- Ad gününüzü necə qeyd etdiniz?
-Mənim ad
günüm yanvar ayının 23-dədir. Buna görə də, mənimlə bağlı dostlar, tanışlar,
dövlət səviyyəsində televiziyalar maraqlanır. Bu maraqlar bir tərəfdən məni
sevindirir, digər tərəfdən məni keçdiyim həyat yoluna bir daha nəzər salmağı tələb
edir.
Mənim
həyat yolum, keşməkeşli, çətin, maraqlı və bəzi hallarda sevindirici olmuşdur.
Buna görə də belə hesab etdim ki, Azərbaycan Dövlət Televiziyası mənim haqqımda
veriliş aparsa daha yaxşı olar. Azərbaycan Dövlət Televiziyasına yazılı şəkildə
müraciət etdim və müraciətimə müsbət cavab aldım. Çünki, mənim elmi və tədris fəaliyyətim
çoxcəhətli, çoxşaxəli və zəngin olmuşdur.
Azərbaycan Dövlət Televizyasının
mənim fəaliyyətimin çoxcəhətli olduğunu müəyyənləşdirdikdən sonra sorğuma müsbət
cavab verildi, mənə bir daha məlum oldu ki, dövlət müəssisələri, ümumiyyətlə,
Azərbaycan dövləti, elmə, alimə hər zaman yüksək dəyər vermişdir və verir. Buna
görə də mənim haqqımda bir saatlıq efir vaxtı ayrıldı və 80 illik həyatımın,
elmi fəaliyyətimin bir çox cəhətləri orada öz əksini tapmışdır. Bir daha hiss
etdim ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan alimlərinə,
incəsənət xadimlərinə verdiyi dəyərlər hər bir dövlət müəssisəsində əsas
götürülür. Azərbaycan Dövlət Televiziyası da bu istiqamətdə öncül ana
televiziya hesab edilir.
Həm də bir çox respublikanın
tanınmış mətbuat orqanlarında, tanınmış, sayılıb seçilən alimlər tərəfindən mənim
həyat və yaradıcılığıma həsr edilmiş, tədris fəaliyyətimi işıqlandıran çox
sayda elmi məqalələri dərc edildi.
-80 yaş sizə nə deyir? Bu yaşa qədər gəlib çatmaq bir insan üçün nə deməkdir?
-
80 yaş mənə çox şeylər bəxş etdi. Gözəl ailəm, iki
oğlum, iki qızım, dörd nəvəm, bir nəticəm var. Bütün ailə üzvlərim ali savadlı,
təhsilli, xalqımıza ləyaqətlə xidmət göstərirlər. İki qızım həkimdir,
xalqımızın sağlamlığına öz fəaliyyətlərində xüsusi yer verirlər.
80 yaş mənə deyir ki, sən öz
elmi fəaliyyətinlə öyünə bilərsən. Ən çətin elm sahələrindən biri olan kitab
haqqında elmin bütün sirrlərini ilk dəfə ölkəmizdə araşdıran, bu problemi
elmi-tədqiqatlara cəlb edən mən oldum. Ömrümün 40 ilindən çoxunu kitab və
kitabçılıq işinə, orta əsr xəttatların, rəssamların, cildçilərin, nəqqaşların,
zərkubların, müzəhhiblərin və s. fəaliyyətlərini üzə çıxarıb kitablarda, mətbuat
səhifələrində nəşr etdirdim. Yazdığım məqalələrdə, kitablarda, dərsliklərdə, dərs
vəsaitlərində dövlətçilik prinsipi əsas götürülmüş, xalqımızın adət-ənənələrinin
zəngin olduğu, kitab mədəniyyətinin yüksək olduğu və hamı tərəfindən təqdir
edilən hörmətli bir iş kimi öz əksini tapdı.
Əlbəttə, ki, bu yaş az yaş
deyil. Bu illər ərzində keşməkeşli həyat, elmi mübarizələr, elmi araşdırmalar,
tədqiqatlar həyat kitabımın bütün səhifələrində öz əksini tapdı. 49 yaşımda həyat
yoldaşımı vaxtsız itirdim. Dörd övlada həm ata, həm də analıq təəssübkeşliyi
göstərdim. Hamısını sağlam, təhsilli böyütdüm. Oğlanları evləndirib, qızları
köçürtdüm. Nəvə toyu edib nəticə gördüm. Bunlar hamısı mənim ömür kitabımın ən
zərif və sevincli səhifələridir.
Təbii ki, həyat hər zaman
sevincli, büsatlı olmur. Yaşadığımız həyatda sevincli günlərlə bərabər, çətin,
ağır günlərim də olmuşdur. Mən bunların hamısından şərəflə keçdim. Ömür yolumu
beləcə 80 yaşa gətirib çatdırdım.
-
Maraqlıdır, müəllimin doğum gününü ilk təbrik edən
kim oldu?
Məni ilk təbrik edən qız nəvəm
Kübra xanım oldu. Mənə onun təbriki dünyaları bəxş etdi.
-
Siz istədiyiniz həyatı yaşamısınızmı?
-Bu sual dərin mənalı sualdır.
Çünki, biz həyata gələrkən taleyimizdən xəbərsiz oluruq. Heç kəs, nə doğulacağı
Vətəni, nə valideynlərini, nə də taleyini özü müəyyən etmir. Xoşbəxtəm ki, vətənim
Azərbaycandır. Bu taleyimin ən gözəl bəxşeyişidir mənə. Mən də vətənimə layiqli
övlad olmağa hər zaman çalışmışam. Valideynlərim kasıb, kolxozçu olublar. Atam
II Dünya müharibəsinə yola düşmüş və Ukrayna cəbhəsində 1943-cü ildə qəhrəmancasına
həlak olmuşdur. Anam isə 40 ildən çox kolxozda sağıcı işləmiş və dəfələrlə dövlət
tərəfindən qiymətləndirilmişdir. Taleyin yazısı belə olub ki, mən valideynlərimi
vaxtsız itirmişəm. Mən aspiranturada oxuyanda anam da dünyasını dəyişdi. Mənim
sonrakı uğurlarımı görmək ona nəsib olmadı. Bu da taleyin bir acı yazısıdır.
Lakin mən onları həmişə anıram, onları yadıma salanda çox kövrəlirəm. Hər yaşda
valideynə övlad tərəfindən böyük qayğı olduğunu dərk edib, onların yoxluğuna təəssüflənirəm.
Həyat elə gətirdi ki, mən ali təhsilimi başa vurduqdan sonra həyatımın
böyük bir hissəsi elmi işlərə, tədqiqatlara bağlandı. Bu sahədə çoxlu çətinliklərim
olub və həmişə bu qarşıya çıxan problemləri müsbət həll etməyə çalışmışam. Bu
da bir taleyin qismətidir.
-
80 yaşda ən böyük arzunuz nədir?
-Mənim ziyalı alim kimi ən böyük
arzum ölkəmizdə Qarabağ münaqişəsinin həll olunması, qaçqın və köçkünlərimizin
öz torpaqlarına qayıtmasıdır. Hər il neçə-neçə oğullarımız şəhid olur,
ana-bacılarımızın, gəlinlərimizin, qızlarımızın gözü yaşlı qalıb. Müharibə
amansızdır, qəddardır. Mən nəinki Azərbaycanda bütün dünyada sülhün, barışığın
bərqərar olmasını arzu edirəm. Bu arzudan sonra bütün arzuların həyata keçməsi
asanlaşar.
- Müdriklik zirvəsində, gənclərə, o cümlədən tələbələrə tövsiyələriniz
nədir?
Bu zirvədə mənim gənclərə, tələbələrə
tövsiyəm gözəl təhsil almaq, vətənə, dövlətimizə layiqli xidmət göstərmələridir.
Çünki bizim möhtərəm prezidentimiz İlham Əliyev hər zaman təhsilin, elmin
inkişaf etdirilməsini əsas tutub və bunun üçün hər zaman cəmiyyətdə təhsillin,
elmin və intellekt səviyyəsinin yüksəlməsini, keyfiyyətli əmək və keyfiyyətli həyat
şəraitinin qurulmasını və nəticədə insan kapitalının bərqərar olmasını vacib
hesab edir. Biz ziyalı nəsil də, möhtərəm
prezidentimiz İlham Əliyev cənablarının fikirlərinə əsaslanaraq, tələbələrimizin,
elmli, bilikli, təhsilli olmasını tövsiyə edirik.
-Gördüyünüz və görmək istədiyiniz işlərdən, planlarınızdan danışın.
Mən
2008-ci ildən “Kitabşünaslıq və nəşriyyat işi” elmi-nəzəri və təcrübi jurnalın
təsisçisi və baş redaktoruyam. İldə 3-4 dəfə jurnal çap edilərək sahə
oxucularına, xüsusilə tələbələrə, nəşriyyat işçilərinə, müəllimlərə, mütəxəssislərə
elmi-nəzəri və təcrübi fikirləri çatdırır.
Ən böyük arzum Azərbaycan
kitabının inkişafını, nailiyyətlərini meydana çıxarmaq, dünya səviyyəsində
tanıtdırmaqdır. Bu məqsədlə hal-hazırda “Mətn nəzəriyyəsi” (magistrlər üçün dərs
vəsaiti), “Azərbaycan Respublikasının nəşriyyat sistemi”, “Azərbaycan kitab
tarixi”, “Dövri mətbuatın tipologiyası” kimi fundamental, monoqrafiyalar, dərsliklər
və dərsvəsaitləri üzərində işləyirəm.
Müsahibəni aldı: Leyla Abasova