İSTİ XƏBƏRLƏR
168saat.com » Cəmiyyət » Ekologiya nazirliyinin sabiq departament rəhbəri ŞOK faktları açdı

Ekologiya nazirliyinin sabiq departament rəhbəri ŞOK faktları açdı

“Baş mühasib etdiyi maxinasiyaları köhnə tarixə və keçmiş nazirə bağlamaqla məsuliyyətdən qaçmaq istəyir”
Bir neçə gündür ölkə mətbuatında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə iclasının gedişatı işıqlandırılır.
Bakı Ağır Cinayətlər Məhkəməsində ETSN-in Hidrometeorologiya Departamentinin direktoru olmuş Əkbər Həsənov, Departamentin baş mühasibi olmuş İlqar Hacıyev, Departamentin digər əməkdaşları - Orxan Qasımov, Tural Hacızadə və Təbriz Əliyev də təqsirləndirilən şəxs qismində hakim önünə çıxarılır. Onlar dövlət büdcəsindən ayrılmış 451 min manatı mənimsəməkdə suçlanırlar.İttihamda yazılır ki, təqsirləndirilən şəxslər Departament daxilində 107 nəfərin adına kart açaraq dövlət büdcəsindən ayrılan vəsaiti nağdlaşdıraraq mənimsəyiblər.
Təqsirləndirilən şəxslərdən Əkbər Həsənov dəymiş zərərin 300 min manatını ödəyib. O bildirir ki, zərərin qalan hissəsini həbsdə olan İlqar Hacıyev ödəməlidir.
İlqar Hacıyev isə sonuncu məhkəmə iclasında ifadə verən zaman bir çox iddialar səsləndirib. O, həm Əkbər Həsənovu, həm də sabiq nazir Hüseynqulu Bağırovun ünvanına ittihamlar irəli sürərək qeyd edib ki, ittihamda göstərilən məbləğ sabiq nazirin istəyi ilə Əkbər Həsənov tərəfindən başqa bir şəxsdən borc olaraq alınıb. Daha sonra da həmin borcu qaytarmaq üçün əlavə olaraq 80 nəfərin adına kart açılıb, büdcədən ayrılan pullar nağdlaşdırılaraq borca ödənilib.
İlqar Hacıyev ifadəsində keçmiş müdiri Əkbər Həsənovun ünvanına da ittihamlar səsləndirərək qeyd edib ki, kartlardan çıxarılan bütün pullar ona verilib. O, özünü bu işdə qətiyyən təqsirli bilmir.
Bəs Əkbər Həsənov irəli sürülmüş ittihamlarla bağlı nə deyir?
Sonuncu məhkəmə iclasından sonra Əkbər Həsənov redaksiyamızla əlaqə saxlayaraq özü və sabiq nazir barədə səsləndirilən fikirlərə münasibət bildirmək istədiyini deyib. Əkbər Həsənov bidirib ki, mətbuat gedən məhkəmə prosesini İlqar Hacıyevin şantaj dolu istəklərinə uyğun işıqlandırır. Sabiq Departament rəhbəri deyib ki, İlqar Hacıyev səsləndirdiyi fikirlərlə özünü məsuliyyətdən kənarda qoymağa çalışır.
“İlqar Hacıyevin dediklərinin hamısı cəfəngiyyatdır. Mən bunun hamısını izah edəcəm. Əvvəlcə onu deyim ki, mən istintaqda da, məhkəmədə də demişəm ki, özümü qismən təqsirli bilirəm. Çünki ittihamda göstərilən cinayət əməllərinin bir qismi mənim xəbərim olmadan həyata keçirilib.
Etiraf edirəm ki, mənim xəbərim ola-ola 30-a yaxın karta pul köçürülərək nağdlaşdırılıb. Bəli, Departamentdə görülməli olan işlər üçün büdcədən vəsait ayrılırdı. Amma həmin vəsait kifayət etmirdi. Bu xərclərə internet və komunikasiya xətlərinin yenilənməsi, istilik sisteminin çəkilməsi və bir çox cari xərclər daxil idi.
2018-ci ildə Şahdağda alpinistlərin axtarışı üçün aylarla iş görüldü. Axtarışda 40-50 nəfər cəlb edilmişdi. Mən özüm də şəxsən axtarışlarda yaxından iştirak etmişəm. İşçilərin ərzaq ehtiyacı, geyim və lazım olan texnika bizim Departamentin hesabına təmin edilirdi. Çünki Şahdağ Elm Mərkəzi bizim balansımızda idi və işçilər də orada toplaşmışdı. Hətta axtarışa gələn başqa təşkilatların nümayəndələrinin də yerləşdirilməsi və qidalanması ilə də biz məşğul olurduq. Bu işlərin görülməsi üçün mən nazirdən heç bir göstəriş almamışam. Biz öz öhdəmizə düşən işi yerinə yetirmişik. Çünki orada insan həyatından söhbət gedirdi. Biz buna biganə qala bilməzdik”- deyən Əkbər Həsənov barələrində cinayət işi açılması və çalışdıqları müddətdə baş verən qanunsuzluqların üzə çıxması haqda da danışıb.
Əkbər Həsənov bildirib ki, yeni nazir təyin edildikdən sonra 2018-ci ilin oktyabr ayında ilk audit yoxlaması aparılıb. Həmin audit yoxlamasının nəticəsi olaraq 25 min manata yaxın kənarlaşma üzə çıxıb:
“Həmin kənarlaşma da işçilərə ayrılan yardım pulları ilə bağlı idi. Çünki işçilərin maaşı az olduğu üçün biz onlara yardım ayırırdıq. Lakin bizə bildirildi ki, bu, qanunsuzdur və nazirin göstərişi olmalıdır. Mən də bununla razılaşdım və məbləği ödədim.
Düşündük ki, bununla da yoxlamalar başa çatdı. Mən bundan artıq kənarlaşmanın olacağını düşünmürdüm. Həmin ərəfədə əlavə kartlar məsələsi üzə çıxmadı. Ardınca İlqar Hacıyev işdən çıxarıldı, mən isə baş məsləhətçi vəzifəsinə təyinat aldım.
Bir neçə ay sonra yenidən daxili audit aparıldı. Yoxlamaya nə mən, nə də baş mühasib çağırıldı. O zaman xəbər tutduq ki, artıq iş Baş Prokurorluğa göndərilib.
Təxminən 6 aya yaxın istintaq davam elədi. Müstəntiq 80 karta pul köçürüldüyünü deyəndə mən dəhşətə gəldim. Axı bu, necə ola bilərdi ki, mənim xəbərim olmayıb? Departamentin regional idarələri var idi. Qısa müddət olardı ki, Departamentin işçisayı 400 nəfərdən 1254 nəfərə qaldırılmışdı. İşçilərin maaşına da hər yerdə olduğu kimi baş mühasib nəzarət edirdi”.
Əkbər Həsənov deyib ki, İlqar Hacıyev ondan xəbərsiz əlavə olaraq 50-dən artıq kart yaradaraq məbləğləri nağdlaşdırıb:
“Məhkəmədə deyir ki, işçilərə ayrılan vəsaitdən mənim xəbərim olub. Guya mənə verilən siyahıda əmək haqqının ümumi məbləği, cədvəli yazılıb. Lakin bu, tamamilə yalandır. Hesablama cədvəli olmadan mənə siyahı verilib. Mən də 1254 nəfərə bir-bir baxmadan imzalamışam. Mən 25-30 kartdan xəbərdar idim. Amma istintaqda məlum oldu ki, kartların sayı 80 imiş.
İlqar Hacıyev Nərimanov Rayon Xəzinədarlığına da hesablama cədvəlini təqdim etməyib. İstintaq orqanı da bunu müəyyən edib. Həm də həmin sənədlər mənə gələndə artıq baş mühasib tərəfindən imzalanırdı. Onu da deyim ki, mənə təqdim edilən cədvəllərin arasına sonradan əlavə siyahı da qoymaq olardı.Məhkəmədə də məlum oldu ki, İlqar Hacıyev istintaqda etirafedici ifadə verib. Lakin indi fikrini dəyişib və bu cür yalanlar danışır”.
Hüseynqulu Bağırovun bu işlərdən xəbəri olubmu?
Əkbər Həsənov açılqamasında deyib ki, sabiq nazir Hüseynqulu Bağırovun bu işlərin heç birindən xəbəri olmayıb: “Mən kolxozçu oğlu idim. Mən bir mütəxəssis kimi çalışmışam. O, nazir təyin olunmazdan əvvəl də bu sistemdə işləmişəm.Departamentdə işləməyə isə hazırda nazirin müşaviri olan və həmin dövrdə departament rəisi kimi çalışan Xəlil müəllim Ramazanovun müavini kimi çalışmışam. Ondan əvvəl regional idarədə işləmişəm. Mütəxəssis kimi yetişmişəm və müavini olduğum departament rəhbəri Xəlil Ramazanov da, ondan yuxarı vəzifəlilər də, onlardan öncə işləyənlər də xidmətlərimi və bacarıqlarımı qiymətləndiriblər. 40 il bu sahədə can qoymuşam axı... İndi adama çox pis təsir edir ki, bu qədər əməyin üstündən xətt çəkmək istəyirlər”.
Sabiq departament rəhbəri Əkbər Həsənov çalışdığı müddətdə nazir Hüseynqulu Bağırova ayda 10 min manat nağd pul verməsi haqda İlqar Hacıyevin səsləndirdiyi fikirlərə də münasibət bildirib.
O deyib ki, bu fikirlər tamamilə cəfəngiyyatdır. Onun sözlərinə görə İlqar Hacıyev öz əməllərini gizlətmək üçün bunları edir: “Buna görə də gah mənim üstümə gəlir, gah da Hüseynqulu müəllimin adını çəkir, ona şər atır ki, vəziyyətdən çıxsın. Adam özü istintaqda 151 min manatı ödəyəcəyini deyirdi. Hətta həmin məbləği ödəmək üçün istintaqa yazılı ərizə ilə müraciət edib 20 dekabr 2019-cu il tarixinədək vaxt da almışdı. Amma mənimsədiyi vəsaiti ödəmək imkanı olsa da, ödəmədi. Düşünürəm, indi ona görə bu cür açıqlamalar verir ki, diqqəti özündən yayındırsın. Guya bununla məsuliyyətdən yayına biləcək”.
Əkbər Həsənov sabiq nazir Hüseynqulu Bağırovun üzüm bağlarına rayonlardan peyin daşınması, Qərb Universitetinin yeni korpusunun tikintisinə onlardan vəsait tələb edilməsinin də yalan olduğunu söyləyib. Mən departament direktoru ola-ola heç bunların varlığından da xəbərim olmayıb. Nazir belə məsələlərə heç kimi qatmırdı.
Haşiyə:
Yeri gəlmişkən, bu məsələ ilə bağlı “Yeni Müsavat”ın sorğusuna Qərbi Kaspi Universitetindən belə cavab verilib: “Universitetin binalarının tikintisi birinci qəpiyindən axırıncı qəpiyinədək universitetin və onun yaratdığın təşkilatların mənbəyi məlum olan vəsaitlərinin hesabına ödənilib. Bunu yoxlamaq çətin deyil. Gəli, hətta siz də tanış ola bilərsiniz. İstənilən şəxs universitetin binalarının tikintisi ilə bağlı müqavilələr, bank ödəmə sənədləri ilə tanış ola bilər. Bilmədikləri, başları çıxmayan məsələləri bəziləri şantaj aləti kimi nahaq istifadə etməyə çalışırlar. Bu itihamları deyənlər də, dedirdənlər də cinayət məsuliyyəti daşıyır”.

***
Əkbər Həsənov davam edir:
“Əsas məsələni qeyd edim ki, ittihamda yazılan mənimsəmə əməliyyatı son 4 ayda – 2018-ci ilin avqust, sentyabr, oktyabr və noyabr aylarında baş verib. Həmin ərəfədə isə Hüseynqulu Bağırov artıq nazir deyildi. Hüseynqulu Bağırov aprel ayında nazir vəzifəsindən azad edilmişdi. Bunun özü də sübut edir ki, İlqar Hacıyev məsuliyyətdən yayınmaq üçün Hüseynqulu Bağırovun adını çəkir. Azərbaycanda bu, adətdir. Bir adam vəzifədən getdikdən sonra onun haqqında hamı nə istəsə, deyir. Əgər nazirə pul vermişdiksə və geri almaq istəyirdiksə, gedib elə ondan istəyərdik də. Bunun üçün dövlət büdcəsinə və ya başqasının cibinə girmək nə qədər məntiqli və ağlabatandır?! İlqar özü bilirdi ki, yeni nazir gəlib və bir qədər boşluqdur. Həmin ərəfədə bu maxinasiyanı etdi.
İlqar deyir ki, guya mənim sürücüm kartlardan pul çıxarıb. Amma bu belə deyil. İstintaqda kartlardan pul çıxaran şəxslərin hamısının şəkli var. Onlar İlqarın sürücüsü, Tural və Orxandır. Bircə dəfə də olsun mənim sürücüm kartdan pul çıxarmayıb. Çıxarıbsa, sübut etsinlər, bakomatlardan pul çıxaranların fotoları var, orda mənim sürücümün fotosu yoxdur".
İlqar Hacıyev məhkəmədəki ifadəsində deyib ki, sabiq nazir Hüseynqulu Bağırov Əkbər Həsənovdan Salyanda zavod tikintisi üçün 215 min, 2018-ci ildə keçirilən seçkilərə görə isə 50 min tələb edib. Buna görə də Departamentin borcu yaranıb. İlqar Hacıyev söyləyib ki, həmin borcu bağlamaq üçün əlavə kartlar yaradıblar.
Əkbər Həsənov bu məsələyə də münasibət bildirib. Deyib ki, belə bir hal heç zaman olmayıb, ola da bilməzdi: “İlqar Hacıyev bunları bilərəkdən deyir. Söyləyir ki, guya səs yazısı, danışıqlar var. O zaman təqdim etsin və hər şey aydın olsun. Keçmiş nazir nəinki işçilərlə heç vaxt bu məzmunda heç bir söhbət etməyib, mən ümumiyyətlə, işlədiyim müddətdə bəlkə cəmi 3-4 dəfə onunla üz-üzə gəlmişəm, o da başqa işçilərlə eyni vaxtda. Bildiyim odur ki, keçmiş nazir işçilərlə qətiyyən bu cür münasibətdə olmayıb. Məndən öncəki departament direktoru X.Ramazanov başqa işə keçiriləndə mən avtomatik olaraq departament direktoru müavini kimi direktorun vəzifəsini icra etməyə başladım. Xeyli vaxt keçəndən sonra bir neçə bu cür vəzifələrdə əvəzedici kimi çalışan işçilərlə eyni zamanda bizi heç söhbətə çağırmadan vəzifələrimizə təsdiq etdilər. Mən indiyə qədər hesab edirəm ki, buna görə Xəlil müəllimə və aparat rəhbəri Rövşən müəllim Cəlilova minnətdar olmalıyam, çünki görünür, nazirlikdə barəmdə müsbət rəy veriblər... İndi departamentin direktoru ola-ola, hər halda, siyuasiyadna xəbərdar olmalı olan şəxs - yəni mən qalmışam kənarda Departamentdə mənim tabeliyimdə çalışan işçi Departamentin kimlə harda nə etdiyindən danışır. Bilmirsən, buna güləsən, ya ağlayasan. Mən heç nazirin yanına düşə bilirdim ki, bu cür şeyləri danışım?! Hansısa problemlər olurdusa, bunun üçün müvafiq şöbələr var idi, aparat var idi, kurasiyasinda olduğum müavin və nahəyət, məndən öncəki direktor yüksək vəzifədə idi. Bu qədər adam kənarda qalırdı, biz birbaşa nazirlə nəyisə müzakirə edirdik?! Bu adamın sözündən belə çıxır ki, mən hər gün nazirlə oturub şəxsi işləri müzakirə edirmişəm”.
Sullara cavab verən Əkbər Həsənov bildirib ki, sabiq nazir Hüseynqulu Bağırovun rəhbərliyi dövründə də dəfələrlə audit yoxlamaları aparılıb: “Həmin yoxlamalarda heç zaman qanun pozuntuları aşkar edilməyib. Hətta sonuncu dəfə 2017-ci ildə Hesablama Palatası tərəfindən nazirlikdə və onun tabeliyində olan qurumlarda yoxlamalar aparılmış və bu zaman da hər hansı bir pozuntu aşkar edilməmişdir.Bir məsələni də qeyd edim ki, Hüseynqulu Bağırovun rəhbərliyi altında işləmiş şəxslər indi də yeni nazirlə çalışır. Hətta onlar arasında daha yüksək vəzifələrə təyin edilənlər də var. Məsələn, departamentin məndən əvvəlki direktoru olmuş Xəlil Ramazanov bugünki gündə yeni nazirin müşaviri vəzifəsində çalışır.Əgər bu cür qanunsuzluqlar uzun müddət olsaydı, indi həmin şəxslərə yüksək vəzifə verib, etimad göstərərdilər?!”.
Əkbər Həsənov cinayət işi üzrə müəyyən edilən 451 min manatlıq zərərin 300 min manatını ödəyib. İlqar Hacıyev iddia edir ki, həmin 300 min manatı Əkbər Həsənovun əvəzinə Hüseynqulu Bağırov ödəyib.

Əkbər Həsənov bu məsələyə də münasibət bildirib, deyib ki, 300 min manatı şəxsən özü ödəyib:
“Mən ömrümüvicdanla yaşamışam. 62 yaşım var. Ətrafımda dostlarım, xətrimi çox istəyən adamlar var, övladlarım var. 300 mini borc alaraq ödəmişəm. Bir azını özüm düzəltdim, oğlum kredit götürdü, dostlarından borc aldı, mənim də dostlarım öz təşəbbüsləri ilə mənə kömək elədilər. İlqar deyir ki, indi heç kim heç kimə min manat da borc verməz. Verər, amma baxır necə həyat yaşamısan.
Mən ona vəkilim vasitəsi ilə də xəbər göndərdim ki, dövlətə vurulan zərər ödənməlidir. Amma o, işi bu vəziyyətə gətirərək mənə şər atmağa başladı. Həbs olunacağımı bilsəm də ona kömək etmərəm. Mənim 40 illik əziyyətimi heç etdi, məni yıxdı. Yazırlar ki, mənim İsmayıllıda, Qəbələdə, Ağdaşda əmlaklarım var. Kim bilirsə, gətirib ortaya qoysun və mən də cavab verim. 20 ildən çox İsmayıllıda çalışmışam. Orada 3 otaqlı evim var. Mənim səmimiyyətimə inanın. İstintaqda da müəyyən etdilər ki, mən bu işdə günahkar deyiləm. Qismən özümü təqsirli bilirəm və bu etdiyimə görə də cavab verirəm. İlqar Hacıyev çoxsaylı maxinasiyalara yol verib və bilirəm ki, vurduğu ziyanı çətinlik çəkmədən bərpa edə bilər. Məsləhət görürəm ki, bərpa etsin. Bu, ona daha çox kömək edər, nəinki başladığı şantaj”.
Rəy bildir +
Oxşar xəbərlər
Terror planı: "Sumqayıt camaatı" adlı qrupun üzvləri Bakıda qarətlər törətməli, əldə edilən pul vəsaiti hesabına əlavə silah-sursat tədarükü görməli, terrorçuluq hərəkətləri həyata keçirməli idi
11:4218 sentyabr

Terror planı: "Sumqayıt camaatı" adlı qrupun üzvləri Bakıda qarətlər törətməli, əldə edilən pul vəsaiti hesabına əlavə silah-sursat tədarükü görməli, terrorçuluq hərəkətləri həyata keçirməli idi

Ötən həftə Sumqayıt Apelyasiya Məhkəməsində "Meşə qardaşları" adlı qanunsuz silahlı birləşmələrdə döyüşməkdə təqsirləndirilən Əhməd Məhərrəmovun şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Sumqayıtın məktəb direktorları neçə yaşdadırlar?
15:3120 noyabr

Sumqayıtın məktəb direktorları neçə yaşdadırlar?

Son zamanlar ölkədə müxtəlif sahələrdə rəhbər vəzifələrdə çalışan şəxslərin yaş həddi gündəmin mövzusuna çevrilib. Mövzunun oxucular üçün maraqlı olacağını nəzərə alaraq Sumqayıt şəhər orta ümumtəhsil müəssisələrinin direktorlarının yaşını araşdırdıq.

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Azərbaycanlı Cek Potreşitel
12:0916 may

Azərbaycanlı Cek Potreşitel

İlkin Fəxrəddin oğlu Qasımovun 29 yaşı olsa da 29 qramlıq ağlı yox idi. Bu adam bəd əməllərini əyalətdə həyata keçirə bilmədiyindən Bakıda məskən salmışdı. Burada da ki, gecə qara, cücə qara olan kimi evdən çıxır, gah içki məclislərində olur, gah kimisə aldadır, gah kimisə bıçaqlayır, ya da zor

Iki bacısını qətlə yetirdi
15:0017 avqust

Iki bacısını qətlə yetirdi

Həbsxanadan çıxdıqdan sonra iki bacısını öldürən Buzovna qəsəbəsinin sakini növbəti dəfə hakim qarşısına çıxarılıb. Bakı Ağır Cinayətlər Məhkəməsində bacılarını bıçaqlayaraq öldürməkdə təqsirləndirilən 1976-cı il təvəllüdlü Əlimanov Muxtar Şirbala oğlunun cinayət işi üzrə məhkəmə iclası başlayıb.