İSTİ XƏBƏRLƏR
» » Ofelya Babayeva: “Şagird dərsi auditoriyada öyrənməlidir, kurslarda yox...”

Ofelya Babayeva: “Şagird dərsi auditoriyada öyrənməlidir, kurslarda yox...”



Bu gün "Qonaq otağı"nda  fəxri təqaüdçü, Sumqayıt Təhsil Şöbəsinin keçmiş müdiri, filoloq, şair, əməkdar müəllim, "Tərəqqi" medalı və "Şöhrət" ordeninə layiq görülmüş Ofelya Babayevadır.

- Öncə Prezident tərəfindən təltif edilməyiniz münasibətilə sizi "168 saat" qəzeti adından və şəxsən öz adımdan  təbrik edirəm. Çox istərdim ki, bununla bağlı düşüncələrinizi, təəssüratlarınızı  bizimlə bölüşəsiniz...

- Bu il Sumqayıta şəhər statusu verilməsinin 70 ili tamam oldu. Noyabrın 21-i cənab prezident İlham Əliyev şəhərimizə gəlmişdi. Sumqayıtın yenilənmiş Dram Teatrında təntənəli tədbir keçirildi və burada mən də iştirak edirdim. Sözügedən tədbir mənim üçün çox önəmli idi. Çünki illər öncə - 1974-cü ildə mən Sumqayıtın 25 illiyində çıxış edərkən  (mənim o vaxt toplam 26 yaşım var idi) Ulu Öndər Heydər Əliyev də iştirak edirdi, həmin tədbirdə mən həm Sumqayıt gəncləri, həm də müəllimlər adından çıxış etdim. Mənim o vaxtki çıxışımı Ulu Öndər çox bəyənmişdi. Sonralar mən onun qayğısını daim üzərimdə hiss edirdim. Bu ilin Noyabrın 21-i baş tutan tədbirdə mənə söz verilib çıxış etməyimdən başqa, digər qürurverici hal prezidentimizin yanında əyləşməyim idi. Belə ki, mənim sağımda cənab prezident, solumda isə şəhərimizin başçısı Zakir Fərəcov əyləşmişdi. Düşünürəm ki, bir müəllim, şair üçün bundan qürurverici hal ola bilməz. Təxminən  bir gündən sonra mənim prezidentin fəxri təqaüdünə layiq görülməyim haqqında sərəncam çıxdı. Mənim üçün bütün bunlar doğrudan da qürurverici idi. Bunlara görə,  prezidentimizə, şəhər icra başçısı Zakir Fərəcova təşəkkürümü bildirmək istəyirəm. SSRİ dönəmində Azərbaycan və bütünlüklə SSRİ-nin "Qabaqcıl Maarif Əlaçısı" adına layiq görülmüşdüm, müstəqillik illərindən sonra isə əməkdar müəllim adını qazanmış, "Tərəqqi" medalı və "Şöhrət" ordeni ilə təltif edilmişəm. Bütün bunlara görə, sadalanan adlara və təltiflərə layiq görüldüyüm üçün özümü xoşbəxt sayıram. 


- Filoloq, şair, müəlliməsiniz. Özünüzü daha çox bunlardan hansı kimi görürsünüz ?

-Mən özümü həm filoloq, həm şair, həm də müəllimə kimi görürəm. Çünki mən ixtisasca filoloqam. O zamanlar Azərbaycan Dövlət Universiteti, indiki adı ilə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişəm. Öz peşəmlə qürur duyuram. Düşünürəm ki, öhdəmə düşən vəzifənin - dilimizi və ədəbiyyatımızı şagirdlərə tədris edib sevdirmək missiyasının öhdəsindən layiqincə gəlmişəm. Təvazökarlıqdan uzaq olsa da, deyim ki, mən özümü şair kimi də yetəri qədər tanınmış sima sayıram. Çünki əvvəla mən Sumqayıtın ilk qadın şairiyəm. Ancaq mənim uzun illərdir - 45 ildir çalışdığım müəllimlik sənəti mənə çox doğmadır. 

- Uzun illər Sumqayıt Təhsil Şöbəsinin müdiri işləmisiniz. Həmin çağlardan maraqlı hansı xatirələri xatırlayırsınız?

-Mən orta təhsilimi Sumqayıtda - 13 nömrəli məktəbdə almışam. 1971-ci ildə Universiteti bitirdikdən sonra öz doğma məktəbimə müəllim kimi qayıtdım. Və təhsil sahəsində öz ideyalarımı gerçəkləşdirə bildim. Sonralar 6, 16, 11 nömrəli məktəblərdə direktor oldum, uzun illər Sumqayıt Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışdım. Həmin çağlarda mənim üzərimə təhsildə böyük dəyişikliklər etmək missiyası düşdü. Belə ki, ideyalarımı həyata keçirmək üçün sanki mənə bir meydan verilmişdi. Sumqayıtda bildiyiniz kimi, hələ Sovetlər dönəmindən məktəblərin hamısı nömrəli idi. Düzdür, onlardan bir qismi bu gün də sadəcə nömrəli məktəblərdir. Mənim diləyim budur ki, şəhərimizdəki məktəblərin böyük bir qismi böyük ictimai xadimlərimizin, Milli Qəhrəmanlarımızın, şair və yazıçılarımızın, alimlərimizin adını daşısın. 1991-ci ildən sonra şəhərimzdə bir sıra məktəblərə dəyərli şəxslərimizin adı verilməyə başladı. Bunların bir çoxu birbaşa olaraq mənim təşəbbüsüm ilə həyata keçirilirdi. Daha sonra bunu qeyd edə bilərəm ki, bir vaxtlar şəhərimizdəki məktəblərin demək olar ki, tən yarısı 8 illik məktəblər idi. Mən Təhsil Şöbəsinin müdiri təyin edildikdən sonra həmin məktəblərin orta məktəbə çevrilməsinə çalışdım və buna da nail oldum. Şəhərimizdə lisey və gimnaziyaların açılmasını zəruri sayırdım. Çünki şəhər gənclərinin daha da savadlanması üçün həmin tipli məktəblərə mütləq ehtiyac var idi. Yenə deyirəm, Təhsil Şöbəsinin müdiri çalışdığım dönəmlərdə bu yöndə əməli fəaliyyət göstərdik və istəyimizə çatdıq. Həmin dövrlərdə şəhərimizin təhsili durmadan irəliləyirdi. 1990-cı illərin başlarında ölkəmizdə baş verən siyasi çaxnaşma bütün sahələr kimi təhsilimizə də siraət etmişdi. 1990-cı ilin mart ayında Respublika Fənn Olimpiadasını paytaxt Bakıda keçirmək mümkün olmadığına görə biz həmin tədbiri Sumqayıt şəhərinə saldıq. Və o vaxt təhsildə göstərdiyim işlərimə görə  mən Parlamentin fəxri fərmanı ilə təltif olundum. 

- Ümumiyyətlə, o dönəmlə indiki dönəm Sumqayıt təhsilinin arasında hansı fərqlər var?

- Bu iki dönəmi müqayisə etdikdə fərqlərin heç də böyük olmadığını görərik. Fikrimcə, fərqlər böyük ölçüdə texniki təchizatla bağlıdır. Bu gün bizim şagirdlərimiz intellekt və savadlarını artırmaq üçün internetdən və digər texniki vasitələrdən bol-bol istifadə edirlər. Bu da onların təhsillərinə, savadlarına müsbət mənada böyük təsir göstərir. 

- Uzun illər 11 nömrəli məktəbin direktoru olmusunuz. Siz həmin vəzifədən getdikdən sonra təhsil ocağında hansı dəyişikliklər olub? Ümumiyyətlə həmin məktəbin uğurlarını izləyirsinizmi? 

- 1958-ci ildən fəaliyyət göstərən həmin məktəbdə Azərbaycan bölməsi yox idi. Təhsil ocağı bütünlüklə rusdilli idi. Bu səbəbdən bir qisim vətəndaşlarımız balalarını həmin məktəbə yazdırmaqdan imtina edirdilər. Mən Təhsil Şöbəsinə rəhbər təyin olunandan sonra həmin məktəbdə Azərbaycan bölməsinin açılmasına nail oldum. Bu gün həmin məktəb nəinki şəhərimizdə, hətta Respublikada özündən müsbət mənada söz etdirən, uğurlarına görə fərqlənən təhsil ocağıdır. Adıçəkilən məktəb prezidentimizin dörd il bundan öncə verdiyi sərəncamla tamamilə yenidən quruldu, təmir edildi. Və mən yenilənmiş doğma məktəbimizi yeni direktora təhvil verərək oradan ayrıldım. Mən hər zaman həmin məktəbə doğma yanaşıram, onun qazandığı uğurlara ürəkdən sevinirəm. Ümumiyyətlə, mən bu gün şəhərimizdə fəaliyyət göstərən bütün məktəbləri mətbuatdan izləyirəm, onların təhsil sahəsində qazandıqları uğurlara hədsiz sevinirəm. Onu deyə bilərəm ki, bu gün Sumqayıtın təhsili əmin əllərdədir.

- Bugünki təhsil sistemi və səviyəsindən razısınızmı ?

- Əlbəttə, Təhsil Nazirliyi təhsilimizin irəliləməsi üçün önəmli işlər görür, ancaq bu gün dünya təhsili ilə Azərbaycan təhsilini müqayisə etsək,  çatışmazlıqların və müsbət cəhətlərin olduğunu görə bilərik. Mən sizə bir örnək çəkim. Estoniyanın bu gün toplam 1 milyon 300 min əhalisi var, lakin buna baxmayaraq o, dünya təhsil sistemində üçüncü yerdədir. Təbii ki, bu ağlasığmaz uğurdur. Mən həmin ölkənin paytaxtı Tallində dörd il bundan öncə olmuşdum və hesab edirəm ki, eston təhsil sistemindən bizim öyrənəcəyimiz çox cəhətlər var. 

- Maraqlıdır kurikulium və ya ənənəvi təhsil sistemini dəstəkləyirsiniz? Ümumiyyətlə, kurikulium sisteminə münasibətiniz necədir? 

- Deyə bilərik ki, kurikulium şagirdlərin idraki fəaliyyətinin gücləndirilməsinə yönəldilmiş bir təhsil sistemi, təhsil formatıdır. Ancaq ənənəvi təhsil sistemini də heç bir durumda unutmaq və ondan qazanılmış uğurları danmaq mümkün deyil. Hesab edirəm ki, bir neçə müddətdən sonra kurikulium sistemində mütləq dəyişikliklər olmalıdır. 

- Sizcə, əsl pedaqoq hansı xüsusiyyətlərə malik olmalıdır? 

- Düşünürəm ki,  yalnız pedaqoq yox, ümumiyyətlə insanlar öz fəaliyyətlərini, çevrələrinə münasibətlərini sevgi üzərində qurmalıdırlar. Bu xoş xüsusiyyətlər bütün peşə adamlarından daha çox pedaqoqlarda özünü biruzə verməlidir. Əgər, sən şagirdə kiçicik sevgi göstərsən, o, bu sevginin iki qatını geri qaytaracaq. Təbii ki, pedaqoq həm də çağdaş dünyagörüşlü şəxs olmalıdır. Öz sahəsini mükəmməl və dərindən bilməli, daha sonra dünya və ölkənin xəbərlərindən hali olmalıdır, əks halda, əsl pedaqoq olmaq mümkün deyil. Tədris etdiyi fənni şagirdə dar çərçivədə aşılayan, ona elmi, təhsili sevdirə bilməyən, onun dünyagörüşünün inkişafına töhfələr verməyi bacarmayan şəxsi mən pedaqoq saymıram. Ümumimiyyətlə, pedaqoq bütün sahələr üzrə ensiklopedik biliyə malik olmalıdır. 

- Təcrübəli pedaqoq kimi gənc nəslin bugünkü dünyagörüşü sizi qane edirmi?

- Gözəl bir gənc nəsil böyüyür. Ancaq bu nəsil sanki bir qədər amorf durumdadır. Əlbəttə, mən bunu heç də onların hamısına şamil etmirəm. Deyək ki, şagirdlər məktəbə gəlib, yerlərində əyləşdilər. Ancaq təəssüf ki, onlar üçün müəllimi dinləmək heç də önəmli deyil. Çünki onların çoxu dərsdən sonra hazırlıq kurslarına gedir. Bax mən bunu qəbul edə bilmirəm. Hesab edirəm ki, şagird dərsini, materialı auditoriyada 45 dəqiqə içində öyrənməlidir. Ancaq sanki kursa getmək bir dəb halını alıb. Deyək ki, əcnəbi bir dili öyrənmək üçün hansısa kursa getmək olar, rəqsi öyrənmək üçün dərnəklərə müraciət etmək olar, əgər həftə içində 6-7 saat Azərbaycan dili və ya Riyaziyyat fənləri tədris olunursa, belə olan halda uşağın kursa getməyinin nə önəmi var, mən onu anlamıram. 

- Şeiri sizə sevdirən nə oldu?

- Fikrimcə, Azərbaycanda poeziya sahəsində 5-6 misra yazmayan adam yoxdur. Poeziya, şeir millətimizin ruhunda, qanında var. Mən özümü təmiz türk sayıram. Və görünür, bu millətin övladı olduğum üçün də şeir mənə bu qədər doğmadır. 

- Şeir, ədəbiyyat sizin üçün nədir? 

-Şeir, ədəbiyyat mənim üçün həyat deməkdir. Mən hər gün ən azı 20- 30 səhifə kitab və ya jurnal oxumasam, mütailə etməsəm, həmin günümü yaşanmamış sayıram. Ümumiyyətlə, mən hər gün oxuyuram. 

- Bu gün Azərbaycan ədəbiyyatından mütaliə edərkən kimləri oxumağa üstünlük verirsiniz?

-Mən "Azərbaycan" və "Ulduz" jurnallarını alıb, orada çıxmış yeni yazıları oxuyuram. Bu yaxınlarda Əlibala Məhərrəmzadənin "Çovdar çörəyi" kitabını oxudum, Şərif Ağayarın "Komandir" romanını, Elçin Hüseynbəylinin "Gözümə gün düşür"ünü oxudum. Varis Yolçuyevin daimi oxucusu olduğumu deyə bilərəm. 

- Dahilərdən biri kitab oxumağın gərəksiz olduğunu söyləyib. Həmin şəxs deyir ki, biz kitab oxuyarkən başqasının dünyagörüşünü mənimsəyirik və özümüz olmaqdan uzaqlaşırıq. Bu fikirlə razısınızmı? 

- Bəli, bu fikirlə qismən razılaşa bilərəm. Təbii ki, əsl istedad sahibləri heç vaxt başqasının duyğularını mənimsəməz və ümumiyyətlə, mənimsəyə və ya təsiri altına düşə bilməzlər. İnsan hər zaman oxumalı, əsl oxucuya çevrilməlidir. Mütaliə etməyən adam çox "kasıb"dır. Mütaliə insanları daha da zənginləşdirib müdrikləşdirir. Hesab edirəm ki, mütaliə hər zaman lazımdır. 

- İlk qələm təcrübəniz nə vaxt və neçə yaşınızda olub? Yəqin ki, nəzmə müraciət etmişdiniz. Bəs ilk şeirinizi necə adlandırmışdınız? 

- İlk qələm təcrübəmi 11 yaşımda yazmışam. Təbii ki, o, şeir idi. Mən atamı erkən itirmişəm və o həsrət həmişə mənim içimdə olub. Ona görə də ik şeirimin adı "Ata həsrəti" idi. 

- Ən sevdiyiniz şeirlərinizdən birini "168 saat" qəzeti üçün söyləyə bilərsinizmi ?

- "Azərbycan" adlı şeirim mənim üçün çox sevimli və doğmadır. Mən bu şeirdən misraları şəhərimizin 25 illiyində Ulu Öndər ilə bir zalda olarkən və Sumqayıtın 70 illik yubileyində prezidentimiz ilə eyni məkanı bölüşərkən də səsləndirmişəm və indi də şəhərimizin ən qocaman müstəqil qəzeti olan "168 saat" üçün səsləndirirəm:


"Mən qızınam, Azərbaycan

Arzularım çiçək-çiçək.

Bilirəm ki, qayğın ilə 

Bu arzular göyərəcək".


Söhbətləşdi: Səbuhi Allahverdizadə

Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Əfqanıstan odlarından keçmiş sumqayıtlı professor
11:1819 sentyabr

Əfqanıstan odlarından keçmiş sumqayıtlı professor

Eyni şəhərdə - Sumqayıtda yaşayaraq 20 ildən çox tanışlığımız olsa da, Sahib müəllimlə daha yaxın münasibətimizin tarixçəsi cəmi bir-neçə ildir. Bizi Sumqayıt "Dostlar klubu" və bu klubun üzvü olan çox dəyərli ziyalılar birləşdirir. Biz tez-tez görüşür, müxtəlif müzakirələr aparır, bir çox həyati,

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli

"Koroğlu"nu,  "Cavad xan"ı  yenidən dünyaya qaytardı və sonra... onlara qoşulub, getdi
15:2810 may

"Koroğlu"nu, "Cavad xan"ı yenidən dünyaya qaytardı və sonra... onlara qoşulub, getdi

Rövşən müəllimlə 35 ildən çox tanışlığımız-dostluğumuz vardı. Son zamanlar bu azman görkəmli rejissorla görüşərkən (adətən teatr məbədlərimizdə - Sumqayıt Dövlət Dram Teatrında, Akademik Milli Dram Teatrında, müxtəlif teatr, kino, mədəni-kütləvi, poeziya tədbirlərində) "salam!"dan əvvəl sənətkar