İSTİ XƏBƏRLƏR
168saat.com » İdman » Fəaliyyətsiz sədr, mühakimə edilməyən hakimlər və itirilən xallar

Fəaliyyətsiz sədr, mühakimə edilməyən hakimlər və itirilən xallar



Yadınızdadırsa, bir neçə gün öncə azərbaycanlı beynəlxalq dərəcəli hakim Əliyar Ağayevə Misir Futbol Federasiyasından dəvət gəlmiş və 32 yaşlı referi  Misir Kubokunda "Zamalek" və "İttihad" komandaları arasında keçirilən yarımfinal oyununu idarə etmişdi. Təbii ki, bu təyinatı ölkə hakimlik məktəbinin ənənələrinə hörmətin təzahürü kimi qiymətləndirmək olar. Ən azı ona görə ki, Azərbaycan yaxın keçmişdə hakimlikdə iz qoymuş ölkələr sırasındadır və hakimlik həmişə futbolumuzun ümumi səviyyəsinin üstündə olması ilə diqqət çəkib. Amma ölkə Premyer Liqasının geridə qalan üç turunda baş verən hakim səhvləri azərbaycanlı referilərin biabırçı durumunu ortaya qoydu.  

AFFA Hakimlər Komitəsinin sədri Frits Stuxlikin mövsümlərarası dönəmi istirahətdə keçirməsi, hakimlər üçün təlim-məşq toplanışının təşkil  olunmaması, azərbaycanlı ədalət təmsilçilərinin hazırlıq dönəmində oyun idarə etməməsi ilk üç tur ərzində öz mənfi təsirini göstərməkdədir. Ümumiyyətlə, Hakimlər Komitəsinin bəzi prinsiplərinə düzəliş etməsi lazımdı. Səhv edən hakimlərin cəzalandırılmamasını prioritet seçən Frits Stuxlik hakimlərin praktikasız qalmamasını, oyunlara çıxa-çıxa inkişaf etməsini istəyir. Ancaq cəzasızlıq mühitinin yaratdığı problemlər də ortadadır. Bu yazıda ölkə çempionatının geridə qalan 12 matçında baş vermiş kobud səhvlərdən bəhs edəcəyik. Bəlkə bundan sonra AFFA Hakimlər Komitəsi klubların əziyyətini yerə vuran hakimləri mühakimə etməyi özünə borc bildi. 


"Səbail" - "Zirə" 1:0

Rəvan Həmzəzadə matçın nəticəsinə təsir edən səhvə yol verdi. Onun təyin etdiyi səhv penalti nəticəsində qonaqlar mövsümə məğlubiyyətlə başladı. Epizodun təkrarından da görünür ki, Tiqrucadan öncə top Mirabdullanın əlinə dəymişdi.


"Qəbələ" - "Sumqayıt" 0:2

Şəhərimizin elitadakı təmsilçisinin matçındakı səhvlər mətbuatda çox müzakirə olunmadı. Amma diqqətli azarkeşlər  matçın videogörüntülərinə bir də baxsa, Ayxan Abbasovun "drujinası"nın ilk qolu zamanı hakimlərin buraxdığı qüsuru görəcək. "Sumqayıt" qolla nəticələnən hücumun başladığı aut atışını düzgün yerinə yetirməmişdi. Və nəticədə epizodun davamında hesab açıldı. Matçın 69-cu dəqiqəsində isə meydan sahiblərinin təmiz qolu hesaba alınmadı. "Qəbələ"nin qalan vaxt ərzində vəziyyəti dəyişmək üçün zamanının qaldığını nəzərə alsaq, Rauf Cabbarovun oyunun nəticəsinə təsir edən səhvə yol verdiyini vurğulamalıyıq.


"Keşlə" - "Qarabağ" 0:1

Oyunun 74-cü dəqiqəsində meydan sahiblərinin futbolçusu Emin Mehtiyev ikinci sarı vərəqəni alaraq meydandan qovuldu, bundan az sonra ağdamlılar matçdakı yeganə qolu vurdu. Bu epizodda hakim səhvi olduğu aşkar görünürdü. Belə ki, meydan sahiblərinin üzvü Mehdiyev meydandan qovulmamalıydı. Yadınızdadırsa, Hakimlər Komitəsinin sədri Frits Stuxlik də mətbuata açıqlamasında qarşılaşmanın baş hakimi Orxan Məmmədovun yanlış qərar verdiyini bildirmişdi.


"Zirə" - "Neftçi" 1:0

FİFA referisi Rəhim Həsənov Zirədəki oyunda bacardığı qədər tempə xələl gətirməməsi ilə diqqət çəkdi. Təsadüfi deyil ki, Həsənov vərəqələrdən az istifadə etdi. Cəmi 4 dəfə əlini cibinə atan Rəhim hər komandadan 2 nəfəri cəzalandırdı. Amma bununla belə, baş hakim səhv də etdi. Bir epizodda "flaqman"ın qapısına penalti təyin oluna bilərdi. Düzdü, bu xəta nəticəyə təsir etmədi,  lakin "Neftçi"nin qapısına penalti təyin olunsaydı və oyunçusu meydandan qovulsaydı, "qartallar"ın işi daha rahat olardı. Baş hakimsə həmin epizodları görməzdən gəldi, bu üzdən son dəqiqəyə kimi meydan sahibləri xal itirmək qorxusu yaşadı.


"Sabah" - "Keşlə" 0:1

Matçın 74-cü dəqiqədə Sezar Meza Kollini meydandan qovması müəyyən müzakirələrə yol açsa da, Səbuhi Bayramov paraqvaylı yarımmüdafiəçini tərəddüd etmədən paltardəyişmə otağına erkən yolladı. Bu epizodda qərar düzgün olsa da,  həmin epizodda meydan sahibləri də cəzalanmalıydı. Paraqvaylının rəqibə zərbə vurduğu epizodun başlanğıcında Abbas Ağazadə kobudluq etmişdi və meydandan qovulmalıydı. Yeri gəlmişkən, nəticəyə təsir edən səhv olmasa da, Masazırdakı matçda hakimlərin, daha doğrusu, baş hakimlə 4-cü hakimin gözdən qaçırdığı bir məqamı mənfi hal kimi dəyərləndirmək olar. Meydandan qovulan Meza Kolli qaydalara əsasən birbaşa paltardəyişmə otağına yollanmalı olsa da, oyunun sonuna kimi ora aparan dəhlizin girişində oturub hakimin final fitini gözlədi.


"Sumqayıt" - "Səbail" 0:3

İkinci turun ən bərbad idarəçiliyi Sumqayıtda yaşandı. Vüqar Həsənli bərbad idarəçiliklə yadda qaldı. Onun qərarları birmənalı olaraq, "Sumqayıt"ın əleyhinə yönəlmişdi. Həm də elə startda meydan sahiblərinin "evini yıxdı". Əvvəlcə Kamal Bayramov cərimə meydançasının xətti yaxınlığında rəqibin üzərinə sərt şəkildə şığıyıb həm ayağı, həm də əli ilə Peyman Babayiyə toxunsa da, baş hakim təhlükəli nöqtədə qayda pozuntusu qeydə almadı. Halbuki "Səbail"in qapıçısı "sonuncu ümid folu"na görə "qırmızı" almalı idi. Epizodun davamında təyin olunan künc zərbəsi zamanı isə Adil Nağıyev cərimə meydançasında Şəhriyar Əliyevi qucaqlayaraq yıxdı və havaya qalxıb başla topa toxunmasını əngəllədi. Vüqar Həsənlinin fiti yenə susdu. Bu iki epizoddan birində "Sumqayıt"ın lehinə qərar qəbul olunsaydı, oyunun gedişatının hansı məcraya yönələcəyini heç kim proqnozlaşdıra bilməzdi.


"Neftçi" - "Sumqayıt" 2:1

Çempionatda yaranmış fasilədən öncə keçirilən üçüncü turun oyunlarından birində də qarşılaşmanın hakimi ön plana çıxdı. "Neftçi" - "Sumqayıt" oyunundakı bərbad idarəçilik fonunda iki komanda üzvləri arasındakı münaqişəninin yaranması qeyd olunmalıdır. Düzdür, "Neftçi"nin qapısına həm "flaqman"ın futbolçularının, həm də azarkeşlərinin etirazına səbəb olan epizodda penalti təyin edilməsi düzgün qərar idi, amma  bundan iki dəqiqə sonra referi bu dəfə "Sumqayıt"ın qapısına penalti təyin etməli idi. Belə ki, 35-ci dəqiqədə Murad Xaçayev cərimə meydançasının daxilində Emin Mahmudovun qarşısını kobudluqla alsa da, baş hakim Səbuhi Bayramlının fiti susdu. Baş hakimin aşkar penaltini verməməsi azmış kimi, üstəlik Mahmudova simulyasiyaya görə "sarı" göstərməsi biabırçılıq idi. İlk hissənin sonlarında qonaqların yaratdığı təhlükəli epizod zamanı oyundan kənar vəziyyətin qeydə alınması da hakim səhvindən başqa bir şey deyildi. Əmir Ağayevin zərbəsini Səlahət Ağayev qaytarsa da, geri qayıdan top Sərtan Taşkının qarşısına düşdü və o da zərbə vurmaq istəyərkən laysman bayrağını havaya qaldırıb oyundankənar vəziyyət olduğunu bildirdi. Halbuki epizodun təkrarına baxanda da görünür ki, Taşkın ofsaydda deyildi. Bəlkə də Səbuhi Bayramovun idarə etdiyi oyunda ədalət təmsilçilərinin bu qədər səhvi olmasaydı, oyunun sonluğu da bu qədər gərgin olmayacaq, meydanda futbolumuz adına rəzalət sayıla biləcək görüntülər yaşanmayacaqdı.

Səhifəni təqdim etdi: Tural Məmmədov

Rəy bildir +
Oxşar xəbərlər
Elita klubları yeni mövsümə  necə hazırlaşır?
15:2319 iyun

Elita klubları yeni mövsümə necə hazırlaşır?

Ötən ay başa çatan Topaz Premyer Liqasında yeni mövsümün startına xeyli vaxt qalsa da, artıq elita təmsilçiləri yeni "futbol ili"nin hazırlıqlarına başlayıblar. Təbii ki, ölkə çempionatının yüksək dəstəsində mübarizə aparan klubların mövsümlərarası dövrdə necə hazırlıq keçəcəyi heç də az maraq

Çempionluq, avrokubok və autsayderlərin mübarizəsi idman jurnalistlərinin gözündə -  SORĞU
12:1324 aprel

Çempionluq, avrokubok və autsayderlərin mübarizəsi idman jurnalistlərinin gözündə - SORĞU

Məşqçinin 6 uğurlu həmləsi,  cəzalanmayan "Sumqayıt"  və əvəzedicilərin 19 qolu
10:4724 may

Məşqçinin 6 uğurlu həmləsi, cəzalanmayan "Sumqayıt" və əvəzedicilərin 19 qolu

Məlum olduğu kimi, 11 nəfərdən ibarət olan futbol komandasının çalışdırıcısı oyunun gedişində hər hansı yetirməsini əvəzləmək imkanı qazanır. Matçboyu oyunun axarını öz ssenarisinə uyğunlaşdırmaq üçün üç dəfə dəyişiklik etmək imkanı olan mütəxəssislərin nə dərəcədə buna nail olması maraq doğurur.

Elita klubları mövsümlərarası fasiləsini necə keçirdi?
20:1715 avqust

Elita klubları mövsümlərarası fasiləsini necə keçirdi?

Artıq sabah futbol üzrə ölkə çempionatının yeni mövsümü start götürəcək. Bir neçə gün öncəsinə qədər ölkə xaricində olan Premyer Liqa klubları çempionatın başlamasına qalan sayılı günləri ölkə daxilində gündəlik məşq prosesi ilə keçirdi. Təbii ki, elita klublarının yeni mövsüm ərəfəsində hansı

Çempionlar Liqası  adlı gözəlin 4 "adaxlısı"
18:2930 aprel

Çempionlar Liqası adlı gözəlin 4 "adaxlısı"

Məlum olduğu kimi, bu gün və sabah UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək. İlk oyun günündə "Tottenhem" - "Ayaks" görüşü baş tutacaq. Ertəsi gün isə "Barselona" "Liverpul"u qəbul edəcək. Oyunlar ərəfəsində komandaların düşərgəsinə boylanmaqla son vəziyyətin necə