İSTİ XƏBƏRLƏR
168saat.com » Cəmiyyət » Şeirlərinizdən ruhlanıb 4 düşmən tankını sıradan çıxardım Döyüşçülərin Səməd Vurğuna məktubları

Şeirlərinizdən ruhlanıb 4 düşmən tankını sıradan çıxardım Döyüşçülərin Səməd Vurğuna məktubları


Böyük Vətən müharibəsində qələbənin 75 illiyi münasibəti ilə filologiya elmləri doktoru Adilxan Bayramovun "Qələbə soraqlı yaddaş" yazısından bir hissəni təqdim edirik.

1941-1945-ci illər Böyük Vətən müharibəsində elm və mədəniyyət xadimləri tez-tez döyüşən orduda və arxada cəbhədə olur, döyüşçülər və əməkçilər qarşısında çıxış edir, onları ruhlandırırdılar. Bu baxımdan Xalq şairi Səməd Vurğunun müharibə dövründə həm əməli fəaliyyəti, həm də bədii yaradıcılığı xüsusi qeyd edilməlidir.

Səməd Vurğunla birlikdə dəfələrlə ön cəbhədə olmuş Xalq şairi Rəsul Rzanın xatirələrindən:

"Əsasən azərbaycanlılardan ibarət olan hərbi hissələrdə keçirdiyimiz bütün görüşlərin mərkəzində Səməd dururdu. Onu hər yerdə tanıyırdılar (bu, heç də asan deyildi, çünki hamımız qulaqlı papaq, sırıqlı gödəkcə, uzunboğaz çəkmə geymişdik, günlərlə üzümüzü qırxa bilmirdik, bir sözlə, çox ala-bəzək görkəmimiz vardı), "Şairimizə eşq olsun! Vurğuna salam!" sözləri ilə salamlayırdılar.

Səməd çıxışına adətən şeirlə başlamırdı. O, ən adi şeylər - ailə, qeyrət haqqında danışır, yeri gəldikcə Azərbaycanın şəhər və kəndlərində xalqın necə yaşadığından, cəbhəyə necə kömək etdiyindən söhbət açırdı. O, söhbətinin həyəcanını, gərginliyini getdikcə artırır, Azərbaycan xalqının zəngin qəhrəmanlıq tarixindən misallar gətirir, onun dostluğa sədaqəti, beynəlmiləlçilik ənənələri haqqında danışırdı... Səmədin çıxışları hər yerdə əsgərlər arasında böyük ruh yüksəkliyi doğururdu".

...Mənbələrdən məlum olur ki, xalqın tanınmış nümayəndələrinin döyüşçülərlə görüşləri ruh yüksəkliyinə səbəb olur, qələbəyə inam, düşmənə nifrət və intiqam hissləri aşılayırdı. Leninqrad şəhərinin faşistlər tərəfindən alınması barədə şayiələr yayılan zaman görkəmli şair və yazıçı Nikolay Tixonovun radio ilə çıxışını eşidən bir partizan demişdi:

"Əgər Tixonov radio ilə çıxış edirsə, deməli, o, Leninqradda, öz vəzifəsi başındadır. O, Leninqraddadırsa, deməli, şəhər möhkəm dayanmışdır".

Səməd Vurğunun döyüşçülərlə görüşləri, müxtəlif çıxışları, o cümlədən radio ilə çıxışları da əsgər və zabitlərə bu cür təsir bağışlayırdı. Bunu şairin şəxsi arxivində rast gəldiyimiz çoxsaylı cəbhə məktubları da sübut edir.

O vaxtlar cəbhə qəzetində işləyən, sonralar tanınmış ədəbiyyatşünas, Azərbaycan Respublikası EA-nın müxbir üzvü mərhum Abbas Zamanov şairə göndərdiyi məktubunda yazırdı:

"İstiqbal təranəsi" şeirin dərc edilən qəzetimizi və növbəti nömrəmizi göndərirəm. Bundan sonra bütün nömrələrimizi müntəzəm surətdə alacaqsan. Bizi unutma, vaxt tapdıqca, qəzetimizə şeir göndər, döyüşçülərimiz öz şairini oxumaq istəyirlər. Sənin şeirin çap olunan nömrəmiz hissələrdə dərhal yayılır..."


Bir qrup döyüşçü belə yazır:

"Əziz və hörmətli şairimiz Səməd Vurğun! Sizin radio ilə çıxışınızı səngərdə dinlədik. Səsinizi və odlu misralarınızı dinləyərkən elə bil ki, üzərimizə canlandırıcı bahar yeli əsdi, qolumuza yeni qüvvət, gözümüzə yeni işıq gəldi. Azərbaycanlı, rus, gürcü, ləzgi və s. millətlərdən olan döyüşçülərimiz hamısı eyni ruhla Sizi alqışladı, yad etdi, "ura" səsləri göyə yüksəldi..."

Qvardiya serjantı Həbib Quliyevin məktubunda oxuyuruq:

"...Sizin döyüşçülər haqqında çıxışlarınızı və şeirlərinizi xüsusi bir həvəslə oxuyuram. Bunlar bizim döyüşçüləri ruhlandırır. Mən döyüşdə düşmənin dörd tankını sıradan çıxardım. Məni mükafata təqdim etdilər..."

Döyüşçü Abuzər Hüseynov məktubunda şairin cəbhə ilə əlaqələrini və ayrı-ayrı döyüşçülərə qayğısını əks etdirir. Cəbhəçi yazır:

"...Sizin göndərdiyiniz sovqatı və məktubu aldım. Bunlar mənim üçün son dərəcə qiymətlidir. Mən Sizin məktubdan ruhlanaraq müqəddəs Vətənimizin müdafiəsi işində daha da cəsarətli və mərd olmağa söz verirəm... İnsan simasını itirmiş mənfur düşmənə qarşı gecə-gündüz əlimdə hazır tutduğum ən yaxın dostumla - silahımla son nəfəsimə qədər mübarizə aparacağam."

Şairin həmin illərdə arxa cəbhədə əməli fəaliyyəti də xüsusi qeyd olunmalıdır. Cəbhəçi ailələrin taleyi və dolanacağı onu düşündürür və o bu ailələrə həmişə öz kömək əlini uzadırdı.

Şairin qardaşı Mehdixan Vəkilovun yazdıqlarından:

"Səməd Vurğun Böyük Vətən müharibəsi illərində öz şəxsi qazancının mühüm bir hissəsini, bəzən mükafat aldığı böyük məbləği ölkənin "Müdafiə fondu"na verir və ehtiyacı olan əsgər ailələrinə paylayırdı. Şair mümkün qədər hamıya kömək göstərməyə çalışırdı. Səməd Vurğunun 1942-1943-cü illərdə Qazax və Ağstafa rayonlarının kəndlərini bir-bir gəzdiyini, tank və təyyarə fondlarına pul toplamaq kampaniyası apardığını və döyüşçü ailələrinin vəziyyəti ilə şəxsən tanış olduğunu və bəzi ailələrə maddi yardım göstərdiyini yaxşı xatırlayıram."

Döyüşçü Mustafa Hüseynovun məktubunda xeyirxah şairə minnətdarlıq ifadə olunur:

"Sevimli Səməd Vurğun, bu günlərdə öz oğlumdan məktub aldım ki, Siz bizim kəndə gedibsiniz və bizim vəziyyətimizlə maraqlanıb ailəmizlə görüşübsünüz. Bu, bizim üçün böyük şərəfdir. Çox sağ olun, arxa cəbhədə Sizin kimi dostların varlığı bizim üçün çox əhəmiyyətli və çox qiymətlidir".

Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Stalin Sumqayıt İstilik Elektrik Stansiyasına niyə təşəkkür məktubu göndərdi?
13:0930 may

Stalin Sumqayıt İstilik Elektrik Stansiyasına niyə təşəkkür məktubu göndərdi?

Sumqayıtın ilk müəssisəsi - İstilik Elektrik Stansiyası hələ müharibə başlamamışdan əvvəl ilk məhsulunu vermişdir. 1941-ci il fevral ayının 13-də müəssisənin I generatoru Bakının neft sənayesinə ilk cərəyan vermişdir. Müharibə illərində də İES tam gücü ilə işləmişdir. Müəssisənin 1943-cü il

Ermənilərə zərbə vuran hekayə: Cənubda qar uçqunları
12:2218 fevral

Ermənilərə zərbə vuran hekayə: Cənubda qar uçqunları

Qar dənəciklərinin rəqsinə tamaşa eləməyi çox sevirəm. Küləksiz, sakit havada yırğalana-yırğalana, ləngər vura-vura səmadan ta ki yerə kimi yol qət eləyib sonra da üzü üstə yerə döşənirlər. Qar yağmağa başlayanda ilk gələn dənəciklər ən altda, qar kəsən ərəfədə gələnlər ən üstdə, digərləri isə

Əfqanıstan odlarından keçmiş sumqayıtlı professor
11:1819 sentyabr

Əfqanıstan odlarından keçmiş sumqayıtlı professor

Eyni şəhərdə - Sumqayıtda yaşayaraq 20 ildən çox tanışlığımız olsa da, Sahib müəllimlə daha yaxın münasibətimizin tarixçəsi cəmi bir-neçə ildir. Bizi Sumqayıt "Dostlar klubu" və bu klubun üzvü olan çox dəyərli ziyalılar birləşdirir. Biz tez-tez görüşür, müxtəlif müzakirələr aparır, bir çox həyati,

Zakir Həsənov: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrində əsaslı islahatlar aparılır
23:0818 iyun

Zakir Həsənov: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrində əsaslı islahatlar aparılır

İyunun 18-də Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov mətbuat nümayəndələri ilə görüşüb və onları maraqlandıran sualları cavablandırıb.