İSTİ XƏBƏRLƏR
» » Əruzun rəqəmsal modelləşməsi Sumqayıtda kəşf edilib

Əruzun rəqəmsal modelləşməsi Sumqayıtda kəşf edilib


Onu  illərdi tanıyıram, şəxsinə həddən ziyadə  hörmət və rəğbətim var.  Olduqca maraqlı, eyni zamanda yaradıcı bir  insandır. Daim axtarışdadır.  "Öyrənmək heç vaxt gec deyil" prinsipi həyatından, hətta, yaradıcılığından qızıl bir xətt kimi keçir. İllərdir müəllim deyə, müraciət etdiyim bu insana  artıq çoxları kimi mən də Ələmi deyirəm, yaradıcılığa - şeirə -sənətə könül verdiyi andan, yazdıqlarına Ələmi kimi sahibləndiyi  vaxtdan... Həm də özünün də söylədiyi kimi, bu səmimi müraciət daha çox xoşuna gəlir, özü də  çox səmimi insandı axı... 
Ən  yaxşısı siz də onu yaxından tanıyın:
Əli Mənsimalı oğlu  Əmirov 1948-ci ildə Hacıqabul rayonunda doğulub. 1970- ci ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunu bitirərək  avtomatika və telemexanika üzrə mühəndis-elektrik ixtisasına yiyələnib. 
Əmək fəaliyyətinə 1970-ci ildən Sumqayıt şəhərində, "Neftqazavtomat" Elm-İstehsalat Müəssisəsində başlayıb. 1994-cü ildən həmin idarəyə rəhbərlik edir. 
Ələmi eyni zamanda bədii yaradıcılıqla da ciddi məşğul olur, şairdir. AYB -nin, " Məcməüs-şüəra", "Vahid" ədəbi məclislərin üzvüdür. "Səndən sonra" və "Pıçıldaş məninlə şeir dilində" adlı şeir kitablarının müəllifidir. 
Qələmə aldığı  irili-xırdalı hər bir şeirinin ruhunda  bir melodiya var,  sanki o şeirlər elə nəğməylə bir  doğulur. Və   bu şeirlərin leytmotivi həyat eşqidir, sevgidir:
"Sevgi mənim həyatımın mənası,
O sevgiylə yanasıyam, yanası" - deyən Ələmi sevgisini,  hissini, həyacanını əsla gizlətməyə cəhd etmir, əksinə, o öz şeirlərində eşqini də, sevmək həvəsini də cəsarətlə - 
"Bir dəstə qızılgül uyuyubdur qucağımda, 
 Yarı hələ də gözləyirəm, mən bu çağımda" - deyə bəyan edir. Bəzən də, sadəcə aşiqanə bir təbəssümün həsrətini çəkdiyini  yalvarış dolu   "Dönüb mənə gülümsə" şeirində açıq şəkildə sərgiləyir:   -
Sevgimizin ömrü hələ bitməyib, 
Ümüd baxır, mənimlədir, itməyib.
Nə qədər ki, ayaqların getməyib,
Çarəsi var, qəlbin dilim-dilimsə, 
İnsaf eylə, dönüb mənə gülümsə!"   
Görüşəndə yeni çapdan çıxmış kitabını hədiyyə etdi mənə. Vərəqləyərkən ilk  gözümə dəyən "Ağlayırsan" şeiri oldu: 
 Susmur göz yaşlarım, ta sözə dönür, 
 Könül, vərəqlərə söz ağlayırsan, 
 Közərir sinəndə, söz közə dönür, 
 Od tutur vərəqlər, köz ağlayırsan? 


Bu misralardakı məna yükünə, sözün atəşə bənzərliyini səciyyələndirən poetik ifadələrə heyran olmamaq mümkünsüzdür. Çünki göz yaşı sudursa, odu, atəşi söndürən olmalıdır, Ələmidə isə əksinə, gözünün yaşı sözə, sonra, o söz közə dönür, od tutub yandırır... Belə orjinnallığı  və bədiiliyilə seçilən yanaşmalar Ələminin yaradıcılığının ana xəttidir. 
 Söhbətimizə onun  poeziya aləminə necə gəlməsindən başladım: 
- Ələmi, ədəbiyyatı və  mütaliyəni çox sevdiyinizi bilirəm. Bəs ədəbiyyata necə gəldiniz, necə oldu ki şeir yazmağa başladınız? 
- M.Ə.Sabirin vurğunu olmuşam, çünki, gözəl xatırlayıram, anam mənə onun şeirlərini deyirdi, məni o şeirlərlə əzizləyirdi. Yəqin ki, o ritm, o musiqi mənim daxilimdə kök salmışdı. Təxminən, 7- 8 ci siniflərdə oxuyanda dostluq mövzusunda bir inşada bu misraları yazmışdım:  
Dostluq incə bir teldir, onu qırmağa dəyməz.
Dostluq  möhkəm poladdır, o sınsa da əyilməz. 
O zamanlar divar qəzetləri vardı,   mən həm "Ədəbiyyat", həm də "Riyaziyyat" qəzetinin  redaktoru idim. Orda da  ara-sıra cızma-qaralar edirdim.  Ədəbiyyat müəllimim məni ədəbiyyatçı, riyazıyyat müəllimimsə məni riyaziyyatçı görmək istəyirdi. Aralarında mübahisəyə də səbəb olmuşdum... (gülür...) Maraqlıdır, tale elə gətirdi ki,   mən riyaziyyatçı da oldum, şeir də yazdım. Yəni, riyazi biliyə dayanıb ədəbiyyatda bir yenilik edə bildim. Və kitabım çıxan kimi müəllimimə göndərdim. Təsirlənmişdi...
Sonra tələbəlik illərində  gizli sevgi şeirləri yazırdım, ünvanlısı da vardı, ünvansızı da. Ali məktəbi bitirdim, mühəndis kimi çalışmağa başladım, texnika məni əlinə elə aldı ki, üstəlik, ailə qayğıları, karyeramda irəliləmək üçün görülən işlər, artıq şeiriyyata vaxt qalmırdı. Uzun  müddət, heç nə yazmadım. Və 2000- ci ildən sonra həm heca, həm də əruz vəznində, söhbət Azərbaycan əruzundan gedir,   dayanmadan yazmağa başladım. Ömür-gün yoldaşım, mənə çox əziz olan bir insanın itgisi düşünürəm, məni vadar etdi sanki, bir də gördüm, xeyli şeir yaranıb...  
- Şeirlərinizdə nisgil də var, ağrı da var, amma daha çox nikbinlik  sezilir. Bu xasiyyətinizdən irəli gələn bir xüsusiyyətdir?    
- Doğru deyirsiz, mən ümumiyyətlə çox nikbin insanam.  Bu nikbinliyi butün ömrüm boyu qorumağa çalışmişam və xasiyyətimdəki  bu  keyfiyyət mənim şeirlərimdə də öz əksini tapır. Çünki, nikbinlik olmasa, yaşamaq, sabaha baxmaq çox çətin olar...   
- Ələmi, sizinlə görüşümün əsas məqsədi ədəbiyyatımıza gətirdiyiniz yenliklə - "Əruzun rəqəmsal modelləşdirilməsi" ilə bağlıdır. Və bildiyim qədərilə bu əruzun banisi sayılan Xəlil İbn Əhmədin Vİİİ əsrdə verdiri təsnifatdan sonra, yəni, yüzillərdən sonra ilk olaraq əruza yeni yanaşma, yeni modelləşmədir. Bəlkə bu yeni işinizdən, ixtiranızdan və onun əhəmiyyətindən, bəhs edəsiniz.   
- Mən bayaq da qeyd etdim ki, lap uşaqlıqdan əruza bağlı olmuşam, klassiklərimizi çox sevmişəm, çox oxumuşam. Amma həmişə də əruzu tədqiq etmək, onu daha aydın, daha sadə dildə anlamaq, bəhrlərini sadələşdirmək arzusu məni rahat buraxmayıb. Və uzun götür-qoydan sonra qərara aldım ki, öncə mən bu Əruzun nə olduğunu dərk etməliyəm, sərbəst şəkildə bu elmi öyrənməyə başladım. Müxtəlif ədəbiyyatlara üz tutdum. Məsələn, Əkrəm Cəfərin kitabını oxumağa başladım. Bu kitab dərin elmi tədqiqat əsəridir, lakin, əruzu yeni öyrənməyə başlayanlar üçün   dili bir qədər çətindir, onu mənimsəmək üçün  ən azından əruzun  əlifbasından xəbərin olmalıdır, əruzu qavramaq, dərk etmək, onun qayda-qanunlarına bələd olmaq, uzun və qısa hecaların pozulmayan ardıcıllığını, onların ritm yaratmasını izləməyi bacarmalısan. Sonra  çox gözəl şeirləri olan,  Ədilli Şirvani adlı bir mühəndisin "Əruz vəzninin sadələşdirilmiş qəlibləri" adlı kitabını oxudum. Aydın oldu ki, o da sadələşdirməyə çalışıb əruzun qəliblərini. Məsələn,  Xəlil İbn Əhməd ərəb sözü olan "Fə ələ" feilindən  yaranan müxtəlif ifadələri (FailAtün, MəfAİlün, Müftəlün) və.s "təfiələr" kimi qəbul edib və bunlar vasitəsilə əruzun müxtəlif qəliblərini yaradıb  və  bəhrlərdə qruplaşdırıb. Yəni, Əruzda cəmi iki ünsür var, qısa və uzun hecalar, bu təfiələr   də həmin qısa və uzun hecaları, onların ardıcıllığını göstərir. Və bunu (FailAtün, MəfAİlün, Müftəlün) təfiələrinin dilində qavramaq  bir qədər çətin olduğundan, Şirvani Ədilli (Dadah-dahdah, Dadah dahdah) qəlibdən istifadə edib. O, bu yolun daha sadə olduğunu düşünür.  Mən də, bilirsiz ki, mühəndis- proqramçıyam, imformatikanın kodlaşdırılması ilə məşğulam və EHM-nın (0-1; 1-0) rəqəmlərilə danışan dilini  yaxşı bilirəm. Və əruzun banisi sayılan Xəlil İbn Əhmədin təsnifatlarına heç bir əlavə etmədən, orijinala heç bir xələl gətirmədən, onu  "Rəqəmsal modelləşdirmə" prinsipilə   sadələşdirib universallaşdırmışam. Yəni, format olduğu kimi qalır, bəhrlər yerindədir, riyaziyyatda məlum olan ikilik say sisteminin simvollarından (0 və 1) istifadə etməklə əruz qəliblərini "rəqəmsal qəlib"  kimi ifadə   etmişəm. Qəliblərdə uzun hecanı "0", qısa hecanı isə "1" lə işarələyirəm. Misal üçün, "Həcəz" bəhrinin  təfilə qəliblərinin üç cür yazılış formasında sizə təqdim edim: 
Əkrəm Cəfərdə:
MəfA,İlün məfA,İlün məfA,İlün, məfA,İlün -  (36 işarə).
Ədilli Şirvanidə: dadah-dahdah dadah-dahdah dadah-dahdah dadah-dahdah - (44 işarə)
Məndə isə 1000 1000 1000 1000-   (16 işarə).
 Bəzən samitlər üst-üstə düşəndə dilin axıcı olması üçün əlavə bir sait də artılırır. Misal üçün:
Eşq-i-dir  mehrabı  uca göylərin-     010   000  11  000
Eşq-i-siz ey dünya, nədir, dəyərin?- 010   000  11  000
Gəlin indi düşünək, məsələn, deyirəm: FəİLatün, fəİLatün,fəİLatün, FəİLün. Burdakı musiqini, ritmi qulaq eşidir, amma vizual olaraq heç nə görmürük, göz informasiyası yoxdur. Lakin, bu rəqəmsal modelin köməyilə görürsən axı, həm də.  Bu da daha rahat və tez qavranılır. Yəni, rəqəmsal formadan istifadə etməklə əruzda yazılmış şeirlərin rəqəmsal modelini almaq və onu tədqiq etmək asan və əlverişlidir. Düşünürəm ki,  rəqəmsal modelləşdirmə çox faydalıdır, əruzu öyrənmək istəyən klassik poeziya həvəskarlarının köməyinə gələcək.  Universaldır ona görə ki,  dil-ədəbiyyatla məşğul olan istənilən xalqın nümayəndəsi bu təhlili apara bilər.
- Ələmi, madam ki, müəlliflik şəhədətnaməsi də almısınız, məktəb proqramına salınması, digər tədris ocaqılarında  istifadəsi haqda düşünürsunüzmü? 
- Siz mənim fikrimi oxudunuz, sanki. Mən növbəti kitabımı məhz bu yöndə yazmağı düşünürəm, ali məktəblərdə tədrisinə nail olmaq istəyirəm. Niyə? Çünki  Rəqəmsal qəliblərin üstünlükləri çoxdur:  
1. Qəliblərdə istifadə olunan simvolların sadə və sayca minimallığı.
2. Qəliblərin vizual olaraq asan qavranılması. 
3. Rəqəmsal texnikada ondan istifadənin sadəliyi. 
4. Əruz vəzni həvəskarları üçün şeirlərin daha asan və operativ təhlili.
Bax, bütün bu cəhətlərinə görə şagird və tələbələr bu     mödelləşdirmədən yararlansa yaxşıdır.
- Ələmi, mən sizə təşəkkür edirəm, əvvəla ədəbiyyatımıza bəxş etdiyiniz gözəl töhfələr, şeirlər üçün, sonra isə bir az çətin mənimsənilən əruz vəzninin daha rahat qavranılması və təhlili yönündə gördüyünüz işlərə görə. Bunlar əsas verir ki, sizə həm də  tədqiqatçı-alim deyək. Oxucularımıza isə söz veririk ki, işıq üzü görməyinə çox az qalan dərslik vəsaiti haqda da yazı dərc edəcəyik.  Sizə isə bol-bol yaradıcılıq uğuqları arzulayıb, yeni şeirlər gözlədiyimizi bildiririk. Sonda ən çox sevdiyiniz qəzəldən bir parça söyləməyinizi rica edirik. 
-Böyük məmnuniyyətlə. Biz əruz vəznindən danışdıq, bayaq da qeyd etdim ki, mən Azərbaycan əruzuna  üstünlük verirəm. Çünki, şeir anlaşılan, duyulan olmalıdır, çalışdığım odur ki, kitabımı əlinə alıb oxuyan  hər oxucu   demək istədiklərimi  öz doğma dilində oxuya, könlümün səsini  öz doğma dilində duya bilsin.  Qaldı ki, şeirə, əslində şeirlərimin hər biri əzizdir, hər biri doğmadır. İndi kitabımı açıram, ilk qarşıma çıxan  şeiri oxucularıma ərməğan edəcəm: 
Etmə, təşviş ürəyim, bir belə, yarım gələcək?!
Üşüyər, aç qapını, incə nigarım gələcək!
Bu ayaq səsləridir yoxsa, verir əksi-səda,
Səyridib bəlkə atın, indi çaparım gələcək!
Günəşim nur ələyər, yanə  çəkib orpəyini, 
Bu xəzan çağıma şux, tazə baharım gələcək!
Uca tut başını, ey sərvi boyum, boylan bir,
Bax, dəmadəmdi, bu saətdə vüqarım gələcək!
İtirir cazibəsin-Yerdən ayağım üzülür, 
Başqa aləmdəyəm, öz cazibədarım gələcək!
Tovlayır başımı, səbrim, yenə döz, ovçu,- deyir!
Nazı ləngitti bir az, nazlı şikarım gələcək.
Tutmasın indi xəbər, pir Ələmi dözməyəcək!
Etmə təşviş, ürəyim, söyləmə, yarım gələcək! 

***

Şağollaşıb çıxıram otağından. Saata baxıb düşünürəm,  poeziya və musiqi qədər insanın qəlbinə nüfuz edən sənət növü varmı? Şairin qəlbindən süzülən, bir xitabla bir ünvana yazılan misralar min-bir xitablarla, min-bir  ünvanlara yozular. Hər oxucu ordan özünə pay götürdüyü  sürəcə o şeir ölməyəcək, könüllərdə yaşayacaq.

Könül Siyavuşqızı
Rəy bildir +
Oxşar xəbərlər
Ulu öndərin tanımadan  təşəkkür etdiyi sumqayıtlı
13:0323 aprel

Ulu öndərin tanımadan təşəkkür etdiyi sumqayıtlı

Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, Əli Kərim adına Poeziya Klubunun təşəbbüsü ilə Sumqayıt Poeziya Evində istedadlı yazıçı-dramaturq, Azərbaycanın Əməkdar mühəndisi, Osman Mirzəyev adına Respublika mükafatı laureatı, Sumqayıta həsr edilmiş "Mənim ağ şəhərim" filminin ssenari

Turizm zonasına  çevrilən şəhər
16:5216 aprel

Turizm zonasına çevrilən şəhər

Sumqayıtda bir "Şəhər bağı" vardı. İndiki Dövlət Dram Teatrının arxasında. Yadımdadır ki, 1-ci sinifdə oxuyarkən ilk dəfə həmin bağa ekskursiyaya getmişdik. Bitki aləmi çox zəngin idi. Biz orada xeyli oynadıq, ağacların çətiri altında nahar etdik. Sanki yaşıl bir adaya səyahətə çıxmışdıq. Ertəsi

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular
10:3516 aprel

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Dünya İnformasiya məkanının №1 xəbəri: Maddənin yeni vəziyyəti kəşf edildi
10:2616 aprel

Dünya İnformasiya məkanının №1 xəbəri: Maddənin yeni vəziyyəti kəşf edildi

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO