrid şəhərinin adını çəkə bilərəm ki, orada binaların sanki bir düz xətt boyunca tikilməyi məni heyran etdi. Ümumiyyətlə, adını çəkdiyim bu iki şəhərin memarlığında klassik üslubun qorunması, onların bu gün də modern üslubla  ustalıqla uzlaşdırılması çox xoşuma gəlir. 


-  Bəs sizə yeni  şəhər salmaq üçün boş  sahə versəydilər, onu hansı üslubda tikib, hansı şəhərə oxşadardınız? 

- Mənə ayrılan həmin məkanı tamamilə şəhərsalmanın bütün qaydalarına əməl etməklə salardım. Mən yəqin ki, o şəhəri salarkən Azərbaycanın klassik memarlarının üslubunu, tərzini əsas götürərdim. Təsəvvür edin, şəhərin bir prospektini 11-12-ci yüzilliyin memarlığında, digərini 15-16 və başqa bir prospekti isə 19-cu yüzilliyin sonu, 20-ci yüzilliyin başlanğıcında Bakıda vüsət almış üslübda salardım. Həmin şəhərin baş planında Azərbaycan klassik memarlığının əsas götürüldüyünü bildirərdim. 

- Şəhərimizdə ucaltdığınız heykəl marağa səbəb oldu. Heykəl hansı mesajı verir, özündə nələri ehtiva edir?

-Heykəli "Sülhsevərlər", "Zəhmətkeşlər"  heykəli adlandırardım. Heykəl birbaşa olaraq sumqayıtlıları, onların əməksevərliyini, sülhpərvərliklərini ifadə edir. Heykəldə qadın və kişi fiquruna yer verilməsini gender bərabərliyinə örnək kimi göstərə bilərik. Müvafiq olaraq onların əllərində günəş və ay tutmaqları Sumqayıt sakinlərinin gecə-gündüz əməklə məşğul olmalarına, heykəlin üzərində uçan formada təsvir edilmiş 7 göyərçin isə şəhərin 70 illiyinə bir işarədir. Diqqət etsəniz, heykəli alov dilimləri formasında təsvir etmişəm. Burada isə Azərbaycanın "Odlar yurdu" olmağına işarə vurmuşam.  Heykəl nerj materialından hazırlanıb. Həmin material isə hər zaman canlılığı və möhkəmliyi, dözümlülüyü ilə seçilir. Heykəlin digər bir fərqliliyi isə onun üzərinə düşən günəş şüasından, ətrafın parlaqlığından, günün saatlarından asılı olaraq çeşidli rənglərdə görünə bilmə qabiliyyətidir. 

-  Daha hansı tanınmış heykəllərin müəllifisiniz?

- Gəncə şəhərində qoyulan "Əli və Nino" heykəlinin müəllifiyəm. Həmin adı çəkilən heykəl də Sumqayıtdakı abidə ilə eyni materialdan-paslanmayan poladdandır. Daha sonra paytaxtımızda "Sarı Gəlin" abidələr kompleksi qoyulacaq ki, onu da mən layihələndirib işləyirəm. "Sarı Gəlin" abidə kompleksi musiqili fəvvarələr içində salınacaq və 7.5 metr hündürlükdədür. Həmin heykələ yaxınlaşdıqca "Sarı Gəlin"in musiqiləri altında fəvvarələr işə düşür. "Sarı Gəlin" abidə kompleksinin ucaldılması eyni adlı xalq mahnısının bizim olmasına daha  bir tutarlı cavab olar. Ümumiyyətlə, heykəllər qədər dünya ictimaiyyəti ilə, turistlərlə təmas qurub danışa bilən ikinci bir vasitə yoxdur. Məhz bu, heykəltəraşlığı, bu sahəni mənə daha da sevdirən səbəblərdəndir. Hər hansı heykəl xalqın tarixini, mədəniyyətini, dünyagörüşünü dünyaya çatdıran ən tutarlı vasitələrdəndir. Heykəllərin ən böyük özəllikləri sırasında bunu söyləyə bilərdim ki, onlar əşya da olsa, cansız olsalar da, dünyanın bütün canlıları ilə ünsiyyət qurub danışa bilirlər. Xalq özünü məhz yaratdığı heykəllərlə də dünyaya təqdim edə bilir. 

- Necə düşünürsünüz, Sumqayıt torpaq quruluşu və coğrafiyasına görə göydələnlər şəhəridirmi və ya maksimum neçə mərtəbəli binalar ucaltmaq olar?

-Artıq elmlə birgə memarlıq da o dərəcədə irəliləyib ki, tikilinin özülünə müəyyən konstruksiyalar yerləşdirməklə binanı istənilən seysmoloji şəraitdə olan əraziyə uyğun ucaltmaq olar. Belə olan halda isə tikilən binaların hündürlüyü elə də böyük rola malik olmayacaq. 

- Bu gün yetişən yeni nəsil gənc memar və heykəltəraşlardan razısınızmı?

-Bu gün ölkəmizdə gənc dizayner, memar məktəbi formalaşmaqdadır. Xüsusilə də, hekəltəraşlıq işinə çox böyük maraq var. Yeni, modern üslubda binaların çertyojunu, formasını işləyib hazırlamaqda həvəsli və bacarıqlıdırlar. Ümumiyyətlə, çağdaş dünyada köhnə tipli heykəllərdən daha çox modern üslubda ucaldılmış əsərlərə üstünlük verilir. İnsan beyni hər bir şeydə, o cümlədən heykəltəraşlıqda da yeniliklər tələb edir. Müasir İncəsənət Mərkəzində gənclərin tez-tez sərgilərinə yer verilir. Orada uşaqlar adi məftildən elə bir mücərrəd anlam bildirən iş ərsəyə gətirirlər ki, insan heyrətə gəlir. Gənclərimizdə olan bu kreativlik, fantaziya gücü, müxtəliflik bizə memarlığımızın gələcəyinə ümidlə baxmağa əsas verir. 

- Memarlıqda yeniliyin, yoxsa klassikanın vurğunusunuz?

-Mən özüm hər zaman işlərimdə modernliyə üstünlük verirəm. Ancaq bununla yanaşı modernliyin arxasında klassizmi də unutmamağa, ona yer verməyə çalışıram. Çünki milli memarlıq üslubundan bəhrələnərək yaradılan heykəl özü də bir neçə on ildən sonra klassik əsər səviyyəsinə yüksələ bilir. 

-  Özünüzün ən çox bəyəndiyiniz heykəl və bina hansıdır? 

-Mənim ən çox bəyəndiyim heykəl gürcü həmkarım Tamara xanımın Batumda ucaltdığı "Əli və Nino" heykəlidir. O ilk dəfə həmin işlə heykələ hərəkət kreativliyini və kəşfini gətirdi. Mən də işlərimdə məhz həmin yaradıcılıqdan bəhrələnməyə çalışıram. Son illərdə ən çox bəyəndiyim bina isə əfsanəvi memar Zaha Hədidin Bakıda inşa etdiyi Heydər Əliyev Mərkəzidir. Bu bina yəqin ki, çoxları bilir ki, Ulu Öndərin imzasının formasında tikilib. Bu da adıçəkilən binaya ayrıca əzəmət, vüqar verir. Belə binanı isə, hər memar yox, sadəcə Zaha Hədid kimi əfsanə ucalda bilərdi. Bununla yanaşı, bu bina müxtəlif rakursdan baxanda müxtəlif təbiət olaylarına - başı qarlı dağlara, aysberqə və okeanın iri dalğalarına bənzəyir. 

- Yaratdığınız heykəllərə ruh verə bilirsinizmi? Ümumiyyətlə, bu, memar üçün nə qədər önəmlidir?

 - Heykəllərə ruh yox, sadəcə elə cizgilər verməyə çalışıram ki, ruh yüksəkliyi yaratsın. Məncə, yaratdığım, müəllifi olduğum əsərlər insanların, könüllərini, iç dünyalarını oxşayıb, ruh yüksəkliyi verə bilir.

- Heykəltəraşlıqda ən sevdiyiniz material hansıdır? 

-Tarix boyu heykəllərin yaradılmasında vulkandan əmələ gələn materiallardan, qranitdən, tuncdan, mərmərdən, metaldan istifadə olunub. Mənim ən sevdiyim, üstünlük verdiyim material isə nerjdir. Mən Gəncədə "Əli və Nino", Sumqayıtda "Sülhsevərlər" heykəlini də o materialdan hazırladım. Həmin materailın günəş şüaları düşərkən, günün müxtəlif vaxtında müxtəlif şəkilə boyanmasını çox sevdiyimdən, düşünürəm ki, bu, heykələ xüsusi gözəllik verir və işlərimi həmin materailla işləməyə üstünlük verirəm. 


Müsahibəni hazırladı : Səbuhi Allahverdizadə

Rəy bildir +
Oxşar xəbərlər
Gənclik şəhərinin bayram ovqatı    Sumqayıtlıların ürək sözləri
16:4125 sentyabr

Gənclik şəhərinin bayram ovqatı Sumqayıtlıların ürək sözləri

  Prezident İlham Əliyevin sərəncamı ilə noyabr ayında 70 illik yubileyi geniş qeyd ediləcək Sumqayıt   Azərbaycanın ikinci böyük sənaye mərkəzi, yüz minlərlə sakinin burada yaşaması ilə qürur duyduğu, çoxsaylı qonaqların böyük həvəslə üz tutduğu bir şəhərdir. Yeni əsrin əvvəllərindən Sumqayıt daha

"Göyərçin" abidəsinin müəllifi:  “Sumqayıt o vaxt çox solğun idi, sanki unudulmuş  şəhəri xatırladırdı”
11:4519 sentyabr

"Göyərçin" abidəsinin müəllifi: “Sumqayıt o vaxt çox solğun idi, sanki unudulmuş şəhəri xatırladırdı”

Sumqayıtın simvoluna çevrilmiş "Göyərçin" heykəli ilə adını tarixə yazdıran heykəltəraş, Əməkdar incəsənət xadimi Vaqif Nəzirovla müsahibəni təqdim edirik: Vaqif Nəzirov 1940-cı ildə anadan olub. Ə.Əzimzadə adına rəssamlıq məktəbini, Tiflisdə rəssamlar akademiyasını bitirib. Sumqayıtla tanışlığı

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Stalin, Səməd Vurğun, Cəfər Cabbarlı, Aleksandr Duma… və Sumqayıt
17:0321 iyun

Stalin, Səməd Vurğun, Cəfər Cabbarlı, Aleksandr Duma… və Sumqayıt

... Səməd Vurğunla Cəfər Cabbarlı Sumqayıtda, indiki "Şəhidlər xiyabanı" ərazisində dayanmışdılar. Onlar Xəzərin sahilində salınacaq böyük sənaye şəhəri ilə bağlı söhbət edir, buranın böyük zəhmət, hünər meydanına çevriləcəyini alqışlayırdılar... Bu dialoqu Nəbi Xəzri özünün "Sumqayıt səhifələri"

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli