İSTİ XƏBƏRLƏR
168saat.com » Cəmiyyət » Sumqayıt Dəmiryol Vağzalına getmək çətindir, yoxsa yox?!

Sumqayıt Dəmiryol Vağzalına getmək çətindir, yoxsa yox?!



Bu gün artıq əksər ölkələrdə dəmiryol nəqliyyatı aparıcı nəqliyyat növlərindən birinə çevrilib. Sevindirici haldır ki, 2015-ci ilin sentyabr ayından etibarən Sumqayıt Dəmiryol vağzalının köhnə binası söküldü və yeni, müasir standartlara uyğun bina sərnişinlərin istifadəsinə verildi. Artıq 4 ildir ki, Sumqayıt və Bakı sakinləri sürət qatarlarının rahat xidmətindən yararlanırlar. Hazırda Sumqayıtın Bakı marşrutu üzrə istifadəçilərin sayı kifayət qədərdir. 
Xüsusən də hər səhər Sumqayıt sakinlərinin bəlli bir hissəsi qatarla Bakıya işə, təhsil almağa və sair səbəblərdən yola düşür. Lakin Sumqayıt Dəmiryol Vağzalı istiqamətində marşrut avtobuslarının qrafiki və sayına əl gəzdirilməsini arzulayanlar da çoxdur. Sakinlərin də sözlərinə görə avtobusla vağzala getmək çətindir, odur ki, bir çox hallarda taksi xidmətindən istifadə etmək məcburiyyətində qalırlar. Çünki sumqayıtlıların vağzala çatmaları xeyli vaxt itkisinə səbəb olur. Sərnişinlər bir çox ərazilərdən hərəkət edən marşrut xətlərinin vağzaldan keçməməsindən narazıdırlar. Xüsusən, 17-ci, 18-ci, 13-cü, 16-cı, 21-ci və 22-ci mikrorayon, habelə 52 və 53-cü məhəllə sakinləri bu əziyyətlə qarşılaşırlar. 

"Yaxşı olardı ki, 
avtobus xətlərinin sayı artırılsın"

Hər gün sürət qatarı ilə Bakı istiqamətinə və əksinə istifadə edən Sumqayıt sakini Kənan Muxtarov bildirir ki, qatar var, lakin qatara aparan marşrut avtobusu yoxdur."Sumqayıtda yaşasam da, hər gün Bakıya işə gedirəm. Qış aylarında qatardan istifadə etmək daha sərfəli olur, lakin yaşadığım ünvandan vağzala gəlmək mənim üçün vaxt itkisidir və çətinliklər olur. Mənim kimi hər gün paytaxta işləməyə və ya oxumağa gedənlər az deyil və hamı eyni promlemdən gileylənir. Yaxşı olardı ki, avtobus xətlərinin sayı artırılsın".
Paytaxtda yerləşən ali məktəblərdən birində təhsil alan sumqayıtlı Yeganə Şahlarova isə dəmiryol vağzalına gedən istiqamətdə piyada yolunun - səkinin də olmamasından narazıdır. "Yeni tədris ili açıldı, hər gün Sumqayıtdan Bakıya getməyə məcburam, çünki təhsil aldığım ali məktəb paytaxtda yerləşir. Üstəlik də universitet metronun 28 may stansiyasında yerləşdiyi üçün qatarla gedib-qayıtmaq mənim üçün daha sərfəlidir. Əfsuslar olsun ki, vağzala getməyə marşrut tapmıram, başqa avtobuslarla gedib, vağzaldan uzaq məsafədə yerləşən dayanacaqda düşüb, hər gün  xeyli piyada yol gedəsi oluram, bu da azı 10-12 dəqiqə əlavə vaxtımı alır. Bununla da razılaşıram, lakin vağzala piyada gedərkən günün qaranlıq saatlarında həyatım təhlükədə olur, çünki maşın yolu ilə gedirəm, çox gülməli bir vəziyyətdir ki, ərazidə piyadalar üçün səki də yoxdur. "

"Dəmiryol vağzalı üçün 2 marşrut xətti ölkənin 
3-cü böyük şəhəri sayılan Sumqayıt əhalisi üçün təbii ki, azdır" 


Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov dəmiryol vağzallarının şəhərin mərkəzi hissələrindən hesab olunduğunu söyləyir: "Dünyanın hər yerində, müasir, böyük şəhərlərdə, hətta deyərdim, orta həcmli şəhərlərdə də dəmir yol vağzalları nəqliyyat qovşağı hesab olunur. Çünki həmin ərazilərdə həm şəhərətrafı, həmdə ki, yaxın yaşayış məntəqələrinə gedişi rahatlaşdıran qatarlar keçir. Dünyanın hər yerində şəhərsalma layihələrində  elə planlaşdırılır ki, dəmiryol vağzallarının nəqliyyat qovşağı olması nəzərə çarpsın və buna uyğun olaraq da infrastruktur təşkil olunur. İnfrastrukturun daxilində dəmiryol vağzallarını şəhəriçi digər nəqliyyat vasitələri ilə birləşdirən, qovuşduran elementlər də durur. Azərbaycanda hazırda çox təəssüf ki, tramvay, trolleybus yoxdur, Sumqayıtda isə heç metro da mövcud deyil. Bir tək marşrut avtobusları var. Ona görə də maksimum dərəcədə əhalinin vağzaldan istifadəsi rahat olsun deyə avtobusların sayına, hərəkət xətlərinə və intervalına diqqət edilməlidir. Əks halda şəhərin müxtəlif istiqamətlərindən dəmir yol vağzalına hərəkət çətinləşir, sərnişindaşıma səmərəliliyini itirir. Marşrut xətləri intensiv hərəkət cədvəli ilə işləsə, dəmiryol vağzalının da işi asanlaşar, istifadəçilərin rahatlığı təmin olunar, həmçinin sərnişin axını da düzgün paylanar və düzgün idarə olunar. 2 marşrut xətti ölkənin 3-cü böyük şəhəri sayılan Sumqayıt əhalisi üçün təbii ki, azdır. Marşrut sxemi dəyişdirilməli, şəhərin müxtəlif istiqamətlərini dəmiryol vağzalı ilə birləşdirən, əlaqələndirən marşrut xətləri yaradılmalı, yaxud mövcud marşrutlarda dəyişikliklər olmalıdır. Dəmiryol vağzalı şəhərin zəruri istiqamətləri ilə əlaqəsi üçün şərait yaradılmalıdır. Yaxşı olardı ki, dəmiryol vağzalının yanında çox sayda marşrut qəbul edə biləcək nəqliyyat mübadilə mərkəzləri yaradılsın, iritutumlu avtobusların yan ala bilməsi və sərnişinlərin rahat gözləyə bilməsi üçün şərait yaradılsın. Sumqayıtda da, Bakıda da ictimai nəqliyyat çeşidi çox azdır, heç olmasa olanlardan da rahat istifadəni təmin etmək lazımdır".

"Bizim əhali hər şeyin rahatına öyrəşib, çox az məsafədə yolu 
piyada qət etməklə rahat vağzala çatmaq olar, həm də bədənləri açılar"

Məsələ ilə əlaqədar Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəisi Tofiq Saydumovla əlaqə saxladıq. Qurum rəsmisi vağzaldan 2 marşrut xətti üzrə 200 avtobusun gün ərzində müəyyən intervalla hərəkət etdiyini bildirdi. O, həmçinin qeyd etdi ki, gələcək planlarında şəhər üzrə marşrut xətlərini azaltmaq var, nəinki, yenilərini açmaq. "Dəmiryol vağzalına gəldikdə isə 1 və 10 saylı marşrut avtobus xətləri ərazidən keçir. Onların da hərəkət zolağı demək olar ki, bütün şəhəri əhatə edir. Yalnız şəhərin ikinci girişi sayılan Saray qəsəbəsi və Daş bazarı adlanan ərazilərdən vağzala birbaşa gələn marşrut xətti yoxdur, onu da azacıq piyada yol qət edərək ünvana çatmaq mümkündür. Bizim əhali hər şeyin rahatına öyrəşib. Vağzaldan azca aralıda dayanacaq var ki, həmin ərazidən bütün şəhəri əhatə edən marşrutlar keçir. Çox az məsafədə yolu piyada qət etməklə rahat vağzala çatmaq olar, həm də bədənləri açılar", - deyə nəqliyyat rəsmisi bildirib.

***

Şəhər nəqliyyatı üzrə ekspert Hüseyn Abdullayev: "Hazırda Bakı-Biləcəri-Sumqayıt istiqamətində gedən qatarlar, təxminən, sutkada 8 000 sərnişini daşıyır. Onların əksəriyyəti pik saatlarda, yəni səhər və axşam gəlib-gedənlərdir. Lakin bu, o demək deyil ki, dəmir yolunun potensialı bununla da məhdudlaşır. Əvvəla ondan başlayaq ki, Sumqayıt dəmiryol vağzalına şəhərin ayrı-ayrı yerlərindən çatmaq xeyli problemlidir. Belə ki, Sumqayıtın istənilən yerindən avtovağzala avtobusla getmək imkanı olsa da, dəmir yolu vağzalı istiqamətində cəmi 2 marşrut xətti fəaliyyət göstərir. Bu baxımdan əhalinin əhəmiyyətli hissəsi dəmir yolundan ya istifadə edə bilmir, ya da bunu müəyyən çətinliklərlə etməli olur. Çünki heç də hamı dəmir yolu vağzalının yanında yaşamır və ora çatmaq üçün müəyyən məsafə qət etməli olurlar".

***

Ümid edirik ki, yoluna qoyulan digər problemlər kimi dəmiryol vağzalına aparan marşrut avtobusu problemi də öz həllini tapacaq. Dəmiryol vağzalını şəhərin müxtəlif istiqamətləri ilə birləşdirən avtobus marşrut xətlərinin sayı artırılacaq, bəzi avtobusların hərəkət istiqamətində dəyişikliklər ediləcək və hərəkət intervalları sərnişinlərə uyğun təyin olunacaq. 
Xədicə Səxavət
Rəy bildir +
Oxşar xəbərlər
48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Sumqayıtlıların vaxtilə öyündüyü "Yaşıl bina" ideyası necə yaranıb?
15:4912 sentyabr

Sumqayıtlıların vaxtilə öyündüyü "Yaşıl bina" ideyası necə yaranıb?

Sumqayıt mənim doğma, əziz və əvəzolunmaz şəhərimdir. Burada uşaqlıq illərim keçib, əqidəm, məfkurəm formalaşıb. Bu şəhərdə özümə çoxlu dost tapmışam. Sumqayıtın sevinci mənim sevincim, kədəri mənim kədərim olub. Sumqayıtla nəfəs alıram desəm, inanmazsınız. Bir çox xarici ölkələrdə olmuşam, gözəl

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli

Hansı taksi neçəyə aparır?
16:4926 iyun

Hansı taksi neçəyə aparır?

Taksi xidmətlərinin sayının artması sevindiricidir. Rəqabət mühiti alıcının maraqlarına xidmət edir. Qiymət və keyfiyyət onun tələbinə uyğunlaşır.

Sadəcə, 5!
17:1312 iyun

Sadəcə, 5!

O siyasi idarəçilik formaları uğur qazanır ki, institutlaşmış təcrübə ilə real, yerli vəziyyətin təhlili əsasında formalaşdırılmış modelə əsaslanır. Sumqayıtda administrativ idarəetmədə son 4 il üçün əsas xarakterik fərq ondadır ki, şəhərin idarə olunması daha öncə bu sahədə kifayət qədər təcrübəsi