İSTİ XƏBƏRLƏR
168saat.com » İdman » İdman jurnalistləri Premyer Liqanın bərpasını necə qiymətləndirirlər?

İdman jurnalistləri Premyer Liqanın bərpasını necə qiymətləndirirlər?


Son bir neçə ayda bütün dünyanı ağuşuna alan koronavirus pandemiyası səbəbindən bir çox sahələrdə, həmçinin futbol təsərrüfatında da durğunluq idi. Nəhayət, ötən həftə Nazirlər Kabineti yanında Operativ Qərargahın növbəti brifinqində iyun ayının 1-dən açıq havada keçirilən idman yarışlarına azarkeşlərsiz icazə veriləcəyi açıqlandı.

Daha sonra isə Klublar Komitəsinin videokonfrans formatında keçirilən iclasından sonra ölkə Premyer Liqasının iyunun 21-də bərpa olunacağı rəsmən açıqlandı. Amma son vaxtlar ölkə ərazisində koronavirus xəstəliyinə yoluxma sayının sürətlə artması bu qərarı birmənalı qarşılamayanların sayını da artırdı. Bu yerdə ölkəmizin idman mediasının nümayəndələrinin məsələ ilə bağlı hansı mövqeydə olduğu da az maraq doğurmur. Məhz bunu nəzərə alıb, tanınmış idman jurnalistlərindən koronavirusa yoluxma sayının sürətlə artdığı bir vaxtda Azərbaycan Premyer Liqasının davam etdirilməsi ilə bağlı qərarı necə dəyərləndirdiklərini soruşduq.

Mehman Rəsulov 
(Real TV-nin redaktoru):

"Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarını izləyir və görürük ki, mütamadi olaraq yumşaldılmalar olur, həyat öz axarına qayıdır, amma bununla paralel olaraq vətəndaşlardan da tələb olunur ki, dövlət tərəfindən qoyulmuş qaydalara əməl etsinlər və öz sağlamlıqlarının qeydinə qalsınlar. İdman sevərlər, futbol azarkeşləri də çoxdandır bu sahə ilə bağlı qərar verilməsini gözləyirdilər və nəhayət, qərar verildi. Düzdü, ola bilsin ki, xüsusi karantin rejiminin qaydalarının yumşaldılması fonunda xəstə sayı artacaq, ancaq bu hal normaldır. Hər halda dünya praktikasında da belədir. Qısası, mən idmanla bağlı verilən qərarı məqbul sayıram. İdmanla məşğul olmaq və bununla paralel olaraq özümüzü qorumalıyıq."   

Kənan Məstəliyev 
("Rekord.az" saytının baş redaktoru):

"Çox doğru, hətta deyərdim bir qədər gecikmiş qərardır. Hamı başa düşür ki, biz, eləcə də dünyanın digər hissəsi koronavirusla birgə yaşamağa birlikdə yaşamağa öyrəşməliyik. Bu fikir Operativ Qərargahın da hər mətbuat konfransında səsləndirilir, həmçinin bu yaxınlarda dövlət başçımız İlham Əliyev də qeyd etmişdi. Sərt karantin rejimi uzun müddət davam edə bilməz, bu, mümkün də deyil. Qarşıdakı bir il ərzində biz bu xəstəliyi hiss etməli, ona qalib gəlməliyik, başqa yolu da yoxdur. Əsas odur ki, səhiyyəmiz buna tam hazırdır. Belə olan halda isə niyə də futbol olmasın? Onsuz da hamı psixoloji cəhətdən yüklənib, hər kəsdə bir daxili narahatlıq var. Öhdəsindən gəlməyin ən yaxşı yolu isə idman, futboldur. Premyer-Liqanın bərpası çox ciddi və müsbət addımdır. Alqışlayıram və dəstəkləyirəm."

Rəşad Ergün 
("Komanda.az" saytının baş redaktoru):

"Marşrutlar, küçələr, parklar insanlarla dolub-daşır. Əksəriyyəti də maskasız, sosial məsafə tələblərinə əməl etmirlər. Belədə, niyə Premyer Liqa davam etdirilməsin? Hətta deyərdim ki, oyunların azarkeşlərin iştirakı ilə keçirilməsinə icazə verilməlidir. Onsuz da bizdə stadionlarda azarkeşlər çox az olur."

Pərviz Musayev 
(CBC Sport-un əməkaşı):

"Prinsipcə, əgər digər sahələrdə yumşaldılma gedirsə, həmin yumşaldılmalar bir çox sferalara şamil edilirsə, niyə açıq havada keçirilən idman növünə aid edilməsin?! Məsələn, Almaniya Bundesliqası bərpa olundu. Türkiyə, İtaliya və İspaniya kimi ölkələrdə də tezliklə milli çempionat davam etdiriləcəksə, Azərbaycan çempionatını da bərpa etmək olar. Düzdür, artan yoluxma sayı narahatlıq yaradır, amma ya gərək bütün fəaliyyət sahələrində işlər dayandırılsın, ya da futbola da icazə verilsin. Bizim futbolun acı reallığı ondan ibarətdir ki, çempionat matçlarını izləməyə o qədər də çox azarkeş gəlmir. Odur ki, bunun yoluxma sayında ciddi artıma səbəb olacağı inandırıcı deyil. Yeganə narahatlıq odur ki, futbolçuların bir-biri ilə yaxın təmasda olması problem yarada bilər, amma klubların futbolçuları davamlı olaraq testdən keçirməsi arzuolunmaz durumun qarşısını alacaq. Bir sözlə, Azərbaycan Premyer Liqasının bərpa olunmasına ancaq və ancaq sevinə bilərəm." 


Araz Əhmədov 
"Sportfm.az" saytının 
baş redaktoru:

"Koronavirus pandemiyası dünya ölkələrinə bütün mənalarda çox ciddi mənfi təsir edir. Həmin təsir futboldan da yan keçməyib. Hazırda virusun vaksininin tapılması üzərində iş gedir. Və gec-tez koronavirusun vaksini tapılacaq. Təbii ki, həyat, cəmiyyət öz alışdığı ritmdə yaşamağa davam etməlidir. Karantin rejiminin uzun müddət tətbiq etmək mümkünsüzdür. Futbol da həyatın və yaşamın bir parçasıdır. Müəyyən sanitar normalar çərçivəsində artıq bir çox ölkələrdə çempionatlar bərpa edilib. Düşünürəm ki, Azərbaycanda da futbol yarışları bərpa edilməlidir. Azarkeşsiz olsa da, Premyer Liqamız qaldığı yerdən davam etməlidir. Biz bu virusla yaşamağa alışmalıyıq."


Ruslan Sadıqov: 
("Apasport.az" saytının əməkdaşı):

"Şəxsən mən Premyer Liqanın bərpasına virusun yayıldığı ilk gündən qarşı olmuşam. Fikrimi əsaslandıra da bilərəm. Almanların çempionatı bərpa etmələri, digər bir çox ölkələrin bərpa qərarı almaları AFFA-nı da bu yöndə addım atmağa vadar etdi. Halbuki "böyük beşlik"də, hətta Türkiyə kimi ölkələrdə iki amil bərpanı şərtləndirir. Birincisi, əksər ölkələrdə virusa yoluxma sayı get-gedə azalır. İkincisi isə bu 3 ayda böyük klublar külli miqdarda pul itkisinə məruz qaldılar. Hətta ortabab ölkələrdə bəzi klublar fəaliyyətini dayandırmalı da oldular. İstər FİFA, istər UEFA, istərsə də yerli federasiyalar gözəl başa düşürlər ki, klublara dəyən ziyanı tam olaraq sığortalamaq gücündə deyillər. Bu da istər-istəməz xüsusən Avropa futbolunu bir neçə il geri salar. İngiltərə, Almaniya, İtaliya, İspaniya kimi ölkələr çempionatı bərpa etməklə, ən azı teleyayım gəlirinin kəsilməsinin qarşısını alacaq.

Yaxşı, bəs Azərbaycan klubları nə itiriblər ki, çempionatın davamına məcbur qalıblar? Nə teleyayımdan, nə bilet, nə forma satışından qazanc götürürlər, nə də "Barselona" kimi bazalarında muzey yoxdur ki, camaat pulla gəlib ziyarət etsin. Klublarımız, onsuz da, "ələ baxırlar", onlara yatırım edən şəxslərin yalnız biznesinə koronavirusun mənfi təsiri ola bilər. Elə yüksək səviyyəli liqamız da yoxdur ki, deyəsən camaat çempionatı səbirsizliklə gözləyir. İlk "üçlük", demək olar ki, məlumdur. Avrokubokun 4-cü iştirakçısını da Fransa, Niderland kimi ölkələrin nümunəsini əsas götürüb, turnir cədvəlindəki mövqeyə uyğun müəyyənləşdirmək olardı. Nəzərə alaq ki, ölkəmizdə virusun ikinci dalğası dönəmi yaşanır və yoluxma hədsiz dərəcədə artıb. Belə bir vaxtda kimləsə bəhs etmək yox, ehtiyatlı davranıb, məntiqli qərar vermək lazım idi."


Kənan Hakimov 
(İctimai TV-nin idman departamentinin direktoru):

"Bildiyiniz kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 29-da keçirilən son brifinqində iyunun 1-dən açıq havada idman yarışlarının təşkilinə icazə verildi. Ardınca AFFA-nın təşəbbüsü ilə Klublar Komitəsinin ikinci videokonfransında Premyer Liqanın və ölkə kubokunun iyunun 21-də bərpa olunması qərara alındı. Qərarı müsbət dəyərləndirirəm. İstərdim ki, çempionatımız idman prinsipləri əsasında başa çatsın. Hər halda futbol voleybol və ya basketbol deyil. Üstəlik, Almaniya Bundesliqasının timsalında hətta pandemiya dönəmində həkimlərin tövsiyələrinə ciddi riayət etməklə azarkeşsiz olsa belə, çempionatın bərpasının mümkünlüyünə əyani şahid olduq. Yoluxma halı ölkəmizlə müqayisədə dəfələrlə yüksək olan Türkiyə və Rusiyada çempionatların iyunda bərpa olunma tarixləri bizdən daha öncə açıqlanıb. Qərbi Avropada pandemiyanın episentri sayılan İtaliyada A seriyasının, İspaniyada La Liqanın, İngiltərədə isə Premyer Liqanın bərpa tarixləri məlumdur. Belə olan halda biz niyə koronavirus pandemiyası dönəmində çempionatların bərpası ilə bağlı tətbiq olunan protokol qaydalara riayət etməklə oyunları keçirməyək?"


Tural MƏMMƏDOV

Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

NÜVƏDİYƏ SON SƏFƏR
17:4302 sentyabr

NÜVƏDİYƏ SON SƏFƏR

Bizim iki UAZ maşınımız KQB-nin əməkdaşı Ş.Həsənovun müşayiəti ilə tozlu-torpaqlı yollarla Nüvədiyə səmt alır. Ora ilk dəfə getdiyimizdən, həm də Zenfira xanıma görə narahat olduğumuzdan (bunu qətiyyən büruzə verməməyə çalışsaq da) səbrsizliklə mənzil başına çatmağımızı gözləyirik. Hər an yolumuzda

Sumqayıt necə dəyişir: uğurun xronologiyası
16:1103 iyun

Sumqayıt necə dəyişir: uğurun xronologiyası

Azərbaycanın müasir tarixinin yarım əsrdən artıq bir dövrü Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin respublikamıza istər birinci, istər ikinci rəhbərliyi dövrü tariximizin parlaq səhifələrini təşkil edir. Bu gün ölkəmizin harasına getsək, Heydər Əliyevin inkişafa və quruculuğa verdiyi

Proqnozlar  İdman jurnalistləri "Qarabağ"dan nə gözləyir?
11:5317 sentyabr

Proqnozlar İdman jurnalistləri "Qarabağ"dan nə gözləyir?

Ölkəmizin Avrokuboklarda yoluna davam edən yeganə təmsilçisi "Qarabağ" iki gün sonra Avropa Liqasının qrup mərhələsində mübarizəyə başlayacaq. İndi bütün futbol ictiamiyyətini Azərbaycan çempionunun qrup mərhələsində necə çıxış edəcəyi maraqlandırır. Bu baxımdan, ölkəmizin idman mediasının

Büdcəsi azaldılan klublar,   divizionda qalacaq   qərblilər və başsız milli
10:5414 may

Büdcəsi azaldılan klublar, divizionda qalacaq qərblilər və başsız milli

Son bir neçə ayda bütün dünyanı ağuşuna alan koronavirus pandemiyası hələ də davam etməkdədir. Şübhəsiz, pandemiya dövrünün ən böyük iqtisadi zərbələrindən biri futbol sektoruna dəyməkdədir.