İSTİ XƏBƏRLƏR
168saat.com » İdman » Hakan Ünsalla "əlifba dərsi"

Hakan Ünsalla "əlifba dərsi"

Əfsanəvi türk futbolçunun "168 saat"a eksklüziv müsahibəsi


Yəqin ki, ölkəmizin stajlı futbol azarkeşləri arasında ötənlərin məşhur türk futbolçusu Hakan Ünsalı tanımayan yoxdur. "Qalatasaray" UEFA və Super kuboku qazananda da, Türkiyə milli komandası Dünya çempionatının bürünc medalına sahib çıxanda da keçmiş müdafiəçi həmin uğurların əsas iştirakçılarından idi. Bu səbəbdən Hakan Ünsalın "168 saat" qəzetinə eksklüziv müsahibəsində   təkcə futboldan, sabiq futbolçunun karyerasından söz açmamağa qərar verdik. Çünki istedadına hər kəsin bələd olduğu Ünsalın karyerasından da əksər azarkeşlərin məlumatı var. Bu səbəbdən də "əlifba dərsi"nə dəvət etdiyimiz Hakan Ünsalla demək olar ki, bütün mövzularda danışdıq.


A -  Azərbaycan                                       

Azərbaycanı bir cümlə ilə Türkiyə ilə qardaş ölkə kimi xarakterizə edə bilərəm. Qısası, bir millət, iki dövlət deyə bilərəm.

B -  Bakı

Azərbaycan paytaxtına uzun müddət öncə gəlmişəm. İndi Bakının daha da gözəlləşdiyini bilirəm və yenidən orda olmağı çox istəyirəm.                                             

C - Cəza                                                    

İlk baxışdan cəza heç də xoşagələn bir şey deyil, amma bəzən cəzalar dərs çıxarılması baxımından əhəmiyyətli olur. 

Ç -  Çempionluq                                    

İstənilən sahədə qazanılan çempionluq çox önəmlidir. Bütün sahələrdə olduğu kimi, futbol aləmində də əldə olunan çempionluq əziyyət və əzmkarlıq hesabına başa gəlir.


D - Dostlar                                               

İnsanın yaxşı dostunun olması çox önəmlidir, amma indi əsl dost tapmaq çox çətindir. Sabiq futbolçulardan bir çoxu ilə dostluq münasibətlərimiz davam edir, ancaq ailəvi şəkildə görüşməyimiz çətindir. Keçmiş komanda yoldaşlarımın əksəriyyəti məşqçi kimi çalışdığından hər zaman görüşmək imkanımız olmur, amma yenə də imkan daxilində görüşürük.

E -  Ermənistan

Ermənistanı qardaşımın düşməni kimi xarakterizə edə bilərəm. Azərbaycanın ərazisinin müəyyən hissəsini işğal altında saxlayan bir dövlət haqqında yaxşı nəisə deyə bilmərəm.

Ə -  Əvəzetmələr                                      

Oyunçu əvəzetmələri futbolun bir parçasıdır. Məşqçilər əvəzləmələrlə qarşılaşmanın axarını dəyişməyə çalışır. Bu məsələyə oyunçular tərəfdən baxdıqda isə əvəzləmə anlarını oyundan çıxan futbolçunun kədərli, oynamaq imkanı qazanan futbolçunun isə sevincli məqamlar kimi xarakterizə etmək olar.

F -  Fatih Terim 

Fatih Terim haqqında yalnız böyük məşqçi ifadəsini işlədə bilərəm. Ona "imperator" ləqəbinin verilməsi də çox şeydən xəbər verir. Türk futboluna qazandırdıqları göz qabağındadır. 

G - Gənclik                                              

Bəlkə də insan həyatının ən gözəl dövrüdür. Heyf o günlərdən.

H -  Hakan Şükür                                   

Heç şübhəsiz, türk futbolunun ən yaxşı hücumçularından biri idi. Qol duyumu çox yüksək olan bir forvard idi.

X - Xəngəl   

Əslində, çox dadlı yeməkdir, amma xəmir yeməyi olduğundan çox yeyilməsi məsləhət deyil, çünki artıq çəki yaradır.

İ - İçki                                                    

İçki içən adam deyiləm. Heç kimə də məsləhət görmürəm. Nə qədər uzaq olsa, o qədər yaxşıdır.

J - Jurnalistika                                          

Bu peşə həm maraqlıdır, həm də çox çətindir. Uzun illərdir Türkiyə qəzetlərində köşə yazarlığı etdiyimdən jurnalistikanın çətin və maraqlı yönlərinə az-çox bələdəm. 

K - "Kurtlar Vadisi Pusu" serialı

Bu serial əsasən Türkiyədə və onun ətrafında baş verən hadisələri gündəmə gətirən bir serial idi. Artıq yayımlanmayan sözügedən serialı qaranlığa salınan işıq kimi qiymətləndirmək olar.

Q - "Qalatasaray"  

Uzun illər "Qalatasaray"da çıxış etmişəm. Karyeramın ən parlaq dövrü məhz "cim-bom"da keçib. Bu klubu ilklərin və böyük uğurların qazanıldığı yer kimi qələmə verə bilərəm.

L -  Liderlik                          

Liderlik bacarığı heç də hamıda olan bir özəllik deyil. Hər kəsə nəsib olmasa da, önəmli xususiyyətdir.

M - Milli komanda

Milli komanda bütün millət üçün qürur mənbəyi olur. Eləcə də yığma komandanın formasını geyən oyunçular üçün belədir. Seçmə komandada çıxış etmək futbolçu üçün həm qürurun, həm də həyacanın zirvəsi deməkdir.

N -  Namaz             

İnsana rahatlıq bəxş edən bir şeydir. Məncə, həyatın mənası və gözəlliyi məhz namazdadır.

O - Oyun alveri  

Heç vaxt oyun alverinin iştirakçısı olmamışam. Əks halda, əxlaqsızlıq etmiş, qarşı tərəfin əziyyətini "oğurlamış" olardım.

Ö - Övlad      

Hamı kimi mən də övladlarımı sevirəm. Onlarsız həyat təsəvvürə gəlməzdir. Övladlarıma olan sevgim üzündən hər cəhətdən məndən daha yaxşı olmalarını arzu edirəm. Sizə övladlarımla bağlı maraqlı bir məsələni danışa bilərəm. Həyat yoldaşım ilk uşağımızı dünyaya gətirmək ərəfəsində olanda mən UEFA Super Kubokunun final matçında iştirak etmək üçün "Qalatasaray"la Monakoya yollanmışdım. Qarşılaşmadan bir gün əvvəl övladım dünyaya gəlmişdi. Ümumiyyətlə, həmin dövrdə biz sıx qrafiklə oyunlara çıxırdıq ki, bu da ailəmə vaxt ayırmağa mane olurdu. Hamiləlik dönəmində əksər hallarda yanında olmaq imkanım olmamışdı. Bu səbəbdən də həyat yoldaşım oğlumuzun futbolçu olmaması üçün çox dua edirdi. (gülür- T.M.)

P - Pul                      

Həyatda pulun önəmini inkar etmək mümkün deyil. İnsanın təlabatını ödəmək üçün pul vacibdir, amma pulun həddindən artıq olması da problemdir.

R - Rəcəb Teyyub Ərdoğan

Türkiyə prezidentini əsl lider kimi xarakterizə edə bilərəm. Ərdoğon millətin sevimlisi, "xalqın adamı"dır.                        

S - Siqaret

Siqareti pis qoxusu olan zəhər adlandıra bilərəm.                                                  

Ş - Şirniyyat                

Düzdür, şirniyyat artıq çəkiyə səbəb olur, ancaq bununla belə, şirniyyatı çox sevdiyimi deyə bilərəm.

T - Ticarət   

Futbolçu karyeramı bitirdikdən sonra ticarətlə məşğul olmağa başladım. Bu səbəbdən ticarətin hazırkı həyatımda böyük yer tutduğunu qeyd etməliyəm. Ticarət mənim qazanc mənbəyimdir.                                   

U - Uşaqlıq illəri 

Uşaqlıq illəri insan həyatının ən qayğısız, ən problemsiz dövrüdür. Bu səbəbdən imkanım olsaydı, məmnuniyyətlə uşaqlıq illərimə geri dönərdim.                                 

Ü - Üstünlükləriniz   

Təvəzökarlıqdan uzaq olsa da, futbolçu kimi çox dözümlü, insan kimi isə saf adam olduğumu deyə bilərəm.                              

V - Vəzifə

Heç vaxt vəzifə düşkünü olmamışam və vəzifənin ardınca qaçmamışam. Ancaq belə demək mümkünsə, həmişə vəzifə özü məni tapıb.                                                 

Y - Yuxu  

İnsan həyatının normal olması üçün yuxu əhəmiyyətlidir. Yuxusuzluğun yaratdığı problemlər də yuxunun nə dərəcədə önəmli olduğunu ortaya qoyur.  

Z - Zəif cəhətləriniz

Hər kəsə tez inanmağım zəif cəhətim sayıla bilər. Futbolçu kimi isə çox əsəbi və aqressiv idim ki, bu da çatışmayan cəhətlərimdən idi.

Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Kubok kimin olacaq: "Sumqayıt"ın yoxsa "Qəbələ"nin?
18:4814 may

Kubok kimin olacaq: "Sumqayıt"ın yoxsa "Qəbələ"nin?

Həftəsonu Azərbaycanda cari futbol ilinə yekun vurulacaq. İki gün öncə yekunlaşan Topaz Premyer Liqasının ardınca bazar günü ölkə kuboku da sahibini tapacaq. Həlledici oyunda isə bu mövsüm çempionat yolu ilə avrokoboklara vəsiqə qazana bilməyən iki komanda - "Sumqayıt" və "Qəbələ" üz-üzə gələcək.

Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil  SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR
17:2710 iyul

Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR

Bugünkü tələbələrin maraq dairəsi, elmi-mədəni düşüncələri və digər baxışlarları haqda bilgilər əldə etmək yəqin ki, böyük əksəriyyət üçün maraqlıdır. Məhz bunu nəzərə alıb, "168 saat"ın "Sual kitabçası" rubrikasında müxtəlif təhsil ocaqlarının tələbələrinə müraciət etdik.

Bakı Avroliqanın finalı  üçün niyə düzgün seçimdir?
13:3528 may

Bakı Avroliqanın finalı üçün niyə düzgün seçimdir?

Sabah Avropa Liqasının final matçı keçiriləcək. Bakı Olimpiya Stadionunda baş tutacaq və İngiltərə derbisinə səhnə olacaq qarşılaşmada "Çelsi" ilə "Arsenal" qarşılaşacaq. Amma final görüşü ərəfəsində ölkəmizin adı ətrafında yaşananlar həlledici qarşılaşmadan daha çox əks-səda doğurdu. Məhz bu

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO