İSTİ XƏBƏRLƏR
168saat.com » Cəmiyyət » Hər şey rasionallar üçün! Bəs irrasionallar?

Hər şey rasionallar üçün! Bəs irrasionallar?

Psixologiyada da, astrologiyada da, numerologiyada da, fizioqnomikada da insanların bir çox tiplərinə və alt tiplərinə rast gəlmək mümkündür. Ancaq onları bütövlükdə iki böyük kateqoriyalara bölürlər:

Rasionallar:

- Bu insanlar ardıcıldırlar, planlaşdırılmış, təşkilatlandırılmış, öncədən düşünülmüş həyat sürürlər.

İrrasionallar:

- Bunlarsa impulsiv, nizamsız, improvizəedilmiş, düşünülməmiş həyat sürürlər.

Demək olar ki, bütün zamanı idarə etmək, planlaşdırmaqla bağlı təlimlər rasionallara uyğun gəlir. Öz həyatlarını qrafiklə idarə edən bu adamların əksəriyyəti böyük kompaniya və korporasiyalarda idarəçilik bürokratiyası atmosferində, bəziləri isə öz şəxsi bizneslərinin monotonluq atmosferində məqsədə, uğura doğru addımlayırlar. Cari və perspektiv planlar, aylardan, rüblərdən, dekadalardan, illərdən ibarət zaman bölgüsü, qrafiklər, hesabatlar və s. və i. onların həyatlarının ayrılmaz hissəsidir.

Amma irrasionallar üçün bütün bunlar yad şeylərdir, tam azad mühit, yaradıcılıq atmosferi, sərt tələbkarlığın olmaması - onlarçün ən ideal variantdır.

Adətən sivil cəmiyyətlərdə rasionalları ciddi, irrasionalları isə qeyri-ciddi hesab edirlər. Yer kürəsində, hesablamalara görə, rasionalların irasionallara nisbəti 49%-in 51%-ədir.

Əziz oxucum, sən hansı insan tipindən olduğunu bilirsənmi?

Psixologiyada bu iki tip insanların əlamətlərinin dəqiq bölgüsünə rast gəlmək olur. Bu bölgülərə nəzər yetirsən sən də öz tipini müəyyənləşdirə bilərsən. Belə ki, rasionallar:

- Qayda-qanunu sevirlər, hər şeyin öz yerində olmasını xoşlayırlar;

- İşə ciddi yanaşır, nizam-intizama riayət edirlər;

- Situasiyaya nəzarət varsa, hər şey müəyyənlik içindədirsə, onlarçün çox rahatdır;

- Yekcins işə rahat alışırlar;

- Dəqiq planlar qurub onlara əməl etməklə öz məqsədlərinə çatmağı sevirlər. Onların bir qlobal, əsas hədəfləri və bir neçə alt hədəfləri olur;

- Dəqiq və punktual işləyirlər, keyfiyyətlə işləyirlər.

- İşgörmə qabiliyyətləri, qarşıya qoyulan işlərin yerinə yetirilməsi onların əhval-ruhiyyəsindən olduqca az asılı olur;

- Qənaətcil olur, vəsaitlərini növbəti günlərə bölürlər;

- Rasionalların hədəfə çatmaq üçün həmişə bir neçə planları, vasitələri olur. Biri alınmayanda onlar digərlərinə keçirlər;

- Daim mütaliə edir, yeni biliklər almağa çalışır, istifadə etdikləri ədəbiyyatı əvvəldən sonadək oxuyurlar;

- Naharda və şamda nə yeyəcəklərini səhərdən bilirlər, həftənin ortasında şənbə və bazar günlərinin qrafikini cızırlar;

- Gözlənilməzliklər, qeyri-stabilliklər və xaos onlara çox pis təsir göstərir, planlarının pozulması onları stress halına belə gətirir;

- Seçdikləri hər hansı sahədə, adətən, onlar böyük peşəkar olur, öz işlərinin ağasına çevrilirlər.

İrrasionallar isə:

- Bir neçə məqsədli olurlar, ən müxtəlif sahələrdə uğur qazanmağa çalışırlar;

- Rasionallardan fərqli oalarq hədəfə çatmaq vasitələri keçərli olmayanda vasitəni yox, hədəfi dəyişirlər;

- Yekcins işə alışa bilmirlər, hətta buna məcbur olsalar belə eyni işi görməyə müxtəlif formalar düşünüb tapırlar;

- Monotonluq onların düşmənidir;

- Tam gözlənilməz, proqnoza gəlməz olurlar;

- Situasiyaya nəzarəti itirmək, qəfildən gözlənilməzliklərlə rastlaşmaq onları narahat etmir, cəld qərar qəbul edib situasiyaya uyğun hərəkət edə bilirlər;

- Qayda-qanun, nizam-intizam onlarçün xoşagəlməzdir;

- Səliqə-səhman yaratmırlar, dağınıq şəraitdə belə heç nə olmayıbmış kimi yaşaya bilirlər;

- "Naharda nə yeyəcəksən?", "Bu işi neçə vaxta görə bilərsən?", "Qonaqlıqda neçə saat oturacaqsan?" kimi suallara cavab verməkdə çətinlik çəkirlər;

- Kitab oxuyanda ardıcıllığa riayət etmir, daha maraqlı yerləri axtarır, maşın sürürlərsə tıxacla rastlaşanda gözləmir, cəld həmin küçədən çıxıb alternativ yolla hərəkət edirlər;

- İş qabiliyyəti tam əhval-ruhiyyələrindən asılıdır. Kefləri yoxdursa, asanca bugünkü işlərini sabaha qoyurlar;

- Qənaət nə olduğunu bilmir, əllərinə gələn vəsaiti elə həmin gün də xərcləyib qurtarmağa çalışırlar.

- Həyatda daha çox uğursuzluqla rastlaşırlar. Sabaha doğru gözü bağlı getmək, "harada qırıldı, qırıldı" devizi ilə yaşamaq onlara, adətən, ziyan gətirir.

- Uğurlu irrasionallar çox az olur. Amma belələri olursa da, artıq onlar düha olurlar, ətrafındakıları sözün həqiqi mənasında təəccübləndirirlər. Bu insanlar eyni zamanda bir neçə dil bilir, bir neçə biznes idarə edir, bir neçə idman növü ilə məşğul olur, səyahət edir, incəsənətə meyil göstərir, bir çox tədbirlərə qatılır, yeni-yeni insanlarla ünsiyyələ can atırlar.

Söhbətimizin əvvəlində mən qeyd etdim ki, uğurlu adam olmaq, lider olmaq üçün bütün təlimlər rasional adamlara yönəlib. Çünki uğurlu olmaq hədəfi vurmaq üçün nizam-intizamlı, planlı, vaxta nəzarət edən insan olmaq vacib sayılır. Demək, bizim bu kitabımızda yazılanların da böyük əksəriyyəti rasionallar üçündür. Bəs onda irrasionallar necə olsunlar? Məgər mənim oxucularım arasında belələri azdır?

Heç narahat olmağa dəyməz! Sən demə, psixologiyada irrasionallar üçün də effektiv, zəmanətli uğur düsturları var imiş. Bu düsturlar bütün menecment təliminin əksidirlər, onları anti-tezis də adlandırmaq olar. Rassionalların planlaşdırılmasına cavab kimi irrassionalların ani planlaşdırılmasını ortaya qoymaq olar. Düsturların məğzi ondadır ki, irrassionalların cəmiyyət tərəfindən zəiflik və çatışmazlıq kimi adlandırılan xüsusiyyətlərində şəxsiyyətin elə aspektləri gizlənib ki, bu elə böyük bir potensialdır ki, ondan düzgün istifadə etdikdə hətta ən böyük məqsədlərə belə çatmaq olar!

Maraqlıdır, deyilmi?

Beləliklə, gəlin diqqət edək. Tezis və antitezislər:

a) İrrasionallar bir işi başa çatdıra bilmir, digərindən yapışırlar.

Eyni zamanda bir neçə sahəyə maraq göstərən, tutalım, həm yazıçı, həm aktyor, həm rejissor, həm alim, həm dizayner, həm idmançı olmaq istəyən irrasional bunlardan birini seçir, potensialını bu sahəyə yönəldir, amma qısa zamanda nəticə əldə edə bilmədiyi, uğurun çox uzaqlarda, əlçatmazlıqlarda olduğunu hiss etdiyi üçün, üstəlik, digər sahələrə marağını içində boğmasının ağrısını çəkdiyi üçün get-gedə maraq və entuziazmının itməsi ilə barışır. Məqsədə çatmaq yolundan sapınır, bu dəfə digər bir sahəni seçib indi də o sahədə uğura doğru addımlamağa başlayır. Təbii ki, bu dəfə də onu uğursuzluq haqlayacaq.

Bəs nə etməli?

Əslində, irrasionallar bir şeyi qulaqlarında sırğa etməlidirlər ki, onlar məhz elə müxtəlifliklər üçün doğulublar. Özünü planlı şəkildə bir işə sərf etmək onlar üçün deyil. Bu qaydalar rasional insanlarındır. Sizsə, ey irrasionallar, içinizdəki istəkləri əsla boğmamalısınız. Eyni zamanda həm yazıçılıq edin, kitab yazın, həm rəssamlıq edin, portret çəkin. Tutalım, kompüterdə Photoshop proqramını öyrənmək istəyirsinizsə, tutalım, Corel Draw, Flash proqramlarını da öyrənin. Siz ingilis dilini mənimsəməyə çalışırsınızsa, alman, fransız dillərini də öyrənin, Siz bir məqsəd, bir uğur hədəfi qoymayın qarşınıza, eyni zamanda bir neçəsini qoyun. Nəticə mütləq gözəl olacaq!

b) İrrasionallar yekcins, monoton işdən bezirlər.

Adətən bu bezginlik onları həmin işdə uğur əldə etməkdən məhrum eləyir. Onların işə maraqları tam ölür, məcburən, zorən işləyir, bəzən hətta işi axıra çatdıra bilmir, nəticə əldə etməyi bacarmırlar.

Amma bu yekcinslikdən, monotonluqdan bezginliyi mənfi xarakterlikdən müsbət xarakterə yönəltmək mümkündür. Necə? Əgər iş sizi bezdiribsə, ani olaraq bir fəaliyyətdən digərinə keçin, məsələn, əgər bu özəl işdirsə, musiqi ifa edin, gündəlik yazın, dostlarla yazışın, lap bir az idman edin, açıq havada gəzişin, sonra yenidən işinizin üstünə qayıdın. Yox, əgər bu idarə, müəssisə işidirsə, musiqi ifa etmək, idmanla məşğul olmaq mümkünsüzdürsə, digərlərini edin. Mütaliə də etmək, kağız-qələm götürüb rəsm də çəkmək, hər hansı bir krossvord, skanvord da həll etmək olar. Bu qarışıq iş ritmi sizi mütləq gördüyünüz əsas işdə uğura aparıb çıxaracaq. Özü də işiniz xeyli məhsuldar, keyfiyyətli olacaq.

c) İrrasionallar əhval-ruhiyyədən asılıdırlar

Adətən, bax bu çatışmazlıq irrasionalları tutduqları yoldan sapındırır. Sabah günorta vacib bir işgüzar görüşü olan, ancaq, necə deyərlər, yataqdan sol ayaqla qalxdığından kefsiz olan irrasional bu görüşə getməyə ərinirsə, getmirsə, bundan çox ciddi ziyan çəkir. Amma nə etsin, özü ilə bacarmır. İrrasionalların bir aylıq, bir illik deyil, hətta bir günlük dəqiq plan qura bilməmələri, planlarının alt-üst olması onlara çox mənfi təsir göstərir, uğura doğru yollarını tam əngəlləyir.

Bəs nə etməli? Təbii ki, irrasionalın bir işi görməyə həvəsi ölübsə, mütləq başqa işlərindən birini görməyə içində həvəs tapılacaq. Ona görə də əhval-ruhiyyə faktorundan tam asılı olan irrasional cari və perspektiv planlarla deyil, görəcəyi bütün işlərin siyahısı ilə hərəkət etməlidir, hər gün bu siyahıya göz gəzdirməlidir. Onda, mütləq hazırkı əhval-ruhiyyəsinə uyğun olan bir iş tapıb onunla məşğul olacaq, həm zamanını boşuna xərcləməyəcək, həm də uğursuz planlaşdırma acısını çəkməyəcək.

Beləliklə, əziz oxucularımın irrasional tipə uyğun gələnləri, siz monotonluqdan, yekcinslikdən bezib eyni zamanda bir neçə sahədə məşğul olmaq istəyinizlə, əhval-ruhiyyədən tam asılı olduğunuzçün planla hərəkət etmək üstünlüyündən məhrum olmaq minusunuzla belə uğura doğru gedə bilərsiniz. Rasionallardan fərqli olaraq, sizi məqsəd yox, fəaliyyətin özü ilhamlandırar. Unutmayın ki, bu, daha böyük nəticələr əldə etməyə səbəb ola bilər!



Əlibala MƏHƏRRƏMZADƏ, 
professor
Rəy bildir +
Oxşar xəbərlər
Uğur üçün 15 keyfiyyət
11:1409 avqust

Uğur üçün 15 keyfiyyət

Əslində, uğur formulası ümumi olduğu qədər də spesifikdir, yəni bir xalq üçün lazım olan uğur qazanmaq keyfiyyətləri başqa bir xalq üçün aparıcı olmaya da bilər. Məsələn, Azərbaycanda (ümumən Şərqdə) uğur formulasında mental qayda-qanunlara, davranış tərzinə istinadı, möhkəm ailə faktorunun,

Düşünməyin ki, xoşbəxtlik yalnız var-dövlətdədir
16:5526 iyun

Düşünməyin ki, xoşbəxtlik yalnız var-dövlətdədir

Biz uğurun nə olduğu barədə həmişə suallar içində qovruluruq. Necə ki, bir ali məktəb məzunu üçün uğur sərfəli iş tapmaqda, bir sahibkar üçün gəlirli biznes layihəsində, bir yazıçı üçün populyar bestseller yazmaqda, bir idmançı üçün çempionluqda, bir müğənni üçün ulduz olmaqda, bir aşiq üçün

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Hamımız ona can atırıq. Nədir axı "uğur"?
15:3006 iyun

Hamımız ona can atırıq. Nədir axı "uğur"?

"Uğur" anlamı yaşamımızın ən vacib tərkib hissəsidir, hansı sahəyə üz tutsaq, hara əl qoysaq orada uğur qazanmaq ehtiyacı duyuruq, əlbəttə ki. Hansı işə əl atırıqsa, biz azərbaycanlıların da, digər əksər xalqların da belə dədə-baba deyimi var, onu söyləyirik: "Uğurlar olsun!" Qarşımıza qoyduğumuz

3 addım və 9 xüsusiyyət
17:4010 iyul

3 addım və 9 xüsusiyyət

Hər bir uğur zirvəsinə çatmış insanın öz spesifik, özünəməxsus uğur yolu olur. Amma bu yolları qət etmə maneralarından ən aparıcı xüsusiyyətləri seçməklə ümumi, oxşar bir uğur formulu yaratmaq mümkündür. Hər bir kəs uğur qazanmaq istəyir. Kim istəməz yaxşı işi, gözəl güzəranı, kifayət qədər