İSTİ XƏBƏRLƏR
» » Jurnalistikada keçən ömrün naxışları

Jurnalistikada keçən ömrün naxışları

Telejurnalist Qulu Məhərrəmlinin yaradıcılıq bioqrafiyası haqqında 

Çağdaş Azərbaycan jurnalistikasının tanınmış simalarından sayılan professor Qulu Məhərrəmlinin 65 yaşı tamam olur. Çoxşaxəli yaradıcılığı və ictimai fəaliyyəti ilə media cameəsində böyük nüfuz qazanmış  Q.Məhərrəmli populyar televiziya aparıcısı, publisist və media mütəxəssisidir. Eyni zamanda nüfuzlu alimdir, öz qiymətli tədqiqatları, elmi əsərləri ilə jurnalistika elmimizə ciddi töhfələr verib. Müstəqil Azərbaycanın jurnalistika üzrə ilk elmlər doktoru (2004), BDU-nun professoru, respublikanın Əməkdar jurnalistidir. Onun zəngin yaradıcılıq bioqrafiyasından bəzi səhifələri vərəqləyək.

Q.Məhərrəmli 1954-cü ildə Zəngilanda doğulub, orta təhsilini Şuşa şəhərində alıb. 1978-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Təyinatla Azərbaycan televiziyasına göndərilib və "Xəbərlər" baş redaksiyasında reportyor kimi fəaliyyətə başlayıb. 

1991-ci ildən xəbər aparıcısı kimi müntəzəm efirə çıxmağa başlayıb, "1000 saniyə" və "24 saat" xəbər verilişlərini, həmçinin əsas xəbər proqramını aparıb. 

1993-1995-ci illər arasında geniş tamaşaçı kütləsi toplayan "7 gün" populyar analitik-informasiya verilişinin müəllifi və aparıcısı olub. Hadisələrin təhlilinə obyektiv və plüralist yanaşması ilə fərqlənən bu proqram Q.Məhərrəmlini peşəkar aparıcı kimi auditoriyaya daha geniş tanıdıb. Hadisələrə fərdi yanaşması onun AzTV ekranında ilk davamlı müəllif proqramı olan, ən müxtəlif mövzuları araşdıran "Təfsilat"ın, sonralar isə "Gerçəklik" verilişinin populyarlığını təmin edib. Onun müxtəlif mövzularda apardığı tok-şoular da həmişə maraqla qarşılanıb.

1995-ci ilin martında Azərbaycan televiziyasının ilk siyasi icmalçısı təyin olunmuş  Qulu Məhərrəmli, həmin il qısa müddətdə "Xəbərlər" baş redaksiyasına da rəhbərlik edib. Beynəlxalq əhəmiyyətli tədbirlərdən, rəsmi toplantılardan canlı yayımlanan  reportajlar aparıb, ölkə başçılarının xarici səfərlərindən çoxsaylı hesabatlar, müsahibə və reportajlar hazırlayıb. Bu illərdə onun Qarabağ mövzusunda şərhləri, beynəlxalq həyata dair siyasi təhlilləri, görkəmli siyasətçilərlə apardığı müsahibələr də maraqla qarşılanıb. 

1995-ci ilin avqustundan "Səhər" musiqi-informasiya proqramı, təkcə Q.Məhərrəmlinin yaradıcılıq bioqrafiyasında deyil, bütövlükdə TV tariximizdə yeni estetik prinsiplərin ekran təcəssümü baxımından  yeni səhifə açıb. Peşəkar jurnalist bu proqrama 10 ildən çox bir müddətdə rəhbərlik edib.  

2007-ci ildə "Müəllif proqramları və xüsusi layihələr" departamentinin direktoru təyin olunub. Həmin ilin oktyabrında AzTV-ni tərk edərək yeni yaradılmış “Xəzər” televiziyasında fəaliyyətə başlayıb, bu kanalda apardığı "Dost məclisi" və "Gündəm" proqramları qısa müddətdə tamaşaçılar arasında populyarlaşıb. 

Azərbaycan telejurnalistikasının inkişafında böyük xidmətləri olan Q.Məhərrəmli müxtəlif mövzularda 20-yə yaxın sənədli televiziya filminin ssenari müəllifidir. Bu filmlərin bəziləri beynəlxalq festival və müsabiqələrdə nümayiş etdirilib. O, bir çox xarici filmlərin Azərbaycan dilinə dublyajının bədii rəhbəri olub.

Praktik jurnalistika ilə yanaşı elmi-pedaqoji fəaliyyətlə də məşğul olan Qulu Məhərrəmli 1989-cu ildə namizədlik, 2004-cü ildə isə doktorluq dissertasiyası müdafiə edib. 2006-cı ildən Bakı Dövlət Universitetinin professorudur. Elmi araşdırmalarında jurnalistikanın ümumi nəzəriyyəsi, media konsepti, teleradionun tarixi, ekran-efirin aktual elmi-nəzəri problemləri, o cümlədən mürəkkəb dil sisteminin öyrənilməsi əsas yer tutur. 

Prof. Q.Məhərrəmli 30-dan çox kitabın, o cümlədən bir neçə monoqrafiya, dərslik, dərs vəsaiti, həmçinin izahlı və etimoloji lüğətlərin müəllifidir. Onun R.İsmayılovla birlikdə hazırladığı "Azərbaycan dilinin frazeologiya lüğəti" dilçilik elmimizin ciddi nailiyyətidir. Əsərləri ingilis, alman, rus, çex, fars və koreya dillərində çap edilib.

2011-2012-ci illərdə Qafqaz universitetində yeni açılmış Jurnalistika fafedrasının müdiri olub. Jurnalistika tədrisinə dair yeni modulların, proqram və dərsliklərin  hazırlanmasında iştirak edib

2014-2016-cı illərdə AMEA-nın Nəsimi adına Dilçilik institutunun Monitorinq şöbəsinə rəhbərlik etmiş professor  Qulu Məhərrəmli Ana dilinin inkişafı ilə bağlı Dövlət Proqramının (2013) müddəalarının yerinə yetirilməsinə mühüm töhfələr verib.  Dövlət dilinin düzgün tətbiqi və ədəbi normalara riayət olunması üçün  çoxsaylı tədbirlərin reallaşmasına, o cümlədən Dilçilik institutunda "qaynar xətt"in işə düşməsinə nail olub. 

Media problemlərinə həsr edilmiş nüfuzlu beynəlxalq toplantılarda dəfələrlə Azərbayca jurnalistika elmini təmsil edib. Media problemləri, o cümlədən mətbuat azadlığı üzrə azsaylı beynəlxalq ekspertlərdən biridir. Jurnalistika sahəsində ən yüksək mükafatlara layiq görülüb.

İctimai fəaliyyətlə də məşğul olan Qulu Məhərrəmli 2005-2008-ci illərdə Azərbaycan Mətbuat Şurasının sədr müavini vəzifəsində çalışıb. Hazırda "Jurnalistikanın inkişafına yardım mərkəzi" İB-yə rəhbərlik edir. Eyni zamanda "AZLEKS" elektron lüğətlər toplusunun baş redaktorudur. 

Bu gün elmi-pedaqoji fəaliyyətini uğurla davam etdirən professor Qulu Məhərrəmli teletənqidçı kimi təhlillər aparır, publisist çıxışlar edir, praktik jurnalistika, o cümlədən teleyaradıcılıq sahəsində də öz layihələrini gerçəkləşdirir. Ümid edirik ki, vaxtilə mətbuatımızın inkişafına ciddi töhfələr vermiş Pressklub kimi nüfuzlu qurumun öz fəaliyyətini bərpa etməsi və Q.Məhərrəmlinin də bu klubun təsisçilərindən olması mediamızdakı müsbət meyillərdən biridir. Biz bu qurumun da fəaliyyətini canlandırmaq işində müəllimimizə və ustad jurnalistə böyük uğurlar arzu edirik! 


Cavidan KƏRİMLİ

Zigen Universitetinin 

(Almaniya) doktorantı

Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Sumqayıtın məktəb direktorları neçə yaşdadırlar?
15:3120 noyabr

Sumqayıtın məktəb direktorları neçə yaşdadırlar?

Son zamanlar ölkədə müxtəlif sahələrdə rəhbər vəzifələrdə çalışan şəxslərin yaş həddi gündəmin mövzusuna çevrilib. Mövzunun oxucular üçün maraqlı olacağını nəzərə alaraq Sumqayıt şəhər orta ümumtəhsil müəssisələrinin direktorlarının yaşını araşdırdıq.

Əfqanıstan odlarından keçmiş sumqayıtlı professor
11:1819 sentyabr

Əfqanıstan odlarından keçmiş sumqayıtlı professor

Eyni şəhərdə - Sumqayıtda yaşayaraq 20 ildən çox tanışlığımız olsa da, Sahib müəllimlə daha yaxın münasibətimizin tarixçəsi cəmi bir-neçə ildir. Bizi Sumqayıt "Dostlar klubu" və bu klubun üzvü olan çox dəyərli ziyalılar birləşdirir. Biz tez-tez görüşür, müxtəlif müzakirələr aparır, bir çox həyati,

50 il zəhər udan, italiyalıların "dərsini" verən sumqayıtlı kimyaçı
15:4315 avqust

50 il zəhər udan, italiyalıların "dərsini" verən sumqayıtlı kimyaçı

Ömrünün yarım əsrə qədərini ölkənin kimya sənayesinin inkişafına həsr etmiş tanınmış kimyaçı Zülfi Sadıxov Azərbaycanın Dövlət mükafatı laureatı, Respublikanın Əməkdar mühəndisi, SSRİ-nin Əlaçı kimyaçısı və Əlaçı səmərələşdiricisi, onlarla qiymətli ixtiranın müəllifidir.  

Evlərimizə işıq gətirən adam
15:1704 iyun

Evlərimizə işıq gətirən adam

O, öz uğurunu sanki gənclik şəhərinin 15, özünün isə 45 yaşına həsr etmişdi. Bugünlər görkəmli energetikin 100 illik yubileyidir