İSTİ XƏBƏRLƏR
168saat.com » Cəmiyyət » Sumqayıtın lift sistemində inqilabi innovasiya

Sumqayıtın lift sistemində inqilabi innovasiya

Cənubi Qafqazda ilk dəfə olaraq Sumqayıtın lift təsərrüfatında tətbiq edilən onlayn idarəetmə sistemi indi nəinki bu şəhərin, hətta əncənin, Mingəçevirin və Şəmkirin də ayrı-ayrı yaşayış sahələrindəki liftlərin 350-400 kilometr məsafədən gecə-gündüz - 24 saat ərzində dəqiqliklə, yüksək səviyyədə idarə edilməsinə, istismarına imkan verir


Vaxtın, zamanın sürətlə irəlilədiyi indiki kosmos və yüksək texnologiyalar dövründə dünyanın görünməmiş texniki sıçrayışlarla inkişaf etməkdə olan ölkələrində ucaldılan 40-50 və daha çox mərtəbəli göydələnləri onların ən mühüm infrastruktur elementi, vacib atributu sayılan lift sistemi olmadan təsəvvür etmək belə mümkün deyil. Lakin Bakıda ilk dəfə 1919-cu ildə tikilən məşhur 5 mərtəbəli binada olduğu kimi, sonralar 1960-65-ci illərdə Sumqayıtda inşa edilən 4-5 mərtəbəli binalarda da lift olmayıb. 

O vaxtlar bu barədə yəqin ki heç düşünülmürdü də, çünki hər bir ailə üçün ən vacibi müəyyən bir mənzilin olması idi, yuxarı mərtəbələrə piyada qalxmaq heç də çətin görünmürdü. Təkcə Azərbaycanda deyil, eləcə də Rusiyanın Moskva, Leninqrad (indiki Sankt-Peterburq) kimi iri şəhərlərindən başqa digər şəhərlərdə də lift xidməti olan binalar o qədər də çox deyildi. Bir zamanlar təkcə respublikamızda yox, bütün SSRİ-də böyük populyarlıq qazanmış "Liftçi qız" ("Azərbaycanfilm"in istehsalı) filmindən də göründüyü kimi, lift sistemi hətta paytaxt Bakıda belə ona xidmət edən xüsusi liftci olmadan, indiki kimi "özbaşına" işləmirdi. 

Vaxtilə əsasən 3 və 4-5 mərtəbəli binaların daha çox inşa edildiyi Sumqayıtda lift xidməti göstərilən ilk 9 mərtəbəli bina 1965-ci ildə şəhərin 3-cü mikrorayonunda tikilmişdi. Sonralar Sumqayıtın sürətli sosial-iqtisadi inkişafı şəhərin 15-ci məhəlləsində daha iki 9 mərtəbəli (1967-ci ildə), 1-ci mikrorayonda 8 mərtəbəli, 3-cü mikrorayonda üç 12 mərtəbəli və məşhur 14 mərtəbəli binaların inşası onların lift sisteminə xidmət sahəsinin yaradılmasını zəruri etdi. 

1969-cu ilin iyununda xalqımızın görkəmli oğlu Heydər Əliyev Azərbaycan rəhbərliyinə gəldikdən sonra illərlə ev növbəsində dayananların mənzilə olan ehtiyaclarının mümkün qədər çox və daha sürətlə ödənilməsi məqsədilə respublikamızda, o cümlədən Sumqayıtda hündür mərtəbəli müasir binaların inşa olunmasını mühüm bir sosial tələb olaraq ön plana çəkdi. O cür binaların tikintisini sürətləndirmək məqsədilə şəhərdə iri panelli Evtikmə kombinatının - DSK-3-ün yaradılmasına qərar verildi. 

Sumqayıtın yeni yaşayış massivlərinin - məhəllə və mikrorayonlarının hündür mərtəbəli binalarla ildən-ilə genişləndirilməsi, əmək adamlarının - minlərlə metallurqun, kimyaçının, inşaatçının, energetikin, təhsil, səhiyyə və digər sosial sahələrin işçilərinin mənzillərlə daha çox təmin edilməsi məhz DSK-3-ün fəaliyyətə başlamasından sonra mümkün oldu. Və bu, Ulu öndərin doğma xalqın sosial-rifah halının yaxşılaşdırılmasına göstərdiyi böyük diqqət və qayğının parlaq bir nümunəsi kimi bütün respublikada olduğu tək Sumqayıtın əmək kollektivlərində yüksək əmək coşqunluğuna, hər bir ailədə böyük sevincə-fərəhə səbəb oldu. Çoxmərtəbəli binaların sürətli inşası onların liftlə təmin edilməsi, lift xidmətinin daha da yaxşılaşdırılması məsələsini aktuallığa çevirdi.

1960-cı illərin ortalarında bu sahə ilə Rusiyanın "Soyuzliftmontaj" Trestinin Azərbaycanda yaradılmış bir idarəsi məşğul olurdu. Sonralar respublikanın Mənzil-Kommunal Təsərrüfatı Nazirliyinin nəzdində "Azərlift" idarəsi təşkil edilmişdi. Sumqayıtda isə onun cəmi iki nəfərdən ibarət kiçik bir qrupu vardı. Lakin peşəkarlığın kifayət dərəcədə olmaması, maddi-texniki təminatın zəifliyi liftlərə lazımi səviyyədə xidmət göstərilməsinə imkan vermirdi. 1990-cı illərin əvvəllərində respublikanın düçar olduğu ağır ictimai-siyasi vəziyyət şəhərin lift təsərrüfatına da özünün mənfi təsirini göstərdi. Ancaq yaxşı ki, çox keçmədən Sumqayıtın lift təsərrüfatının bərpasına, onun müasir, dünya standartlarına uyğun şəkildə yenidən qurulmasına nail olmağı bacaran bir yenilikçi, yaradıcı mütəxəssis tapıldı... 

Azərbaycan Neft və Kimya İnstitutunun məzunu olan, 30 ildən artıqdır ki, Sumqayıtın "Lift-servis" Birliyinə rəhbərlik edən Cümşüd İsmiyev bu sahəyə gələnədək şəhərin aparıcı müəssisələrindən olan Sumqayıt "Üzvi sintez" zavodunda, iri panelli Evtikmə Kombinatında - DSK-3-də, Yerli Sənaye Kombinatında (orada direktor müavini vəzifəsinə qədər yüksəlmişdi) və Kompressorlar zavodunda çalışmışdı.  1980-ci illərin sonlarında yığma sexinin rəisi kimi işlədiyi müəssisədə işlərin tədricən zəiflədiyi bir dövrdə təsadüf onu şəhərin lift idarəsinə aparır. Binalarındakı liftin işləməməsi ilə bağlı şikayətini bildirməyə getsə də, idarə ona yox, o idarəyə kömək etməli olur. O, lift mühərriklərinin sıradan çıxmasının rotor sarğıları ilə bağlı olduğunu bilib, mühəndis-energetik kimi onları təmir etməklə qısa bir zamanda bir-neçə liftin işinin bərpasına nail olur. Çox keçmədən öz təşəbbüsü ilə yaratdığı, uğurla işləyən sarğı sexi haqda məlumat Sumqayıtın o vaxtkı İcraiyyə Komitəsinin sədri - Avropa standartlı şəhər meri Rasim Eminbəyliyə də çatır. 

O vaxtlar respublika "Bakıliftmontaj" Trestinin idarə rəisi tərəfindən Sumqayıtın lift idarəsinin Gəncədəki eyni funksiyalı idarənin tabeliyinə verilməsini qəzəblə qarşılayan R.Eminbəylinin təklifi ilə Sumqayıtda liftlə bağlı bütün işləri (liftlərin alınması, quraşdırılması, istismarı və nəzarəti) həyata keçirməli olan müstəqil "Lift-servis" idarəsinin yaradılmasına qərar verilir və Cümşüd İsmiyev onun direktoru təyin edilir. Cümşüdün mühəndislik və yüksək təşkilatçılıq bacarığı sayəsində Sumqayıtın lift təsərrüfatında yeni bir canlanma, irəliləyiş başlayır. Aylarla təmirsiz qalmış liftlər bərpa edilərək, işə salınır. Liftlərin səmərəli, sakinlərin rahatlığı təmin edilməklə işləməsinə diqqət artırılır.     


Prezidentin sumqayıtlılara diqqət və qayğısı


Sürətlə, daha da inkişaf etməkdə olan bir şəhər kimi Azərbaycan Prezidenti İlham Əliyevin Sumqayıta diqqət və qayğısı son illərdə daha da artmışdır. Bunu təkcə yaşayış binalarının mühüm "infrastrukturu" olan lift sisteminin yaxşılaşdırılması, əhaliyə xidmətin yüksəldilməsi məqsədilə son 4 il yarımda şəhərin lift təsərrüfatının yenilənməsi üçün imzaladığı sərəncamlar da təsdiq edir. 

Belə ki, Prezidentin 13 oktyabr 2015-ci ildə imzaladığı sərəncama əsasən Sumqayıt şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan bu mühüm sahəyə 3,7 milyon manat, eyni məqsədlə daha sonra - 3 mart 2016-cı ildə 2,5 milyon, 2017-ci ildə 3,7 milyon, 2018-ci ildə 2,5 milyon manat, ümumilikdə - 13 milyon manatadək  vəsait ayrılmışdır. 

Məhz Prezidentin daimi diqqət və qayğısının nəticəsidir ki, son illərdə Sumqayıtın lift təsərrüfatının 76 faizi tamamilə təzələnmiş, hündür mərtəbəli binalar 450-dən çox yeni, müasir, elektron tipli lift kabinələri ilə təchiz edilmişdir. Bütünlükdə isə şəhərin 594 liftinin hamısı bu gün tam işlək vəziyyətə gətirilmişdir.  


Çox düzgün deyilib: "Zər qədrini zərgər bilər!"


Şəhərin liftlərinin daha çox dam örtüklərinin bəzi yerlərdə yararsız olması üzündən, mühərriklərin üzərinə yağış yağması səbəbindən sıradan çıxdığını müəyyən edən Sümşüd İsmiyev çox vaxtında - Sumqayıta yeni İcra başçısı təyin edilən, vaxtilə "bir komandada" işlədiyi Zakir Fərəcov şəhərdə tikinti-abadlıq işlərinə başlayarkən görüşlərin birində ondan dam örtükərinin ilk olaraq hündür mərtəbəli evlərdən başlanmasını xahiş etmişdi. Bunu onunla izah etmişdi ki, ki, həmin binalarda yerləşən liftlərin mühərrikləri onların üstünə yağış suları töküldüyündən tez-tez sıradan çıxır. Vaxtilə şəhərin Mənzil-kommunal təsərrüfatına rəhbərlik etmiş Zakir Fərəcov vəziyyətdən kifayət qədər xəbərdar olduğundan bu mühüm məsələyə çox diqqətlə, həssaslıqla yanaşmış və hündür mərtəbəli binaların dam örtüklərinin ilk növbədə təzələnməsi üçün müvafiq tapşırıqlarını vermişdi. 

"Lift-servis"in rəhbərini hələ lap çoxdan - 1991-ci ildən bəri narahat edən daha bir məsələ də var idi ki, Azərbaycanın ağır dövrü olduğuna görə maliyyə imkanının olmayacağını bilərək, onun həllini  bir qədər sonraya saxlamışdı. Lakin bir vaxt o barədə əvvəlcə bir İcra başçısına, daha sonra digərinə müraciət etsə də, onların heç birindən müvafiq diqqət və dəstək görməmişdi. 

İdeya isə çox mühüm əhəmiyyət kəsb edirdi. Belə ki, C.İsmiyev lift təsərrüfatında şəhər sakinlərinə xidmətin daha da yaxşılaşdırılması məqsədilə bütün lift sisteminin idarə edilməsini onlayn rejimdə, innovativ metodla həyata keçirilməsini təklif etmişdi. Görünür, onun marağı əvvəlki şəhər rəhbərlərinin maraqları ilə üst-üstə düşməmişdi (onların maraqları tamam başqa imiş...).

Cümşüd İsmiyevin ideyası yeni şəhər rəhbərinin ürəyincə olduğundan, tapşırıq verildi ki, əvvəlcə sınaq məqsədilə 4 lift üçün intellektual idarəetmə tətbiq edilsin, sonra uğurlu nəticə əldə edilərsə, bu iş genişləndirilsin. Çox keçmədən C.İsmiyevin rəhbərliyi ilə baş mühəndisdən, lift mühəndislərindən, proqramçılardan ibarət yaradıcı qrup işə başladı və ilk 4 liftin intellektual idarəetmə sisteminə qoşulmasına nail olundu - ilk sınaq 2017-ci ilin noyabrında uğurla başa çatdı. Yeniliklə yerindəcə tanış olmaq üçün şəhərin başçısı Zakir Fərəcov "Lift-servis"də oldu və görülən işin nəticəsindən razı qalaraq, təklif etdi ki, yeni idarəetmə sistemi əvvəlcə mikrorayonlardan birində tətbiq edilsin, sonra digər yaşayış massivlərində  də davam olunsun. İdarənin kollektivi bu işi ilk olaraq 18-ci mikrorayonda tətbiq etməyi qərara aldı. Orda istismarda olan 42 liftdə müvafiq işlər 2 ay ərzində başa çatdırıldı. Hər bir lift öz kodu ilə dispetçer xidmətindəki kompüterlərə "tanıtdırıldıqdan" sonra onlara gecə-gündüz - 24 saat ərzində onlayn nəzarət və xidmət edilməsi reallaşdı. Hər şey tam hazır olduqdan - 18-ci mikrorayonun lift şəbəkəsinin onlayn rejimdə işi mükəmməl şəkildə təmin olunduqdan sonra İcra başçısı Zakir Fərəcov kollektivlə bir daha görüşərək, mikrorayonun intellektual idarəetmə sisteminin açılışını etdi, Cənubi Qafqazda ilk dəfə olaraq tətbiq edilən unikal yeniliyə görə hamıya təşəkkürünü bildirdi, müvafiq təklif və tövsiyələrini verdi. Və şəhər rəhbərinin xeyir-duası ilə Sumqayıtın bütün hündür mərtəbəli binalarındakı liftlərdə innovativ idarəetmə sisteimi üzrə işlər uğurla davam etdirilərək, ötən ilin ortalarında - Sumqayıtın 70 illik yubileyi ərəfəsində tamamilə başa çatdırıldı. Bu, "Lift-servis" kollektivinin doğma şəhərin yubileyinə, sumqayıtlılara sevinc bəxş edən çox gözəl bir töhfəsi oldu! 

Hazırda kollektiv liftdən istifadə edən sakinlərə mədəni xidmətin daha da yaxşılaşdırılması ilə (kabinədə qalxıb-düşənlər üçün həzin klassik musiqinin, Azərbaycanın retro mahnılarının səsləndirilməsi ilə, profilaktik  tədbirlərlə) məşğuldurlar. Liftlərin olduğu bütün bloklarda və binaların damındakı maşın otaqlarında nəzarət kameralarının quraşdırılması, hər bir liftin özünün ayti ünvanının və №-sinin olması onların dinamikasını günün bütün saatlarında izləməyə imkan verir.

Qeyd edildiyi kimi, 24 fevral 2018-ci ildən etibarən bütün liftlərə 24 saatlıq nəzarətə başlanılmışdır (əvvəllər nəzarət yalnız səhər saat 7-dən axşam saat 23-ə kimi aparılırdı, qalan vaxtlarda liftlər başlı-başına, bir növ sakinlərin öhdəsinə, onların insafına qalırdı). Və hazırda sutkalıq, daimi nəzarət imkan verir ki, istənilən vaxt liftlərin dinamikasının gündəlik, həftəlik və aylıq cədvəli çıxarılsın. Həmin çıxarışlar baş mühəndis tərəfindən təhlil olunur. Əgər hansısa lift həftə ərzində qrafikdənkənar 5 dəfə dayanarsa, səbəbi araşdırılır, dərhal tədbir görülərək, işi bərpa olunur və dispetçer xidmətinin sərəncamına qaytarılır. Qəza vəziyyətlərinin qarşısının vaxtında, operativ alınması məqsədilə kollektivin bütün 140 əməkdaşı korporativ nömrə ilə ümumi rabitə sisteminə   qoşulmuşlar. Bu isə xidmət əməkdaşlarının bir-biri ilə, həm də sakinlərlə istənilən vaxt, heç bir maneə olmadan operativ əlaqə saxlamasına imkan verir. Baş verə biləcək qəzaların gecikmədən aradan qaldırılması üçün həm də növbətçi dipetçerlərin sərəncamına xüsusi uniforma ilə təmin edilmiş təmir briqadaları və 7 qəza xidməti maşınları verilmişdir.

- İntellektual idarəetmə sisteminin tətbiqinə nail olmaq, bu sahədə dünya təcrübəsini öyrənmək məqsədilə mən və mütəxəssilərimiz 10-dan çox ölkədə - Almaniyada, Çində, Koreyada, Polşada, Rusiyada, Ukraynada, Belorusiyada, Finlandiyada və digər ölkələrdə olub, məlumatlar toplamış, müqayisələr aparmışıq, - deyir Cümşüd müəllim. - Hər bir təcrübədən, gördüklərimizdən maksimum faydalanmağa çalışmışıq. Onu da deyim ki, həmin ölkələrin çoxunda müasir dispetçer xidmətləri olsa da, ən yaxşı model Finlandiya modelidir. Biz proqramçılarımızın və  pravayderimizin - "Alfa.net"in köməyi ilə etibarlı daxili internet şəbəkəsi yaratmışıq ki, bu da çox vacibdir, "Alfa.net" bizim üçün həm sürət, həm keyfiyyət, həm də qiymət baxımından sərfəlidir. Bu il müşahidə kameralarının artırılmasını, elektrik enerjisinin qəfil kəsilə biləcəyi hallar üçün hər blokda UPS-lərin quraşdırılmasını nəzərdə tutmuşuq. Belə olan təqdirdə işıqlar kəsidikdə belə sakinlər narahat olmadan mərtəbələrin hər hansı birində liftdən çıxmaq imkanına malik olurlar.  

Yenilikçi idarə rəhbəri onu da fəxrlə bildirir ki, hazırda Sumqayıt "Lift-servis"in kollektivi öz meridianlarını genişləndirməklə məşğuldur. Yeni sistem kollektivə imkan verib ki, sınaq olaraq Gəncənin, Mingəçevirin və Şəmkirin də bir-neçə hündür mərtəbəli binalarındakı liftlər Sumqayıtdan - 350-400 km məsafədən, distansion idarə edilsin. Təcrübə özünü tamamilə doğruldur.  

O da diqqətəlayiqdir ki, liftlərin intellektual idarə edilməsi metodunun bugünədək dünyada yalnız Finlandiyada analoqu var, hətta Rusiya, Çin kimi yüksək inkişaf etmiş ölkələrdə də belə bir sistemin tətbiqi hələlik yoxdur. Yeni, unikal idarəetmə sistemindən xəbər tutan qonşu Gürcüstan, eləcə də uzaq Monqolustan Sumqayıtın peşəkarlardan ibarət mütəxəssislər qrupunu dəvət edirlər ki, belə bir müasir idarəetmə sistemi onlarda da yaradılsın. 

Cümşüd İsmiyev onu da diqqətə çatdırdı ki, şəhər rəhbərliyinin göstərişi ilə yaxın vaxtlarda "Lift-servis"in yeni binasının inşasına start veriləcək. Və yəqin ki, bu ilin sonuna kimi kollektiv başlanılan səmərəli işləri özünün yeni ofisində daha uğurla davam etdirəcəkdir.   


Rəhman ORXAN, 

Respublikanın Əməkdar jurnalisti

Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO

Sumqayıtda 2019-cu ilin birinci yarısında hansı işlər görülüb?
14:5910 avqust

Sumqayıtda 2019-cu ilin birinci yarısında hansı işlər görülüb?

2019-cu ilin birinci yarısında Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli