İSTİ XƏBƏRLƏR
168saat.com » Cəmiyyət » Təklif: Qadınlar üçün sosial sığınacaqlar yaradılsın

Təklif: Qadınlar üçün sosial sığınacaqlar yaradılsın

 

Bu gün "Qonaq Otağı"nda baş ofisi Sumqayıtda yerləşən "Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım" İctimai Birliyinin sədri Zenfira Mustafayevadır.

- Əvvəla söhbətimizə bununla başlayaq ki, rəhbərlik etdiyiniz "Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım" İctimai Birliyinin yaradılmasına hansı səbəblər, məqsədlər gətirib çıxardı?

- Mən təşkilat yaradılmamışdan öncə şəhərimizdə orta məktəblərin birində müəllim işləyirdim. Hər zaman, eləcə də peşə fəaliyyətim dövründə  təşkilatçılıq qabiliyyətim, ictimai işlərə can yandırmağıma görə seçilirdim.  Buna görə həmişə ətrafımdakı şəxslər, dostlar, yoldaşlar məndən çox yaxşı QHT rəhbəri, hüquq müdafiəçisi ola biləcəyini söyləyirdilər. Və mən beləcə, İB-in əsasını qoymağı qərara aldım, 2003-cü ildə təşkilat yaradıldı. İB-i yaradarkən ən ümdə məqsədimiz ailələrdə hüquqların bərabər qorunması, qadınların təhsildən kənarlaşdırılmasına əngəl olub, onları təhsil ocaqlarına cəlb etmək, müstəqil, öz ayağı üzərində dayanmaq istəyən qadınlara iş qurmaqda köməklik göstərməkdən ibarət idi. Biz fəaliyyətimizin ilk illərindən "valideyn-şagird-müəllim üçbucağı" yaratmağa çalışırdıq və həmin şəxslərlə işin qurulmasında  psixoloqların əməyinin böyük olacağını başa düşürdük. Bu səbəblə də işin qurulmasını asanlaşdırmaq üçün qısa zamanda "Psixoloqların Resurs Mərkəzi"ni yaratdıq və həmin mərkəzdə psixoloqların özlərini daha da inkişaf etdirmələri üçün çeşidli kurslar təşkil etdik. Bütün bu işlərin daha rahat təşkil edilməsi üçün Təhsil Şöbəsinin o zamankı müdiri Vidadi Bağırov bizə yaxından kömək edirdi, belədə, biz məktəblərdə müəllim-şagird və valideyn kollektivi ilə tez-tez görüşlər keçirib, söhbətlər aparır, onların problemləri ilə maraqlanırdıq. Qeyd edim ki, məktəb psixoloqları ila sıx işbirliyimiz günü bu gün də davam edir. Təhsil Şöbəsi ilə bağladığımız memoranduma əsasən hər yay imkansız ailələrin övladları üçün məktəbli düşərgələri təşkil edirdik. 

Bizim məqsədlərimizdən biri də qadın və qızlarımızın hüquqlarının müdafiəsinin tam təmənnasız şəkildə həyata keçirilməsi idi. Qadın ailəsində zorakılığa məruz qalırsa, o evdən tək yox, çox vaxt övladı ilə birgə uzaqlaşdırılır. Təəssüf ki, Sumqayıtda qadınların zorakılıqdan müdafiəsi üçün sosial sığınacaqlar yoxdur. Ona görə bu, bir çox hallarda bizim işimizi çətinə salır. Təklif edərdim, belə bir sığınacaq yaradılsın. Onları sığınacaqları yerlərlə təmin etmək üçün Bakıya göndəririk ki, bu da bəzən bizə zorakılığa məruz qalmış xanımlarla işimizi istədiyimiz səviyyədə qurmaqda mane olur. 



- Ölkəmizdə qadın hüquqlarının qorunması hansı səviyədədir?

- Ölkəmizdə qadın hüquqlarının qorunması yönündə başda Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsləri və həyata keçirdikləri işlər olmaqla, ümumiyyətlə, böyük və çoxşaxəli işlər həyata keçirilir. Hər zaman tədbirin hansı bölgəmizdə keçirilməsindən asılı olmayaraq İB olaraq orada iştirak edirik və təmsil olunuruq. Etiraf edim ki, bölgələrdə tədbirlərin təşkil edilməsində bizim də öz yanlışlarımız var. Belə ki, biz səfər etməyi planladığımız rayonların əlaqədar qurumlarına hansı tarixdə gələcəyimizi bildiririk və onlar da zala rayonun müəllim, hansısa qurumunun işçisini, bir sözlə, ziyalı və ayağı üzərində durmağı bacaran xanımlarını toplayırlar, onlar isə özlərini təmin etmiş xanımlardır və mən onların məişət zorakılığına məruz qaldıqlarına elə də inanmıram.  Məişət zorakılığına məruz qalan xanımlar isə çox vaxt təhsilsiz, sosial-iqtisadi cəhətdən kişidən asılı olan qadınlar olurlar. Və biz bu günlərdə bu stereotipi qırdıq. Belə ki, biz səfərimizdən bir gün öncə əməkdaşlarımızı həmin rayona yardıma ehtiyacı olan xanımları məlumatlandırmaq üçün göndərdik. Görüş yeri kimi isə, İH-inin təklif etdiyi yeri yox, tamamilə fərqli yeri seçdik. Mən deyə bilərəm ki, bizim həmin səfərimiz daha səmərəli alındı. 

- Qadınların öz hüquqları ilə bağlı maarifləndirilməsində hansı tədbirlər görülür?

- Qadınların hüquqları ilə bağlı maarifləndirilməsində bütünlükdə dövlət miqyasında böyük işlər görülür. O cümlədən, rəhbərlik etdiyim ictimai birlik dediyim kimi mütəmadi olaraq bölgələrə səfərlər təşkil edir, məişət zorakılığına məruz qalmış xanımları Sumqayıtda ay içində bir neçə dəfə qəbul edir, onlarla psixoloji, hüquqi söhbətlər aparırıq. O cümlədən, televiziyalarımızda ailələrində əzilən qadınlara dəstək məqsədi ilə bir çox verilişlər hazırlanır, ancaq mən düşünürəm ki, bu tipli verilişlərin sayını daha da artırmaq lazımdır. Ən vacibi isə, artıq bu mövzulardan danışmaqdan çıxıb, əməli fəaliyyətə keçmək lazımdır, düşünməliyik ki, hansı yolu götürək, hansı çözüm yolunu tapaq ki, sözügedən problemi kökündən həll edək. İB hər zaman problemlərin həlli yönündə şəhər İH -inin dəstəyini duyub. Fürsətdən istifadə edib, "168 saat"  qəzeti vasitəsilə İH-inin müavini Ülviyyə Müzəffərovaya və Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürova təşkilatın işlərinin, sorğularının həllində göstərdiyi köməyə görə, dərin təşəkkürümü bildirirəm. 

- Qadınların bu cür birliklərdə təşkilatlanmağını feminizmin ifadəsi kimi düşünmək olar?

- Əslində, bu söz çox işlədilir. Bizim təşkilatımızın yarandığı ilk dövrlərdə bizi də feminizm təşkilatı kimi qələmə verməyə çalışanlar çox idi. Düzdür, həmin çağlarda bizim sıralarımızda əks cinsin nümayəndələri də xeyli çox idi. Ancaq yenə də bəhanə gətirilirdi ki, "nə olsun, feminist təşkilatlarında kişinin olmağı da adi haldır". Ancaq biz heç vaxt qadınların hüquqlarını müdafiə təşkilatından feminist təşkilatına keçid etməmişik, hər zaman balansı gözləyib "qızıl orta"nı qorumuşuq. Ancaq ölkəmizdə sizin dediyiniz tipli təşkilatlar kifayət qədərdir. Ancaq mən toplumda qadın-kişi bərabərliyindən yana olsam da, ailədə kişi hegemonluğunu dəstəkləyirəm. Biz tarixən hər zaman evdə atanın, kişinin sözünün daha ötkəm olmağının şahidi olmuşuq. Bunu əminliklə deyə bilərəm ki, atanın, kişinin zəhminin üstün olduğu evdə xeyir-bərəkət də, uşaqların bir-birinə və valideynlərə hörməti də olur. 

- Boşanmalara səbəb kimi nəyi görürsünüz?

- Çağdaş günümüzdə boşanmalara səbəb kimi bir çox halları göstərmək olar - qadınların evdə hegemon olmaq istəyini, ələlxüsus, qadınların dözümsüz olmağı, sosial şəbəkələrin oynadığı rol, sosial-iqtisadi problemlər və s. Ancaq mən boşanmalara ən böyük səbəb kimi övladlarımızı düzgün tərbiyə edə bilməməyimizi görürəm. Övladlarımızı bizim əvəzimizə toplum tərbiyə edir. Düzdür, onlara təhsil veririk, sayılıb-seçilən universitetlərdə oxuduruq. Müasir dövrdə çoxumuz öz tərbiyəmizi övladımıza aşılamaqda acizik. Bu isə öz növbəsində boşanmaların sayının günü-gündən artmasına gətirib çıxarır. Qızlarımızı əsl xanım, oğullarımızı əsl kişi kimi böyüdə bilmirik. Analar qızları ilə sirdaş, atalar da oğulları ilə dost kimi danışmalı, onları gələcək həyata hazırlamalıdırlar. Boşanmalara ikinci səbəb kimi elə boşanmaların özünü görürəm. Belə ki, boşanmış, maddi və sosial cəhətdən təmin olunmayan, öz ayağı üzərində dayanmaq gücündə olmayan xanım başqa bir evli kişiyə sığınmağa məcburdur. Beləcə, bu hal daha bir ailənin dağılmağına rəvac verir, beləliklə, proses zəncirvari qaydada davam edir. Ailələrin dağılmağına daha bir səbəb kimi qadınların təhsilsiz olmasını və erkən nikahları göstərə bilərəm. Erkən nikahlarda həddi-büluğa çatmayan qızlarla yaşı 30-a yaxın olan oğlanın izdivacı olur ki, yaş fərqinin gətirdiyi fikir, dünyagörüş ayrılığı da boşanmaya, daha doğrusu, ayrılmaya gətirib çıxarır. Mən erkən nikahdan bir müddət sonra qızla - oğlanın bir-birindən bu şəkildə kənarlaşmasını ayrılma adlandırardım. Çünki, boşanma rəsmi olan bir hadisədir, ancaq erkən nikahdan sonra ayrılma hallarında heç onların rəsmi nikahı da olmur. Elə əsl bəla da bundadır. Çünki boşanmada qız oğlandan aliment və ya hansısa mülkün bölünməsini istəyirsə, ayrılma hallarında xanım tamamilə heç nəsiz qapının kandarına qoyulur. 

- "Ailə institutu" deyilən anlayış var. Sizcə, biz müasir dönəmdə ailə dəyərlərini hansı səviyədə qoruya bilmişik?

- Bu ifadəni tez-tez işlədirlər. Ancaq mən deyərdim ki, Azərbaycanda "ailə institutu" deyilən anlayış yoxdur. Həmin anlayış o vaxt olardı ki, gənclərə kütləvi şəkildə ağsaqqal-ağbirçəyə hörmət aşılanardı. Bunun da ən asan yolu televiziyalardır. 40, 50 və ya daha çox il birlikdə ömür sürmüş böyüklər möhkəm ailə təməlini necə qoymağı gənclərə izah edər, yol göstərərdilər. Təəssüf ki, televiziyalarda isə çox vaxt bu tərbiyənin tamamilə əksini görürük. 

- Cəmiyyətimizdə uşaqlara qarşı zorakılıq hallarına tez-tez rast gəlirik. Bunun səbəbini nədə görürsünüz?

- Təəssüf ki, uşaqlara qarşı zorakılıq hallarına tez-tez rast gəlirik. Hər il bu hallar durmadan artır. Uşaqlara zorakılıq halları əsasən yaxın insanları - ata, ana, əmi, baba və s. tərəfindən olur. Bu zorakılıqlar müxtəlif sferada - psixoloji, iqtisadi, psixi zorakılıqlar ola bilər. Ən qorxuncu isə cinayət tərkibli zorakılıqlardır. Təəssüflər olsun ki, bu zorakılıq da daha çox yaxınlar, qohumlar tərəfindən edilir. Səbəb kimi qurulan ailələrinin üzvlərinin savadsız olmağı, sosial-iqtiadi problemlərinin həddindən artıq çox olması və zərərli vərdişlərin həyat tərzinə çevrilməsi, ruhi-psixi pozuntularının rast gəlinməsini söyləyə bilərik. 


Söhbətləşdi: Səbuhi Allahverdizadə

Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Peşə təhsilinə diqqət artırılır
10:5414 sentyabr

Peşə təhsilinə diqqət artırılır

Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə peşə təhsilinin inkişafı ilə bağlı ardıcıl tədbirlər həyata keçirilir. Dövlət peşə təhsili müəssisələrinin büdcədənkənar gəlir və xərclərinin şəffaf, səmərəli və mərkəzləşdirilmiş qaydada idarə olunmasının təmin edilməsi və peşə təhsilinin inkişafında

Ofelya Babayeva:  “Şagird dərsi auditoriyada   öyrənməlidir, kurslarda yox...”
18:5112 dekabr

Ofelya Babayeva: “Şagird dərsi auditoriyada öyrənməlidir, kurslarda yox...”

Bu gün "Qonaq otağı"nda fəxri təqaüdçü, Sumqayıt Təhsil Şöbəsinin keçmiş müdiri, filoloq, şair, əməkdar müəllim, "Tərəqqi" medalı və "Şöhrət" ordeninə layiq görülmüş Ofelya Babayevadır.

Əfqanıstan odlarından keçmiş sumqayıtlı professor
11:1819 sentyabr

Əfqanıstan odlarından keçmiş sumqayıtlı professor

Eyni şəhərdə - Sumqayıtda yaşayaraq 20 ildən çox tanışlığımız olsa da, Sahib müəllimlə daha yaxın münasibətimizin tarixçəsi cəmi bir-neçə ildir. Bizi Sumqayıt "Dostlar klubu" və bu klubun üzvü olan çox dəyərli ziyalılar birləşdirir. Biz tez-tez görüşür, müxtəlif müzakirələr aparır, bir çox həyati,

Bizimkilərin Dubay sərgüzəştləri
18:5217 iyul

Bizimkilərin Dubay sərgüzəştləri

1971-ci il dekabrın 1-də yaradılmış Birləşmiş Ərəb Əmirliklərinin ən böyük ticarət mərkəzi Dubaydır. 1985-ci ildə bu şəhər azad iqtisadi zona elan edilib. 1992-ci ildən sonra azərbaycanlılar buranı kəşf etdilər. Ərəbistanda ingilis dilini bilən qadınlara iş tapıldı. Onlar tərcüməçi və böyük ticarət