İSTİ XƏBƏRLƏR
168saat.com » Cəmiyyət » Xilasedicilərin nağıl kimi əhvalatı

Xilasedicilərin nağıl kimi əhvalatı


Külək qayıqlarını Sumqayıt sahillərindən neft buruqlarına qədər apardı

Neft estakadasını yandırsalar da, V.Polyaniçko onların xilası üçün vertolyot göndərdi

Xəzər sahillərində yaşayan hər kəs bu dənizin çox çılğın, dalğalı, hadisə və sirlərlə dolu bir dəniz olmasından az-çox xəbərdardır. Düz 32 il bundan öncə dünyanın ən qapalı su hövzəsi sayılan Xəzərin Sumqayıt sahillərində 2 xilasedici ilginc bir olay yaşayıb. Filmə bərabər bu hadisə barədə çox az şəxs məlumatlıdır. Hadisənin çox maraqlı olduğunu nəzərə alaraq, qəhrəmanlardan biri, 1992-ci ildən Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan peşəkar üzgüçü Etibar Hüseynovla əlaqə saxladıq. O, Xəzər sularında xilasedici işlədiyi dövrlərdə yaşadığı və heç bir zaman da unuda bilmədiyi bir hadisəni bizə nəql etdi.

HAŞİYƏ: Etibar Hüseynov 1966-cı ildə Gəncədə doğulub, uşaq ikən ailəsi ilə Sumqayıta köçüb yaşayıb. Dediyinə görə, hər zaman özünü sumqayıtlı bilib və yaşadığı Birləşmiş məhəllədə (7-8-12-ci məhəllələr) hər kəs ailə üzvlərini Sumqayıt sakinləri kimi tanıyıb. 12 nömrəli tam orta məktəbi bitirən kimi üzgüçü olmaq qərarına gəlib. Ötən əsrin 80-ci illərdə xilaedici işləmək üçün yalnız yaxşı üzmək tələb olunurdu.

Etibar Hüseynovun danışdıqlarından:

...1988-ci ildə Sumqayıt şəhər suda xilasetmə stansiyasında xilasedici işləyirdim. Oktaybr ayının 1-i, ad günüm idi. Hava səhər çox mülayim və sakit görünürdü. Səhər saat 7 radələrində həmişəki kimi, motorlu qayıqla sahilboyu çimərlik ərazilərinə baxış keçirmək üçün dənizə çıxdıq…

Qayıqda xilasetmə stansiyasının rəisi Vaqif Rüstəmovla birlikdə idim. Baxış zamanı hər ikimiz sahildən xeyli uzaqda qaraltı gördük, yaxınlaşdıq, iri ağac parçaları idi. Bu zaman mühərrikin pərinə nə isə dolaşdı. Dolaşan kəndir və tor parçalarını təmizləsək də, mühərriki yenidən işə salmaq mümkün olmadı. Sanki, həmin gün hər şey bizim əleyhimizə işləməyə başladı. Bu azmış kimi, qəflətən fırtına qoparacaq bir külək qalxdı və qayığımızı sürətlə sahildən uzaqlaşdırdı... Çox çalışdıq, amma mühərrik işləmədi. Qayıqda yalnız bir xilasedici gödəkcə olduğundan heç birimiz onu geyinmədik. Nə biləydik ki, qabaqda bizi hansı sınaqlar gözləyir. Əsl fırtınanı ancaq filmlərdə görmüşdük. Həmin gecə çılpaq qalaraq alüminium qayıqda şiddətli küləklə üzbəüz - ölüm-dirim mübarizəsinə atıldıq.

Birimiz qayığa dolan suyu boşaldır, o birimiz isə qayıq aşmasın deyə tarazlığı saxlamağa çalışırdıq...Həqiqətən də təəccüblüdür, insan həyatda qalmaq uğrunda mübarizə zamanı bu qədər gücü hardan alır? Həmin an biz heç nə haqda düşünmürdük, bircə şey bizi düşündürür, narahat edirdi - Evdə bizi gözləyirlər…

Dalğalar üstümüzə hücum çəkir, sanki bizi udmağa çalışırdı. Çox yorulmuşduq. Ertəsi gün uzaqda neft buruqları gördük, var gücümüzlə qayıqdakı avarla həmin istiqamətə yönəldik. Çox sevinirdik, elə bildik bizi kimsə görüb xilasetmə tədbirləri görəcək. Amma yanılırdıq, bu köhnə neft buruğu kimsəsiz idi...

Çox çətinliklə də olsa, qayıqdan estakadanın tam çürük nərdivanına tullanmaq qərarına gəldik, yuxarı qalxıb, dəmir platformanın üstünə uzandıq, yorğunluqdan xeyli hərəkətsiz qaldıq. Bir müddət sonra ayıldıq və anladıq ki, burada heç kim köməyimizə gəlməyəcək. Amma Xəzərin qəzəbli dalğalarından qurtulduğumuza çox sevinirdik. Ağlımıza bir fikir gəldi. Platformanın yaşayış blokunda kibrit və xeyli kağız tapdıq, mazut çənini yandırmaq qərarına gəldik. Yanan mazutun alovu və tüstüsü çox yüksəklərə qalxdı. Bir neçə saatdan sonra bizi vertolyot tapdı və Sumqayıta Mehdi Hüseynzadə adına stadiona gətirdi. Meydançada bizi hələ bir gün öncə dənizdə batmış bilən iş yoldaşlarımız və yaxınlarımızla birgə Sumqayıt şəhər Xalq Deputatlar Sovetinin İcraiyyə Komitəsinin sədri Rasim Eminbəyli də qarşılayıb bağrına basdı.

Sən demə, güclü külək qayığımızı sahildən uzaqlaşdırarkən iş yoldaşımız Vidadi Rzayev hər şeyi görübmüş və dərhal bütün səlahiyyətli orqanlara zəng vurubmuş. Şəhərin ovaxtkı rəhbəri Rasim Eminbəyli də öz növbəsində Bakıya - Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinini ikinci katibi Viktor Polyaniçkoya telefon açıb, bizim axtarışlarımız üçün Zabrat qəsəbəsindəki aviapolkdan 2 vertolyot havaya qaldırılıb. Sonradan məlum oldu ki, güclü külək bizi cənub istiqamətində, Sumqayıtdan 80-85 km məsafədə dənizin orta hissələrinə aparıbmış...

Həmin gün çox ağır və həyacanlı idi, sözün əsl mənasında ölüm-dirim mübarizəsinə qatılmışdıq. Qocaman xilasedicilər və balıqçılar belə hava şəraitində bizim sağ qala biləcəyimizə inanmırdılar. Vertolyotdan sağ-salamat düşəndə heç kəs gözlərinə inanmamışdı. Hətta biz sonradan bildik ki, vertolyotları da havaya qaldırmağa tərəddüd ediblər. Hava şəraitinə görə bir neçə saat sonra bizim axtarışımıza qərar verilib. Hər dəfə hadisəni danışanda o anları yenidən yaşayıram. Həyatın və sevdiklərimizin qədrini bilməli, təhlükəsizlik tədbirlərinə ciddi riayət etməliyik.


Xədicə Səxavətqızı


Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Sumqayıt məktəblilərinin unudulmuş fədakarlığı...
15:4515 avqust

Sumqayıt məktəblilərinin unudulmuş fədakarlığı...

29 il əvvəl - 1990-cı il iyulun 10-da Sumqayıt məktəbliləri Müşfiq İsgəndərov və Nəriman Rzayev dənizdə boğulmaqda olan dostları Məlik Məlikovu xilas edərək, özləri sərt dalğaların qurbanı olmuşdular. Onların dəhşət doğuran faciəsi bütün yaşıdlarını, tanıyıb-bilən hamını sarsıtmışdı. Onlar 1-ci

NÜVƏDİYƏ SON SƏFƏR
17:4302 sentyabr

NÜVƏDİYƏ SON SƏFƏR

Bizim iki UAZ maşınımız KQB-nin əməkdaşı Ş.Həsənovun müşayiəti ilə tozlu-torpaqlı yollarla Nüvədiyə səmt alır. Ora ilk dəfə getdiyimizdən, həm də Zenfira xanıma görə narahat olduğumuzdan (bunu qətiyyən büruzə verməməyə çalışsaq da) səbrsizliklə mənzil başına çatmağımızı gözləyirik. Hər an yolumuzda

Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil  SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR
17:2710 iyul

Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR

Bugünkü tələbələrin maraq dairəsi, elmi-mədəni düşüncələri və digər baxışlarları haqda bilgilər əldə etmək yəqin ki, böyük əksəriyyət üçün maraqlıdır. Məhz bunu nəzərə alıb, "168 saat"ın "Sual kitabçası" rubrikasında müxtəlif təhsil ocaqlarının tələbələrinə müraciət etdik.

Əfqanıstan odlarından keçmiş sumqayıtlı professor
11:1819 sentyabr

Əfqanıstan odlarından keçmiş sumqayıtlı professor

Eyni şəhərdə - Sumqayıtda yaşayaraq 20 ildən çox tanışlığımız olsa da, Sahib müəllimlə daha yaxın münasibətimizin tarixçəsi cəmi bir-neçə ildir. Bizi Sumqayıt "Dostlar klubu" və bu klubun üzvü olan çox dəyərli ziyalılar birləşdirir. Biz tez-tez görüşür, müxtəlif müzakirələr aparır, bir çox həyati,