İSTİ XƏBƏRLƏR
» » "Xalq təbabətini xurafata qarışdırmaq olmaz

"Xalq təbabətini xurafata qarışdırmaq olmaz


Bu dəfə “Sadə peşə adamları” rubrikasında Sumqayıt şəhər 3 nömrəli uşaq poliklinikasının pediatr həkimi Vüsal Abdullayevdir.

-Həkim peşəsinə maraq sizdə necə yaranıb? Nəyə görə məhz bu peşəni seçdiniz?

-Hər bir insana Allah tərəfindən verilən, daha yaxşı bacara biləcəyi, idarə edə biləcəyi, onun ruhuna yaxın qabiliyyət bəxş edilir. Valideynin üzərinə düşən isə   övladının hansı sahəyə maraq və bacarığının olduğunu  görüb ona seçimində yardım etməkdir. İnsanlara kömək etmək, onların yardımına qaçmaq istəyi, onların işinə yaramaq hissinin verdiyi sevinc və rahatlıq mənə bu peşənin üzərində durmağıma əsas verdi. 

-O düzdürmü ki, həkimin müalicəsinin yarısı onun xəstəylə xoş ünsiyyətidir?

- Düşünürəm ki, düzgün yanaşmadır. Bəli, həkimlik özü incə sənətdir. Pasientlə mülayim davranmaq onun müalicəsində çox önəmli yer tutur. Çox savadlı həkim ola bilərsən, ancaq sənin yanına şəfa tapmaq niyyəti ilə gələn xəstə səndən mənfi enerji alırsa, həkimin üzündə gülüş, təbəssüm yaxalaya bilmirsə, dünyanın ən güclü dərmanlarını yazsan, dünyanın ən savadlı həkimi olsan belə, sən həmin xəstənin sağalmasına kömək edə bilməyəcəksən. 

-Bu  peşədə çoxuna daha çətin görünən pediatriya sahəsini seçmisiniz. Pediatriyanın çətinliyi və asan cəhətləri bir sahə kimi nələrdir?

- Təsəvvür edin ki,  müayinə və müalicəsiylə məşğul olduğunuz xəstə hansı orqanının ağrılı olduğunu sizə deyə bilmir. Həkimlik məharəti, istedadı bax,  onda ortaya çıxır. Bu sahənin, xüsusilə pediatriyanın asan və ya çətinliyi isə birbaşa olaraq həkimin savadlılıq səviyəsindən asılıdır. 

- İnsanların həmişə yardımına qaçmaq, dərdlərinə əlac olmaq necə duyğudur?

- Bu, çox xoş duyğulardır. Çətinlikdə olan insanın köməyinə qaçarkən, tələsərkən sanki, insanın ruhu dincəlir, yenilənir. Az öncə də söylədiyim kimi mənim bu peşəyə yiyələnməyimdə, bu peşəni sevib-seçməyimdə insanlara kömək edərkən tapdığım rahatlıq və yardımsevərlik kimi ali, nəcib duyğu böyük rol oynadı. 

- O düzdürmü ki, bu peşəyə qəbul olarkən Hippokrat andı içilir? Həmin andı pozduğunuz heç olubmu?

- Bəli, universiteti bitirərkən Hippokrat andı gerçəkdən də oxunur. Sözügedən and miladdan öncə yazılıb. Həmin dönəmin tibbi ilə günümüzdəki çağdaş tibbi müqayisə belə etmək istəmirəm. Çünki həmin çağın tibbi ilə indiki zamanımızın səhiyyəsinin arasında  yerlə ulduzlar qədər fərq  var. Peşəmə başladığım birinci gündən indiyə qədər həmişə xəstələrimə vicdanla xidmət göstərməyə çalışmışam, onların dərdinə yazdığım dərmanlarla daha tez əlac etməyə çalışmışam. Məncə, bu məndə heç də pis alınmayıb. Bütün peşə fəaliyyətim boyu hər zaman həmin and gözlərimin qarşısındadır. 

- Tam kamil həkim olmaq üçün bildiyim qədərilə 10 ildən çox oxumaq lazımdır. Sizcə bu müddət çox deyil?

- Ümumiyyətlə, siz dediyiniz vaxt dövlət tərəfindən rəsmi şəkildə müəyyənləşdirilmiş və diplom almaq üçün təyin edilmiş zaman aralığıdır. Düşünürəm ki, bütün sahələrdə, o cümlədən tibbdə vaxt, zaman, rəqəm anlayışı yoxdur.Yəni, faydalı həkim olmaq, yeniliklərdən geri qalmamaq üçün hər zaman oxumalı, özünü inkişaf etdirməlisən. 

- Xalq bəzən daha yaşlı həkimlərə və ya əksinə etimad göstərir. Bir gənc kadr olaraq buna münasibətiniz necədir? 

- Biliyin yaşla, cinslə müqayisə olunmasına qarşıyam. Bayaq dediyim kimi, hər zaman özünü inkişaf etdirməlisən. Yaşlı həkimlər də həmişə yeniliyin axtarışındadırlar, o cümlədən cavan kadrlar da. Bildiklərini təkrarlamasan, istər-  istəməz yanlışlığa yol verəcəksən. Bu da, düşünürəm ki, yaşdan elə də asılı deyil.

- Xalq arasında "türkəçarə" kimi tanınan müalicə yöntəmi var. Özünüz həmin yöntəmi nə dərəcədə istifadə edirsiniz? Buna etimad göstərirsinizmi?

- Bəzi xəstəliklər və xəstələr var ki, onlara dərman preparatı təyin etmək lazım gəlmir. Bəzən də yanlışlıqla türkəçarə ilə vaxt itirib, geridönməz hallara gedib çıxırıq. Xalq təbabətini xürafatla qarışdırmaq olmaz. Xalq təbabəti özü böyük məktəbdir. Ancaq orada ilişib qalmaq da düzgün deyil. Belə olan halda sizin də dediyiniz kimi kamil həkim olmaq üçün 10 ildən artıq müddətdə təhsil almaq nəyə lazım idi? Xalq təbabəti dərman preparatları kimi təsir etməsə də, onların da əlavə təsirləri var. Dərman az dozada dərmandı,yüksək dozada isə zəhər.

- Çağdaş Azərbaycan Tibbinin problemləri, çatışmayan cəhətləri nələrdir?

- Cənab prezidentimiz İlham Əliyev tərəfindən bütün sahələrə olduğu kimi səhiyyəmizə də yüksək səviyədə diqqət və qayğı göstərilir. Xəstəxanaların, poliklinikaların, təmiri, çağdaş,  yeni avadanlıqlarla təmin olunması, tibb işçilərinin maaşlarının artırılması, ana və uşaq ölümünün, demək olar ki, sıfır həddinə  endirilməsi Azərbaycan tibbinin  inkişafından xəbər veirir.

- Pasientləri həmişə bu sual maraqlandırır: Həkimlərin yazısını, reseptini oxumaq niyə bu qədər çətin olur? Həkimlər nəyə görə belə bir yazıya üstünlük verirlər?

- Bu sual hər zaman aktual sualdır. Dostlar, qohumlar həmişə məndən bunu soruşur. Bəzən insanlar həkimlərin bilərəkdən bu cür xətlə yazdığını, bunu özlərinə bir xüsusiyyət kimi seçdiyini düşünürlər. Xəttimizi isə çox vaxt bu sahənin adamından başqa heç kimin anlamamağı isə işləri daha da dolaşığa salan məqamdır. Ancaq burada heç də dolaşığa düşməli hal yoxdur. Buna səbəb kimi mən bunu deyərdim ki, təsəvvür edin, qəbulunuzda bir xəstə var və o sizin yazacağınız dərmanı alıb qəbul etmək  üçün aptekə tələsir. Və həmin durumda qapı arxasında sizi gözləyən onlarla xəstə var. Belə olan halda sürətlə düşünüb qərar verməli və sürətlə yazmalı olursan. Pasientin durumundan asılı olaraq "həkim nə qədər sürətlə davransa, yaxşıdır"  prinsipi ilə yazmaq həkimlərin yazısını oxunmaz hala salır.

- Gəlin, bir anlıq düşünək ki, siz Səhiyyə nazirisiniz. Tibbdə hansı dəyişiklikləri edərdiniz?

- Səhiyyə naziri işləmək və bu dəyişiklikləri etmək söz olaraq asan, əməl olaraq isə mürəkkəb prosesdir. Dəyişəsi, düzəliş edəsi nüanslar çoxdur. Ancaq hər halda mən bu gün həmin vəzifədə deyiləm. Düzünü desəm, heç ağlıma da hansısa bir halın adını çəkmək gəlmir. Əslində, nə vaxtsa nazir olacağımı düşünməmişəm. 

- Bu gün pediatriyanın problemləri nələrdir? Uşaqların həmin problemlərə düçar olmamağı üçün hansı profilaktik tədbirlər görülməlidir?

- Pediatriyada bir çox problemlərin adını çəkə bilərik. Ancaq bunu qısa və konkret ifadə edəsi olsaq, deyə bilərəm ki, pediatriyada daim gündəmdə olan problem qidalanmanın düzgün təşkil olunmamasıdır. Qidalanmamızı nizama salmaqla bir çox xəstəliklərdən yan keçə bilərik. 


Söhbətləşdi: Səbuhi Allahverdizadə


Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Peşə təhsilinə diqqət artırılır
10:5414 sentyabr

Peşə təhsilinə diqqət artırılır

Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə peşə təhsilinin inkişafı ilə bağlı ardıcıl tədbirlər həyata keçirilir. Dövlət peşə təhsili müəssisələrinin büdcədənkənar gəlir və xərclərinin şəffaf, səmərəli və mərkəzləşdirilmiş qaydada idarə olunmasının təmin edilməsi və peşə təhsilinin inkişafında

Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil  SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR
17:2710 iyul

Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR

Bugünkü tələbələrin maraq dairəsi, elmi-mədəni düşüncələri və digər baxışlarları haqda bilgilər əldə etmək yəqin ki, böyük əksəriyyət üçün maraqlıdır. Məhz bunu nəzərə alıb, "168 saat"ın "Sual kitabçası" rubrikasında müxtəlif təhsil ocaqlarının tələbələrinə müraciət etdik.

Ortoped-travmotoloq: "20-50 yaşlı insanlarda   bel ağrıları bu səbəblərdən yarana bilər"
16:3213 iyun

Ortoped-travmotoloq: "20-50 yaşlı insanlarda bel ağrıları bu səbəblərdən yarana bilər"

Müsahibimiz ortoped-travmotoloq Samir Zeynalovdur. 2011-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib. 2012-ci ildə Mərmərə Universiteti Xəstəxanasının Ortoped-Travmotoloq cərrahiyyə fakültəsinə qəbul olaraq orada uzman həkim olaraq fəaliyyətini davam etdirir.

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO