İSTİ XƏBƏRLƏR
168saat.com » Cəmiyyət » Sovet liderini devirən SUMQAYIT - Xruşşovun səfirə danışdığı YALAN

Sovet liderini devirən SUMQAYIT - Xruşşovun səfirə danışdığı YALAN


56 il bundan əvvəl, 7 noyabr 1963-cü ildə Sumqayıt şəhərində SSRİ adlı nəhəng, supergücə malik ölkədə, sözün əsl mənasında, bütün ittifaqı lərzəyə gətirən hadisə olmuşdu. O vaxtlar  sovet rəsmiləri, xüsusi xidmət orqanları ciddi cəhdlə bu hadisəni ört-basdır etməyə çalışsalar da, "Amerikanın səsi" başda olmaqla  olmaqla  BBC, "Alman dalğası", "Pekin radiosu", "Tiranadan səslər", "Danışır Belqrad" kimi informasiya vasitələri Sumqayıt hadisələrini elə həmin gün dünyaya bəyan etmişdi. 15 noyabr 1963-cü ildə Kuba Respublikasının SSRİ-dəki səfiri Karlos Olivares Sançes Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin rəhbəri Nikita Xruşşovla görüşdə Sumqayıt hadisələri  barədə Moskvadan məlumat istəmişdi:

"Sumqayıt İstilik elektrik stansiyasında staj keçən kubalı tələbələrin sözlərinə görə, orada 7 noyabr nümayişi zamanı əllərində Stalinin portreti olan fəhlələr  hökumət əleyhinə etiraz aksiyası keçirmişlər, milislə (polislə) qarşıdurma zamanı çoxsaylı yaralananlar, hətta ölənlər də olmuşdur. Çox sayda adam həbs edilmişdir. Bu  nə məsələdir?"

Baş vermiş hadisə haqqında elə o gün - 7 noyabr 1963-cü ildə - xəbərdar olmuş N.Xruşşov  qarşıdurmanın əsl  səbəbini səfirdən gizləməyə çalışmışdı: "Boş şeydir. Bütün bunlar orada milis rəisinin müavini işləyən birinin işidir. Müəyyən edilmişdir ki, Stalinin yerlisidir. Mən 1960-cı ilin aprelində Azərbaycanda olmuşam. Xalq məni sevir"  (Bax: İstoriçeskiy arxiv. 1993. № 1. S.111)


Xruşşov səfirə gözlərinin içinə qədər yalan demişdi. Sumqayıt sakinlərini bu hərəkətə vadar edən məhz N.Xruşşovun dövlət başçısı kimi yarıtmaz fəaliyyəti olmuşdu. Əslində, sumqayıtlılar böyük əksəriyyətin gerçəkləşdirməyə cəsarət edə bilmədikləri, lakin çoxlarının ürəyindən keçən bir işi görmüşdülər.

Xruşşov anlaya bilməmişdi ki, bu hadisədən üç il əvvəl o, Bakıya və Sumqayıta gələndə onun üzünə gülənlər, onu alqışlayanlar, əslində, xalq deyilmiş, əksəriyyəti qiyafətlərini dəyişmiş hüquq-mühafizə, xüsusi xidmət orqanlarının işçiləri və öyrədilmiş partiya, sovet fəalları imiş.

Hakimiyyətə gəldiyi gündən işləmək, xalqın rifahını yüksəltmək, problemləri aradan qaldırmaq əvəzinə Nikita Xruşşov hər yerdə boşboğazlıq edir, vəfat etmiş İ.V. Stalini  harda gəldi kəskin şəkildə, təhqiramiz, alçaldıcı ifadələrlə  pisləyir, bütün SSRİ-ni qarğıdalı tarlasına çevirməklə birdəfəlik olaraq ərzaq proqramını həyata keçirəcəyi, Amerikaya çatıb onu ötəcəyi, 1980-ci ildə kommunizm quracağı, beynəlxalq imperializmi əbədi olaraq yerə göməcəyi haqqında saatlarca boş-boş danışır, məsuliyyətsiz bəyanatlar verirdi.

( Bax: 1.27- 1.37- ci dəqiqədə Xruşşov ABŞ-ın vitse-prezidenti Riçard Niksona SSRİ-nin ABŞ-ı ötüb keçəcəyini söyləyir. https://www.youtubə.com/watch?v=LDKmVgKofAA)

Hərdəmxəyal Xruşşov bütün SSRİ strukturları üzərində  eksperimentlər aparmaqdan, sanki, ləzzət alırdı. Qeyri-məhdud iqtidar səlahiyyətinə sahib olması onu o dərəcədə eyforiyaya qapdırmışdı ki, ətrafdakılarından  kimi isə dinləməyi daha özünə rəva görmürdü. Tədricən şizofrenik düşüncələr nəticəsində özünü nəhəng saymaq maniyasına mübtəla olan  Xruşşov tabeliyindəkiləri istədiyi tərzdə, ən qaba, ədəbsiz və vulqar şəkildə aşağılayırdı.

Xruşşova elə gəlirdi ki,  hər şeyi ən yaxşı şəkildə ancaq o bilir. Stalini şəxsiyyətə pərəstişdə ittiham edən Xruşşov tələb edirdi ki, bütün kütləvi informasiya vasitələri hər gün onu işıqlandırsın, ondan bəhs etsin. Məsələn, 1963-cü ildə 8 milyon tirajla yayınlanan ümumittifaq "Pravda" qəzetinin 153 ayrı-ayrı nömrəsində Xruşşovun fotoları dərc olunmuşdu. Müqayisə üçün, bildirək ki, İ. V. Stalin şöhrətinin zirvəsində olduğu 1952-ci ildə həmin "Pravda" qəzeti   Generalissimus Stalinin rəsmini bir il ərzində cəmi 6 dəfə yayınlamışdı. Xruşşovun oğlu Sergeyin 26 yaşı olanda Xruşşov öz oğluna Sosialist Əməyi Qəhrəmanı adı vermiş, onu dövlət mükafatı ilə mükafatlandırmışdı. Həmin oğul Sergey yazır ki, onun 20 yaşı olanda qarajında 4 dənə xarici markalı minik maşını varmış. Stalin isə oğlu Yakovu 1943-cü ildə əsir düşmüş alman feldmarşalı Fon Paulsla dəyişməmiş, "Mən feldmarşalı əsgərə dəyişmirəm!" demişdi

Xruşşov ən mühüm dövlət vəzifələrinə ancaq öz yerlilərini yerləşdirirdi. Bu az imiş kimi, kürəkəni A.Acubeyi SSRİ-nin media patronu elan eləmişdi, Xruşşov haqqında  yazdığı oçerklərə görə  kürəkəninə Lenin mükafatı verdirmiş, onu SSRİ Ali Sovetinə deputat seçdirmiş, Mərkəzi Komitənin üzvü təyin etdirmiş, Lenin ordeni ilə mükafatlandırmışdı. SSRİ ziyalıları öz aralarında məşhur rus atalar sözünü  ("ne imey sto rubley, a imey sto druzey - yüz manatın olunca, yüz dostun olsun" )   dəyişdirərək "Ne imey sto druzey, a jenisğ, kak Adjubey- Yüz dostun olmaqdansa, Acubey kimi evlən" (Aleksey İvanoviç Adjubey. 1924- 1993) şəklində söyləməyə başlamışdılar.

Romalı siyasətçi Mark Katon istənilən mövzuda çıxışını yeknəsəq "Karfagen  məhv edilməlidir" sözü ilə bitirdiyi üçün siyasətçilər tutuquşu kimi eyni fikri təkrarlayanları istehza ilə "katonit" adlandırırlar. Xruşşovun da bu cür davranışı onu dinləyənlərdə ikrah hissi yaratmışdı. Özü Stalinin şəxsiyyətə pərəstişliyini söyə-söyə ağlına gələni eləyirdi. Xruşşov hara gedirdisə, orada mütləq Stalinin əleyhində danışmağı, bütün neqativlikləri, qüsurları, çatışmazlıqları, törədilən cinayətləri, uğursuzluqları məhz Stalinin adına çıxmağı adət eləmişdi.

Xruşşovun  müdaxilə etmədiyi sahə qalmamışdı. Onun göstərişi ilə memarlıq, incəsənət, rəssamlıq  sahələrində əcaib dəyişikliklər  aparılır,  SSRİ-də çayların məcrası dəyişdirilir, əkinə yararsız yerlərdə məhsul almağa səy göstərilir, şəxsi təsərrüfatlar məhv edilir, beşillik planlar yeddi illik planlarla əvəzlənirdi. Yeri gəlmişkən, Azərbaycanda sovet hökumətinin qurulmasının 40 illiyi münasibətilə 1960-ci ilin aprel ayının 27-də qatarla Gürcüstandan Bakıya gələrkən yolda 270 kv.km. sahəsi olan minillik Şilyan gölünü və sahilboyu göz işlədikcə uzanıb gedən qamışlığı görən Xruşşov elə qatardaca bu gölün qurudulub "tarla gözəli" qarğıdalı tarlasına çevrilməsi haqqında öz "dəyərli" göstərişini vermiş və Şilyan gölü də 3 - 4 il ərzində qurudulmuş, Mərkəzi Aranın ekoloji mənzərəsinə fəlakətli zərbə endirilmiş, minillik flora və fauna barbarcasına məhv edilmişdi. 

SSRİ-nin pullarını sürətlə  silahlanmaya, dünya proletarlarına, sözdə qeyri-kapitalist inkişaf yolu ilə gedən ölkələrə sovuran Xruşşovun bacarıqsızlığı nəticəsində 1960-cı ildən etibarən bütün ölkə ağır iqtisadi böhrana düşdü. Mağazalarda çörək başda olmaqla ərzaq və sənaye malları yoxa çıxdı. Vəziyyət günü-gündən fəlakətli şəkil almağa başlasa da, Xruşşov öz boşboğazlığından əl çəkmirdi: "Çox yaxın gələcəkdə  xam torpaqlar məhsul verməyə başlayacaq, qarğıdalı ilə nəinki bütün ölkəni təmin edəcəyik, onu hətta xaricə də satacağıq. Hamınızın bir dəst təzə kostymu (?!) olacaq."

Gənclik şəhəri olan Sumqayıtda artıq bu durumdan təngə gəlmişdilər. SSRİ rəhbərinin boş vədləri, mənasız çıxışları, imzaladığı direktivlər  qarın doyurmurdu. Stalin dövründə hər il ucuzlaşma və maddi rifah halının yaxşılaşdığı halda, Xruşşov dövrü daim bahalaşma və ərzaq qıtlığı ilə müşayiət olunurdu. Bir yandan da 1961-ci ildə keçirilən pul islahatı vətəndaşları daha 10 dəfə kasıblaşdırmışdı. Ən zəruri ərzaq mallarının təminatında ciddi çatışmazlıq yaranmışdı, çörək mağazalarında bitib tükənməyən uzun növbələr, təbii olaraq, əhalinin ciddi  hiddətinə səbəb olurdu. Yeni inşa olunan superfosfat zavodunun, boru-prokat zavodunun ayrı-ayrı fəhlələri mövcud vəziyyətə etiraz olaraq öz iş yerlərində oturaq aksiya keçirmişdilər. Buna baxmayaraq, vəziyyət yaxşılaşmaq əvəzinə daha da kəskinləşirdi.

Sumqayıt hadisələrindən möhkəm qəzəblənən N. Xruşşov 7 noyabr 1963-cü il, saat 18-də Azərbaycan KP MK-nın birinci katibi V.Y.Axundova (rəhbər olduğu illər 1959-1969) zəng vuraraq,  11 noyabrda, yəni,  həftənin 1-ci günü, səhər saat 11-də təfərrüatlı məlumat istəyir və bütün iğtişaşçıların həbs olunması üçün təcili tədbirlər görülməsi barədə  göstəriş verir. (Bax: QA RF. F.R-8131. Op.31. D.96438. L.5).

 V. Axundov   9 noyabr 1963-cü il, şənbə günü, axşam saat 19- da Mərkəzi Komitədə qapalı  toplantı keçirir. SSRİ Prokuroru R.A. Rudenkonun ( 1953-1981 ), SSRİ DTK-nın Sədri V.Y. Semiçastnının (1961-1967 )  Azərbaycan SSR Nazirlər Sovetinin Sədri Ə.N. Əlixanovun ( 1961-1970 ), Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri M.Ə. İsgəndərovun ( 1961- 1969 ), Baş prokuror S.Ə. Əkbərovun ( 1951-1963 ), Daxili işlər naziri  X. Məmmədovun ( 1960-1965 ), Azərbaycan SSR DTK-nın sədri S.Y. Sviqunun ( 1963 - 1967), Sumqayıt Şəhər Partiya Komitəsinin katibi Balakişiyevin, Sumqayıt Şəhər İcraiyyə Komitəsinin sədri K. Axundovun və Sumqayıt Şəhər Milis İdarəsinin rəisi Hacıyevin  iştirak etdiyi bu iclasda Sumqayıt hadisələrinin səbəbləri və hadisənin törənməsində iştirakı olanların istintaqa cəlb olunmasında görülən ilkin işlər barədə məlumat verilir.

Respublika prokurorunun sözlərinə görə, hər şey trest partkomu Ərdəşir Kərimovun bir nümayişçinin yaxasındakı Stalinin rəsmi olan nişanı qoparmaq istəməsi ilə başlamışdı. Normal şəkildə başlayıb davam edən nümayişdə qəflətən gözlənilməz hadisə baş vermişdi. Partkom Kərimovun nümayişçi fəhlənin yaxasındakı nişanı dartıb qoparmaq istəməsinə fəhlə sərt şəkildə təpki verdiyini görən şəhər milis idarəsinin rəis müavini D.Kildiaşvili və  şəhər hərbi komissarı N. Kroll ətrafdakı hərbçilərə, mülki geyimli milis və  drujinniklərə ( o zamankı milisə - polisə- ictimai əsaslarla yardım edən mülki könüllülər ) həmin fəhləni tutub aparmağı əmr etmişdilər. Bu cür müdaxiləni ədalətsiz sayan başqa bir fəhlə tribunanın önündən keçməkdə olan üstüaçıq maşına çıxaraq yüksək səslə "Bizi bir tikə çörəyə möhtac qoyanlar indi də kimsəsiz bir fəhlə qardaşımızı döyürlər. Ay camaat, köməyə gəlin!" - deyə qışqırmışdı. Bu zaman  təqribən 250-300 nümayişçi həmin fəhləni drujinniklərin və milis işçilərinin əlindən almağa çalışanda qarşıdurma şiddətlənmişdi. Boru-prokat və sintetik kauçuk zavodundan noyabr nümayişinə gələn digər fəhlələr də milis və drujinniklərlə əlbəyaxa döyüşə başlamışdılar. Onlar həm hərbi komissar podpolkovnik N. Krollu, həm milis rəisinin müavini D. Kildiaşvilini, həm də partkom Ə. Kərimovu möhkəm döymüşdülər. Milisə əl qaldıranların sayı sürətlə artmışdı.

(ardı var)


Ramazan SİRACOĞLU

Rəy bildir +
Oxşar xəbərlər
1963-cü ilin 7 noyabrında Sumqayıtda nə baş vermişdi? İstintaq davam edir
18:4316 oktyabr

1963-cü ilin 7 noyabrında Sumqayıtda nə baş vermişdi? İstintaq davam edir

Sumqayıt, 1963-cü il noyabrın 7-si, səhər saatları. O zaman "Qorkom" adlandırılan binanın qarşısında proletariatın böyük rəhbəri Vladimir İliç Leninin nəhəng heykəli vardı. Bir azdan onun qarşısından Böyük Oktyabr Sosialist İnqilabının 46-cı ildönümü münasibətilə zəhmətkeşlərin paradı keçəcəkdi.

1963-cü ilin 7 noyabrında Sumqayıtda nə baş vermişdi?     İstintaq davam edir
11:4630 oktyabr

1963-cü ilin 7 noyabrında Sumqayıtda nə baş vermişdi? İstintaq davam edir

Xruşşovun 1957-ci ildə başladığı iqtisadi islahatlar müsbət nəticə vermədi. İslahat nəinki ölkənin qızıl ehtiyatlarını qorudu, əksinə, ildən-ilə bu ehtiyat sürətlə azalmağa başladı. Əgər 1953-cü ildə sovet hökuməti Moskva Xalq Bankı vasitəsilə xaricdən ərzaq məhsulları almaq üçün 250 ton qızıl sərf

56 il əvvəlki üsyan, viran qoyulan Sumqayıt, gülməli Xruşşov...
15:4312 sentyabr

56 il əvvəlki üsyan, viran qoyulan Sumqayıt, gülməli Xruşşov...

Tanınmış jurnalist Səbuhi Sədəf ömrünün böyük hissəsini Sumqayıtda keçirmiş Yuri Vladimirvoiç Yermakovla söhbəti əsasında olduqca maraqlı reportaj hazırlayıb. Yazının bəzi hissələrini təqdim edirik:

NÜVƏDİYƏ SON SƏFƏR
17:4302 sentyabr

NÜVƏDİYƏ SON SƏFƏR

Bizim iki UAZ maşınımız KQB-nin əməkdaşı Ş.Həsənovun müşayiəti ilə tozlu-torpaqlı yollarla Nüvədiyə səmt alır. Ora ilk dəfə getdiyimizdən, həm də Zenfira xanıma görə narahat olduğumuzdan (bunu qətiyyən büruzə verməməyə çalışsaq da) səbrsizliklə mənzil başına çatmağımızı gözləyirik. Hər an yolumuzda

Evlərimizə işıq gətirən adam
15:1704 iyun

Evlərimizə işıq gətirən adam

O, öz uğurunu sanki gənclik şəhərinin 15, özünün isə 45 yaşına həsr etmişdi. Bugünlər görkəmli energetikin 100 illik yubileyidir