İSTİ XƏBƏRLƏR
168saat.com » Cəmiyyət » Sumqayıtda yerləşən restoranın direktoru: "Nazirliyin açıqlaması bizi təəccübləndirdi"

Sumqayıtda yerləşən restoranın direktoru: "Nazirliyin açıqlaması bizi təəccübləndirdi"

Ötən həftə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Sumqayıtda yerləşən təmizləyici qurğular quraşdırılmayan 3 restoranla bağlı açıqlama yaydı. 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparat rəhbəri Vüqar Kərimov bildirmişdi ki, Bakı və Sumqayıt şəhərlərində keçirilən monitorinq zamanı təmizləyici qurğular quraşdırmayan 4 obyekt müəyyənləşib:
"Həmin obyektlər Sumqayıtda "Green House", "Dədə Qorqud", "Qubadlı" şadlıq sarayları və Bakıda "Qədim Şəki" restoranıdır. Nazirlik tərəfindən həmin obyektlərə icrası məcburi göstəriş verilib. Göstərişə əməl olunmasa, həmin obyektlərin fəaliyyəti dayandırıla bilər".
Məsələ ilə bağlı restoranların mövqeyini öyrənməyə çalışdıq
"Green House" restoranının direktoru Cavid Abbasov bildirdi ki, onlarda tələb olunan, nazirliyin qeyd etdiyi təmizləyici qurğular mövcuddur: "Gəlib, yerindəcə baxa da bilərsiniz. Açığı, nazirliyin bu açıqlaması bizi təəccübləndirdi. Monitorinq aparılıb və bildirilib ki, hər şey qaydasındadır. Bizdə bütün sistem işləyir. Elektrik xəttində xırda problem var idi, onu da aradan qaldırmışıq".

Adıçəkilən restoranlardan biri "Dədə Qorqud" restoranının administratoru Aslan Gülməmmədov "168 saat"a açıqlamasında bildirib ki, onlar nazirliyin tövsiyəsini nəzərə alaraq sistemi yeniləyirlər: "Biz havatəmizləyici boruları təmizlədik. İndi təmizləyici qurğunun quraşdırılması üçün müvafiq işləri həyata keçirən bir şirkətlə müqavilə bağlamışıq. Tezliklə gəlib  bu qurğuları quraşdıracaqlar".Məsələ ilə bağlı "Qubadlı" restoranının mövqeyini öyrənmək mümkün olmadı. 
Kamran
Rəy bildir +