İSTİ XƏBƏRLƏR
168saat.com » Cəmiyyət » "Tofiq əmi": "Oğlunu işə düzəltmək üçün 8 manatı 800-ə çevirməyi xahiş etdi"

"Tofiq əmi": "Oğlunu işə düzəltmək üçün 8 manatı 800-ə çevirməyi xahiş etdi"

Bu gün “Qonaq otağı"nda tanınmış illüziyaçı, Bakı Dövlət Uşaq və Gənclər Teatrının aktyoru Tofiq İsgəndərlidir.

- Sənətə maraq, həvəs, sizdə necə yarandı? Bu haqda danışmağınızı istərdik.

- Mənim bu sənətə marağım lap uşaqlıqdan olub. 5-6-cı siniflərdə oxuyarkən mən artıq gələcəkdə hansı peşənin yiyəsi olacağımı beynimdə qətiləşdirmişdim. Özlüyümdə qətiləşdirdiyim peşə illüziyanistlikidi. Öncə bunu deyim ki, dilimizdə bu sənətin adı gözbağlayıcılıq sənətidir. illüziyanist, illüziya  isə beynəlmiləl terminlərdir, latın sözü olan "illusion" kəlməsindən götürülüb, anlamı "yanlış təsəvvür" deməkdir. Ana dilimizdə tez-tez işlənən fokus sözü də alman sözü olub "insanları təəccübləndirən qeyri-adi hərəkət" deməkdir. O vaxt kəndimizə gözbağlayıcılar tez-tez gəlirdi. Mən də hər dəfə gedib onları çox böyük həvəslə, maraqla izləyirdim. Təsəvvür edin ki, onlar bu gün bizim kəndimizdə idilər, sabah isə qonşu kənddə. Mən bu gün onları həvəslə izləyirdim, sabah başqa kəndə də gedib həmin nömrələrə baxmaqdan doymurdum. Mənə onların etdiyi fokuslardan çox bunu necə etdikləri maraqlı idi. Odur ki,  diqqətim hər zaman bütünlükdə onlarda və gözbağlayıcıların əllərində olardı. Düşünürdüm ki, necə ağıllı adamdır, çünki bu nömrələri tapmaq üçün çox dərrakəli olmalısan. Ancaq sonralar bütün nömrələrin "Qızıl fond" da toplandığını bildim. Bu gün eyni fonddan bəhrələnərək bütün dünya gözbağlayıcıları istifadə edir, o cümlədən mən də. illüziyalara diqqətlə baxsanız, görərsiniz ki, əslində bütün fokusçular eyni nömrələri göstərirlər. Ancaq bu dediklərim əsla illüziyanist sənətinin korşalmış sahə olduğu demək deyil. Sənət dayanmadan inkişafdadır. Elə nömrələr var ki, kəşf olunduğu ölkənin adı ilə adlanır. Misal olaraq Çin həlqələri, Pakistan ipləri, Hind vazası və s. nömrələr var. Uşaqlıqdan mənim xalq nağıllarımıza, fantastik filmlərə böyük marağım olub. Elə bir film olmazdı ki, televiziyada göstərilsin və mən onu izləməmiş olum. Beləliklə,  bütün bu sadaladıqlarım uşaqlıqdan məndə illuzianist sənətinə maraq yaratdı.  

- Bir qisim nəsil var ki, sizi "Tofiq əmi" kimi tanıyıb seviblər. O zamanlar "Sehirli güzgü" verilişinin aparıcısı idiniz. İndi isə televiziyadan uzaq düşmüsünüz. Bu nə ilə bağlıdır?

- Bəli, bir neçə nəsil məni elə tanıdı və sevdi.  Mənim "Sehirli güzgü"mə baxa-baxa böyüyən uşaqlar bu gün mənə "Facebook" dan saysız-hesabsız ismarıclar yazırlar. Həmin ismarıclardan mən təsəvvür edilməyən qədər böyük güc alıram, ruh yüksəkliyi qazanıram. Onlar elə mənə "Tofiq əmi" deyə müraciət edirlər. Kilometrlərlə uzaqdan yazmaqlarına baxmayaraq kompüter qarşısından mən onların sevgisini duya bilirəm. Mən 15 il "Sehrli güzgü"nün aparıcısı olmuşam. Bunu da söyləyim ki, o vaxt məni ora Kamran müəllim dəvət edəndə adı "Kim yatmış, kim oyaq?" olan proqramı "Sehrli güzgü"yə dəyişdik. Verilişin reytinqi birəbeş artdı. "Sehrli güzgü" o vaxtlar dönəminin ən çox izlənən proqramı idi. Deyərdim ki, onun o zamanki yığdığı reytinqlə indiki verilişlərin reytinqini qarşılaşdırsaq, yenə  o veriliş reytinqdə çox proqramı geridə qoyar. Verilişin formatı belə idi ki, proqramın əvvəlində mən uşaqlara nağıllar danışır və ya sehr göstərirdim, sonda isə veriliş cizgi film nümayişi ilə sona çatırdı. Elə bir güclü verilişi AzTV-ə yeni sədr - Arif Alışanov gələn kimi heç kimə bəlli olmayan səbəbdən   bağladı. Mən televiziyalardan uzaq düşməmişəm. Dövlət və özəl televiziyalarımızın hər birinə təşəkkür edirəm ki, məni mütəmadi olaraq verilişlərə çağırırlar və bacardığım qədər iştirak etməyə çalışıram. Sadəcə olaraq, o vaxtlar hər kəs verilişin vaxtını əzbərdən bilirdi ki, hər gün saat 19:45 -də "Sehrli güzgü" başlayır və ona görə də məni xalq tez-tez görürdü. İndi isə çağırıldığım verilişlərin ekran ünvanı və vaxtı fərqli olduğu üçün qonaq olduğum veriliş kimin qarşısına çıxdısa, məni televiziyada görə bilir. 

- Bəzi adamlar illüziyaçılıqla falçılıq və ya ekstrasensliyi səhv salırlar. Buna münasibətiniz necədir?

- Dəfələrlə dediyiniz hallarla rastlaşmışam. Falçılıqla bağlı hansısa istəyi olan şəxslər mənə müraciət də ediblər. Onlara bizim sənətin mahiyyətini səbrlə izah edib yola salmışam. Bunu anlamaq lazımdır ki, illüziya sənətində ən başlıca olaraq texniki hazırlıq və əl cəldliyi dayanır. Nömrələrin reallaşmasında biz fizika, kimya kimi elmlərdən istifadə edib, zalda həmin sehrli atmosferi yaradırıq. Sizə bir neçə il bundan qabaq  başıma gələn maraqlı əhvalatı danışım. Bir gün maşını həmişə saxladığım ümumi dayanacaqda saxlayanda orada maşınlara nəzərət edən şəxs mənə yaxınlaşdı ki, oğlumu işə düzətməliyəm mənə sizin köməyiniz lazımdır. Ona əlimdən gələn köməyi etməyə hazır olduğumu dedim. Mənə bütün işi danışdı. Oğlunu işə düzətmək üçün 800 manat  pulunun çatmadığını deyib cibindən 8 ədəd manatlıq çıxardı və məndən onu 8 ədəd yüzlük etməyi xahiş etdi. Elə həmin günün dünəni mən televiziyaların birində həmin nömrəni göstərmişdim. Sən demə, o da həmin nömrəni izləyib. Ona hər şeyi çox çətinliklə izah edə bildim. Hətta bunun üçün bəzi nömrələrin sirrini də açmalı oldum. Bir manatı yüz manat edə bilsəydim, mən milyonçu olardım ki. Bir gün də fevral ayının soyuğunda bulvarda  Novruz bayramına hazırlıq məşqləri keçirdik. Bir neçə nəfər mənə yaxınlaşıb ciblərindən bir neçə manat çıxarıb verdilər ki, xahiş edirik bu pulları nə qədər çox böyük pula çevirə bilirsiniz edin. Düzü, mən bu cür sadəlövh adamların olduğuna, bu nömrələrin real ola biləcəyinə inandıqlarına görə təəssüf etdim.  Onları başa sala bilməyəcəyimi görüb dedim ki, ay qardaşlar, əgər mən bu pulları böyüdə bilirəmsə, mənim qışın bu soyuğunda məşqdə nə işim var? Falçılıq, ekstrasenslik isə fırıldaqçıqlıq, dələduzluq, şarlatanlıqdan başqa bir şey deyil. Onlar bəzi xırda fokuslardan istifadə edirlər ki, işlərini aşırıb camaatı inandıra bilsinlər. Mən tələbəlik dövründən bu günə kimi falçılıq, ekstrasenslik kimi sahələri dərindən araşdırıram. Bu günə kimi onların doğruluğunu sübuta yetirən cüzi də olsa, heç bir tapıntıya rast gəlməmişəm. 

- Sanki gözbağlayıcılıq sənətində ölkəmizdə durğunluqdur. Demək olar ki , heç bir illüziyaçı "Tofiq əmi" səviyyəsinə çata bilmir. Bunu nə ilə əlaqləndirirsiniz?

- Mən deyərdim ki, sanki yox elə həqiqətən ölkəmizdə bu sənətdə durğunluqdur. Əslində, bu sənət dünyanın hər yerində incəsənətin, şou-biznesin ən aparıcı qollarından biridir. Nədənsə, bizdə bu sənət unudulub və demək olar ki, bütün qayğılardan kənar qalıb. Bizdə lap əvvəl Xosrov Abdullayev adlı illüziyanist olub. O da Azərbaycan adına yox, Moskvada SSRİ adına illüziyaçılıq edib. Ölkədə hər zaman bu sahə ilə ermənilər və digər millətlər məşğul olublar. Başıma gələn bir əhvalatı sizə danışım. 1983-84-cü illərdə Dövlət Sirkinə seçmələr olan vaxt mən də ora qoşulmuşdum. Münsiflər heyəti mənim nömrələrimi bəyənib tərifləsələr də, rəqibim olan ermənini seçmələrdə qalib elan etdilər. Daha sonra mən onu bir neçə dəfə də gördüm və yenə eyni ssenari təkrarlandı. Deməyim odur ki, heç vaxt ölkədə azərbaycanlı illüziyanistlərə güvənilməyib. İnsana, peşəsinə onun milliyətinə görə yox, bacarığına görə qiymət vermək lazımdır. Heç kimin "Tofiq əmi" səviyyəsinə çata bilməməyinə gəldikdə isə bunun çox sadə bir səbəbi var. Çünki heç kim bu sənətə mənim qədər, vaxt, ömür, güc, pul sərf etməyib. Mən bütün ömrümü sənətə həsr etmişəm. Elə günüm olub ki, cibimdəki bütün pulu işim üçün xərcləyib özümə sadəcə bir manat pul saxlamışam. Üzləşdiyim bütün çətinliklərdən sonra mən həyatımı bu sənətə görə qurub nizama salmağı bacardım. Əgər hər hansı sənəti sevirsənsə, onda qorxmağa dəyməz. Çünki sevdiyin sənət səni heç vaxt darda qoymaz. Mənim bir sözüm var, hər zaman bunu deyirəm: "Sənətini sev ki, sənət də səni sevdirsin". Bu sənət xoşlayır ki, onunla peşəkar səviyyədə məşğul olasan. Bayaq dediyim kimi, düzdü, bütün nömrələr "Qızıl fond"dan bəhrələnərək həyata keçirilir. Ancaq sən özün də həmin nömrəni özünküləşdirməlisən. Eynilə təkrara getmək xoş hal kimi qəbul edilmir. Mənim 6 nömrəm dövlət tərəfindən qeydiyyatdan keçib və mənə həmin nömrələrə görə patent verilib. Dünyada hansısa nömrəyə görə müəlliflik hüququ alan barmaqla sayılacaq illüziyanist var ki, onlardan biri də mənəm. 1996 -ci ildə mən öz illüziya teatrımı -   "Tİ Magic"i yaratmışam. Daha əvvəl, bakıda 1980 -ci ildə Gənc İlluzianistlər Klubu yaratdım. Halbuki, həmin klub SSRİ miqyasında 1981-ci ildə yaradıldı. Bundan əlavə, 1985-ci ildə Memarlıq İnşaat İnstitutunda "Hoqqa" illüziyaçılar Studiyası yaratdıq.  Bütün bunları sənətin inkişafı üçün etdiklərim sırasında çəkə bilərəm.  Mən bu gündən sonra Azərbaycanda bu sənətin inkişafını görmürəm. Çünki ölkədə bu sənətlə məşğul olan şəxslər illüziyanistliyi öz ucuz kommersiya maraqlarına qurban veriblər. Onlar, sənətlə yox, sadəcə olaraq, daha çox pul qazanmaqla məşğuldurlar. Əgər kimsə, bu ölkədə özünü peşəkar illüziyanist adlandırırsa, mən ona izah və sübut da edə bilərəm ki, o, bu sənətdə nəinki peşəkar, heç həvəskar da deyil .

- Uşaqları əyləndirmək, yoxsa böyüklərin "gözlərini bağlamaq"? Hansı daha çətindir?

- Əlbəttə ki, uşaqları əyləndirmək daha çətindir. Çünki, onların beyni saf, təmiz olur və uşaqlar həmişə gerçəkliyə doğru  qaçır. Uşaqlar fokusları daha tez anlayırlar, onlardan fokusla bağlı hansısa bir sual soruşanda çoxu düz cavab verirlər. Sizin üçün çox sadə bir örnək çəkim, göydə asılı qalmış şarın orada necə dayandığını soruşsaq, uşaq şarın ipdən asıldığını deyəcək və düz də söyləyəcək. Böyüklərdən soruşduqda isə onlar bunu hansısa, elmi əsaslarla izah etməyə çalışacaqlar və yanlış cavab verəcəklər. Fokusların sirri həmişə sadə olur. Uşaqlar isə sadəni daha tez qavrayır. Ona görə də, uşaqları aldatmaq daha çətindir. Əgər tamaşaçının beynində  illüziyanistin şousundan sonra "o, bunu necə etdi?" - deyə sual yaranırsa, demək ki, həmin gözbağlayıcı peşəkardır. Həmişə tamaşaçını maraqlandırıb suallara qərq etmək lazımdır. Ancaq həmin sualları cavablandırmaq olmaz. 

- Maraqlıdır bomboş papaqdan dovşan necə çıxır və ya qutunun içində insan bir neçə yerə necə bölünür? Bu sirri bizə aça bilərsiniz?

- Papağın içindən dovşanın çıxarılması çox sadədir. Papağın içində gizli yer olur və dovşan orada gizlədilir. Həmin gizli yerə dovşan, göyərçin və digər kiçik canlıları sığdırmaq olar. illüziyanistlərin belə nömrələrdə dovşana üstünlük vermələrinin sirri ondadır ki, o canlı çox səssiz, dincdir. Dovşanı hara qoyursan, orada da qalır. Qutunun içində insanı bir neçə yerə bölmə nömrəsinin də bir neçə variantları var. Bayaq dediyim kimi, patent almış nömrələrimdən biri də insanı 2 yerə ayırma illüziyasıdır. Həmin nömrənin də bir neçə variantı var. Orada insan vertikal və ya horizantal olaraq bir neçə yerə ayrılır. Ancaq mən həmin nömrənin sirrini sizə aça bilməyəcəm. Çünki bu gün də o nömrə mənim ən sevdiyim və tez-tez işlətdiyim illüziyadır. Təkcə bunu deyə bilərəm ki, həmin nömrənin icrasında bəzən iki insandan, bəzən də süni bədən üzvlərindən istifadə olunur. 

- Ümumiyyətlə, bildiklərinizi öyrətməklə aranız necədir? Tələbələriniz varmı?

- Bildiklərimi mən hər zaman sevə -sevə öyrədirəm. Bəli, bu gün mənim tələbələrim də var. Onların arasında artıq tam bişib işə başlayanlar da az deyil. Ancaq mən hər kəsi öyrətməyi öhdəmə götürmürəm, əgər biri mənim tələbəm olmaq istəyirsə, hər şeydən əvvəl o insanın gözlərindəki alovu, həvəsi görməliyəm. Mən 1980-ci ildən tam   peşəkar olaraq sənətdəyəm, lakin belə artıq 40 ildir ki, illüziyanistlik sənəti ilə məşğul oluram. Ömür boyu min bir əziyyətlə  öyrəndiklərimi, qazandıqlarımı hələ tam olaraq heç kimə verməmişəm və  bundan sonra da vermərəm. Bu əsla o, demək deyil ki, tələbələrimlə könülsüz məşğul oluram. Onları sənətə tam hazırlayıram. 

- Müsahibələrinizin birində bu sənətdə pul olmadığını demisiniz. Bunu nə ilə izah edərsiniz?

- Bəli, belə bir fikir söyləmişəm. Fikrimi bununla izah edərdim ki, şou-biznesin digər qolunda yer alan müğənnilər qədər qazana bilmirik. Halbuki, onlardan qat-qat çox əziyyət çəkirik. Əgər biz hər hansısa tədbirə gediriksə, özümüzlə rekvizitlər, köməkçilər aparırıq. Bunların hamısı isə qiymətə təhsil edən amillərdir. 

Müğənnnilər isə illuziyanistdən daha az heyətlə tədbirə getməyinə, bizdən daha az əziyyət çəkməklərinə baxmayaraq daha çox pul qazanırlar. Bu sənətə Azərbaycanda tələbat yoxdur və buna görə də qayğıdan uzaq qalıb. Mən bu fikrimi belə izah edərdim. 

- Həqiqətən möcüzə yaratmaq gücündə olsaydınız, hansı möcüzəni ərsəyə gətirərdiniz? Dünyanın hansı nizamını dəyişərdiniz?

- Sualınıza tam səmimimiyyətimlə cavab verəcəm. Əgər mənim elə bir gücüm olsaydı, ölkələr arasında olan sərhədləri götürər vahid dünya dövləti yaradar, insanları vahid dil və dində birləşdirərdim. Bütün insanlar sevdiyi işlə məşğul olar, xoşbəxt və firavan yaşayardılar. Axı niyə dünya vahid ev olmamalıdır?! 

- Heç olub ki , fokus göstərərkən nömrənizdə nə isə düz alınmaya, qəza baş verə? Bu zaman özünüzü vəziyyətdən necə çıxarmısınız?

- İş olan yerdə yanlış da, qəza da olur. Bunlar iş əsnasında qaçılmazdır. Olub ki, mən nömrə göstərərkən başıma gələn xoşagəlməz hadisədən elə qaçmışam ki, tamaşaçı bunu duymayıb da. Fokusun altı qızıl qaydası var. Bunlardan biri də odur ki, əgər sənin nömrəndə nə isə alınmırsa, bunun üzərindən elə keç ki, tamaşaçı heç nə anlamasın. Qoy, o, sadəcə bunun belə olmalı olduğunu qəbul etsin. Bax, illuziyanistin ən böyük peşəkarlığı da elə bu qızıl qaydaya necə əməl etməsindədir. 

- Maraqlıdır "Tofiq əmi" nin sənətdə idealı kimdir? Kimi özünə ustad sayır?

- Düşünürəm ki, nəinki mənim hətta dünyadakı bütün illuziyanistlərin idealı Devid Kopperfilddir. 1980-ci illərdə artıq bu sənət dünyada süquta uğrayırdı. Kopperfild sənətdə yeni era yaratdı. Mənim bu sənətdə heç bir müəllimim olmayıb. Heç kim əlimdən tutub mənə hansısa nömrəni öyrətməyib. Mən hər şeyi oxuduğum kitablardan və televiziyada göstərilən şoulardan öyrənmişəm. Ona görə də, mən həm oxuduğum kitabların müəlliflərini, həm Devid Kopperfildi, həm də günü bu gün kimdən nə isə öyrənirəmsə, hamısını özümə ustad sayıram. 

- Tofiq müəllim, İlluzionistlər Assosiasiyasının prezidentisiniz. İstərdik Assosiasiyanın yaradılmağı, ümumiyətlə, onun haqda bir az ətraflı məlumat verəsiniz.

- İlluzianistlər Assosiasiyası biznes, kommersiya maraqları üçün yaradılmayıb. Bu, sırf ictimai təşkilatdır. Assosiasiya gənc illuziyanistlərin bir yerə yığıldığı bir yerdir, burada yeni nömrələrin müzakirəsi, fikir mübadiləsi aparılır, kiməsə məsləhət lazımdırsa, hamılıqla həmin adama daha doğru yolu görməkdə kömək edirik. 

Hazırladı: Səbuhi Allahverdizadə

Rəy bildir +
Oxşar xəbərlər
"Qara qutu"lar danışır
10:3914 may

"Qara qutu"lar danışır

Telefon zəng çalırdı. Özü də sanki bir az artıq səslə və həyəcanla. Səriyyə nənə həyətdən özünü yetirib dəstəyi qaldırdı. - Alo. - Nənə, uşaqlardan bizdə kim var? Xəttin o başından səsi gələn Çingiz idi. - Heç kim, ay bala, nə olub ki? - deyə Səriyyə nənə narahatlıqla soruşdu.

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Sumqayıtlı statusman: "Dünya savaşı telefonun ekranında gedir…"
17:0726 iyun

Sumqayıtlı statusman: "Dünya savaşı telefonun ekranında gedir…"

Iyunun 21-də sumqayıtlıların sevə-sevə Hümbət həkim adlandırdıqları Hümbət Həsənoğlu Quliyev 64-cü doğum gününü qeyd etdi. Qərara gəldik ki, bu münasibətlə onu "Qonaq otağı"nda qonaq edək. Kimdir Hümbət Həsənoğlu? Həkim, biznesmen, yazar. Ən əsası, vətən təəssübkeşi.

Malik Məmmədov: "Yaxınlarım məni buna görə hətta "nemes" adlandırırlar"
10:3314 may

Malik Məmmədov: "Yaxınlarım məni buna görə hətta "nemes" adlandırırlar"

Bu gün "Qonaq otağı"nda 29 yaşını qeyd edən"168 saat" qəzetinin məsul katibi Malik Məmmədovdur. Müstəqil Azərbaycanın ən qocaman, beş beynəlxalq mükafatla ən titullu qəzetlərindən biri olan "168 saat"la 1991-ci ildən bərabər addımlayıb Malik Məmmədov.

NÜVƏDİYƏ SON SƏFƏR
17:4302 sentyabr

NÜVƏDİYƏ SON SƏFƏR

Bizim iki UAZ maşınımız KQB-nin əməkdaşı Ş.Həsənovun müşayiəti ilə tozlu-torpaqlı yollarla Nüvədiyə səmt alır. Ora ilk dəfə getdiyimizdən, həm də Zenfira xanıma görə narahat olduğumuzdan (bunu qətiyyən büruzə verməməyə çalışsaq da) səbrsizliklə mənzil başına çatmağımızı gözləyirik. Hər an yolumuzda