İSTİ XƏBƏRLƏR
168saat.com » Cəmiyyət » 1963-cü ilin 7 noyabrında Sumqayıtda nə baş vermişdi? İstintaq davam edir

1963-cü ilin 7 noyabrında Sumqayıtda nə baş vermişdi? İstintaq davam edir

İlham TUMAS


Sumqayıt, 1963-cü il noyabrın 7-si, səhər saatları. O zaman "Qorkom" adlandırılan binanın qarşısında proletariatın böyük rəhbəri Vladimir İliç Leninin nəhəng heykəli vardı. Bir azdan onun qarşısından Böyük Oktyabr Sosialist İnqilabının 46-cı ildönümü münasibətilə zəhmətkeşlərin paradı keçəcəkdi.



Paradda başıpozuqluq...

Həm Sumqayıt Şəhər İcraiyyə komitəsinin, həm də tədbirin keçirilməsi üçün yaradılmış komissiyanın sədri, respublikanın birinci katibi Vəli Axundovun qardaşı Kamal Axundovun 24 oktyabr 1963-cü ildə təsdiq elədiyi direktiv təşkilatlara və müəssisələrə göndərilmişdi. Burada tədbirin saat neçədə başlayacağı, insanların harada toplaşacağı, hansı marşrut üzrə hərəkət edəcəyinə qədər hər şey yazılmışdı. Direktivə əsasən Boru prokat zavodundan 4 min, Alüminium zavodundan 1000, Sintetik kauçuk zavodundan 2500 fəhlə və qulluqçu, 5 min pioner və məktəbli, 4000 min tibb işçisi, 1000 nəfər ticarət və ictimai iaşə işçisi paradda iştirak eləməliydi.

Bəli, parada start veriləcək və tribunadan Sovet İttifaqı Kommunist Partiyasının, Leninin, Marksın, Engelsin və təbii ki, Nikita Xruşşovin şərəfinə şüarlar səslənəcək. Yəni, parad həmişəki kimi başlayacaq, davam edəcək və başa çatacaq. Ancaq yox, bu dəfə hər şey həmişə olduğu kimi olmur. Paradın başa çatmasına az qalmış - saat 11.30-da birdən nümayişçilərin cərgəsində qarışıqlıq başlayır. Sən demə, nümayişçilərdən birinin yaxasında Stalinin kiçik şəklini görən trestin partiya təşkilatı sədri Ərşad Kərimov şəkli qopararaq yerə atır. Əslində, 1953-cü ildən sonrakı paradlarda Marks, Engels, Lenin, Xruşşovla yanaşı Stalinin də xırda, yaxud orta ölçüdə şəkillərini parada gətirməyə heç kəs etiraz eləmirdi. Etiraf olunmalıdır ki, həmin illərdə yaşayan orta nəslin nümayəndələri Böyük Vətən Müharibəsinin sərt sınaqlarını yaşamışdılar - kimi arxa cəbhədə, kimi də öndə. Gənc nəslin uşaqlığı və yeniyetməliyi isə faşizmin kökünü kəsmiş sovetlərin ideoloji qalibiyyət şüarları ilə keçmişdi. Bu iki amilin hər biri Stalin şəxsiyyətinə pərəstiş elementləri ilə zəngindir: birincilər "Stalin uğrunda", ikincilərsə "Yaşasın Stalin!" demişdilər. Ancaq 1961-ci ildə baş tutmuş sonuncu qurultayın qərarları artıq qəti şəkildə tətbiq olunmağa başlamışdı.


Leninlə danışan deputat

Sovet İttifaqı Kommunist partiyasının 22-ci qurultayı, 1961-ci il oktyabr ayının 17-dən 31-dək, qurultayların tarixində ilk dəfə olaraq, Kreml Sarayında keçirildi. Mərkəzi Komitənin rəhbəri Nikita Xruşşov çıxışında hamını inandırmağa çalışdı ki, 1980-ci ildə SSRİ-də kommunizm qurulacaq. Baş katibin çıxışında bir mühüm cəhət də o oldu ki, 1956-cı ildə keçirilmiş 20-ci qurultayla başlamış Stalinin şəxsiyyətinə pərəstişlə mübarizənin daha da gücləndirilməli olduğu xüsusi vurğulandı. Qurultay ərəfəsində, həm də qurultay vaxtı Xruşşov və onun tərəfdarları əvvəlki illərlə müqayisədə Stalin repressiyası haqqında materialların dərc olunmasına daha geniş yer verdilər. Rəhbərin çıxışı isə o qədər amansız idi ki, hətta dissident Soljenitsın belə heyrətlənərək yazmışdı: "Çoxdandı 22-ci qurultayda oxuduğum nitq qədər maraqlı bir şey mütaliə eləməmişdim".

Ancaq bunlar, necə deyərlər, hələ kinonun jurnalı idi. Qurultayın son günü 60 illik deputat stajı olan Lazurkina soyadlı bir qadın çıxışında deyir: "Mən bu günlərdə dahi rəhbərimiz Vladimir İliçlə danışdım. O elə bil qarşımda canlı dayanmışdı. Yoldaş Lenin dedi: "Partiyaya bəlalar gətirmiş Stalinlə tabutda yanaşı olmaq mənə qətiyyən xoş deyil".

Artıq məsələ məlum idi, hər şey Xruşşovun cızdığı plan üzrə gedir və Stalinin cənazəsi mavzoleydən çıxarılaraq Kreml divarına gömülür.


Dava qızışır

22-ci qurultayın qərarları ilə tanış olduqdan sonra qayıdaq Sumqayıtın Lenin meydanında Stalinin portretini başı üstünə qaldıran fəhlələrə. Orda qalmışdıq ki, nümayişçilərdən birinin yaxasında Stalinin kiçik şəklini görən trestin partiya təşkilatı katibi kobud şəkildə şəkli qopararaq yerə atır.

Bunu görən digər fəhlələr yoldaşlarının müdafiəsinə qalxırlar. Mübahisəyə Sumqayıtın hərbi komissarı podpolkovnik Krol qoşulur. Hadisələrin şahidlərinin, iştirakçılarının, hətta həmin dövrdə Sumqayıt milis rəisinin müavini işləmiş kapitan David Kldiaşvili özü də etiraf edir ki, kütlənin daha çox qəzəblənməsinin əsas səbəbkarlarından biri şəhərin hərbi komissarı podpolkovnik Krol olub. Krolun Stalinin portretini aparan nümayişçiyə qarşı sərt və kobud hərəkəti, porterti əlindən alıb yerə atması, onu hədələməsi ətrafdakıların adekvat reaksiyasına səbəb gətirib çıxarıb.

Bundan sonra baş verən hadisələri Sumqayıt Şəhər partiya komitəsinin 1-ci katibi Nadir Balakişiyevin Azərbaycan Kommunist Partiyası Rəyasət Heyətinin iclasındakı çıxışından izləyək. Balakişiyev deyir: "Saat 10-da nümayiş başladı və saat yarım çəkdi. Saat 12-nin yarısında transparantlarla bəzədilmiş maşın dayandı. İşçilər keçdilər. Biz maşının hərəkət eləməsini gözləmədik və nümayişi dayandırdıq. Bütün yoldaşlar şəhər partiya komitəsinin binasına qalxdılar. 15 dəqiqə sonra səs-küy eşitdik. Pəncərədən baxanda gördük ki, həmin maşının yanına çoxlu adam toplaşıb. Qərara alındı ki, Büro üzvləri aşağı düşüb səs-küyün səbəbini öyrənsin".


Aşağıda nə baş verirmiş?

Büro üzvləri aşağı düşürlər və görürlər ki...

Bir nəfər transparantlarla bəzədil

miş yük maşınının üstünə çıxıb, Kommunist Partiyası Mərkəzi Komitəsi üzvlərinin portretlərini çəkiclə sındırır. Başqa biriləri Xruşşovun mədəniyyət evinin divarına vurulmuş portretini daşa basır, digəri əlində Stalinin böyük portretini yelləyir. Xruşşovun portretini cıran, Stalinin portretini yelləyənlər, "za Stalina, za rodinu" deyib, portret cırmaqdan, daşımaqdan bezir və hakimiyyət adamlarına hücuma başlayırlar...

Sonradan bu hadisələrlə bağlı ifadə verən xalq drujinaçısı Cahid Hüseynov şahid ifadəsində yazacaq: "Bir nəfər Stalinin şəklini başı üstünə qaldırıb "ura" qışqırdı. Birdən fit səsləri eşitdim və dedilər ki, klubun yanında komsomol katibi Ağamoğlanovu döyürlər. İnsanlar həmin yerə çatanda Sumqayıt şəhərinin hərbi komissarı podpolkovnik Krolu döyürdülər. Kütlə bizi şərəf lövhəsinə tərəf sıxırdı. Bu vaxt milis rəisinin müavini David Kldiaşvilini vurdular".


Milis bölməsinə hücum

Bundan sonra qəzəblənmiş kütlə 1963-cü ildə Sumqayıt şəhər milis bölməsinə hücum edir. O vaxt bölmə şəhərin "Katej" adlanan hissəsində yerləşirdi. Beləliklə, Lenin adına meydandan başlanan qarışıqlıq artıq milis bölməsinin qarşısında daha qəzəbli formada davam edir.

Binanın pəncərələri sındırılır, milis motosikletləri yandırılır, iki milis avtomobili zədələnir, kütlə hətta, şöbəyə daxil olmağa çalışır. Milislər havaya atəş açırlar. Sonradan məlum olur ki, bu qarışıqlıqda idarədən 100-150 metr məsafədə 12 yaşlı Sumqayıt sakini Eyvaz Eyvazov yüngül güllə yarası alıb. Yeniyetməni kimin yaraladığı bilinmir. Saat 14.30-da paytaxtdan gələn kömək sayəsində iğtişaşı yatırtmaq mümkün olur, istintaq başlayır. Ancaq saxlananlardan kimlərin istintaqa cəlb olunmasına keçməzdən əvvəl, gəlin, bu hadisənin doğurduğu əks-sədaya, reaksiyalara diqqət edək.


Fürsətcil bədxahlar və yenə erməni barmağı

Sirr deyil ki, o dövrdə respublikalarda törənən hər irili-xırdalı naxoş olayları millətçilik kimi təqdim eləmək sanki dəb halını almışdı. Ələlxüsus, bu olay Azərbaycanın ikinci iri sənaye şəhəri Sumqayıtda baş verirsə, deməli, bədxahlar yetəri qədər olacaq. Bu baxımdan təbii ki, baş verənləri həm o vaxtlar, həm də illər keçəndən sonra bəziləri milli münaqişə kimi qələmə verməyə çalışıblar və çalışırlar. Özünün qərəzli ermənipərəst mövqeyi ilə seçilən jurnalist Vitali Romanovun "Nəyə görə Sumqayıt?" məqaləsinə diqqət edək:

Romanov 1988-ci ildə erməni fitvası ilə baş vermiş hadisələri 1963-cü ilin 7 noyabr olayı ilə müqayisə edərək yazır: "1963-cü il noyabr ayının 7-də Sumqayıtın azərbaycanlı sakinləri tərəfindən bir neçə milis şöbəsi dağıdılmış, milis rəisi, bir nəfər rus əsgəri öldürülmüşdü. Bu hadisə birbaşa başqa millətlərə qarşı yönəlmişdi. Təsadüfi deyil ki, noyabr ayının 15-də Kubanın SSRİ-dəki səfiri Karlos Olivares Sumayıt İstilik Elektrik stansiyasında təcrübə keçən 4 nəfər kubalının başqa yerə keçirilməsi ilə bağlı müraciət etmişdi. Məsələylə bağlı Azərbaycan Kommunist partiyası Mərkəzi Komitəsinin birinci katibi Vəli Axudova məlumat verilsə də, Axundov problemin həlli əvəzinə, onu ört-basdır etmişdi. Xüsusilə qeyd edək ki, təkcə kubalılara qarşı yox, bu hadisələrdə ruslara, daha çox isə ermənilərə qarşı zorakılıq olmuş, onlarla adam yaralanmışdı".

Görürsünüz, Romanov utanmadan bu hadisənin guya milli azlıqlara, hətta ermənilərə qarşı yönəldiyini iddia eləyir. Müəllif yalanlarına o qədər aludə olur ki, şöbələrin dağıdıldığını, bir milis zabitinin, bir rus əsgərinin öldürüldüyünü, onlarla erməninin yaralandığını belə yazır. Ancaq hadisələr indiyə qədər sizə danışdığımız kimi olub və bundan o tərəfi yoxdur. Yəni, bir bölmənin binası daş-qala edilib, bir nəfər azərbaycanlı yüngül yaralanıb. Həm də 1963-cü ildə baş vermiş bu hadisə Sovetlər Birliyində ilk analoji olay deyildi.


Çalxanan SSRİ

1961-ci ildə Murom şəhərində bir nəfər fəhlənin milislər tərəfindən döyülməsinə etiraz olaraq 1500-dən insan milis şöbəsinə basqın eləmiş, 70 xidməti silah və 1000-də artıq döyüş patronu ələ keçirmişdi.

1962-ci ildə Novoçerkassk sakinləri qiymətlərin qalxması, maaşların azalması səbəbindən qiyam qaldırmış və bu qiyam böyük dağıntılara, insan tələfatına səbəb olmuşdu.

1963-cü ilin noyabr ayında Krivoy Roq şəhərində baş verən qarışıqlıq 3 gün davam eləmiş, iğtişaşlarda 4 nəfər ölmüşdü.


Milis kapitanını kim vurmuşdu?

Jurnalist dostumuz Asəf Quliyevin həmin hadisə barədə çəkdiyi "Çörək qiyamı" sənədli filmində müsahibə verən milis kapitanı David Kldiaşvilinin özünü dinləyək: "Mən sağalıb xəstəxanadan çıxanda bildim ki, bu hadisələrə görə, təxminən 20-22 adam həbs ediblər. Ancaq məni vuran adam həmin insanların içində görmədim. Çünki mən onu yaxşı tanıyırdım, gözünün biri yox idi, qoyma gözü vardı. Həm də hesab edirdim ki, o, rusdur. Bir dəfə işdən gecə saat 2-də qayıdırdım. Səməd Vurğun küçəsi ilə gedəndə gördüm ki, bir adam evin həyətinə qaçdı. Mənimlə eyni binada yaşayan zabit də yanımdaydı. Biz onun dalınca düşdük və tutub işığa çıxardıq, gördüm ki, məni vuran adamdı, milliyətcə rus, bir gözü də qoyma".

Beləliklə, məlum olur ki, milis kapitanını vuran şəxs rus millətindən olub. Tələsməyin, onun adını istintaq boyu siz də eşidəcəksiniz. İndi haqq dünyasında olan vicdanlı milis zabiti David Kldiaşvilinin sözlərinə qüvvət üçün deyək ki, istintaqın düzgün aparılması üçün hadisənin səbəblərini araşdırmaq lazımdır. Səbəblərsə o qədər də dərində deyildi. Səbəb iqtisadiyyatda idi...

(ardı var)

Rəy bildir +
Oxşar xəbərlər
Stalin Sumqayıt İstilik Elektrik Stansiyasına niyə təşəkkür məktubu göndərdi?
13:0930 may

Stalin Sumqayıt İstilik Elektrik Stansiyasına niyə təşəkkür məktubu göndərdi?

Sumqayıtın ilk müəssisəsi - İstilik Elektrik Stansiyası hələ müharibə başlamamışdan əvvəl ilk məhsulunu vermişdir. 1941-ci il fevral ayının 13-də müəssisənin I generatoru Bakının neft sənayesinə ilk cərəyan vermişdir. Müharibə illərində də İES tam gücü ilə işləmişdir. Müəssisənin 1943-cü il

70 yaşlı Əfsanələr şəhəri
13:5503 iyul

70 yaşlı Əfsanələr şəhəri

Qədim bir əfsanədə belə deyilir: "Sum boz çöllərlə irəliləməkdə davam edirdi. Taqətinin qalmadığı atdığı addımlarından açıq-aydın görünürdü. Bir qədər gedir, dayanır, əlini gözünün üstə qaldırıb önə baxırdı. Bir tərəfi bataqlıq, digəri kiçik iynəyarpaqlı ağaclar arasından keçərək irəliləyirdi.

Mircəfər Bağırov Sumqayıtdan göndərilən məktubu araşdırdı və...
18:2026 sentyabr

Mircəfər Bağırov Sumqayıtdan göndərilən məktubu araşdırdı və...

1946-cı il sentyabrın 12-də M. C. Bağırovun imzaladığı qərarla Martirosyan Arşak Mkrtçeviç Tibb İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədri vəzifəsindən kənar edilmiş, onun yerinə azərbaycanlı Vəli Yusif oğlu Axundov təyin edilmişdi. 3 il sonra isə yenə də M. C. Bağırovun imzaladığı

28 il əvvəl Heydər Əliyevlə müsahibəni dərc etməyə yalnız "168 saat"ın cürəti çatdı
10:1722 may

28 il əvvəl Heydər Əliyevlə müsahibəni dərc etməyə yalnız "168 saat"ın cürəti çatdı

1991-ci ilin noyabrında Azərbaycanın kommunist hakimiyyəti ümummilli lideri Heydər Əliyevi Bakıya buraxmırdı, onun ətrafında informasiya blokadası yaradılmışdı. Belə bir məqamda o vaxtkı cəbhəçi, hazırda Qeyri Hökümət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni Naxçıvana gedib Heydər Əliyevdən

56 il əvvəlki üsyan, viran qoyulan Sumqayıt, gülməli Xruşşov...
15:4312 sentyabr

56 il əvvəlki üsyan, viran qoyulan Sumqayıt, gülməli Xruşşov...

Tanınmış jurnalist Səbuhi Sədəf ömrünün böyük hissəsini Sumqayıtda keçirmiş Yuri Vladimirvoiç Yermakovla söhbəti əsasında olduqca maraqlı reportaj hazırlayıb. Yazının bəzi hissələrini təqdim edirik: