İSTİ XƏBƏRLƏR
168saat.com » Doktor » Millidə son durum necədir?

Millidə son durum necədir?


Təxminən bir ay öncə başa çatan Topaz Premyer Liqasının yekunlaşmasının ardından ölkəmizin futbol arenasında həyəcan səngisə də, milli komandamızın AVRO-2020-nin seçmə mərhələsində "ev" oyunlarının yaxınlaşması həyacanın minumuma enməsini əngəlləyir. Nə də olsa, yığmamızı  yaxın günlərdə vacib qarşılaşmalar gözləyir. Belə ki, əsas yığmamızı iyunun 8-də Macarıstan,   bundan üç gün sonra isə Slovakiya ilə   qarşılaşacaq. Hər iki görüş doğma publika qarşısında keçiriləcək. Bəs görəsən, milli komandamız sözügedən qarşılaşmalara nə dərəcədə hazırdır?

"Niyə də yox?!" demək üçün qələbə lazımdır

Bu ilin fevralında milli komandamızın baş məşqçisi postuna gətirilən Nikola Yurçeviç hələlik əsas yığmanı biri rəsmi olmaqla iki qarşılaşmaya çıxarıb ki, bu da olduqca qısa zaman anlamına gəlir və onun işinə qiymət verməyimiz üçün tələsməməyə əsas verir. Martda Xorvatiya səfərindən 1:2 hesabı ilə  məğlub dönən Yurçeviçin komandası ardınca Litva ilə Bakıdakı yoldaşlıq matçında qolsuz heç-heçə etmişdi. "Damalılar"la oyunda hesabı açan milli komandamız hər hissənin sonunda bir qol buraxmaqla yenilsə də, heç də pis təsir bağışlamamışdı. O başqa məsələ ki,  Zaqrebdəki görüşdə sensasiya yaşansaydı, bu gün Slovakiya və Macarıstanla oyunlara daha fərqli iddia  ilə çıxacaqdıq. Necə ki, ikinci turda macarlar xorvatları məğlub etməklə (2:1) iddiasını ortaya qoya bilmişdi. Bundan başqa, Slovakiyanın Macarıstanı (2:0), Uelsin isə Slovakiyanı (1:0) məğlub etməsi fonunda E qrupunda 4 komandanın 3 xalı var. Hələ ki hesabına xal yazdıra bilməyən yeganə komanda Azərbaycan yığmasıdır ki, qarşıdakı oyunlarda mümkün uğursuzluq seçmə komandamızın onsuz da az olan final mərhələsinə yüksəlmə ümidlərinin üstündən böyük ölçüdə xətt çəkə bilər. 

Keçən dəfə 23, indi 27

Xorvatiya və Litva ilə oyunlar üçün 23 futbolçuya dəvət göndərən Nikola Yurçeviç bu dəfə 27 oyunçunu sərəncamında görmək istəmişdi ki, sonradan zədəli olan Eddi İsrafilov heyətdən kənarlaşdırıldı. İnsafən, xorvatiyalı mütəxəssisin seçimi yetərincə ədalətlidir. Çempionatda özünü yaxşı tərəfdən göstərən futbolçulardan heç kimi diqqətdən kənarda qoymayıb. Ötən toplanışla müqayisədə yalnız Təmkin Xəlilzadənin yoxluğunu qeyd edə bilərik. Düzü, müdafiəçinin bu taleyi yaşayacağı gözlənilən idi. Çünki "Sabah" dəfələrlə daxili intizam qaydalarını pozduğu üçün hələ apreldə Xəlilzadəni cəzalandırmış, mövsümün sonuna qədər komandadan uzaqlaşdırmışdı. Bu səbəbdən onun millidən kənar qalacağı asan proqnoza gələn məsələ idi. 
Yurçeviçin ötən toplanışla müqayisədə dəvət etdiyi yeni futbolçular isə Bəhlul Mustafazadə,  Pavel Paşayev, Rəşad Eyyubov, Ağabala Ramazanov və Renat Dadaşovdur. Bu məqamda  adı çəkilənlərin hamısının daha öncə yığmanın düşərgəsində yer aldığını, dördününün millinin formasında meydana çıxdığını qeyd edək. Meydana çıxmaq baxımından yalnız Mustafazadə istisnadır ki, o da Qurban Qurbanovun vaxtında yığmadan dəvət almışdı. Ancaq arxa xətt oyunçusu Moldova ilə Antalyadakı görüşü ehtiyat oyunçular skamyasından izləmişdi. "Qəbələ"nin əsas heyət üzvü olması, üstəlik, mövsümün sonuna doğru adının xarici klublarla hallanması onun milliyə dəvət alacağından xəbər verirdi.   Pavelin martdakı oyunlara çağırılmaması həmin vaxt zədəli olması ilə bağlı idi. Rəşad Eyubovun millidə debütü Robert Prosineçkinin vaxtına - Moldova ilə 4 il öncə BOS-da gerçəkləşən matça (2:1) təsadüf edirdi. Qış fasiləsində üz tutduğu "Sabah"da pis təsir bağışlamayan Ağabala Ramazanov isə Berti Foqtsun dönəmində əsas millidə  debüt etmiş və qol hesabını da açmağa macal tapmışdı. Bir neçə gün öncə U-21-dən imtina etdiyi deyilən Renat əsas milliyə dəvət olunması isə bir qədər gözlənilməz oldu.. Hərçənd futbolçunun AFFA-ya rədd cavabı verdikdən sonra Yurçeviçdən dəvət alması bir qədər inandırıcı görünmür. Başqa sözlə, "Eştoril"in hücumçusu  AFFA-ya rədd cavabı vermiş olsaydı, çətin ki, qurum ona "buyur, yuxarı başa keç, əsas yığmaya gəl" deyəydi.Maraq üçün qeyd edək ki, Renat hələ Rəşad Sadıqovun dövründə də U-21-ə gəlməmişdi. Yeri gəlmişkən, hücumçunun Prosineçkinin vaxtında əsas yığmada debüt etdiyini də bildirək. Onun debütü San Marino ilə "Bakcell Arena"da baş tutan görüşə təsadüf etmişdi.

Yığmanı 
gözləyən təhlükə


Ölkə çempionatı mayın 11-də başa çatdı. Milli komandamızın rəsmi oyunları isə yuxarıda da qeyd etdiyimiz kimi, iyulun 8-i və 11-nə təsadüf edir. Bu isə o deməkdir ki, təxminən 1 aylıq fasilədən sonra yığma üzvləri rəsmi oyunda qüvvəsini sınayacaq. Yalnız kubokun finalında iştirak edən komandaların, eləcə də legioner həyatı yaşayan millinin üzvləri istisnadır ki, kubokun finalı ilə çempionatın son turunun keçirildiyi gün arasında cəmi 8 gün var idi.. Təbii, bu qədər fasilə yığma üçün ciddi təhlükədir. Üstəlik, AFFA yığma üçün sınaqçı-rəqib tapa bilməməsini və U-21-lə hazırlıq matçı keçirməsini də əleyhimizə olan məqamlardan biri kimi dəyərləndirmək olar. Millinin hazırlıq prosesi çərçivəsində keçirəcəyi məşqlərlə və 21 yaşlılarla yoldaşlıq oyunu futbolçuları tonusda saxlamaq, onların çempionatdakı formalarında olmalarını tələb etmək absurddur. Deməli, yığmanın bu baxımdan "axsayacağı" gün kimi aydındır.
Rəy bildir +
Oxşar xəbərlər
Məşqçinin 6 uğurlu həmləsi,  cəzalanmayan "Sumqayıt"  və əvəzedicilərin 19 qolu
10:4724 may

Məşqçinin 6 uğurlu həmləsi, cəzalanmayan "Sumqayıt" və əvəzedicilərin 19 qolu

Məlum olduğu kimi, 11 nəfərdən ibarət olan futbol komandasının çalışdırıcısı oyunun gedişində hər hansı yetirməsini əvəzləmək imkanı qazanır. Matçboyu oyunun axarını öz ssenarisinə uyğunlaşdırmaq üçün üç dəfə dəyişiklik etmək imkanı olan mütəxəssislərin nə dərəcədə buna nail olması maraq doğurur.

Kubok kimin olacaq: "Sumqayıt"ın yoxsa "Qəbələ"nin?
18:4814 may

Kubok kimin olacaq: "Sumqayıt"ın yoxsa "Qəbələ"nin?

Həftəsonu Azərbaycanda cari futbol ilinə yekun vurulacaq. İki gün öncə yekunlaşan Topaz Premyer Liqasının ardınca bazar günü ölkə kuboku da sahibini tapacaq. Həlledici oyunda isə bu mövsüm çempionat yolu ilə avrokoboklara vəsiqə qazana bilməyən iki komanda - "Sumqayıt" və "Qəbələ" üz-üzə gələcək.

Çempionlar Liqası  adlı gözəlin 4 "adaxlısı"
18:2930 aprel

Çempionlar Liqası adlı gözəlin 4 "adaxlısı"

Məlum olduğu kimi, bu gün və sabah UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək. İlk oyun günündə "Tottenhem" - "Ayaks" görüşü baş tutacaq. Ertəsi gün isə "Barselona" "Liverpul"u qəbul edəcək. Oyunlar ərəfəsində komandaların düşərgəsinə boylanmaqla son vəziyyətin necə

Çempionluq, avrokubok və autsayderlərin mübarizəsi idman jurnalistlərinin gözündə -  SORĞU
12:1324 aprel

Çempionluq, avrokubok və autsayderlərin mübarizəsi idman jurnalistlərinin gözündə - SORĞU

Sumqayıtlılar cari "futbol ili"ni necə keçirir?
17:2516 aprel

Sumqayıtlılar cari "futbol ili"ni necə keçirir?

Bu gün Azərbaycan futbol arenasını ölkəmizin əsas və keyfiyyətli futbol "bazası" sayılan Sumqayıtsız təsəvvür etmək çətindir. Baxmayaraq ki, müxtəlif vaxtlarda yerli futbol təsərrüfatına Nazim Süleymanov, Arif Əsədov, Mübariz Orucov, Mehman Yunusov, Kamal Quluyev, İsmayıl Məmmədov, Mahir Şükürov,