İSTİ XƏBƏRLƏR
168saat.com » Cəmiyyət » Şəhər bələdiyyəsi rəsmisindən: "Qanun çərçivəsində mümkün olan bütün evlər sənədləşdiriləcək"

Şəhər bələdiyyəsi rəsmisindən: "Qanun çərçivəsində mümkün olan bütün evlər sənədləşdiriləcək"


Bildiyiniz kimi, cari ilin 23 dekabr tarixində yerli özünüidarəetmə orqanı olan bələdiyyələrə növbəti seçkilər keçirildi.

12 noyabr 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında ilk dəfə olaraq ölkəmizdə bələdiyyələrin yaranması, formalaşması və hüquqi statusu qanun çərçivəsində müəyyənləşdirilib. Dövlətçilik tarixinə mühüm hadisə kimi daxil olan bu tarixi gündən sonra, 1999-cu ilin dekabrında ilk bələdiyyə seçkilərinin keçirilməsi ilə hakimiyyətin əks mərkəzləşməsi prosesinə start verilib.

Bu il artıq bələdiyyələrin fəaliyyətə başlamasından 20 il ötür. Yerli özünüidarəetmə orqanları arasında Azərbaycanda ən böyük bələdiyyələrdən də biri Sumqayıt şəhər Bələdiyyəsidir. Vətəndaş cəmiyyətinin əsas atributlarından sayılan yerli özünüidarə orqanlarını elə təşkil etmək tələb olunur ki, insanlar öz fəaliyyətində yerli özünüidarəetmə orqanlarının varlığını və zəruriliyini hiss etsin. Bəs Sumqayıtda bu necə mümkün olur? Bu barədə Sumqayıt şəhər Bələdiyyəsinin sədr müavini Musa Həsənovla söhbətləşdik.

- Bu il bələdiyyələrin fəaliyyətinin 20 ili tamam olur. Musa müəllim, sizcə, ötən müddət ərzində bələdiyyələr yerli özünidarəetmə orqanı kimi formalaşa bildimi?

- Tarix baxımından 20 il elə də böyük bir zaman deyil, lakin eyni zamanda böyük bir müddətdir. Bələdiyyələrimiz, sanki, 20 yaşlı gənci xatırladır - bir az çılğın, bir az təcrübəsiz, arzuları böyük, amma imkanları məhduddur. Böyük işlər görmək istəyir, lakin o arzularla imkanlar üst-üstə düşmür. Enerjisi çoxdur, təcrübə isə azdır. Bələdiyyə son 20 ilin məhsuludur və Sumqayıtda olan təməl çox düzgün qurulub. Həmin dövrdə bələdiyyəyə indiki icra başçımız Zakir Fərəcov rəhbərlik edib və bələdiyyə ölkənin digər bələdiyyələri üçün sözün həqiqi mənasında bir təcrübə məkanı olub. Bələdiyyəmiz çox gözəl işlər görüb, layihələr həyata keçirib. Son dövrlərdə bələdiyyənin fəaliyyətində müəyyən səbəblərdən durğunluq yarandı. Bələdiyyə əvvəllər başladığı işləri, layihələri həyata keçirə bilmədi. Mən son beş ildə bələdiyyədə fəaliyyət göstərirəm. Bu müddət ərzində müəyyən layihələr həyata keçirilib.

- Cəmiyyətdə bələdiyyələr haqqında belə bir fikir formalaşıb ki, ancaq torpaq satmaq işlərinə baxır və bələdiyyə deyəndə yalnız bu fikir formalaşır. Ümumiyyətlə, bu, nədən irəli gəlir və bu fikri bələdiyyələr öz fəaliyyəti ilə aradan qaldıra bildimi?

- Təəssüflər olsun ki, siz deyən fikir doğrudur və bələdiyyələr haqqında cəmiyyət arasında ilkin fikir torpaq satan bir qurum kimi formalaşdı. Sumqayıt bələdiyyəsi nə qədər yaxşı işləsə belə, həmin fikri dəyişdirmək iqtidarında deyil. Çünki söhbət ümumən bələdiyyələrdən gedir. Müəyyən irəliləyişlər var, lakin bu etimad tam doğrulmayıb və bu gün bələdiyyə insanların gözlədiyi zirvəyə hələ də yüksəlməyib. Zaman ən böyük hakimdir, həmin fikrin formalaşması üçün də müəyyən bir dövr lazım olacaq. Bir sıra addımlar atılıb, bu gün Sumqayıt şəhər Bələdiyyəsinin timsalında həyata keçirilən layihələri misal göstərsək, insanlarda həmin fikri müəyyən qədər dəyişdirmək olar. Lakin bunun üçün hələ xeyli işlər görülməlidir və ilk növbədə hər şey insan faktorunda dayanır. Layiqli namizədlər və işgüzar inzibati əməkdaşlar sayəsində insanların bələdiyyələr haqqında fikirləri dəyişər.

- Musa müəllim, Sumqayıt şəhər bələdiyyəsinin əsas büdcəsi haradan formalaşır?

- Sumqayıt şəhər Bələdiyyəsinin büdcəsi vergi və ödənişlərdən - əmlak vergisi, icarə haqları, mədən vergisi, bələdiyyənin yaratdığı qurumlardan gəlir vergisi və sairələrdən təşkil olunur. Sumqayıt bələdiyyəsi dövlət tərəfindən maliyyələşmir. Qanunla da bələdiyyə yerli özünüidarəetmə orqanıdır, bu elə qurulmuş bir qeyri-dövlət sistemidir ki, qanun çərçivəsində öz işlərini həll edir. Hazırda şəhər bələdiyyəsinin büdcəsi 1 milyon 500 min manatdır.

- Bələdiyyənin mənzillərdən topladığı əmlak vergisi ilə Mənzil İstismar Sahələrinin (MİS) yığdığı ev pulu insanlar arasında çaşqınlıq yaradır. Son 4 ildə bələdiyyələr özəlləşdirilmiş mənzillərdən əmlak vergisi toplamağa başladı. Bu da insanlar arasında müəyyən narazılıqlarla müşayiət olundu.

- Bunun ilkin səbəbi insanların məlumatsızlığıdır. Həm bələdiyyələr, həm də MİS-lər insanları maarifləndirməlidirlər. 2015-ci ildən bu tendensiyaya başlanılıb. Bununla bağlı biz bir sıra işlər gördük, görüşlər keçirdik ki, insanlar arasında çaşqınlıq olmasın. Əmlak vergisi özəlləşmiş mənzillər üçün Sumqayıt şəhərində 1 kvadratmetr üçün 30 qəpik nəzərdə tutulub. Məsələn, 100 kvadratmetrlik mənzildirsə, onun 30 kvadrat metrini dövlət bağışlayır, qalan 70 kvadratın isə hər kvadratına il ərzində 30 qəpik pul ödənilir. Bu halda vətəndaş 21 manat əmlak vergisi ödəməlidir. Lakin MİS-ə ödənilən məbləğ isə xidmət haqqı sayılır. Yəni məişət tullantılarının daşınması, binaların bloklarının təmiri, şüşələrinin dəyişdirilməsi və sair xidmətlərə görə yığılan vəsaitdir.

- Hazırda vəziyyət necədir, əmlak vergisinin toplanmasında çətinliklər varmı?

- Bəli, çox çətinliklə də olsa, artıq insanlarda o mədəniyyət formalaşıb və tam olmasa da, qanunu bilənlər könüllü şəkildə gəlib ödənişlərini edirlər.

- Vergini verməyənləri qanunla hər hansı bir cərimə gözləyirmi?

- Qanunvericilikdə bununla bağlı heç bir cərimə nəzərdə tutulmayıb. Amma getdikcə təkmilləşən qanunvericilikdə bununla bağlı da yeniliklər olacaq və bu, öz əksini müəyyən qanun maddələrində tapacaq.

- Sumqayıt bələdiyyəsi olaraq son illərdə şəhərdə hansı işlərin görülməsində öz töhfənizi vermisiniz?

- Baxımsız vəziyyətdə olan bir fəvvarə yenidən quruldu, 2 saylı marşrut avtobusunun hərəkət yolunun asfalt örtüyü təmir olundu, Kimyaçılar qəsəbəsində 6 saylı uşaq bağçası təmir edildi, 33, 17, 18, 42 saylı marşrut avtobusların yolu genişləndirilərək, asfalt örtüyü yeniləndi, Sumqayıt musiqi məktəbi, teatrın ətrafındakı asfalt yolu və park təmir olunub. Həmçinin də 20 və 21-ci mikrorayonlarda daxili yolların asfalt örtüyü dəyişdirildi,  Yaşıldərə ərazisində müəyyən abadlaşma və təmir işləri həyata keçirildi və yeni yol çəkildi. Bütün bu işlər şəhər rəhbərliyinin tövsiyəsi ilə görülüb. Təkcə şəhər daxilində deyil, şəhərdən kənarda da məskunlaşan əhalinin yaşayışı rahat olmalıdır. Şəhərin daxili nə qədər abad və gözəl olsa da, kənar çirkli olduğu təqdirdə həmin çirkablar yenə də şəhərə axışacaq. Ona görə də şəhərin kənarı da abad və təmiz olmalıdır. Corat qəsəbəsində Azərbaycanın ilk qadın metallurqu Zəminə Həsənovanın büstü yenidən hazırlanıb. Ən başlıcası isə bələdiyyənin inzibati binası tamamilə yenidən təmir olundu və fəaliyyətimiz üçün yaxşı şərait yaradıldı.

- "Yaşıldərə" yaşayış massivində problemlər hələ də qalmaqdadır. Bu istiqamətdə hansı işlər görülüb? Şəhər ərazisində ən çox sənədsiz evlər də məhz bu yaşayış massivindədir. Evlərin sənədləşdirilməsi ilə bağlı irəliləyiş varmı?

- "Yaşıldərə" yaşayış massivi ilə bağlı tədbirlər planı hazırlanıb və bu istiqamətdə fəaliyyət davam edir. Sənəd vermək mümkün olduğu yaşayış evlərinin qeydiyyatı aparılıb və eyni zamanda qanunla icazə verilməyən ərazilərdə tikilən evlər də dəqiqləşdirilib. Bələdiyyə tərəfindən sənədləşmə üçün heç bir problem yoxdur və qanun çərçivəsində sənədləşməsinə icazə verilən bütün evlər sənədləşdiriləcək. Ərazinin əksər hissəsi yaşayış massivi kimi təsdiqlənib. Lakin 76-cı məhəllə deyilən ərazi sənaye zonası kimi gedir. Yaxın zamanlarda dəqiq rəqəmlər açıqlanacaq ki, neçə mənzil sənədləşdirilib və neçəsi isə qanunsuz ərazidə tikildiyi üçün sənədləşdirilməsi mümkün deyil.

- "İnşaatçılar" qəsəbəsindən və 21-ci məhəllədən çoxsaylı şikayətlər var. Sakinləri narahat edən əsas məsələlərdən biri həmin ərazilərdə məhəllədaxili yolların bərbad vəziyyətdə olmasıdır.

- Şəhər daxilində çox işlər görülüb. Biz də bu quruculuq işlərində gücümüz çatan köməklikləri edirik. Şəhər rəhbərliyi bildirib ki, 1 il ərzində şəhərdə asfaltlanmamış küçə və yol qalmayacaq.

- Sumqayıt bələdiyyəsinin beynəlxalq əlaqələri barədə nə deyə bilərsiniz?

- Beynəlxaq əlaqələr istiqamətində əməkdaşlıqlarımız davam etdirilir. Bələdiyyə səviyyəsində də müxtəlif ölkələrin bələdiyyələri ilə sıx əlaqələrimiz var. Gələcəkdə də bu əlaqələrimizi genişləndirməyi düşünürük. Təcrübə mübadiləsi hər zaman önəmlidir. Gələcək haqqında çox nikbinəm. Yaxın illərdə istədiyimiz səviyyəyə çatacağımıza ümüd edirəm.

Ən azı qonşu Türkiyə bələdiyyəsi səviyyəsinə çatmağımızı arzulayıram.


Söhbətləşdi: Ramil Zeynallı


Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Sumqayıtda kimlər bələdiyyə üzvü olmaq istəyir?
13:3117 dekabr

Sumqayıtda kimlər bələdiyyə üzvü olmaq istəyir?

Bildiyimiz kimi, Azərbaycanda hər 5 ildən bir yerli idarəetmə orqanlarından olan bələdiyyələrə seçkilər keçirilir. Bu il bələdiyyə seçkiləri dekabrın 23-də olacaq. Sumqayıt şəhəri üzrə də 4 dairə olmaqla 134 məntəqədə bələdiyyə seçkiləri keçiriləcək.

Daha çevik   və əlçatan!
18:0224 sentyabr

Daha çevik və əlçatan!

Azərbaycan müstəqillik yoluna qədəm qoyduqdan sonra ölkədə mühüm dəyişikliklər baş verdi, bazar iqtisadiyyatına keçid başlandı, sahibkarlıq fəaliyyətinin inkişaf etməsinə təkan verildi və mülki münasibətlərin yeni hüquqi müstəvidə irəliləməsində əsaslı dönüş yarandı.

Sumqayıt bulvarından reportaj
18:1030 aprel

Sumqayıt bulvarından reportaj

Yaponiyanın Osaka şəhərinin sadəcə Uzaq Şərqin deyil, dünyanın ən ecazkar şəhərlərindən biri olduğu, burada müasirliklə keçmişin, insan zəkasının yaratdığı xarüqələrlə təbiət gözəlliklərinin vəhdət təşkil etdiyi hər kəsə məlumdur.